Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2679/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “işçilərin attestasiyası, onun keçirilməsi qaydaları”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı # ### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ##.##.2021-##.##.2026-ci il tarixlərində Cavabdeh Hacıqabul rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsində çalışmışdır. 2025ci ilin dekabr ayında keçirilmiş attestasiyanın nəticəsi olaraq həmin vəzifəyə uyğun hesab edilməmiş, Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin ##.##.2026-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin ##.##.2026-cı il tarixli *-**/Ə(ş/h)**/**** nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2001-ci il tarixdən Hacıqabul rayon Hərbi Komissarlığına müfəttiş vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin ##.##.2026-cı il tarixli *- **/Ə(ş/h)**/**** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. İşdən azad olmağının əsası kimi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin ##.##.2026-cı il tarixli 3- **/Ə(ş/h)**/**** nömrəli əmri əsassızdır və ləğv edilməlidir. O, ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixdək Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Hacıqabul rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə əmək funksiyası üzrə vəzifələri və rəhbərlik tərəfindən verilmiş tapşırıqları layiqincə yerinə yetirmişdir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi onu çağıraraq ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Mərkəzi Həkim Komissiyasının baş ofisində test imtahanda olmalı olduğunu bildirdi. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Mərkəzi Həkim Komissiyasının baş ofisinə getdi və ona 50 sualdan ibarət test sualları verdilər. Verilən sualları cavablandıraraq test vərəqələrini təhvil verdi. Sonra ona kompüter vasitəsilə şifahi suallar verdilər. Həmin sualları da cavablandırdı. Bundan sonra 15 nəfərdən ibarət məsul şəxslərdən ibarət komissiya şəklində şifahi imtahan keçirdilər. O, müsabiqədə ona verilən sualları da cavablandırdı. Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Hüquq İdarəsinin rəisi Bəxtiyar Hacıyev ondan işlədiyi vəzifə üzrə təlimatı danışmağını tələb etdi. O, vəzifə təlimatı və gördüyü işlər barədə ətraflı məlumat verdi. Hüquq İdarəsinin rəisi Bəxtiyar Hacıyev ona vəzifə təlimatını olduğu kimi əzbər danışmamağına irad tutdu. ##.##.2025ci il tarixdə onu Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Baş idarəsinə çağırdılar və imtahan nəticələrinin onları qane etmədiyini bildirdilər. O, ərizə ilə Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin rəhbərliyinə müraciət edərək təkrar imtahandan keçirilməyini xahiş etdi. Lakin müraciətinə heç bir cavab verilmədi. ##.##.2026-cı il tarixdə saat 18:30-da Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Hacıqbul rayon şöbəsinin rəisi ona zəng vuraraq işdən azad olunmağını bildirdi. ##.##.2026-cı il tarixdə o işə gəldi və Dövlət xidmətinin Hacıqbul rayon şöbəsinin rəisi onu qəbul edərək işdən azad olunmağı ilə bağlı əmri ona verdi. Mübahisələndirilən əmrdə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi attestasiya komissiyasının protokolu göstərilmişdir. Bildirir ki, attestasiyanın keçiriləcəyi ilə bağlı ona heç bir məlumat verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi onu çağıraraq ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Mərkəzi Həkim Komissiyasının baş ofisində test imtahanda olmalı olduğunu bildirdi. Bundan əlavə, o, Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin ##.##.2015-ci il tarixli ** nömrəli əmri ilə əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiyinə və AR SHXÇDX-nin 3-cü ildönümü münasibətilə mükafatlandırılmışdır. Bu barədə əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Həmçinin 2025-ci ilin noyabr ayında işimdə fərqləndiyi üçün pul mükafatı almışdır. Necə ola bilər ki, 25 illlik iş təcrübəsində heç bir intizam tənbehi almadığı halda, 2 dəfə əmək funksiyasının yerinə yetirilməsində fərqləndiyi üçün mükafat aldığı halda, xüsusən də 2025-ci ilin noyabr ayında mükafatlandırıldığı halda 2025-ci ilin dekabr ayında attestasiyadan keçə bilməsin? Bildirir ki, Azərbaycan Respublikasının Hərbi xidmətə çağırış üzrə Dövlət xidməti attestasiya adı altında qərəzli şəkildə onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(5-102)-136/2026 saylı, # ### 2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə attestasiya bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarının tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçirilmiş, o cümlədən müəyyən edilmiş müddətlərdə iddiaçının bu barədə məlumatlandırılması təmin edilmişdir. Attestasiya zamanı iddiaçıya verilmiş suallar və tapşırıqlar bilavasitə onun tutduğu vəzifəyə (peşəyə), əmək funksiyalarına uyğun olmuş və bu funksiyalara uyğun olaraq onun bilməli olduğu və barəsində məlumatlandırılmış məsələləri əhatə etmişdir. Lakin attestasiya zamanı sualların verilməsi nəzərdə tutulan məsələlər barədə tam məlumatlı olmasına, onların mənimsənilməsi üçün kifayət qədər vaxtının olmasına baxmayaraq, iddiaçı attestasiya zamanı ona verilən sualları cavablandıra və tapşırıqları yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə attestasiya komissiyasının iddiaçıya münasibətdə işini və onun barəsində qəbul edilmiş qərarı qanunauyğun və əsaslı hesab etmiş və bu mövqeyinə uyğun olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə ##.##.2026-cı il tarixli əmr qanunvericiliyin tələblərinə tam uyğundur, bununla bağlı hər hansı pozuntuya yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsi ilə müəyyən edilmiş və attestasiya keçirilməsi qadağa olunan işçilər sırasına da daxil deyil. Belə bir əsasın yarandığı hallarda qanunverici işəgötürənin (cavabdehin) üzərinə işçiyə başqa vəzifəyə keçirilməsini təklif etmək və başqa vəzifəyə (peşəyə) keçirmək vəzifəsini də qoymamışdır. Komissiya öz qərarında iddiaçının başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə (cavabdehə) hər hansı tövsiyə də verməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.2, 70 “c” və 288-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, # ### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Cavabdeh tərəfindən attestasiya qeyri-aşkarlıq şəraitində, qərəzli olaraq, qanunvericiliyin tələblərinə əməl edilməməklə aparılmışdır. Belə ki cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2025-ci il tarixli attestasiya komissiyasının iclas protokolunda qeyd edlmişdir ki, ona “Təhsil pillələri və yaş hədləri hansıladır; Ağır ailə vəziyyəti hansı qanunun neçənci maddəsi ilə tənzimlənir” sulları verildi. İşçinin cavabları qənaətbəxş hesab edilmədi. İşçiyə “Sağlamlıq vəziyyətinə görə çağırışdan möhlər necə verilir” sualı verildi. İşçinin cavabı qənaətbəxş hesab edilmədi. İşçiyə “VEİS proqramında hansı işləri görürsünüz” sualı verildi. İşçinin cavabı qənaətbəxş hesab edilmədi. Qanunvericilik, komputer bilikləri və təşkilatı məsələlərlə bağlı verilən suallara da qeyri-qənaətbəxş cavablar verdiyi müşahidə olunmuşdur. Protokolda verilmiş suallar qeyd olunsa da tərəfindən verilmiş cavablar qeyd olunmamışdır. Halbuki cavablar qeyd olunsaydı onun peşəkarlıq səviyyəsi müəyyən olunardı. Məhkəmə cavabdehin nümayəndəsinə attestasiya keçirilməsi barədə protokolda tərəfindən verilmiş cavabların qeyd olunmamasını dəfələrlə irad bildirmiş, hazırki protokolun mübahisə yaratdığını, cavablar qeyd olunduğu təqdirdə mütəxəssis rəyi ilə cavablarının qənaətbəxş və ya qeyriqənaətbəxş olmasının mümkün olmasını qeyd etmişdir. Əgər məhkəmə iclaslarının video yazılarına baxış keçirilərsə qeyd olunanlar öz təsdiqini taparlar. Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xitam vermək üçün qərəzli olaraq suallara alınmış cavabları protokolda qeyd etməmiş, protokolu öz maraqlarına uyğun qaydada tərtib etmişdir. Məhkəmə isə qeyd olunanları, attestasiyanın keçirilməsi zamanı yol verilən nöqsanları, qanun pozuntularını nəzərə almadan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin məzumuna uyğun izahat verərək təmin olunmasını xahiş etmişdirlər.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
16. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
17. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
18. 65-ci maddəsinin 1-5-ci hissələrinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
19. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
20. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
21. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
22. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
23. 70-ci maddəsinin «c» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir.
24. 70-ci maddəsinə edilmiş qeydə görə, maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
25. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
26. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən şəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
27. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
28. 288-ci maddəsinin x) bəndinə əsasən, işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsinə dair məsələnin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
29. 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.
30. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
31. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
32. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, iddiaçı verdiyi iddia ərizəsində işdən azad edilməsi barədə ##.##.2026-cı il tarixli, *-**/Ə(ş/h)**/**** nömrəli əmrin qanunsuz olduğunu bir sıra pozuntularla əsaslandıraraq, attestasiyanın əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara zidd keçirildiyini bildirmişdir. İddiaçı qeyd etmişdir ki, attestasiyanın keçiriləcəyi barədə əvvəlcədən məlumatlandırılmamış, test və şifahi sualları cavablandırmasına, vəzifə təlimatı və yerinə yetirdiyi işlər barədə ətraflı məlumat verməsinə baxmayaraq, vəzifə təlimatını olduğu kimi əzbər söyləməməsi ona irad tutulmuşdur. Həmçinin, təkrar imtahandan keçirilməsi barədə müraciətinin nəticəsiz qaldığını bildirmişdir. Bundan başqa, iddiaçı 25 illik əmək fəaliyyəti ərzində barəsində heç bir intizam tənbehi tətbiq edilmədiyini, 2015-ci və 2025-ci ilin noyabr ayında mükafatlandırıldığını qeyd edərək, attestasiyanın qərəzli şəraitdə keçirildiyini və onun nəticələrinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsassız olduğunu bildirmişdir.
36. Birinci instansiya məhkəməsi, gəldiyi qənaəti iddiaçının tələblərinin əsasını təşkil edən halların sübuta yetirilmədiyi, həmçinin tələbin təmin edilməsi üçün hüquqi əsasların müəyyən edilmədiyi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Belə ki, iddiaçının istinad etdiyi dəlillər attestasiya prosesinin əmək qanunvericiliyinin tələbləri pozulmaqla keçirildiyini təsdiq etmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş xüsusi sosial kateqoriyaya aid işcilərdən biri deyildir. O, attestasiyadan keçirilməli olan şəxslərin siyahısına düşmüş və bu barədə lazımi qaydada məlumatlandırılmaqla müvafiq sənədi imzalamışdır.
38. Attestasiya vərəqəsindən və test üsulu ilə yoxlamanın nəticələrindən də görünür ki, iddiaçıya verilmiş suallar onun tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu aşkara çıxarmaq məqsədini daşımış və bu suallar Əmək Məcəlləsinin 65-ci maddəsinə zidd olmamış, əksinə, ixtisasına uyğun olmuşdur.
39. Attestasiya vərəqəsində verilmiş sualların göstərilməsinə baxmayaraq, cavablarının əks etdirilməməsi, vərəqədə yalnız həmin cavablara komissiyanın verdiyi qiymətin göstərilməsi, habelə videoçəkilişinin aparılmaması məhkəmə kollegiyası attestasiyanın keçirilməsi zamanı prosedur qaydalarının pozulması, onun qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün lazımi (aşkar, obyektiv, qərəzsiz) şəraitin təmin edilməməsi kimi qiymətləndirilməsinin əsassız olduğunu qeyd edir.
40. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ümumi "İşçilərin attestasiyasının keçirilməsi Qaydaları"na əsasən, video çəkilişinin aparılması məcburi bir qanunvericilik şərti (tələbi) kimi müəyyən edilməmişdir.
41. Bundan başqa, qeyd edilməlidir ki, əmək qanunvericiliyinə əsasən, attestasiya komissiyasının rəyi ilə tutduğu vəzifəyə uyğun olmayan hesab edilən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur (mümkün davranış qaydasıdır). Bu da əmək münasibətlərinin hüquqi təbiətindən irəli gəlir. Belə ki, işəgötürən işçilərin seçilməsi, yerləşdirilməsi və işdən azad olunması ilə bağlı müvafiq kadr qərarlarının qəbul edilməsində, habelə əməyin müvafiq sahədə səmərəli təşkilininin təmin edilməsində müstəqil səlahiyyətlərə malikdir. Bu baxımdan, attestasiya komissiyasının qərarı əsasında iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edildikdən sonra işəgötürənin təşəbbüsü əmək müqaviləsində xitam verilməsi əmək qanunvericiliyinə zidd hesab edilə bilməz.
42. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(5-102)-136/2026 saylı, # ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev