Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2507/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2, cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2 və iddiaçı1 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “xxxx” MTK tərəfindən verilmiş ##.##.2012-ci il tarixli arayışda göstərilib ki, iddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 1024-cü məhəllə küçəsində yerləşən “xxxx” MTK-ya məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 4 otaqlı ** saylı yaşayış sahəsinin dəyərini tam ödəyib və borc qalığı yoxdur.
2. “xxxx” MTK-nın ##.##.2005-ci il tarixli ** nömrəli iclasının protokolundan çıxarışda göstərilib ki, iddiaçı1 MTK-nın üzvlüyünə qəbul edilmişdir.
3. “xxxx” MTK tərəfindən verilmiş ##.##.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllə küçəsində yerləşən “xxxx” MTK-ya məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 55 m2 qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyib və borc qalığı yoxdur.
4. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ##.##.2019-cu il tarixli iclas protokolunda göstərilib ki, kommunal xidmət haqqı hər mənzilin 1 kv. metri üçün 28 qəpik və hər qeyri-yaşayış sahəsinin 1 kv. metri üçün 30 qəpik müəyyən edilmişdir.
5. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ##.##.2021-ci il tarixli iclas protokolunda göstərilib ki, kommunal xidmət haqqı hər mənzilin 1 kv. metri üçün 31 qəpik və hər qeyri-yaşayış sahəsinin 1 kv. metri üçün 50 qəpik müəyyən edilmişdir.
6. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ##.##.2023-cü il tarixli iclas protokolunda göstərilib ki, kommunal xidmət haqqı hər mənzilin 1 kv. metri üçün 45 qəpik və hər qeyri-yaşayış sahəsinin 1 kv. metri üçün 30 qəpik müəyyən edilmişdir.
7. Laçın Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh iddiaçı2 1749 manat kommunal xidmət haqqı, 41,80 manat dövlət rüsumu və 320 manat pozulmuş hüquqların bərpası üçün ödənilmiş vəkil xərci, cəmi 2110,80 (iki min bir yüz on manat səksən qəpik) məbləğində pul tutularaq iddiaçı “Nəsimi25” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1955/2025 sasylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “Nəsimi25” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ##.##.2019-cu il tarixli, ##.##.2021-ci il və ##.##.2023-cü il tarixli iclas protokoları ilə qəbul edilmiş qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
10. İddiada göstərilib ki, iddiaçı iddiaçı2 ilə “xxxx” MTK arasında ## ###### 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən MTK-dan ünvan 2 ünvanında yerləşən 55 kv.m ölçüsü olan qeyri-yaşayış sahəsi almışdır. Digər iddiaçı Əliyeva Mahirə Xanoğlan qızı ilə “xxxx” MTK arasında # ###### 2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən MTK-dan ünvan 1 ünvanında yerləşən yaşayış binası ** saylı olan mənzil almışdır. Sözügedən MTK-nın payçıları tərəfindən yaradılan Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ##.##.2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. MMMC iddiaçılar iddiaçı2 və iddiaçı1 qarşı kommunal xidmət haqqının ödənilməməsinə görə yaranmış borca görə iddia tələbi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. MMMC sözügedən iddialar üzrə öz tələbini MMMC-nin iştirakçılarının ümumi yığıncağının ##.##.2019-cu il tarixli, ##.##.2021-ci il və ##.##.2023-cü il tarixli iclas protokolları ilə qəbul edilmiş qərarları əsaslandırıb. Belə ki, MMMC-nin iddiasına əsasən borcun hesablanması üçün əsas olmuş məbləğ sözügedən ümumi yığıncaqlarda müəyyən edilmişdir. İddiaçılar MMMC-nin sözügedən hər üç ümumi yığıncağının keçirilməsi barədə məlumatlandırılmamış və faktiki olaraq həmin iclaslarda iştirak etməmişdir. İddiaçılar bu qərarlar barədə yalnız MMMC-nin Laçın Rayon Məhkəməsinə onlara qarşı iddia tələbi ilə müraciət etməsindən sonra və onlara məhkəmə işləri barədə bildiriş göndərilməsindən sonra məlumat əldə etmişdir. Hazırda isə həmin qərarlar iddiaçıların birbaşa hüquqi maraqlarına toxunmaqdadır. Bu əsasla da həmin qərarları mübahisələndirməklə bağlı iddiaçıların subyektiv hüquqları yaranmışdır. MMMC-nin ümumi yığıncağının ##.##.2019-cu il tarixli və ##.##.2021-ci il tarixli iclas protokolları ilə qəbul edilən qərarlar tamamilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin imperativ tələblərinə əməl olunmamaqla qəbul edilmişdir. Bu əsasla da sözügedən qərarlar etibarsız hesab edilməlidir. İddiaçıların heç birinə, eyni zamanda digər iştirakçılara MMMC-nin ümumi yığıncağının keçirilməsi ilə bağlı yazılı bildiriş göndərilməmişdir. Bu isə birbaşa olaraq MMMC tərəfindən Mənzil Məcəlləsinin 44.4, 44.5 və 126.3-cü maddələrinin pozulmaqla qərar qəbul edildiyinə dəlalət edir. Sözügedən protokoların “İştirak etdilər” hissəsində hər 2 iddiaçının adı yazılsa da, onlar iclasların heç birinə faktiki olaraq çağırılmamışdır. Qeyd edilənlərə əsasən də iclas prokotolarının heç biri iddiaçılar tərəfindən imzalanmamışdır. Bununla yanaşı ümumi yığıncağın protokolarını imzalamış digər iştirakçılar da iddiaçılar kimi Ümumi yığıncağın iclası barədə məlumatlandırılmamışdır. Qeyd edilənlərdən də aydın olduğu kimi MMMC tərəfindən sözügedən qərarların qəbul edilməsi, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən imperativ tələblərinin nəzərə alınmaması ilə həyata keçirilmişdir. Belə ki, MMMC tərəfindən iclasın təşkili və səs vermənin keçirilmə qaydaları kobud şəkildə pozulmuşdur. Belə ki, ##.##.2021-ci il tarixli iclas protokoluna əsasən iclasın keçirilmə yeri “xxxx” olaraq qeyd edilmişdir. Mənzil Məcələsində MMMC-nin ümumi yığıncağının bu formada təşkili üsulu müəyyən edilməmişdir. MMMC-nin iştirakçılarının ümumi yığıncağının əyani və qiyabi formada təşkili ilə bağlı müddətlər mövcuddur. Qiyabi formada səsvermə yalnız iştirakçıların rəsmi qaydada gündəlikdə məsələyə münasibətlərini əks etdirən rəsmi müraciətlərinin nəzərə alınması ilə həyata keçirilməkdədir. Bu barədə isə nə iştirakçılar məlumatlandırılmış, nə də onların səsləri barədə yazılı müraciəti MMMC-yə ünvanlanmışdır. İddiaçılar bu qərarlar barədə yalnız MMMC-nin Laçın Rayon Məhkəməsinə onlara qarşı iddia tələbi ilə müraciət etməsindən sonra və onlara məhkəmə işləri barədə bildiriş göndərilməsindən sonra məlumat əldə etmişdir. MMMC Laçın Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixli iddia ərizələri ilə müraciət etmişdir. Hazırda isə həmin qərarlar iddiaçıların birbaşa hüquqi maraqlarına toxunmaqdadır. Bu əsasla da iddiaçıların həmin qərarları mübahisələndirməklə bağlı iddiaçıların subyektiv hüquqları yaranmışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçılar çoxmənzilli yaşayış binasında uzun müddətdir ki, payçı olmaqla yaşayırlar. Hazırda iddiaçılardan biri yaşayış və digəri isə qeyri-yaşayış sahəsinə görə ödənilən kommunal haqların müəyyən edilməsi üçün keçirilmiş ümumi yığıncağın qanunvericiliyin şərtlərinin pozulması ilə təşkil edildiyinə, yəni payçı olaraq onların düzgün məlumatlandırılmamasına istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişlər. İddiaçılar keçirilmiş ümumi yığıncaqdan və kommunal xərclərin qiymətinin müəyyən edilməsindən yalnız MTK-nın onlara qarşı Laçın Rayon Məhkəməsinə müraciət etməsindən sonra məlumatlı olduqlarını qeyd etmişlər. İş materiallarında olan ümumi yığıncağın protokollarından görünür ki, yığıncaqda yaşayış binasının əksər sakinləri iştirak etmiş, iddiaçılar isə iştirak etməyərək protokolu imzalamamışlar. Məhkəmə hazırkı işin hallarını təqdim edilmiş sübutlarla qarşılıqlı şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçılar iddialarında haqlı deyillər. Belə ki, əvvəla fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qeyd olunan vəzifə qanunun tələblərindən irəli gəlir. İddiaçıların dəlilləri ümumi yığıncağın keçirilməsi, vaxtı və yeri, yığıncağın gündəliyi barədə onların məlumatlandırılmamasından ibarət olmuşdur ki, bunu da sübutetmə yükü iddiaçıların üzərinə düşür. Təqdim edilmiş sübutlardan müəyyən edilir ki, bu və ya digər qaydada məlumatlandırılmış digər sakinlərin ümumi yığıncaqda iştirakı təmin edilməklə, qəbul edilmiş qərar onların razılığı əsasında qəbul edilmişdir. Binada yaşayan kifayət qədər şəxsin məlumatlandırılmaqla, imza etməklə razılıq ifadə etmələri nəzərə alınmaqla, yalnız iki şəxsin məlumatlandırılmadan kənarda qalması ağlabatan hesab edilə bilməz. Qeyd edilməlidir ki, hazırda iki iddiaçının eyni ailə üzvü (ana və oğul) olmaları nəzərə alınmaqla onların hazırki iddianı irəli sürmələrinin əsasında məhz MMMC-nin onlara qarşı yığılmış və ödənilməmiş kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı iddia tələbi irəli sürməsindən sonra baş vermişdir ki, məhkəmə iddiaçıların bu tələbi irəli sürmələrini onların illərdi yaşadıqları binada əmlak üçün ödənilməli kommunal haqlardan, habelə onların məbləğindən məlumatsız olduqlarını inandırıcı hesab etmir. Üstəlik də binanın ümumilikdə mülkiyyətçilərinin sayını da nəzərə almaqla qeyd etmək lazımdır ki, hətta iki mülkiyyətçinin kommunal xidmət haqlarının məbləği bağlı etirazı ümumilikdə qəbu ediləcək qərara təsir baxımından da yetərli deyildir. Odur ki, iddiaçıların hazırki tələbi onlar tərəfindən irəli sürülmüş dəlillərə əsaslanmaqla və cavabdeh tərəfindən təqdim edilmiş əksər sakinlərin razılığı nəzərə alınmaqla ümumi yığıncağın qərarlarının ləğvi üçün əsas ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, ümumi yığıncağın müəyyən etdiyi kommunal xidmət haqqı həmin dövr üçün Bakı şəhərində çoxmənzilli yaşayış sahələrində kommunal xidmət haqqı üçün ümumi qəbul edilmiş məbləğlərə uyğun olaraq müəyyən edilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
13. İddiaçılar iddiaçı2 və iddiaçı1 (nümayəndəsi və vəkili vəkil2) tərəfindən birgə verilmiş apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayəti bununla əsaslandırmışlar ki, iddiaçılara ümumi yığıncaqlar barədə heç bir yazılı bildiriş təqdim edilməmişdir, onların iclaslarda iştirakı təmin edilməmişdir, protokollarda adları qeyd olunsa da, həmin protokollar iddiaçılar tərəfindən imzalanmamışdır. Bu hallar Mənzil Məcəlləsinin 44.4, 44.5 və 126.3-cü maddələrinin kobud şəkildə pozulduğunu təsdiq edir və bu pozuntular imperativ xarakter daşıdığından qəbul edilmiş qərarlar hüquqi qüvvəyə malik hesab edilə bilməz. Xüsusilə vurğulanmışdır ki, məhkəmənin özü tərəfindən ## ###### 2026-cı il tarixində MMMC-yə sorğu göndərilmiş və həmin sorğuda ümumi yığıncaqlar üzrə mülkiyyətçilərin məlumatlandırılmasını təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin MMMC məhkəmənin sorğusuna ümumiyyətlə cavab verməmişdir, heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı keçirilmiş 4 məhkəmə iclasının heç birində MMMC-nin nümayəndəsi iştirak etməmişdir. Bu hallar göstərir ki, cavabdeh sübutetmə vəzifəsini yerinə yetirməmiş, buna baxmayaraq məhkəmə əsassız olaraq onun mövqeyini üstün tutmuşdur. Bundan əlavə, məhkəmə iddiaçıların əsas arqumenti olan məlumatlandırılma prosedurunun pozulması məsələsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir, bu isə qətnamənin əsaslandırılmışlıq tələbinə cavab vermədiyini göstərir. Qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi mülahizələr hüquqi baxımdan əsassızdır. Qanunvericilik hər bir mülkiyyətçinin fərdi qaydada məlumatlandırılmasını imperativ tələb kimi müəyyən edir və bu tələb “əksəriyyət məlumatlandırılıbsa kifayətdir” yanaşması ilə əvəz edilə bilməz. “Ağlabatanlıq” meyarı hüquqi prosedurun pozulmasını legitimləşdirə bilməz. Qanunla müəyyən edilmiş qaydaların pozulması faktının mövcudluğu özü-özlüyündə hüquqi nəticə doğurur. İddiaçıların iddia qaldırma motivi hüquqi qiymətləndirmə predmeti deyildir. Əsas məsələ mübahisələndirilən qərarların qanuna uyğun qəbul edilib-edilməməsidir. Məhkəmənin iki mülkiyyətçinin iştirak etməməsinin nəticəyə təsir etməməsi ilə bağlı mövqeyi yanlışdır. Çünki hazırkı mübahisə səsvermənin nəticəsi ilə deyil, ümumi yığıncağın qanuni qaydada təşkil edilib edilməməsi ilə bağlıdır. Bundan əlavə, ##.##.2021-ci il tarixli iclasın “xxxx” vasitəsilə keçirilməsi də qanunvericiliyə ziddir, çünki belə forma Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmənin digər arqumenti – kommunal xidmət haqlarının guya Bakı şəhəri üzrə ümumi qəbul edilmiş məbləğlərə uyğun olması da hüquqi baxımdan əhəmiyyət kəsb etmir. Belə ki, mübahisə tariflərin məbləği ilə bağlı deyil, əsas məsələ həmin tariflərin qanuni prosedura riayət edilməklə qəbul olunub-olunmamasıdır. Nəticə olaraq, məlumatlandırmanı təsdiq edən heç bir sübut təqdim edilməmişdir, məhkəmənin sorğusu cavabsız qalmışdır, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəmə isə bu hallara hüquqi qiymət verməmişdir. Bu isə onu göstərir ki, məhkəmə iş üzrə əhəmiyyətli halları tam araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
14. Cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş edib etirazını bununla əsaslandırmışdır ki, kommunal xidmət haqlarının ödənilməsi qanundan irəli gələn mütləq vəzifədir- iddiaçılar uzun illərdir binada müvafiq sahələrə sahib olmalarına baxmayaraq, xidmət haqlarını ödəməkdən yayınmışlar. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-cı il tarixli Qərarında da rəsmi şəkildə təsbit olunmuşdur ki, sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması xərclərini və kommunal xidmətləri ödəmək vəzifəsindən azad etmir. İddiaçıların "biz yığıncaqdan məlumatsız olmuşuq" bəhanəsi onları qanunla müəyyən edilmiş bu mütləq vəzifədən azad edə bilməz. Şikayət verən şəxslərin "Məlumatsızlıq" arqumenti ağlabatan və inandırıcı deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən ümumi yığıncaqlarda binanın əksər sakinləri iştirak etmiş və tariflər ümumi razılıq əsasında qəbul edilmişdir. Eyni ailə üzvləri (ana və oğul) olan iddiaçıların illərdir yaşadıqları və fəaliyyət göstərdikləri binada digər bütün sakinlərin məlumatlı olduğu halda, yalnız onların "kənarda qalması" həyatın adi axarına və ağlabatanlıq prinsipinə ziddir. İddiaçılar bu iddiaları yalnız MMMC-nin Laçın Rayon Məhkəməsində onlara qarşı qaldırdığı və qazandığı borc iddiasından (İş № e-2(047)-802/2025) və Şirvan Apellyasiya Məhkəməsinin bu borcu qüvvədə saxlamasından sonra, məsuliyyətdən qaçmaq məqsədilə və sui-istifadə xarakterli irəli sürmüşlər. İki mülkiyyətçinin etirazı ümumi yığıncağın qərarlarının hüquqi qüvvəsinə təsir etmir -binanın mülkiyyətçilərinin ümumi sayını və kvorumu nəzərə aldıqda, hətta iddiaçıların iddia etdiyi kimi onların iclasda iştirak edərək əleyhinə səs verməsi ehtimalı qəbul edilsə belə, bu hal səs çoxluğu ilə qəbul olunmuş qərarların nəticəsinə heç bir formada təsir göstərmək gücündə deyildir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, çoxluğun iradəsi ilə qəbul edilmiş və uzun illərdir icra olunan qərarların fərdi narazılıq ssenariləri ilə ləğv edilməsi mülki dövriyyənin sabitliyi prinsipinə ziddir. Müəyyən edilmiş tariflər tamamilə ağlabatan və bazar qiymətlərinə uyğundur -apellyasiya şikayətində ekspertiza təyin edilməməsi barədə gətirilən prosessual dəlil əsassızdır. Müəyyən edilmiş xidmət haqları (mənzillər üçün 28-45 qəpik, qeyri-yaşayış üçün 30-50 qəpik) Bakı şəhəri üzrə çoxmənzilli binaların saxlanılması üçün mövcud olan ümumi ağlabatan tariflərə tamamilə uyğundur. Bu məsələ mülki prosessual mənada xüsusi iqtisadi bilik tələb edən qeyri-adi bir mübahisə deyil, aşkar və hamı tərəfindən qəbul edilən reallıqdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
15. Məhkəmə iclasında iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçı iddiaçı2 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya bina da ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Maddə 44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Maddə 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 126.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında yazılı bildiriş bu Məcəllənin 44.4-cü və 44.5-ci maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunur və göndərilir. Maddə 126.4. Bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdə iki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. Maddə 126.8. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı ilə bağlı hər hansı bir qərarı ilə cəmiyyətin iştirakçısı olmayan və özünün mülkiyyət hüquqlarının pozulmasını güman edən həmin binanın sahə mülkiyyətçisi razı olmadıqda belə qərar tətbiq edilmir. Bu halda həmin məsələlərlə bağlı qərar bu Məcəllənin 43-47-ci maddələrinə müvafiq olaraq keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən qəbul olunmalıdır. Maddə 126.9. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
27. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
29. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
30. Əvvəla, cavabdeh tərəfindən çoxmənzilli yaşayış binasının idarəçiliyini həyata keçirməsi, sahə mülkiyyətçilərinə, o cümlədən iddiaçı tərəfə kommunal xidmətlər göstərməsi işin mübahisəsiz halına çevrlib. Buna görə də kommunal xidmət haqlarının tutulması üçün əsasların olması Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan və digər normalarında dəqiq və konkret göstərilmişdir.
31. Bundan əlavə, iddiaçılara ümumi yığıncaqlar barədə heç bir yazılı bildiriş təqdim edilməməsi, iclaslarda iştirakının təmin edilməməsi, protokollarda adları qeyd olunsa da, onlar tərəfindən imzalanmamasının həqiqiliyi belə qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün yetərli deyil. Əvvəla ona görə ki, həmin qaydaların pozulması, yəni mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında iddiaçıların məlumatlandırılmaması iddianı və apellyasiya şikayətini əsaslı etmir. Çünki iddia olunan qaydaların pozulması zamanı mübahisələndirilən qərarların mütləq ləğv edilməli olması ilə bağlı nə Mənzil Məcəlləsində düzünə göstrəiş nəzərdə tutulmayıb, nə də bu cür pozuntu nəticəsində iddiaçıların əsaslı mənafeyinə bilavasitə hansısa mühüm zərər dəyməyib. İddiaçı tərəf özləri də belə bir hallara xüsusi olaraq istinad etmir. Başqa sözlə, iddiaçıların bu qərarların ləğvi nəticəsində hansı hüquqi maraq güdmələri də konkret və bəlli deyil. Ona görə də iddiaçıların istinad etdiyi Mənzil Məcəlləsinin 44.4, 44.5 və 126.3-cü maddələrinin pozulması belə mübahisələndirilən qərarların hüquqi qüvvəyə malik olmayan qərarlar hesab edilməsinə kifayət etmir. Yəni bu cür pozuntular nəticəsində gərək ki, iddiaçıların əsaslı mənafeləri zərər görsün. Ancaq belə bir zərərdən ümumiyyətlə bəhs edilmir.
32. Bununla yanaşı, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Göründüyü kimi, məhz Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburi hesab edilir. Bu halın özü də apellyasiya şikayətinin əhəmiyyətini aradan qaldırır.
33. Göstərilənlərə baxmayaraq, məhkəmə tərkibinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşması o demək deyil ki, Mənzil Məcəlləsinin məcburi tələblərinin, o cümlədən 44.4, 44.5 və 126.3-cü maddələrinin cavabdeh tərəfindən pozulmasına haqq qazandırılır. Əlbətdə ki, cavabdehin bu cür pozuntulara yol verməsi qəbuledilməzdir. Çünki iddiaçılar da sözügedən binanın sahə mülkiyyətçiləri olduğundan MMMC-nin iştirakçısı olubolmamasından asılı olmayaraq Mənzil Məcəlləsində nəzərdə tutulan bütun hüquqlarından istifadə edilməsinə şərait yaradılmalı, onların həyata keçirilməsinə hər hansı bir maneə yaradılmamalıdır. Əks halda qeyd olunan hüquqların Mənzil Məcəlləsində nəzərdə tutulmasının əhəmiyyəti heçə enmiş olur. Başqa sözlə, MMMC-nin yaradılmasında məqsəd elə sahə mülkiyyətçilərinin, o cümlədən iddiaçıların Mənzil Məcəlləsində nəzərdə tutulan hüquqlarını təmin etmək, o cümlədən onların hüquq və maraqlarına toxunan məsələlər üzrə istənilən qərarın qəbul ediləcəyindən əvvəlcədən məlumat almaq hüquqları, təbii ki, cavabdeh MMMC-nin də bu hüquqlardan istifadəni təmin etmək vəzifəsi vardır.
34. Məhkəmə tərkibi vurğulayır ki, çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin, həmçinin onların yaratdığı MMMC-lərin iddia irəli sürmək, verilən iddiaya etiraz etmək üçün onlara hüquqi imkan verən Mənzil Məcəlləsinin müvafiq normalarından sui-istifadə etmələri də yolverilməzdir. Belə ki, sirr deyil ki, mənzil münasibətlərinin subyekti qismində fiziki və hüquqi şəxslərlə yanaşı dövlət və bələdiyyələr də çıxış edir. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri mövcuddur (MM. m.10.) Bu münasibətlər sahəsində dövlətin vəzifələrinə həm də çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək; çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək; mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək; mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin üzvlərinin hüquqi vəziyyətini müəyyən etmək; mənzil münasibətləri sahəsində bələdiyyələrin və yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin səlahiyyətlərinə aid edilməmiş digər məsələlər aiddir (MM. m.10.0.8-1; 10.0.8-2; 10.0.9; 10.0.19). Göründüyü kimi, mənzil münasibətləri sahəsində dövlət üzərinə hələlik çoxmənzilli binanın idarə edilməsi üzrə ciddi vəzifələr götürməyib yaxud məqsədəuyğun hesab etməyib. Bunun səbəbi də başadüşüələndir. Belə ki, dövlət bu sahədə hələlik qanunvericilik səviyyəsində çoxmənzilli binanın idarə edilməsi qaydalarını müəyyən etməklə, bir növ stimul verib ki, bu cür binaların sahə mülkiyyətçiləri binanın idarə edilməsini özləri təşkil etsin, o cümlədən bunun üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratsın. Ancaq məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda, o cümlədən hazırkı işdə də sahə mülkiyyətçiləri binanın idarə edilməsini sivil qaydada, müasir tələblərə, üstəlik qabaqcıl inkişaf etmiş dövlətlərin təcrübəsinə uyğun həyata keçirə bilmir. Əksər hallarda bunun səbəbləri sahə mülkiyyətçilərinin Mülki və Mənzil qanunvericiliyində nəzərdə tutulan hüquqlarından sui-istifadə ilə bağlıdır. Hazırkı işdə də mübahisənin məzmunu bu cür xarakter daşıyır. Bir daha qeyd olunur ki, cavabdeh MMMC-nin sözügedən binanın idarə edilməsində fəaliyyəti qənaətbəxş olmaya, hətta ciddi hüquq pozuntuları ilə müşahidə oluna bilər. Lakin bu o demək deyil ki, sahə mülkiyyətçilərin bir qismi bu cür pozuntulara görə binanın idarə edilməsində xaos yarada biləcək hallara yol verməli, əsas və zərurət oldu-olmadı yeni idarəedici yaratmaq yaxud idarəedicinin qəbul etdiyi qərarları mütəmadi olaraq mübahisələndirmək həvəsinə düşməlidir. Bir daha vurğulanır ki, sahə mülkiyyətçiləri binanın idarə edilməsindən narazı olduqları hallara uyğun iddia üzrə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Bu onlara qadağan edilmir.
35. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçılar üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunmaması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
36. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.