Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2373/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “ödənilmiş pulun geri qaytarılması və əldən çıxmış faydanın tutulması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Münasibətlər 1.Mübahisə podrat münasibətindən yaranıb. Iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 MMC-nin arasında sadə yazılı formada ##.##.2023-ci il tarixli FJ-F*/****/* nömrəli müqavilə bağlanıb. Müqaviləyə görə, cavabdeh cavabdeh1 MMC iddiaçıya aid olan, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1540S ünvanında yerləşən torpaq sahəsində tikinti-təmir işlərini görməyi, iddiaçı isə bunun müqabilində cavabdehə 180.000 manat ödəməyi öhdəsinə götürüb. Iddiaçının məhkəməyə verdiyi məlumata görə, digər cavabeh cavabdeh2 cavabdeh1 MMC-nin təsisçisidir. Məhkəmə icraatı 2.Iddia ərizəsi ##.##.2024-cü il tarixdə verilib. Iddia ərizəsində 2 tələb irəli sürülüb: 1) həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş 50.000 ABŞ dolları cavabdehlərdən alınaraq iddiaçıya qaytarılsın; 2) cavabdeh tərəfin müqavilə öhdəliyini vaxtında icra etməməsinə görə əldən çıxmış fayda kimi 220.000 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. 3.Tələb onunla əsaslandırılıb ki, iddiaçı ilə cavabdeh cavabdeh1 MMC ilə arasında bağlanmış ##.##.2021-ci il tarixli müqavilə üzrə ödənilməli olan məbləğin bir hissəsi iddiaçı tərəfindən ödənilib. Belə ki, ##.##.2021-ci il tarixli kassa mədaxil orderi ilə 30.000 ABŞ dolları, ##.##.2021-ci il tarixli kassa mədaxil orderi ilə 20.000 ABŞ dolları, cəmi 50.000 ABŞ dolları ödənilib. Həmin pulu cavabdeh cavabdeh1 MMC-nin təsisçisi – digər cvabdeh cavabdeh2 qəbul edib. Müqavilə şərtlərinə görə, cavabdeh1 MMC 1 il ərzində iddiaçıya məxsus olan, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1540 S ünvanında yerləşən torpaq sahəsində layihəyə uyğun fərdi yaşayış evi tikməli və evin təmir işlərini tamamlamalı idi. Müqavilənin müddətinin bitməsindən 1 il 1 ay keçməsinə baxmayaraq təmir tikinti-işləri başa çatdırılmayıb. Iddiaçı tərəfin müraciəti əsasında “xxxx” MMC-nin verdiyi ##.##.2022-ci il tarixli ** nömrəli qiymətləndirmə hesabatına görə, tikintiyə cəmi 53.976 manat xərc çəkilib. Hesabatda qeyd olunub ki, bağ evinin həyətyanı tikililəri tikilib başa çatdırılmayıb. Belə ki, bünövrə hissəsi tökülmüş beş mişar daşı hündürlüyündə inşa edilib. Su hovuzunun betonlama işləri görülməyib. Evin dam örtüyü eskiz layihəyə uyğun inşa olunmayıb. Bağ evinin və hovuzun beton hissəsində əyriliklər var, bərpasına və yenidənqurma işlərinə ehtiyac var. Təmir-tikinti işləri tamamlanmayıb, yarımçıq tikililərin inşası isə keyfiyyətsiz həyata keçirilib. Müqavilənin 2.2.4-cü bəndinə görə, xidmətin keyfiyyətsizliyi aşkar olunduqda icraçı sifarişçinin tələbinə əsasən yeni xidmət göstərməli və ya ödənilmiş pulu geri qaytarmalıdır. Müqavilənin 2.3.2-ci bəndinə görə, icraçı müqavilədə nəzərdə tutulan xidməti keyfiyyətli və vaxtında yerinə yetirmədikdə sifarişçi onları qəbul etməkdən və ödəməkdən imtina edə, ödəniş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Işlər yekunlaşdıqdan sonra iddiaçının həmin fərdi yaşayış sahəsini kirayə vermək fikri var idi. Bağ sahəsi hazır olandan sonra onun aylıq kirayə bazar qiyməti təxminən 10.000 manata yaxın olmalı idi. cavabdeh1 MMC işləri tamamlamadığı üçün iddiaçı 220.000 manat məbləğində faydadan məhrum olmuşdur. 4.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 18.249 ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla cavabdeh cavabdeh1 MMC-də iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 7.Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin mövqeyi 8.Iddia ərizəsində iki tələb irəli sürüldüyünə görə, məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. 50.000 ABŞ dollarının qaytarılması tələbi barədə 9.Iddiaçı ödədiyi 50.000 ABŞ dollarının qaytarılmasını tələb edir. 10.Qətnamə tələbin təmin edilməsinə aid hissədə - 18.249 ABŞ dollarının tutulmasına aid hissədə cavabdeh tərəfindən mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Qətnamə qalan hissədə - tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 11.Ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı cavabdeh cavabdeh1 MMC-yə müqavilə üzrə 50.000 ABŞ dolları ödəyib. “xxxx” MMC-nin ##.##.2022-ci il tarixli ** nömrəli qiymətləndirmə hesabatına görə, bağ evinin tikintisinə çəkilmiş xərcin məbləği 53.976,9 manat təşkil edir. Birinci instansiya məhkəməsi 53.976,9 manatı 31.751 ABŞ dollarına bərabər tutmaqla (53.976,9 : 1,70 = 31.751), müqavilə üzrə ödənilmiş 50.000 ABŞ dollarından 31.751 ABŞ dollarını çıxıb, 18.249 ABŞ dollarının tutulmasını qət edib. Iddiaçının xeyrinə 18.249 ABŞ dollarından artıq pul tutulması üçün əsas yoxdur. 12.Iddiaçı tələbini əsaslandırmaq üçün müqavilənin 2.2.4 və 2.3.2-ci bəndlərinə istinad edib. Müqavilənin 2.2.4-cü bəndinə görə, xidmətin keyfiyyətsizliyi aşkar olunduqda icraçı sifarişçinin tələbinə əsasən yeni xidmət göstərməli və ya ödənilmiş pulu geri qaytarmalıdır. Müqavilənin 2.3.2-ci bəndinə görə, icraçı müqavilədə nəzərdə tutulan xidməti keyfiyyətli və vaxtında yerinə yetirmədikdə sifarişçi onları qəbul etməkdən və ödəməkdən imtina edə, ödəniş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. “xxxx” MMC-nin ##.##.2022ci il tarixli ** nömrəli qiymətləndirmə hesabatında qeyd olunub ki, bağ evinin həyətyanı tikililəri başa çatdırılmayıb. Belə ki, bünövrə hissəsi tökülmüş beş mişar daşı hündürlüyündə inşa edilib. Su hovuzunun betonlama işləri görülməyib. Evin dam örtüyü eskiz layihəyə uyğun inşa olunmayıb. Bağ evinin və hovuzun beton hissəsində əyriliklər var, bərpasına və yenidənqurma işlərinə ehtiyac var. 13.Müqavilədə pulun geri qaytarılmasını tələb etmək hüququ müəyyən edilərkən “xidmətin keyfiyyətsizliyi” və “xidmətin vaxtında yerinə yetirilməməsi” ifadələrindən istifadə olunub. Qiymətləndirmə hesabatına əlavə olunmuş fotoşəkillərdən görünür ki, bağ sahəsində böyük həcmdə işlər görülüb. Hesabata görə, bu işlərə çəkilən xərcin məbləği 53.976,9 manat təşkil edir. Hesabatda qeyd olunan məlumatlar cavabdehin həyata keçirdiyi bütün işlərin keyfiyyətsiz olduğunu təsdiq etmir. Bir sıra işlərin natamam qalması isə iddiaçını görülmüş işlərin xərcini ödəmək öhdəliyindən azad etmir, çünki görülmüş işlər iddiaçının mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlir. Ona görə də iddiaçının istinad etdiyi hal 50.000 ABŞ dolları məbləğində pulun bütünlüklə geri qaytarılmasına əsas vermir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 50.000 ABŞ dollarının qaytarılması barədə tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 220.000 manat ödənilməsi tələbi barədə 14.Iddiaçı həmin pulu əldən çıxmış fayda kimi tələb edir. 15.Iddiaçı iddia edir ki, tikinti-təmir işləri razılaşdırılmış vaxtda başa çatdırılsayıdı, evi kirayəyə və ya icarəyə verərək gəlir əldə edə bilərdi, lakin cavabdeh öhdəliyini pozduğuna görə bu imkandan məhrum olub. 16.Müqavilənin 8.1-ci bəndinə görə, müqavilə 1 il ərzində qüvvədə qalır. Müqavilə ##.##.2021-ci il tarixdə bağlandığına görə, həmin müddət ##.##.2022-ci il tarixdə bitib. Müqavilənin 2.2.1-ci bəndindən görünür ki, sifarişi işin nəticəsini müqavilədə nəzərdə tutulmuş müddətə təhvil vermək öhdəliyi daşıyır. Cavabdeh cavabdeh1 MMC tikinti-təmir işlərini həmin tarixədək başa çatdırmalı idi, lakin başa çatdırmayıb, nəticədə isə iddiaçı daşınmaz əmlakın kirayəsindən və ya icarəsindən əldə edilməsi mümkün olan gəlirdən məhrum olub və ona əldən çıxmış fayda formasında zərər dəyib. 17.Bu tələbin düzgün həlli üçün oxşar parametrlərə malik evin kirayə qiyməti barədə sübut təqdim edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iddiaçıya belə təklif etmədiyinə görə, həmin təklif apellyasiya icraatı zamanı edilmişdir. 18.Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, “xxxx” MMC-nin verdiyi ##.##.2026-cı il tarixli AS**-***/** nömrəli hesabata görə, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ****S saylı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təqdim edilmiş eskiş layihəsi və 3d vizuallaşdırmasına uyğun olaraq tam inşa edilmiş və istifadəyə hazır vəziyyətdə 2022-ci ilin aprel ayından 2022ci ilin sonuna kimi (8 ay ərzində) icarəsindən əldə edilə biləcək mümkün gəlirin məbləği 49.600 manat təşkil edir (6.200 manat aylıq icarə haqqı x 8 ay = 49.600 manat). Ona görə də cavabdeh cavabdeh1 MMC-dən iddiaçının xeyrinə əldən çıxmış faydanın əvəzi kimi həmin məbləğdə pul tutulmalıdır. Qalan dövrə münasibətdə tələb rədd olunmalıdır, çünki ağlabatan mühakiməyə görə, iddiaçı başqa şəxslə podrat müqaviləsi bağlamaqla yarımçıq qalmış tikintitəmir işlərini 8 aya başa çatdıra bilərdi. 19.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə əldən çıxmış faydanın əvəz kimi 220.000 manat tutulması barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilməli, həmin tələb qismən təmin edilməli, əldə çıxmış faydanın əvəzi kimi 49.600 manat cavabdeh cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalı, tələbin qalan hissəsi rədd olunmalıdır. 20.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qismən - əldən çıxmış faydanın əvəzi kimi 220.000 manat tutulması barədə tələbin rədd edilməsinə aid hissədə ləğv olunsun. Həmin tələb qismən təmin olunsun. Əldən çıxmış faydanın əvəzi kimi 49.600 (qırx doqquz min altı yüz) manat cavabdeh cavabdeh1 MMC-dən iddiaçı İddiaçı xeyrinə tutulsun. Bu tələbin qalan hissəsi rədd olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2373/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2373/2026
24.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver