Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2220/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xoğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, ##.##.2023-cü il tarixli müqavilə ilə Cavabdeh qızına bağışlanmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti *** saylı evin * saylı mənzilinin 1/4 hissəsinə İddiaçı pay hüququnun tanınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
2. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən sözügedən mənzil 4 yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 90 kv.m təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzilin qapısı açılmaqla və mənzilin açarı ona təhvil verilməklə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 103 evin, * saylı mənzilinə köçürülməsi, iddiaçının mənzildən və mənzildə olan əşyalardan istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 tərəflərin mərhum atası X1 mülkiyyətində olmuş və o, ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra, iddiaçıya məlum olmuşdur ki, atasının adına olan ünvan 2 ünvanında yerləşən mənzil ##.##.2023-cü il tarixdə doğma bacısı Cavabdeh qızına bağışlanmışdır. Bundan sonra, iddiaçı məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025 ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ##.##.2023-cü il tarixli müqavilə ilə Cavabdeh qızına bağışlanmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti *** saylı evin * saylı mənzilinin 1/4 hissəsinə İddiaçı pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli Qərardadı ilə cavabdeh Cavabdeh qızı tərəfindən qətnamədən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilmişdir. Bununla da, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin cavabdeh hazırda iddiaçının mənzilə daxil olmasına mane olur, onu yaşayış sahəsinə buraxmır; mənzildən və miras əmlaka aid mənzildə olan daşınar əşyalarda istifadə etməsinə faktiki imkan vermir. Nəticədə iddiaçı, özünə məxsus pay üzrə sahiblik hüququnu həyata keçirə bilmir, mənzildə yerləşən miras əmlak olan mebel və digər əşyalar üzərində faktiki nəzarətdən məhrum edilmişdir.
5. Cavabdeh iddiaya qarşı etiraz verərək bildirmişdir ki, mənzildəki əşyalardan iddiaçının istifadəsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Mübahisə predmeti tərəflərin paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilə sahiblik, ondan istifadə qaydası ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsi paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı münasibətləri tənzimləyir. Qeyd olunan maddənin tələbinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisi yalnız öz payına uyğun hissəsinin onun sahibliyinə verilməsini tələb edə bilər. Lakin hazırki "mənzilə köçürülmə" iddia tələbində iddiaçı öz payından əlavə cavabdehin payına sahiblik etmək və ondan istifadə etmək niyyətindədir. Bu isə bir mülkiyyətçi kimi cavabdehin hüquqlarını pozur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının mübahisə predmeti olan mənzilə pay hüququ Bakı Şəhəri Səbail rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə 1/4 hissədə tanınmışdır. Cüzi paya sahib olan iddiaçı hazırki iddia tələbini qaldırmaqla mənzilə tam olaraq sahiblənmək və ondan istifadə etmək arzusundadır. Halbuki cavabdeh iddiaçıya dəfələrlə mənzilin satılması və satışdan əldə olunacaq məbləğin tərəflərin paylarına uyğun bölünməsini təklif etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli Qərardadı ilə cavabdeh Cavabdeh qızı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina da məhz bu niyyətlə olmuşdur. Lakin iddiaçı həmin ərəfədə mənzilinin satılması ilə bağlı əldə olunan qarşılıqlı razılığa hazırda əməl etmir, öz hüquqlarından sui-istifadə edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmədə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti *** saylı evin * saylı mənzili ¾ və ¼ hissələrdə Cavabdeh qızı ilə İddiaçı paylı mülkiyyətindədir. Lakin cavabdeh iddiaçının həmin mənzilə köçüb orada yaşamasına maneçiliklər törədir ki, iddiaçı da bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti *** saylı evin * saylı saylı mənzilinin 1/4 hissəsinin mülkiyyətçisi (mənzilin paylı mülkiyyətçisi) hesab edildiyindən, onun həmin mübahisəli mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli mənzildən yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.5, 213.1, 215.2, 215.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 220.5ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etirazın mətninə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, iddianın bu şəkildə təmin edilməsi cavabdehin mənzilin böyük hissəsinə olan mülkiyyət və sahiblik hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına gətirib çıxarır. Məhkəmə mübahisənin düzgün həli üçün əhəmiyyətli olan haları aydınlaşdırmamış və düzgün olmayan qətnamə qəbul etmişdir. Paylı mülkiyyətin mülkiyyətçisi yalnız öz payına uyğun hissəsinin onun sahibliyinə verilməsini tələb edə bilər. Lakin hazırki "mənzilə köçürülmə" iddia tələbində iddiaçı öz payından əlavə cavabdehin payına sahiblik etmək və ondan istifadə etmək niyyətindədir. Bu isə bir mülkiyyətçi kimi cavabdehin hüquqlarını pozur. Iddia tələbinin bu şəkildə təmin edilməsi halında cavabdehin mülkiyyətçi kimi hüquqları ilə bir araya sığmayan dərəcədə əşyaya sahiblik, ondan istifadə halına zəmin yaranacaqdır. Nəticədə cavabdehin mənzilin böyük hissəsinə olan mülkiyyət və sahiblik hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılır. Qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Nəticədə məhkəmə tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə İddiaçı 1/4 paylı mülkiyyət hüququ mübahisələndirilməsi mümkün olmayan qanuni və preyudisial hüquqi fakta çevrilmişdir. Tərəflər doğma bacılardır. Mübahisəli mənzil onların atası X1 ailə mənzili olmuş, hər iki bacı həmin mənzildə böyümüş, hazırda da, iddiaçının həmin mənzildə şəxsi əşyaları vardır. Bu hal iddiaçının mənzilə yad üçüncü şəxs kimi daxil olmaq istəmədiyini, mübahisəli yaşayış sahəsinin onun şəxsi və ailə həyatı ilə davamlı bağlılığını göstərir. İddiaçı mənzildə rəsmi qeydiyyatdadır. Qeydiyyat cavabdehin mənzilə mülkiyyət hüququ mövcud olduğu dövrdə, onun razılığı ilə həyata keçirilmişdir. Mübahisəli mənzil İddiaçı yeganə yaşayış yeridir; onun yaşayış üçün istifadə edə biləcəyi başqa mənzili yoxdur. Bu fakt həm mənzildən istifadədə mühüm mənafeyin mövcudluğunu, həm də tərəflərin hüquqları arasında mütənasib və ədalətli tarazlığın müəyyən edilməsində iddiaçının yaşayış ehtiyacının xüsusi çəkisini təsdiq edir. Cavabdeh iddiaçının mənzilə daxil olmasına faktiki maneə yaratmaqla, ona açar verməməklə, sonuncunu heç bir əsas olmadan qanunsuz olaraq mənzildən istifadə imkanından tamamilə məhrum etmişdir. Apellyasiya şikayətində iddia tələbinin məzmunu aşkar təhrif edilir. Apellyatorun əsas tezisi ondan ibarətdir ki, guya iddiaçı 1/4 paya malik olduğu halda mənzilin bütünlüklə onun sahibliyinə verilməsini və cavabdehin 3/4 payından istifadəni tələb edir. Bu tezis nə iddia ərizəsinin predmetinə, nə də qətnamənin nəticə hissəsinə uyğundur. Iddiaçı cavabdehin mənzildən çıxarılmasını, cavabdehin 3/4 payına xitam verilməsini, mənzilin hər hansı otağının özünün müstəsna istifadəsinə verilməsini və ya mənzilin bütünlüklə boşaldılaraq ona təhvil verilməsini tələb etməmişdir. Iddia yalnız paylı mülkiyyətçinin ümumi əşyaya daxil olmasına yaradılmış maneələrin aradan qaldırılmasına, giriş açarının verilməsinə və ümumi əşyadan birgə istifadə imkanının bərpasına yönəlmişdir. Qətnamə də cavabdehin istifadə hüququnu aradan qaldırmır, onun mənzildən çıxarılmasını nəzərdə tutmur və mənzilin konkret hissəsini iddiaçının müstəsna istifadəsinə ayırmır. Bu səbəbdən qətnamənin cavabdehin 3/4 payına sahiblik yaratdığı və ya həmin payı məhdudlaşdırdığı barədə dəlil hüquqi və faktiki əsasa malik deyildir. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya daha çox şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyət hüququ əsasında onlara mənsubdur. Paylı mülkiyyətdə müəyyən edilən 1/4 və 3/4 göstəriciləri mənzilin fiziki cəhətdən ayrılmış konkret otaqlarını və ya kvadratmetrlərini deyil, bütöv əşya üzərində mülkiyyət hüququndakı ideal payları ifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli, **/**** nömrəli qərardadının 11-ci bəndində göstərilmişdir ki, “Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. Ideal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. Ideal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir.” Qeyd edilən Qərarda ideal bölgünün əşya fiziki cəhətdən bölünmədən onun üzərində payların müəyyən edilməsini, real bölgünün isə əşyanın fiziki olaraq ayrılmasını nəzərdə tutduğu göstərilmişdir. Real bölgü aparılmadığı və istifadə qaydası ilə konkret sahələr ayrılmadığı müddətdə mənzil hüquqi baxımdan vahid əşya olaraq qalır. Buna görə paylı mülkiyyətçinin mənzilin giriş qapısından daxil olması, ümumi istifadə sahələrindən keçməsi, mətbəx, sanitar qovşağı və digər funksional sahələrdən istifadə etməsi hüquqi baxımdan digər mülkiyyətçinin ideal payına sahiblik etmək deyildir. Cavabdehin təklif etdiyi hüquqi modelə görə, iddiaçı payını saxlamalı, lakin mənzilə daxil olmamalı, orada yaşamamalı və əşyadan istifadə etməməlidir. Belə model mülkiyyət hüququnu əhəmiyyətsizləşdirir və onu yalnız nominal qeydiyyata çevirir. Mülkiyyət hüququnu həyata keçirmək istəyinin cavabdehin razılığından asılı edilməsi qanunun məqsədi ilə uzlaşmır. Iddiaçı İddiaçı mübahisəli mənzildən istifadə hüququnun əsasını, ilk növbədə, həmin mənzilin 1/4 hissəsinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmış mülkiyyət hüququ təşkil edir. Real bölgü aparılmadığı müddətdə 1/4 pay mənzilin fiziki olaraq ayrılmış konkret otağını və ya sahəsini deyil, bütöv mənzil üzərində ideal mülkiyyət payını ifadə edir. Buna görə iddiaçı ümumi mənzilə daxil olmaq və ondan digər paylı mülkiyyətçinin hüquqları ilə uzlaşan qaydada istifadə etmək hüququna malikdir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli, **/**** nömrəli qərardadının 11–13-cü bəndlərində ideal payın əşya fiziki olaraq bölünmədən bütöv əşya üzərində müəyyən edilən pay olduğu və real bölgüyədək paylı mülkiyyətçilərin ümumi əşyaya sahiblik və ondan istifadə hüquqlarının saxlanıldığı göstərilmişdir. Iddiaçının həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması isə mübahisəli mənzilin onun daimi yaşayış yeri olduğunu rəsmi şəkildə təsdiq edən mühüm sübutdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən yaşayış yeri şəxsin daimi və ya daha çox yaşadığı ev və ya mənzildir; yaşayış yeri üzrə qeydiyyat üçün isə həmin yaşayış sahəsinə köçməyə əsas verən sənəd və ya yaşayış sahəsini verən şəxsin ərizəsi tələb olunur. Deməli, iddiaçının cavabdehin mülkiyyətçi olduğu dövrdə həmin mənzil üzrə qeydiyyata alınması cavabdehin onun bu mənzildə yaşamasından məlumatlı olduğunu və buna razılıq verdiyini təsdiq edir. Cavabdeh uzun müddət ərzində iddiaçının həmin ünvanda qeydiyyatda olmasına etiraz etməmiş, bununla həmin mənzilin iddiaçının yaşayış yeri olmasını qəbul etmiş, lakin sonradan ona mənzilə daxil olmağa mane olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə # #### 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, şəxsin digər tərəfin güvəndiyi əvvəlki davranışına zidd hüquq həyata keçirməsi hüquqdan suiistifadə yaradır; qanun ziddiyyətli davranışı qadağan edir və şəxsdən ardıcıl rəftar tələb edir. Buna görə cavabdehin əvvəlcə iddiaçının mənzildə qeydiyyatına və yaşayışına razılıq verməsi, sonradan isə heç bir yeni hüquqi əsas göstərmədən onu həmin mənzildən tam kənarlaşdırması vicdanlılıq və ardıcıl davranış prinsipləri ilə uzlaşmır. Apellyasiya şikayətində iddiaçıya məxsus 1/4 pay heç bir hüquqi meyar və sübut göstərilmədən “cüzi pay” adlandırılmışdır. Halbuki, nə Mülki Məcəllənin 220.4-cü maddəsində, nə də məhkəmə təcrübəsinin vahidliyini təmin edən Ali Məhkəmənin # ###### 2024-cü il tarixli, **/**** nömrəli qərardadında payın hansı konkret faizdən və ya kəsrdən aşağı olduğu halda cüzi sayılması müəyyən edilməmişdir. Deməli, payın cüziliyi riyazi nəticə deyil və yalnız bir payın digərindən az olması əsasında müəyyən edilə bilməz. Iddiaçıya məxsus pay mənzil üzərində mülkiyyət hüququnun 25 faizini, yəni dörd bərabər ideal paydan birini təşkil edir. Belə payı heç bir əlavə araşdırma aparmadan əhəmiyyətsiz və ya nominal pay kimi təqdim etmək mümkün deyildir. Apellyator mənzilin sahəsi, otaqlarının sayı, planı, istifadə imkanları və 1/4 payın faktiki əhəmiyyəti barədə hər hansı texniki sənəd, ekspert rəyi və ya digər mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulan “cüzi pay” anlayışı paylı mülkiyyətçinin mənzilə daxil olmasının və ondan istifadə etməsinin qadağan edilməsi üçün deyil, müstəsna hallarda onun razılığı olmadan payına kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi üçün tətbiq olunur. Hazırkı işdə iddiaçının mənzildən istifadədə mühüm mənafeyi aşkar ünvan 3 onun ailə evi və daimi yaşayış yeridir, o, həmin ünvanda qeydiyyatdadır, əvvəllər orada yaşamışdır və Azərbaycanda başqa yaşayış yeri yoxdur. Ən əsası isə hazırkı mübahisə iddiaçının payına xitam verilməsi, ona kompensasiya ödənilməsi və ya payın naturada ayrılması barədə deyil. Iddiaçı mülkiyyət hüququnu saxlamaqla ümumi mənzilə daxil olmaq və ondan istifadə etmək istəyir. Buna görə də apellyasiya şikayətində “cüzi pay” anlayışına istinad edilməsi həm əsassız, həm də mübahisənin hüquqi predmetinə aid deyildir. Apellyasiya şikayətində iddia edilir ki, İddiaçı əvvəlcə payının naturada ayrılmasını, bu mümkün olmadıqda kompensasiya ödənilməsini tələb etməli idi. Bu mövqe müxtəlif hüquqi müdafiə vasitələrini əsassız şəkildə bir-birinə tabe edir. Mərhələlilik yalnız tərəfin məhz payın ayrılması və ya əşyanın bölünməsi tələbini seçdiyi halda həmin institutun daxilində tətbiq olunur. Iddiaçı payından çıxmaq, onun dəyərini almaq və ya ümumi mülkiyyətə xitam vermək istəmir. O, mülkiyyət hüququnu saxlamaqla mənzildən faktiki istifadə etmək istəyir. Buna görə 220 və 221ci maddələrin prosedurunu ona məcburi qaydada qəbul etdirmək dispozitivlik və mülkiyyətçinin iradə sərbəstliyi prinsiplərinə ziddir. Cavabdehin ayrıca bölgü və hərrac iddiası hazırkı mülkiyyət və istifadə hüquqlarını dayandırmır. Apellyasiya şikayətində cavabdehin ayrıca iddia ilə mənzilin naturada bölünməsini, bu mümkün olmadıqda hərracdan satılmasını tələb etdiyi göstərilir. Başqa məhkəmə işinin mövcudluğu qanuni qüvvədə olan mülkiyyət hüququnu dayandırmır və iddiaçının həmin iş üzrə yekun qətnamə qəbul edilənədək mənzildən kənarda saxlanılmasına hüquqi əsas yaratmır. Əksinə, Ali Məhkəmənin **/**** nömrəli qərardadında paylı mülkiyyətin bölünməsi və hərracdan satılması üçün qanunla müəyyən edilmiş ardıcıl şərtlərin yoxlanılmalı olduğu, payçılardan birinin digərini iradəsinə zidd şəkildə mülkiyyət hüququndan məhrum etməsinin qarşısının alınmasının bu prosedurun əsas məqsədlərindən olduğu vurğulanmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçını nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, hazırda Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında hazırki iş üzrə cavabdehin mənzilin paylar üzrə naturada bölünməsi, bu mümkün olmadığı təqdirdə isə hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddiasına baxılır, iş üzrə qiymətləndirmə ekspertizası təyin edilərək icraat dayandırılmışdır.
14. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi), məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin və ona qarşı etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Iş materialları ilə müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti *** saylı evin * saylı mənzilinin 1/4 hissəsinə iddiaçının pay hüququ tanınmışdır.
23. Işdən görünür ki, iddiaçı öz əmlakı üzərində sahiblikdən və istifadədən məhrum olmuş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur.
24. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
25. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan mənzil 4 yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 90 kv.m təşkil edir. Belə olan halda həmin sahənin 22,5 kv.m hissəsi iddiaçının payına düşür. Odur ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən öz payından əlavə cavabdehin payına sahiblik etmək və ondan istifadə etmək niyyətində olması barədə dəlillərini əsassız sayır.
26. Bundan başqa, həm iddiaçının nümayəndəsi və vəkili tərəfindən birinci instansiya məhkəməsində verilmiş vəsatətdən, həm də cavabdehin nümayəndəsi və vəkilinin bildirdiklərindən müəyyən edilir ki, artıq hazırki iş üzrə cavabdeh məhkəməyə müraciət edərək mənzilin paylar üzrə naturada bölünməsi, bu mümkün olmadığı təqdirdə isə mənzilin hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: