Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2672/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdehlər cavabdeh9 və digərlərinə qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MTK cavabdehlər cavabdeh9, cavabdeh2, İsmayılova Aybəniz Vaqif qızı, cavabdeh4, cavabdeh5 İbadulla oğlu, Nazdı İusubova, cavabdeh6, cavabdeh7, cavabdeh8 qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh9 yanvar 2023-cü il tarixdən mart 2026cı il tarixədək ödənilməmiş 1018,75 manat, cavabdeh cavabdeh2 yanvar 2025-ci il tarixdən mart 2026-cı il tarixədək ödənilməmiş 1008,27 manat, cavabdeh İsmayılova Aybəniz Vaqif qızından noyabr 2020-ci il tarixdən mart 2026-cı il tarixədək ödənilməmiş 4009.07 manat, cavabdeh cavabdeh4 yanvar 2024-cü il tarixdən mart 2026-cı il tarixədək ödənilməmiş 1650,85 manat, cavabdeh cavabdeh5 İbadulla oğlundan yanvar 2023-cü il tarixdən mart 2026-cı il tarixədək ödənilməmiş 1103 manat, cavabdeh Nazdı İusubovadan fevral 2025-ci il tarixdən mart 2026-cı il tarixədək ödənilməmiş 771,90 manat, cavabdeh cavabdeh6 fevral 2025-ci il tarixdən aprel 2026-cı il tarixədək ödənlməmiş 402,90 manat, cavabdeh cavabdeh7 fevral 2025-ci il tarixdən aprel 2026- cı il tarixədək ödənilməmiş 402,90 manat, cavabdeh cavabdeh8 fevral 2025-ci il tarixdən aprel 2026-cı il tarixədək ödənilməmiş 402,90 manat kommunal xidmət haqqı borcunun, eyni zamanda ödənilmiş 122,31 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçı İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı MTK-nın cavabdehlər cavabdeh9, cavabdeh2, İsmayılova Aybəniz Vaqif qızı, cavabdeh4, cavabdeh5 İbadulla oğlu, Nazdı İusubova, cavabdeh6, cavabdeh7, cavabdeh8 qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və dövlət rüsumu kimi ödənilmiş 122,31 manat məbləğində pul (qəbzin nömrəsi: 1988282392) rüsum ödəyicisi İddiaçı MTK-ya geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, iddiaçı tərəfindən tələb bir neçə şəxsə qarşı yönəldilmişdir. Cavabdeh qismində çıxış edəcək şəxslərin eyniləşdirmə məlumatlarının araşdırılması zamanı onlardan Nazdı İusubova barəsində sənədlərin və məlumatların natamam təqdim edildiyi müəyyən olunur. Həmin cavabdehin eyniləşdirmə məlumatlarına baxış keçirilməsi məqsədilə Elekton Məhkəmə İnformasiya Sistemində sorğu edilmiş, lakin bu adda şəxsə dair hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Halbuki, iddia ərizəsinin verilməsi zamanı iddiaçı prosessual qanunvericiliyin tələblərinə əməl etməlidir ki, bunlardan biri də cəlb edilən cavabdehə dair eyniləşdirmə məlumatlarının təqdim edilməsidir. Hazırki vəziyyətdə bu qaydaya əməl edilməmişdir. Digər tərəfdən, iddia tələbinə nəzər yetirdikdə tələbin bir neçə şəxsə qarşı yönəldiyi və hər bir cavabdehdən kommunal xidmət haqqlarının ödənilməsinin tələb olunduğu müəyyən olunur. İddia ərizəsinin məzmunu ilə görünən odur ki, cavabdehlər İddiaçı MTKnın inşa etmiş olduğu 8 blokdan ibarət yaşayış kompleksinin sakinləridir və kommunal xidmətlərdən istifadə etmələrinə baxmayaraq, yaranmış borc tərəflərindən ödənilmir. Eyni zamanda, iddia ərizəsində onlardan bəzilərinin Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi, bəzilərinin isə Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində yerləşən 46, 48, 55, ** nömrəli evlərin müxtəlif bloklarının ayrı-ayrı mənzillərində yaşadığı qeyd edilir. Bununla da tələb göstərilən kommunal xidmətə görə haqqların ödənilməsi barədə olsa belə, hər bir cavabdehə qarşı ayrılıqda irəli sürülməklə ayrıca icraat çərçivəsində baxılıb hüquqi qiymət verilməsini tələb edir. Buna görə də, məhkəmənin qənaətinə görə ayrı-ayrı şəxslərə qarşı eyni məzmunda tələbin irəli sürülməsi bu tələblərin bir icraatda baxılması üçün əsas hesab edilmir. Hazırda iddiaçı İddiaçı MTK şikayətlə müraciət edərək qərardadın ləğv edilməsini və mülki işin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı MTK şikayətdə qeyd etmişdir ki, cavabdeh Nazdı İusubovaya dair eyniləşdirmə məlumatlarının natamam göstərilməsi məsələsinə gəldikdə isə, həmin hal iddia ərizəsinin bütövlükdə geri qaytarılması üçün yetərli əsas hesab edilə bilməzdi. Belə ki, Nazdı İusubova xarici ölkənin vətəndaşıdır və bu çatışmazlıq yalnız bir cavabdehə münasibətdə mövcuddur. Halbuki, onun şəxsiyyətinin eyniləşdirilməsi məhkəmə prosesi gedişatında da müəyyənləşdirilə bilərdi. Diqqətə alınmalı məqam ondan ibarətdir ki, digər cavabdehlər barədə məlumatlar təqdim olunmuş və onların eyniləşdirilməsi mümkün olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: - 149.2.2. cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. - 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində əks edilməlidir. - 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda Məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddia ərizəsi cavabdehlərə dair eyniləşdirici məlumatların tam göstərilməməsi, habelə müxtəlif şəxslərə qarşı irəli sürülmüş tələblərin bir icraatda baxılmasının mümkün olmaması əsası ilə geri qaytarılmış, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı şikayətində göstərmişdir ki, cavabdehlərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar iddia ərizəsində əks etdirilmiş, hər bir cavabdehin kommunal xidmət göstərilən konkret mənzili və borc məbləği göstərilmişdir. Bundan başqa, bütün tələblər eyni hüquqi münasibətdən – eyni yaşayış kompleksinə göstərilən kommunal xidmətlərdən irəli gəldiyi üçün onların bir icraatda baxılması qanunvericiliyə uyğundur. Bu səbəbdən qərardadın ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətinin dəlillərini və tətbiq edilməli olan prosessual hüquq normalarını araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddia ərizəsində cavabdehin müəyyən edilməsinə imkan verən məlumatlar göstərilməlidir. Həmin normanın məqsədi iddiaçı üzərinə cavabdehin şəxsiyyətinin müəyyən edilməsini mümkünsüz edən qeyrimüəyyən məlumatlar təqdim etmək deyil, məhkəmənin cavabdehi müəyyən etməsinə və ona məhkəmə bildirişlərini göndərməsinə imkan verən məlumatların təqdim edilməsini təmin etməkdir. İş materiallarından görünür ki, iddia ərizəsində cavabdehlərin soyadı, adı, atasının adı, yaşadıqları mənzillər, kommunal xidmət göstərilən ünvanlar və hər bir cavabdeh üzrə borcun məbləği göstərilmişdir. Birinci instansiya məhkəməsi isə qərardadında hansı konkret cavabdeh üzrə hansı eyniləşdirici məlumatın çatışmadığını göstərməmiş, həmin çatışmazlığın işə baxılmasına hansı səbəbdən mane olduğunu əsaslandırmamışdır. Qərardadda yalnız ümumi formada eyniləşdirici məlumatların təqdim edilmədiyi qeyd edilmişdir ki, bu da qəbul edilmiş prosessual qərarın kifayət qədər əsaslandırılmış hesab edilməsinə imkan vermir. Kollegiya hesab edir ki, prosessual hüquq normalarının tətbiqi zamanı formal yanaşmaya yol verilməsi şəxsin məhkəməyə müraciət etmək hüququnun mahiyyətinə toxunmamalıdır. İddia ərizəsində cavabdehlərin müəyyən edilməsinə imkan verən məlumatlar mövcud olduğu halda, yalnız formal mülahizələrlə iddianın geri qaytarılması mülki mühakimə icraatının məqsədlərinə uyğun hesab edilə bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, müxtəlif şəxslərə qarşı irəli sürülmüş eyni məzmunlu tələblər ayrıca icraatlarda baxılmalıdır. Kollegiya bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, bütün cavabdehlər eyni yaşayış kompleksində yerləşən mənzillərin istifadəçiləri və ya mülkiyyətçiləridir. İddiaçı həmin yaşayış kompleksində kommunal xidmətlərin göstərilməsini həyata keçirmiş, irəli sürülmüş bütün tələblər eyni hüquqi münasibətdən və eyni hüquqi əsasdan yaranmışdır. Mübahisənin predmeti bütün cavabdehlər üzrə kommunal xidmətlərə görə yaranmış borcun tutulmasıdır. Sübutların əhəmiyyətli hissəsi bütün cavabdehlər üçün ümumidir və yalnız borcun məbləği fərqlənir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin müxtəlif bloklarda və müxtəlif mənzillərdə yaşamaları onların eyni hüquqi münasibətin iştirakçısı olmalarını istisna etmir. İş materiallarından görünür ki, bütün cavabdehlər eyni yaşayış kompleksində yerləşən mənzillərə göstərilən kommunal xidmətlərə görə borclu hesab olunurlar. İddia eyni hüquqi əsasdan, eyni xidmət münasibətlərindən və eyni hüquqi faktlardan irəli gəlir. Belə olan halda, tələblərin eyni icraatda baxılması prosessual iqtisadiyyat prinsipinə xidmət edir, eyni hüquqi məsələlərin müxtəlif işlər üzrə təkrar araşdırılmasının qarşısını alır və məhkəmə icraatının səmərəliliyini təmin edir. Əgər məhkəmə hər hansı səbəbdən tələblərin ayrıca baxılmasını zəruri hesab edirdisə, bu hal iddia ərizəsinin geri qaytarılması üçün əsas təşkil etmirdi. Məhkəmə işi icraata qəbul etdikdən sonra prosessual qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində tələblərin ayrılması məsələsini həll edə bilərdi. Deməli, birinci instansiya məhkəməsinin seçdiyi prosessual nəticə qanunun məqsədinə və mülki mühakimə icraatının prinsiplərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və prosessual hüquq normalarının məqsədinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu konstitusion təminat məhkəməyə formal deyil, real və səmərəli çıxış hüququnu nəzərdə tutur. Məhkəmələr prosessual normaları tətbiq edərkən şəxsin məhkəməyə müraciət etmək hüququnu əsassız məhdudlaşdıran formalizmdən çəkinməlidirlər. Eyni hüquqi mövqe İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin tətbiqi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququnda da öz əksini tapmışdır. Avropa Məhkəməsi dəfələrlə vurğulamışdır ki, məhkəməyə müraciət hüququ nəzəri və formal deyil, praktik və səmərəli olmalıdır. Prosessual normaların həddindən artıq formal tətbiqi nəticəsində şəxsin iddiasına mahiyyəti üzrə baxılmasının mümkünsüz edilməsi Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən hüququn pozulmasına səbəb ola bilər. Xüsusilə, “Bellet və digərləri” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, şəxsin məhkəməyə müraciət etmək imkanları kifayət qədər real olmalı, prosessual tələblər isə hüququn mahiyyətini aradan qaldıracaq dərəcədə sərt tətbiq edilməməlidir. Həmçinin Zubac işində Məhkəmə vurğulamışdır ki, milli məhkəmələr prosessual normaları tətbiq edərkən formalizmlə hüquqi müəyyənlik arasında ədalətli tarazlığı gözləməli, prosessual tələblər şəxsin məhkəməyə çıxış hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırmamalıdır. Kollegiya hesab edir ki, iddia ərizəsinin geri qaytarılması mülki prosessual qanunvericilikdə istisna xarakterli prosessual tədbirdir və yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Məhkəmə bu institutu geniş təfsir etməməli, prosessual normaları Konstitusiyanın 60-cı maddəsi və Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən məhkəməyə çıxış hüququnun mahiyyətini nəzərə almaqla tətbiq etməlidir. Belə olan halda, iddia ərizəsinin bütövlükdə geri qaytarılması iddiaçının məhkəməyə çıxış hüququnun qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı sayıla bilməz, qəbul edilərkən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə iddiaçının Konstitusiya və Konvensiya ilə təmin olunmuş məhkəməyə çıxış hüququ pozulmuşdur. Nəticə etibarilə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qəbul edilmiş qərardad qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən qərardad ləğv edilməli, iş iddia ərizəsinin icraata qəbul edilməsi və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ləğv edilsin. İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdehlər cavabdeh9 və digərlərinə qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-2(3-6)-2672/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2672/2026
01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver