Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2349/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı işi üzrə Açar sözlər: (“xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılma”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , iddiaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Ruhulla qızının, cavabdeh Cəfərov Qüdrət Fikrət oğlunun, cavabdeh3ə Gülməmməd qızının iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 və yetkinlik yaşına çatmayan X2 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və İddiaçı mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən (“Turan” hərbi yataqxanasından) məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6351/2025 nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 və yetkinlik yaşına çatmayan X2 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən və İddiaçı mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən ("Turan” Hərbi yataqxanasından) çıxarılması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92, 93.1, 98.1, 99.2, 101.1, 101.2, 102.1, 102.2, 103, 103.3, 104, 104.2, 106, 107, 108-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən "Turan” hərbi yataqxanası xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Cavabdeh cavabdeh4 və onun ailə üzvləri həmin yataqxananın 103, 106, *** nömrəli otaqlarında 2006-cı ildən hər hansı hüquqi əsas olmadan yaşayırlar, bu barədə yalnız ##.##.2023-cü il tarixli *** saylı, ##.##.2023-cü il tarixli **** saylı məktublarda müvəqqəti yerləşdirilmə barədə qeydlər vardır, tərəflər arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmamış (həmçinin ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun qaydada qərar və order mövcud olmamışdır), cavabdeh cavabdeh4 isə öz izahatına əsasən 2016-cı ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hazırda həmin binanın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi "Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji Institutunun rəyinə əsasən yaşayış üçün təhlükəli olduğu müəyyən edilmiş, eyni zamanda təyinatı dəyişdirilmişdir, "Turan” hərbi yataqxanasında yaşayış sahələrinin qanunsuz istifadəyə verilməsi barədə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsi tərəfindən hazırda araşdırma aparılır. Beləliklə, məhkəmə, mülki iş üzrə sübutlara, mülki işin hallarına və müvafiq qanunverciliyin tələblərinə əsasən məhkəmə iclasında müəyyən edilən hallar, o cümlədən iddiaçının mülkiyyətçi olması, mübahisəli yaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması halları nəzərə alınmaqla, mülki iş üzrə sübutlara, məhkəmə iclasında müəyyən edilən hallara və yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən iddia əsaslı olduğundan təmin edilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X10 Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyinin surətinə əsasən, hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olduğu, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilir, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır; - ** nömrəli Forma üzrə binanın fərdi qeydiyyat kartoçkalarının surətinə əsasən, “Turan” hərbi yataqxanası Azərbaycan Respuiblikasının Müdafiə Nazirliyinin balansındadır, əvvəlki təyinatı yataqxana, hazırki təyinatı qonaq evi kimi qeyd olunmuşdur; - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Müdafiə Nazirliyinin Mənzil-Istismar xidmətinin rəisi Səbuhi Isgəndərova ünvanlanmış ##.##.2025- ci il tarixli məktubun surətinə əsasən, Müdafiə Nazirliyinin balansında olan “Turan” hərbi yataqxanasına “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli, *** nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 1 ünvan rekviziti təyin edilmişdir; - Müdafiə Nazirliyinin Mənzil- Istismar Idarəsinin rəisi R M.Hacalıyev tərəfindən “Turan” hərbi yataqxanasının müdirinə ünvanlanmış ***/* nömrəli, ##.##.2006-cı il tarixli məktubun surətinə əsasən, Bakı Qarnizonu rəisinin dərkənarına əsasən hərbi qulluqçu X3 ailəsi ilə birlikdə “Turan” hərbi yataqxanasının *** nömrəli otağına müvəqqəti yerləşdirilməsi tələb edilmişdir; - Bakı Qarnizonu Mənzil- Istismar Hissəsinin rəisi N.Ağayevin ##.##.2023-cü il tarixli *** saylı, ##.##.2023-cü il tarixli **** saylı məktublarının surətlərinə əsasən, hərbi hissənin mülki işçisi cavabdeh4 işlədiyi dövr ərzində “Turan” yataqxanasında yerləşən 103, 106, *** nömrəli otaqlarda yaşayışının müvəqqəti təmin edilməsi tələb edilmişdir; - Bakı Qarnizonu Mənzil-Istismar hissəsi tərəfindən Cəfərov Fikrət Qüdrət oğluna ünvanlanmış **** nömrəli, ##.##.2025-ci il tarixli xəbərdarlıq Müdafiə Nazirliyinin Mənzil-istismar xidməti rəisinin ##.##.2025-ci il tarixli *** nömrəli, Bakı Qarnizonu Mənzil- Istismar hissəsi rəisinin ##.##.2025-ci il tarixli ** nömrəli telefonoqrammalarına əsasən “Turan” yataqxanasında əsaslı təmir işləri aparılacaqdır. Qeyd olunanları nəzərə alaraq, “Turan” yataqxanasında yaşadığı 103, 106, *** nömrəli otaqları ## #### 2025-ci il tarixədək təhvil verməsi tələb edilmişdir; - İddiaçı Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsi tərəfindən Əsaslı Tikinti Idarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubun, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 ikiotaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də müvafiq Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq MII və BQ MIH-in məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəticəsi barədə DTTBI-yə məlumat göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur; - İddiaçı Əsaslı Tikinti Idarəsinin rəisinin ##.##.2025-ci il tarixli, Müdafiə Nazirinin müavinin ##.##.2025-ci il tarixli raportlarına əsasən, Müdafiə Nazirliyinin balansında olan "Turan” hərbi yataqxanasının təyinatının dəyişdirilərək xidməti tapşırığı yerinə yetirmək məqsədilə ezamiyyətə gələn zabit və Rlərin müvəqqəti yaşaması üçün "Qonaq evi”nə çevrilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və müvafiq razılıq alınmışdır; - Azərbaycan Respublikası Müdafiə Nazirinin * nömrəli ##.##.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə İddiaçı mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır; - ##.##.2025-ci il tarixli ailə tərkibi barədə arayışa əsasən, cavabdeh4 ailə üzvləri: həyat yoldaşı cavabdeh3 (1983), qızları cavabdeh1 (2005), cavabdeh2 (2007), X1ndan (2010) ibarətdir; - "Turan” yataqxanasının ##.##.2025-ci il tarixli *** saylı arayışına əsasən, Cəfərov Fikrət Qüdrət oğlu ailə üzvləri ilə birlikdə "Turan” yataqxanasında yerləşən 103, 106, *** nömrəli otaqlarda 2006-cı ildən yaşayır; - M/V seriyalı, ****** nömrəli vəsiqəyə əsasən, cavabdeh4 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92, 98.1, 101.2, 102.2, 104.2, Azərbaycan Respublikasının “Veteranlar haqqına” Qanununun 12-ci maddəsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsi, “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin 1.13-cü bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10, 14.2, 77.1, 78.1, 79, 80, 122.1, 135.7, 159, 160, 161, 185.5, 216, 217, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 103, 106 və *** nömrəli otaqlarında 2006-cı ildən fasiləsiz olaraq yaşayır. Bu müddət ərzində hər hansı bir dövlət orqanı və ya Müdafiə Nazirliyi tərəfindən onun yaşayışının qanunsuz olduğu barədə özünə rəsmi müraciət edilməmiş, əksinə, dəfələrlə müvəqqəti yerləşdirilməyə dair məktublarla (Bakı Qarnizonu Mənzil-Istismar Hissəsinin ##.##.2023-cü il tarixli *** nömrəli və ##.##.2023-cü il tarixli **** nömrəli məktubları) yaşayışı təsdiq edilmişdir. Bu məktublar əsasında o və ailəsi həmin otaqlarda qanuni əsaslarla - dövlət orqanının icazəsi ilə yerləşdirilmişdir. Heç bir vaxt onunla xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmamasına baxmayaraq, bu hal cavabdeh4 tərəfindən deyil, məhz Müdafiə Nazirliyinin özünün daxili prosedurlarının pozulması nəticəsində baş vermişdir. cavabdeh4 sadə, vicdanlı istifadəçi kimi 18 il ərzində bu ərazidə yaşamış, kommunal xidmətləri ödəmiş, övladları burada böyümüş, təhsil almış və sosial əlaqələr qurmuşlar. Məhkəmə qətnaməsində iddiaçının xəbərdarlıq məktublarına baxmayaraq onun yaşayış sahəsini təhvil vermədiyi, hərbi xidmətdən tərxis olunduğu (2016-cı ildə) və binanın texniki cəhətdən yararsız olduğu qeyd edilmişdir. Lakin məhkəmə bir sıra vacib halları nəzərə almamış və ya lazımi qiymət verməmişdir: 1. Yaşayışın uzunmüddətli və yeganə olması - cavabdeh4 və ailəsi üçün bu yaşayış sahəsi yeganə mənzildir. Onların başqa heç bir dövlət və ya özəl mənzil fondu yoxdur. O, əmək haqqısı cəmi 630 manat olan işçidir və müharibə veteranıdır. Mənzil bazarında kirayə qiymətləri Bakıda ən az 400-500 manatdan başlayır ki, bu da onun büdcəsini dəfələrlə aşır. Hazırkı sosial-iqtisadi vəziyyətindən dolayı cavabdeh4 alternativ yaşayış sahəsi əldə edə bilmək imkanı yoxdur.2. Övladların təhsil vəziyyəti - Onun üç övladı təhsil alır. Qızları cavabdeh1 (2005) və cavabdeh2 ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Yaşayış yerinin dəyişdirilməsi onların universitetə davamiyyətini, nəqliyyat xərclərini və akademik göstəricilərini ciddi şəkildə pozacaqdır. X1 (2010) isə hazırda 10-cu sinifdə oxuyur və 2026- 2027-ci tədris ilində 11-ci sinfə keçəcək. Bu, onun həyatında ən kritik illərdən biridir (buraxılış imtahanları və ali təhsilə qəbul prosesi). Məktəb dəyişikliyi onun psixoloji vəziyyətinə, dərs performansına və gələcək həyatına geri dönməz zərər vurma potensialına malikdir. Məhkəmə bu halları heç bir şəkildə araşdırmamış, ailənin uşaqlarının təhsil hüququnun pozulma riskini dəyərləndirməmişdir.3. Müharibə veteranı statusu - cavabdeh4 Azərbaycan Respublikasının müharibə veteranıdır (M/V seriyalı vəsiqə N******). Qanunvericiliyə əsasən, veteranlar sosial müdafiəyə, mənzil şəraitinin yaxşılaşdırılmasına və dövlət tərəfindən mənzillə təmin olunmağa prioritet hüquqa malikdirlər. Məhkəmə bu statusun nəticələrini, yəni mənzil hüququ sahəsində veteranlara verilən təminatları nəzərə almadan, onu adi vətəndaş kimi qanunsuz istifadəçi mövqeyinə qoymuşdur. Halbuki, o, hərbi xidmət zamanı və sonrasında dövlət qarşısında borcunu yerinə yetirmiş, sağlamlığını qorumuş bir şəxs kimi dövlətdən təminat gözləmək hüququna malikdir.4. Binanın təhlükəli olması ilə bağlı rəyin mübahisəliliyi - Məhkəmə Fövqəladə Hallar Nazirliyinin rəyinə əsaslanaraq binanın yaşayış üçün yararsız olduğunu qəbul etmişdir. Lakin həmin rəyə əsasən bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilsə də, orada təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruri olduğu bildirilir. Yəni, bina tamamilə dağıntı vəziyyətində deyil, təmir oluna bilər. cavabdeh4 və ailəsi orada yaşamağa hazırdır, hətta təmir işləri zamanı müvəqqəti olaraq binanın digər sağlam hissələrinə köçməyə də razı ola bilərlər. Lakin iddiaçı onları heç bir alternativ yaşayış sahəsi təklif etmədən küçəyə çıxarmağı tələb edir. Mənzil Məcəlləsinin 101.2 və 102.2-ci maddələrinə əsasən, müəyyən kateqoriyalı şəxslər (müharibə veteranları, çoxuşaqlı ailələr və s.) başqa yaşayış sahəsi verilmədən xidməti mənzildən çıxarıla bilməz. Məhkəmə bu müddəaları tətbiq etməmişdir.5. Mənzil müqaviləsinin olmamasına görə məsuliyyət - Məhkəmə cavabdeh4la kirayə müqaviləsi bağlanmadığını qanunsuzluq kimi şərh etmişdir. Lakin o, 2006cı ildən etibarən müxtəlif dövrlərdə Bakı Qarnizonu Mənzil-Istismar Hissəsinin rəsinin məktubları əsasında orada yaşamışdır. Bu məktublar rəsmi sənədlərdir və onun üçün hüquqi cəhətdən icazə deməkdir. Müqavilə bağlamamaq öhdəliyi Müdafiə Nazirliyinin öz daxili nizamintizamının pozulmasıdır. Bu kənar vətəndaş olaraq cavabdeh4 təsir edə biləcəyi bir proses deyil. Məhkəmə onun vicdanlı istifadəçi olduğunu nəzərə almalı, iddiaçının daxili sənədləşmə qüsurlarının nəticələrini onun üzərinə yükləməməlidir. 6. Araşdırmanın davam etməsi - Məhkəmə qətnaməsində qeyd edilir ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsi tərəfindən yataqxanadakı qanunsuz yerləşdirmələrlə bağlı araşdırma aparılır. Bu o deməkdir ki, yaşayış sahələrinin verilməsində qanunsuzluqlar iddiaçının öz strukturunda mövcuddur. cavabdeh4 bu prosesdə tərəf deyil və araşdırmanın nəticəsi məlum olmadan onun çıxarılması iddiaçının öz səhvlərinin aradan qaldırılması üçün onun üzərindən “asan yol” seçməsidir. Bu isə ədalət prinsipinə ziddir. Nəticə etibarilə, məhkəmə aşağıdakı halları araşdırmadan və qiymətləndirmədən qətnamə qəbul etmişdir: Ailənin yeganə yaşayış yeri olması və alternativ mənzilin mövcud olmaması; Müharibə veteranı statusunun mənzil hüququnda yaratdığı təminatlar və imtiyazlar; Azyaşlı övladın təhsil dövrünün kritik mərhələdə olması və məktəb dəyişikliyinin yaradacağı ağır nəticələr; Digər iki övladın ali təhsil müəssisələrində təhsilinin davamlılığı probleminin həlli; Binanın təmir oluna biləcəyi və təmir zamanı müvəqqəti həll yollarının mümkünlüyü; Mənzil Məcəlləsinin 101.2, 102.2-ci maddələrinin tətbiqi zərurəti; Əmək haqqının 630 manat olması ilə Bakıda kirayə mənzil imkanlarının müqayisədə qeyri-mümkünlüyü. Məhkəmə, Mənzil Məcəlləsinin 104.2-ci maddəsini şərh edərkən qeyd etmişdir ki, “əmək münasibətlərinin xitamı yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır”. Lakin cavabdeh4 bu gün də Müdafiə Nazirliyinin strukturunda mülki işçi kimi əmək fəaliyyətini davam etdirir və hələ də həmin idarə ilə əmək münasibətindədir. Bu halda məhkəmənin “hərbi xidmətdən tərxis olunma” faktını əsas götürməsi düzgün deyildir, çünki mülki işçi kimi işləmək də əmək münasibətidir və Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən “dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar” xüsusi təyinatlı yaşayış sahəsi verilə bilər. Bütün bu səbəblərdən, cavabdeh4 məhkəmənin müəyyən etdiyi faktların bir qismi ilə (binanın mülkiyyətçisi, xüsusi təyinatlı fond olması, xəbərdarlıq edilməsi) razılaşsa da, məhkəmənin yuxarıda sadalanan halları nəzərdən qaçıraraq onun və ailənin çıxarılması barədə qərar verməsini qəbul etmir. Məhkəmə tərəfindən araşdırılmayan və işin düzgün həlli üçün əhəmiyyətli olan hallar bunlardır: alternativ yaşayış sahəsinin təklif edilməməsi, veteran statusunun yaratdığı mənzil hüququ təminatları, azyaşlı uşağın təhsilinin məktəb dəyişikliyi riski, mülki işçi kimi əmək münasibətlərinin davam etməsi, binanın bərpa oluna bilməsi ehtimalı. Yuxarıda göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam rədd edilməsi xahiş olunur. Təqdim etdiyiniz mülahizə məhkəmə qərarındakı ciddi bir hüquqi ziddiyyəti və **maddi hüquq normalarının düzgün tətbiq edilməməsi** faktını ortaya qoyur. Hüquq elmində və məhkəmə təcrübəsində bu vəziyyət normanın birtərəfli, yəni işin hallarını pisləşdirən hissəsinin tətbiq edilib, onun ardı olan və vətəndaşa təminat verən hissəsinin isə qanunsuz olaraq kənarda saxlanılması kimi xarakterizə olunur. Məhkəmə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verildikdə dərhal çıxarılmanı nəzərdə tutan 102.1-ci maddəni tətbiq etmiş, lakin həmin maddənin dərhal ardınca gələn 102.2-ci maddəni - yəni “müəyyən kateqoriyalı şəxslər üçün çıxarılmanın yalnız alternativ yaşayış sahəsi təqdim edildikdən sonra mümkün olması” qaydasını - tətbiq etmək iradəsi göstərməmişdir. Mənzil Məcəlləsinin 102.2-ci maddəsində aydın şəkildə bildirilir: “Lakin xidməti yaşayış sahəsindən çıxarılarkən qanunvericiliklə müəyyən edilmiş sosial müdafiəyə ehtiyacı olan şəxslərə (o cümlədən müharibə veteranları, çoxuşaqlı ailələr, əlillər) başqa rahat yaşayış sahəsi verilmədən çıxarılma tətbiq edilə bilməz.” Cavabdeh 2006-cı ildən etibarən dövlət orqanının məktubları əsasında, icazə ilə və heç bir icarə haqqı ödəmədən (bu hal xüsusi təyinatlı fondun xarakterindən irəli gəlir) yaşamışdır. Bu isə mahiyyət etibarilə əvəzsiz istifadə münasibətləridir. Çünki faktiki münasibətlər də hüquqi nəticələr doğurur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsini sadəcə qeyd etmiş, lakin bu maddənin tələbi olan “mülkiyyət hüququ ilə yanaşı, yaşayış hüququnun da toxunulmazlığı” prinsipini pozmuşdur. Mülkiyyətçi olan Müdafiə Nazirliyinin əmlakı qorunsa da, cavabdehin ailəsi ilə birlikdə yaşayış hüququ xüsusən də bunun uzunmüddətli, sabit və yeganə mənzili olduğu halda - heç bir çəki mərkəzi qoyulmadan, sırf mülkiyyət hüququna üstünlük verilməklə pozulmuşdur. Konstitusiyanın 17-ci maddəsi (Ailənin müdafiəsi) ilə birlikdə oxunduqda, məhkəmə ailənin yaşayış sahəsindən çıxarılması barədə qərar verməzdən əvvəl alternativ yaşayış sahəsinin mövcudluğunu, uşaqların təhsil hüququna təsirini və ailənin sosial-iqtisadi durumunu araşdırmalı idi. Apellyasiya icraatında müəyyən edilən hallar:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 və cavabdeh3 apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat verərək, başqa yaşayış yerinin olmadığını, onun həmin yaşayış sahəsində ailə üzvləri ilə birgə qanunsuz olaraq məskunlaşmadığını, 2006-cı ildən bəri dövlət orqanının məktubları əsasında orada yaşadığını,digər tərəfdən cavabdeh cavabdeh4 hazırda da mülki işçi kimi Müdafiə Nazirliyi ilə əmək münasibətinin olduğunu,onunla Nazirlik arasında kirayə müqaviləsinin bağlanmamasının onun səhlənkarlığı kimi deyil, Nazirliyin səhvi kimi qiymət verilməli olduğunu, həmçinin mənzildən çıxacaqları təqdirdə bu hadisənin övladlarının psixologiyasına, gündəlik həyatına da mənfi təsir göstərəcəyini qeyd etmiş, şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Rufulla qızı apellyasiya şikayətini əsassız hesab etdiyini, mübahisəli yaşayış sahəsinin iddiaçının mülkiyyətində olduğunu, cavabdehin isə mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd olmadan illərdir sadəcə məktublar əsasında ailə üzləri ilə birlikdə mənzildə yaşadığını, "Turan” hərbi yataqxanasında yaşayış sahələrinin qanunsuz istifadəyə verilməsi barədə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsi tərəfindən hazırda araşdırma aparıldığını, cavabdehin 2016-cı ildən təxris edildiyini, iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlanmadığını qeyd etmiş, müvafiq hüquqi əsaslar üzrə cavabdehlərin müraciət etmək və mənzil təminatı hüquqlarının olduğunu bildirərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdehlərin məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
10. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən:152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin ( əvvəlki redaksiya) 103-cü maddəsinə əsasən: xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Həmin Məcəllənin 104-cü maddəsinə əsasən, müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Məcəllənin 107-ci maddəsinə əsasən, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Məcəllənin 108-ci maddəsinə əsasən, işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 103.1. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir.103.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir:103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən.103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”na əsasən: 1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 2.1. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. 2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. 2.3. Kirayə müqaviləsi yazılı formada bağlanılır. Kirayə müqaviləsinin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.2.4. Kirayə müqaviləsinə görə bir tərəf xidməti yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə — vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 2.5. Kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.2.6. Kirayə müqaviləsində müqavilənin predmeti, xidməti yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 2.7. Xidməti yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi mənzil sahəsinin ayrılma norması nəzərə alınmaqla verilir. 2.8. Xidməti yaşayış sahəsi verilərkən ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstənin olması nəzərə alınır, həmçinin ər-arvad istisna olmaqla, ayrı cinslərdən olan 9 yaşından yuxarı şəxslərin bir otağa köçürülməsinə yol verilmir (ayrı cinslərdən olan yetkinlik yaşına çatmış şəxslərin bir otağa köçürülməsinə dair razılığı olduğu hallar istisna olmaqla). 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir.
14. Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ##### 2014-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin 1.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdə olan generallar, Rlar, zabitlər, Rlər, Rlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və onlarla birlikdə yaşayan ailə üzvləri İddiaçı xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Əsasnamənin 4.8ci maddəsində hərbi qulluqçuların xidməti yaşayış sahəsi almaq üçün təminata qoyulması məqsədi ilə tələb olunan sənədlərin siyahısı qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi Idarələri tərəfindən özəlləşdirilmiş mənzilin və ya torpaq sahəsinin olub-olmaması barədə arayışın olması mütləqdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, qeyd edilən normativlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı mərhələdə mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi iddiaçıdır və həmin yaşayış sahəsinə dair iddiaçı ilə cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış və qarşılıqlı öhdəliklər müəyyən edilməmiş, cavabdeh isə 2016-cı ildən təxris edilmiş, uzun illər ərzində yalnız məktub əsasında ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsində yaşamışdır. Hazırda isə təyinatı dəyişdirilən "Turan” hərbi yataqxanasında yaşayış sahələrinin qanunsuz istifadəyə verilməsi barədə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsi tərəfindən araşdırma gedir. Bütün qeyd olunan hallar nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan apellyasiya şikayəti təmin edilə bilməz. Qeyd edilməlidir ki, yaşayış sahəsi ilə təminatın hüquqi əsasları üzrə cavabdehlərin aidiyyəti təşkilatlara müraciət etmək hüquqları vardır.
17. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş məhkəmə xərci onu ödəyən şəxslərə aid edilməlidir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.