Məhkəmə qərarları › İş №e-2(3-6)-2468/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2468/2026

03.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2468/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə və cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən cavabdeh cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) vəkil1, cavabdeh cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri nümayəndə2 və X2, iddiaçı İddiaçı özünün və onun vəkili (nümayəndəsi) vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh cavabdeh2 QSC arasında bağlanmış “xxxx” xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki işinə - QSCnin mühafizə xidmətinin növbə rəisi vəzifəsinə bərpa olunması, onun üzərindən “Töhmət” intizam tənbehi götürülməsi, məcburi iş buraxma dövrü üçün, yəni ##.##.2025-ci il tarixdən işə bərpa olunacaq günə qədər əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə dair mülki işə baxmış Rayon Məhkəməsi X3 Xidmətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb etmişdir.

3. Cavabdeh cavabdeh2 QSC-nin nümayəndələrinin verdikləri məlumatlara əsasən və iddiaçının verdiyi razılığa əsasən cavabdeh1 ASC hazırkı iş üzrə müştərək cavabdeh kimi işin baxılmasına cəlb edilmişdir. Çünki iddiaçının əvvəllər işlədiyi layihə cavabdeh2 QSC tərəfindən cavabdeh1 ASC-yə verilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh2 QSC arasında bağlanmış ##.##.2024-cü il tarixli xxxx əsasən iddiaçı həmin QSC-də mühafizə şöbəsinə növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Sözü gedən xxxx əsasən iddiaçıya hər ay 889,14 manat məbləğdə əmək haqqı ödənilməli idi. İddiaçı, ##.##.2025-ci il tarixdə yaşadığı ünvanda yıxılaraq ayaqları sınmışdır. O, aldığı ağır xəsarətə görə müəyyən müddət işə çıxa bilməmişdir. Həmin iş yerinin əlaqə telefonu olmadığı üçün birbaşa iş yerinə məlumat verə bilməmiş və iş yerinə iş yoldaşlarının vasitəsilə məlumat vermişdir. 2025-ci ilin iyul ayının sonunda isə iddiaçı bilmişdir ki, onu, işə çıxmaması əsası ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmiş və ona töhmət vermişlər. Buna görə də iddiaçı, məhkəməyə müraciət etmək qərarına gəlmiş və bununla əlaqədar olaraq dərhal mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı ilə bağlanmış “xxxx” qanunsuz olaraq xitam verilib. İşəgötürən olan QSC iddiaçının travma almasını, bununla əlaqədar olaraq bir müddət ərzində işə çıxa bilməməsini, himayəsində İ qrup əlil övladının olmasını nəzərə almamışdır. b) birinci instansiya icraatı zamanı tərəflərin verdikləri izahat barədə məlumat

5. İddiaçı və onun vəkili (nümayəndəsi) vəkil2 Rayon Məhkəməsinə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

6. Cavabdeh cavabdeh2 QSC-nin nümayəndəsi nümayəndə2 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı işə çıxmadığı vaxtdan etibarən QSC-nin əməkdaşları tərəfindən iddiaçı ilə telefon əlaqəsi yaradılmasına dəfələrlə cəhd edilib, lakin iddiaçı zənglərə cavab verilməyib. Bu səbəbdən və xəsarət alması barədə iddiaçının QSC-yə məlumat verməməsi səbəbdən QSC-də iddiaçının travma alması ilə bağlı məlumatı olmamışdır. Bundan başqa iddiaçı himayəsində İ qrup əlil övladı barədə də, işəgötürənə məlumat verməmişdir. Buna görə də, QSC, iddia tələbini qismən, yəni “əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi barədə” hissəsinin təmin edilməsinə etiraz etmir. Lakin “məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” tələbin təmin edilməsinə etiraz edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh cavabdeh2 QSC üzrə verilmiş ##.##.2025-ci il tarixli, KS-*** nömrəli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki işinə, yəni QSC-nin növbə rəisi vəzifəsinə bərpa edilməsini, ##.##.2025-ci il tarixdən iddiaçı işə bərpa olunacağı tarixədək olan müddət üçün əmək haqqının hesablanaraq QSC tərəfindən iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin, o cümlədən cavabdeh cavabdeh1 ASC-yə qarşı yönəlmiş hissəsinin təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işə gəlməməsi üzrsüz səbəbdən deyil, səhhətində yaranmış problemlə – ayağından aldığı xəsarətlə əlaqədar olmuşdur. İddiaçının işə gəlməməsi üzrlü səbəblə bağlı olduğundan, onun hərəkətləri Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud pozulması halı kimi qiymətləndirilə bilməz. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış “xxxx” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməmişdən əvvəl iddiaçıdan yazılı izahat alınmalı idi. Lakin bu kimi izahatın alınması işin hallarından müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya ünvanlanmış müraciətdə ona “Töhmət” intizam tənbehinin verilməsi ilə yanaşı xxxx xitam verildiyi göstərildiyindən, məhkəmə işəgötürən tərəfindən eyni əmələ görə iki intizam tənbehinin tətbiq edildiyi nəticəsinə gəlir ki, bu da yolverilməzdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının öhdəsində orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü – övladı vardır. Məhkəmə həmin halı Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş xxxx xitam verilməsini qadağan edən hal kimi qiymətləndirir və iddiaçı ilə bağlanmış xxxx Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin həmin imperativ normaya zidd olduğu qənaətinə gəlir. Məhkəmə eyni zamanda belə nəticəyə gəlir ki, işəgötürən iddiaçının hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını, yaxud işəgötürənin, mülkiyyətçinin və ya əmək kollektivinin qanunla qorunan hüquq və mənafelərinə hər hansı formada ziyan dəyməsini konkret sübutlarla təsdiq etməmişdir. Bu səbəbdən hesab edilməlidir ki, iddiaçı ilə bağlanmış “xxxx” xitam verilməsinin qanuni əsasları mövcud olmamışdır. d) apellyasiya şikayəti barədə məlumat

9. Cavabdeh cavabdeh2 QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** saylı tibbi arayış iddiaçının yalnız ##.##.2025-ci il tarixdə müayinədən keçdiyini və ona sol 5-ci və 6-cı proksimal falanqanın əsasında köndələn çatın olmasını təsdiq edir. Həmin sənəd iddiaçının sonrakı iş günlərində əmək qabiliyyətini müvəqqəti itirməsini və ya əmək funksiyasını yerinə yetirməsinin mümkünsüzlüyünü təsdiq etmir. Həmin arayış “əmək qabiliyyətinin müvəqqəti itirilməsini və müvəqqəti olaraq işdən azad edilməsini təsdiq edən arayış” (bülleten) kimi qiymətləndirilə bilməz. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddiaçının işə çıxmamasının səbəbi barədə işəgötürəni vaxtında məlumatlandırmasını təsdiq edə biləcək yazılı bildiriş, telefon danışığı, mesajlaşma və ya digər mötəbər sübut iş materiallarında mövcud deyildir. İddiaçı işə gəlmədiyi dövrdə, yəni ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə QSC-nin buna səlahiyyəti olan əməkadaşları müvafiq aktlar tərtib etmiş və həmin faktı aktlarda təsbit etmişlər. İddiaçı izahat vermək üçün Baş ofisə dəvət edilməsinə baxmayaraq yazılı xəbərdarlığa əhəmiyyət verməmiş və işə gəlməməsinin səbəbi barədə məlumat təqdim etməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı, cavabdeh QSC-də mühafizə xidmətinin növbə rəisi vəzifəsində çalışmışdır. Bu fəaliyyətin xüsusi intizam və fasiləsiz xidmət tələb edir. Növbə rəisinin işə çıxmaması təhlükəsizlik rejiminə, növbənin təşkilinə və xidmətin fasiləsizliyinə birbaşa təsir edən haldır. Bu baxımdan Rayon Məhkəməsinin işə gəlməmənin nəticəsində ayrıca real maddi ziyanın sübut edilməli olması barədə mövqeyi düzgün deyildir. Rayon Məhkəməsinin iddiaçıya eyni vaxtda iki intizam tənbehinin tətbiq edilməsi barədə nəticəsi də əsassızıdır. Çünki iş materiallarından göründüyü kimi iddiaçı barəsində ayrıca “töhmət” intizam tənbehinin tətbiq edilməmişdir. İşəgötürənin iddiaçıya ünvanladığı məktubda “töhmət” ifadəsinin işlədilməsi özü-özlüyündə iddiaçıya ayrıca intizam tənbehinin tətbiq edilməsi barədə hüquqi aktın mövcudluğunu təsdiq etmir. e) apellyasiya şikayətinə qarşı etiraz və apellyasiya icraatı zamanı təqdim edilmiş əlavə izahatlar barədə məlumat

11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə və apellyator tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş əlavə mülahizələrə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı QSC-də işlədiyi müddətdə əmək intizamının pozulmasına yol verməmiş, işə çıxmaması isə ayağından aldığı xəsarətlə əlaqədar olmuşdur. İddiaçı tərəfin mövqeyinə görə, işə gəlməməsinin səbəbi barədə işəgötürən məlumatlandırılmış, lakin işəgötürən onun səhhəti ilə maraqlanmadan və ondan yazılı izahat almadan xxxx xitam vermişdir. İddiaçı tərəf həmçinin bildirmişdir ki, işəgötürənin öz sənədlərində iddiaçıya həm “Töhmət” intizam tənbehinin verilməsi, həm də xxxx Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi göstərilmişdir. Buna görə iddiaçı tərəf eyni əmələ görə iki intizam tənbehinin tətbiq edildiyini və bunun Əmək Məcəlləsinin 186cı maddəsinin tələblərinə uyğun olmadığını hesab etmişdir. İddiaçı tərəf Əmək Məcəlləsinin 79cu maddəsinə dair əvvəlki mövqeyini də müdafiə edərək, iddiaçının öhdəsində əlilliyi olan ailə üzvünün olmasının onunla xxxx Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan əsasla xitam verilməsini istisna etdiyini bildirmiş və bu baxımdan Rayon Məhkəməsinin gəldiyi nəticənin qanuni olduğunu göstərmişdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. Apellyator olan cavabdeh QSC-nin vəkili (nümayəndəsi) vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

13. Cavabdeh ASC-nin nümayəndələri nümayəndə2 və Anar Əliyev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini bəyəndiklərini bildirdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Onlar bu kimi mövqeyi onunla əsaslandırmışlar ki, iddiaçının əvvəllər mühafizə xidmətinin növbə rəisi işlədiyi layihə QSC tərəfindən ASC-yə verilmişdir.

14. İddiaçının özü və onun vəkili (nümayəndəsi) vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər.

15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X3 Xidməti apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, işçi özünün əmək funksiyasını və ya xxxx üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda xxxx işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70., bənd “ç”.). Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla xxxxnin ləğv edilməsinə o halda yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 71., hissə 2.). İşəgötürən xxxxni 70-ci maddənin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv etməyin zəruriliyini əsaslandırmalıdır (maddə 71., hissə 3.). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72., bənd “a”.).

19. İşdə olan sənədlərdən işin halı kimi müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı ilə cavabdeh QSC arasında ##.##.2024-cü il tarixdə “xxxx” bağlanmış, iddiaçı həmin müqavilə əsasında QSC-də mühafizə şöbəsinə növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində işə gəlməməsi barədə işəgötürən tərəfindən aktlar tərtib edilmiş və ##.##.2025-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış “xxxx” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.

20. İş üzrə tərəflər arasında mübahisənin əsasını iddiaçının qeyd edilən tarixlərdə iş yerində olmaması faktı deyil, onun işə gəlməmənin Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin mənasında üzrlü səbəbdən baş verib-verməməsi, habelə müəyyən edilmiş əmək intizamı pozuntusunun onunla bağlanmış xxxx 70-ci maddənin “ç” bəndi əsasında xitam verilməsi üçün kifayət edib-etməməsi təşkil edir.

21. Rayon Məhkəməsi iddiaçının işə gəlməməsini onun səhhətində yaranmış problemlə – ayağından aldığı xəsarətlə əlaqələndirərək üzrlü hesab etmişdir. Məhkəmə bu nəticəyə gələrkən iş materiallarında olan tibbi sənədə istinad etmişdir. Məhkəmə hesab edir ki, həmin sübuta Rayon Məhkəməsi tərəfindən onun məzmununun imkan verdiyindən daha geniş sübutedici əhəmiyyət verilmişdir.

22. Belə ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** saylı tibbi arayış iddiaçının yalnız ##.##.2025-ci il tarixdə müayinədən keçdiyini və ona sol 5-ci və 6-cı proksimal falanqanın əsasında köndələn çatın olmasını təsdiq edir.

23. Məhkəmə qeyd edir ki, həmin arayışda iddiaçının həmin tarixdə və sonrakı iş günlərində əmək qabiliyyətini müvəqqəti itirməsini və ya əmək funksiyasını yerinə yetirməsinin mümkünsüzlüyünü təsdiq etmir.

24. İşin mübahisəsiz halıdır ki, iddiaçı, əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq də biləcək tibbi müəssisəsi tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülmüş xəstəlik vərəqinə malik deyil.

25. Halbuki, işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq də biləcək sənəd xəstəlik vərəqəsidir. “xxxx” MMC tərəfindən iddiaçıya verilmiş və yuxarıda qeyd edilən ##.##.2025-ci il tarixli və apellyasiya icraatı zamanı verilmiş eyni məzmunlu ##.##.2026-cı il tarixli arayışları işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edə biləcək xəstəlik vərəqələri hesab edilə bilməz.

26. MPM-in 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Bu baxımdan, qəbul edilməlidir ki, ##.##.2025-ci il tarixi daxil olmaqla, sonrakı iş günlərində iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edə biləcək sübutlar mövcud deyil. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Məhkəmə iddiaçının işə çıxmamasının səbəbi barədə işəgötürəni məlumatlandırması ilə bağlı dəlilinə də eyni qaydada qiymət verir. İddiaçı bu barədə iş yoldaşları vasitəsilə məlumat verdiyini və işəgötürənlə telefon əlaqəsi yaratmağa çalışdığını bildirsə də, iş materiallarında onun işəgötürəni mübahisəli iş günlərində səhhəti və işə çıxmasının mümkünsüzlüyü barədə məlumatlandırdığını təsdiq edən yazılı bildiriş, elektron yazışma, telefon danışığına dair məlumat və ya digər mötəbər sübut müəyyən edilmir. Cavabdeh QSC isə əksinə, iddiaçı ilə əlaqə saxlamağa cəhd göstərildiyini, lakin onun cavab vermədiyini bildirmişdir.

29. Bununla yanaşı, iş materiallarından iddiaçının işə çıxmaması ilə bağlı QSC-nin bir sıra əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixli aktların tərtib edildiyi, iddiaçının izahat vermək üçün Baş ofisə dəvət olunduğu, lakin gəlmədiyi müəyyən edilir. Buna görə Rayon Məhkəməsinin intizam tənbehi tətbiq edilməzdən əvvəl iddiaçıdan ümumiyyətlə izahat tələb edilmədiyi barədə nəticəsi də iş materiallarının məzmunu ilə tam uzlaşmır.

30. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulan təminat işəgötürənin intizam tənbehi verməzdən əvvəl işçidən yazılı izahat tələb etməsini nəzərdə tutur. Lakin işçinin belə izahat vermək üçün yaradılmış imkandan istifadə etməməsi, o cümlədən bu məqsədlə edilmiş çağırışa gəlməməsi, özlüyündə işəgötürənin intizam məsuliyyəti məsələsini həll etmək imkanını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Hazırkı işdə əhəmiyyətli olan işəgötürənin izahat tələb etmək üçün müvafiq hərəkət edib-etməməsidir və iş materialları belə hərəkətin edildiyini təsdiq edir.

31. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı, cavabdeh QSC-nin mühafizə şöbəsində növbə rəisi vəzifəsində çalışmışdır. Bu vəzifənin xarakteri əmək funksiyasının müəyyən edilmiş növbə üzrə və fasiləsiz mühafizə xidmətinin təşkili çərçivəsində yerinə yetirilməsini tələb edir. İddiaçının ardıcıl olaraq onun üçün müəyyən edilmiş iş günlərində işə çıxmaması və işəgötürənə işə gəlməməsinin səbəbi barədə mötəbər məlumat təqdim etməməsi növbənin təşkili və mühafizə xidmətinin normal ahənginə təsir edən hal kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində də iddiaçının növbə rəisi kimi işə çıxmamasının təhlükəsizlik rejiminə, növbənin təşkilinə və xidmətin fasiləsizliyinə təsiri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayan hal kimi göstərilmişdir.

32. Bu baxımdan Rayon Məhkəməsinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tətbiqi üçün mütləq qaydada konkret maddi ziyanın baş verməsinin sübut edilməli olması istiqamətində yanaşması da düzgün hesab edilə bilməz. Həmin normada hüquqi nəticənin yaranması yalnız maddi ziyanın vurulması ilə şərtləndirilməmiş, işçinin öz öhdəliklərini qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması alternativ əsas kimi nəzərdə tutulmuşdur.

33. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi isə üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə halını birbaşa əmək vəzifələrinin kobud pozulması hallarından biri kimi müəyyən edir. Buna görə belə pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əlaqəli tətbiqi zamanı işin konkret hallarından asılı olaraq 71-ci maddənin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələr qiymətləndirilməli olsa da, həmin nəticənin yalnız faktiki maddi zərərin müəyyən edilməsi formasında mövcud ola biləcəyi barədə yanaşma qanunun məzmunundan irəli gəlmir.

34. Hazırkı halda iddiaçının tutduğu növbə rəisi vəzifəsinin xarakteri, onun işə gəlməməsinin bir deyil, bir neçə iş günü üzrə qeydə alınması, həmin hallar barədə işəgötürən tərəfindən aktların tərtib edilməsi, işə gəlməmənin bütün mübahisəli günlər üzrə üzrlü səbəbdən baş verdiyinin sübuta yetirilməməsi və iddiaçının işəgötürəni bu barədə lazımi qaydada məlumatlandırdığının müəyyən olunmaması birlikdə qiymətləndirildikdə, Kollegiya hesab edir ki, işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməsi üçün həmin Məcəllənin 71.2 və 72-ci maddəsinin “a” bəndlərində nəzərdə tutulan maddi-hüquqi əsaslar mövcud olmuşdur.

35. Rayon Məhkəməsinin iddianı əsaslı hesab edərkən istinad etdiyi digər hal iddiaçının öhdəsində orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması və buna görə Əmək Məcəlləsinin 79-cu maddəsi əsasında onunla xxxx xitam verilməsinin qadağan edilməsi olmuşdur.

36. Göstərilənləri nəzərə alan Məhkəmə iddiaçının bildirdiyi dəlili ilə bağlı bildirir ki, həqiqətən də Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinin mənasına görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin işəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla xxxxnin ləğv edilməsi qadağandır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydaları”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair» ##.##.2024-cü il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyə görə, işəgötürən tərəfindən xxxx Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən Əmək Məcəlləsinin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

39. İş materiallarından göründüyü kimi, iddiaçının işdən çıxarılmasına səbəb olmuş hal ilə qoruma altına alınmış hal (iddiaçının öhdəsində əlilliyi olan uşağın olması) arasında səbəbli əlaqə mövcud deyil.

40. Belə olan, qəbul edilməlidir ki, iddiaçının göstərdiyi bu dəlil əsassızdır.

41. Rayon Məhkəməsinin xxxx xitam verilməsi zamanı iddiaçıya eyni əmələ görə iki intizam tənbehinin tətbiq olunması barədə nəticəsi də iş materiallarının məcmusu ilə təsdiq edilmir.

42. Doğrudur, cavabdehin iddiaçıya ünvanladığı müraciətdə onunla xxxx Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi ilə yanaşı, ona “Töhmət” intizam tənbehinin verilməsi də qeyd edilmişdir. Lakin iş materiallarında iddiaçı barəsində “Töhmət” intizam tənbehinin tətbiq edilməsinə dair ayrıca əmr və ya digər sərəncamverici akt mövcud deyildir. Rayon Məhkəməsi özü də həmin halı müəyyən etmişdir.

43. Buna görə işəgötürənin sonradan iddiaçıya ünvanladığı məlumat xarakterli məktubda “Töhmət” ifadəsinin işlədilməsi, həmin intizam tənbehinin qanunla müəyyən edilmiş qaydada faktiki tətbiq edildiyini təsdiq edən sərəncamverici akt mövcud olmadığı halda, iddiaçıya iki müstəqil intizam tənbehinin tətbiq edildiyi nəticəsinə gəlmək üçün kifayət edən sübut hesab edilə bilməz. Başqa sözlə, iki intizam tənbehinin eyni əmələ görə tətbiq edilməsi barədə hüquqi nəticə üçün ilk növbədə iki ayrıca intizam tənbehinin hüquqi baxımdan tətbiq edildiyi müəyyən olunmalıdır.

44. Elə bu səbəbdən iddiaçının “Töhmət” intizam tənbehinin götürülməsi barədə tələbinin də faktiki əsası müəyyən edilmir. İş materiallarında götürülməsi tələb olunan ayrıca intizam tənbehi barədə əmr mövcud olmadığından, həmin tələb təmin edilə bilməz. Birinci instansiya məhkəməsi də “Töhmət” barədə əmrin məhkəməyə təqdim edilmədiyini müəyyən etmişdir.

45. Buna görə də, Məhkəmə qeyd edilən məsələ ilə bağlı Rayon Məhkəməsinin sərgilədiyi hüquqi mövqeyi səhv hesab edir.

46. Məhkəmə, iddiaçının işə çıxmaması ilə əlaqədar tərtib edilmiş aktlardan birində işə çıxmanın tarixinin “## ### 2025-ci il” kimi deyil, “## ### 2024-cü il” kimi qeyd edilməsinə münasibət bildirərək hesab edir ki, həmin hal texniki yanlışlıq kimi qiymətləndirilmədlidir, çünki ##.##.2025-ci il tarixdə iddiaçının işə çıxmaması iddiaçının özü tərəfindən təsdiq edilir və belə olan halda həmin texniki yanlışlığın mövcud olması iddiaçı ilə bağlanmış “xxxx” xitam verilməsi haqqında əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün yetərli əsas kimi qəbul edilə bilməz.

47. Məhkəmə cavabdeh QSC-nin Rayon Məhkəməsində ##.##.2026-cı il tarixdə verdiyi izahatda QSC-nin adından çıxış edərək, QSC-nin iddiaçının işə bərpa edilməsinə etiraz etmədiyini bildirməsi (bax iş v. 97) ilə bağlı qeyd edir ki, MPM-in tələblərinə görə həqiqətən də, cavabdeh tərəf iddia tələbini tam və ya qismən etiraf etməyə səlahiyyətlidir (maddələr 5.4., 14.3., 52.2.). Lakin nəzərə alınmalıdır ki, MPM-in 74.2-cü maddəsinin tələbinin mənasına görə, iddia tələbinin tam və ya qismən etiraf edilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

48. İşdə olan və cavabdeh QSC tərəfindən nümayəndələrə verilmiş ##.##.2025-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə 3 ay müddətinə verilmiş və ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında etibarnamənin artıq hüquqi qüvvəsi olmamışdır (bax: iş v. 42). Müqavilə qüvvədə olduğu müddətdə isə QSC-nin nümayəndələri məhkəmə iclaslarında çıxış edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər (bax: iş v. 44, 67). Belə olan halda hesab edilməlidir ki, həmin etiraf qanuni olmamış və cavabdeh QSC-nin hüquqi mövqeyini əks etdirməmişdir. h) apellyasiya baxışının nəticəsi

49. Göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülmüş “iddiaçı ilə cavabdeh QSC arasında bağlanmış “xxxx” xitam verilməsi haqqında QSC üzrə verilmiş ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə” iddiası əsassızıdır. İddia tələbinin təmin edilməsi üçün nə maddi, nə də ki, prosessual hüquqi əsas yoxdur. Buna baxmayaraq işə baxmış Rayon Məhkəməsi iddianı cavabdeh QSC-yə münasibətdə təmin etmişdir. Rayon Məhkəməsi iddia tələbini digər cavabdehə, yəni ASC-yə münasibətdə rədd etsə də, onun bu kimi nəticəsi də, başqa hüquqi əsasa söykənmişdir. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə səhvdir, işin hallarına uyğun deyil, Rayon Məhkəməsi qüvvədə olan maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və mülahizə xarakteri daşımır.

50. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı irəli sürdüyü “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbləri barədə” iddiası təmin edilməsin. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə digər iştirakçılar hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar