Məhkəmə qərarları › İş №e-2(3-6)-2718/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2718/2026

25.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2718/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh "TRİUMF 2022" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) hakimlər X3 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 oğlundan ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh "TRİUMF 2022" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı İddiaçı cavabdeh "TRİUMF 2022" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TRİUMF 2022” MMC tərəfindən ##.##.2018-ci il tarixli müqavilə şərtlərinə və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzilin ən qısa müddətdə ona təhvil verilməsi; Müqavilədə nəzərdə tutulmuş 500 manat kirayə haqqının ödənilməsinin dərhal bərpa edilməsi; ##.##.2024-cü il tarixindən etibarən ödənilməmiş kirayə haqqının hesablanaraq ona ödənilməsi; cavabdeh şirkətin qanunsuz əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə 7.500 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ildə “TRİUMF 2022” MMC (keçmiş adı “İNTEKS” MMC) İddiaçı müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilini sökməyi, əvəzində isə Nemət Quliyev küçəsində inşa olunacaq yeni yaşayış binalarının birindən başqa bir mənzili onun mülkiyyətinə verməyi təklif etmişdir. O, ilk vaxtlarda onların təklifini qəbul etmədiyinə görə aralarında heç bir razılaşma olmamışdır. Lakin qarşı tərəf o və ailə üzvlərinin yaşamaq hüququnu məhdudlaşdırmağa başlamış, evin kommunal xidmətlərini dayandırmaqla və dözülməz vəziyyət yaratmaqla onlara təzyiq göstərmişdir. Onlar evdə olmayan zamanlar evin qapısı sındırılmış, evə kənar şəxslər daxil olmuş, evdən müxtəlif əşyalar oğurlanmış, həmçinin cavabdeh şirkət tərəfindən qaz, elektrik, su təchizatı məhdudlaşdırmaqla o və ailə üzvlərinin hüquqları kobud şəkildə pozulmuşdur. Nəticədə bu cür şəraitdə yaşamaq mümkün olmadığına görə “TRİUMF 2022” MMC-lə müqavilə bağlamağa məcbur olmuşdur. Beləliklə, cavabdeh şirkətin təzyiqləri nəticəsində onunla “TRİUMF 2022” MMC arasında ##.##.2018-ci il tarixində mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq, ünvan 1 ünvanında yerləşən mənzilini sökülmək üçün “TRİUMF 2022” MMC-yə təhvil verməyi öhdəsinə götürmüş. “TRİUMF 2022” MMC isə öz növbəsində həmin mənzilin əvəzinə Nemət Quliyev küçəsində 36 ay (3 il) ərzində inşa olunacaq yeni yaşayış binasının 5, 6 və ya 7-ci mərtəbələrinin birindən 72.8 kv.m yaşayış sahəsini müqaviləyə əlavə olunmuş “yaşayış sahəsinin tərtib sxeminə uyğun” şəkildə onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eləcə də müvafiq müqavilənin 1.2-ci bəndinə əsasən tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və onları razılaşdırılmış yaşayış sahəsi ilə təmin edəcəyi günədək o və ailəsinin müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə onlara kompensasiya şəklində hər ay üzrə əvvəlcədən aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Nəzərə çatdırır ki, “TRİUMF 2022” MMC tərəfindən ##.##.2018-ci il tarixli müqavilənin şərtləri pozulmuş və tikinti şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İlk növbədə “TRİUMF 2022” MMC yaşayış sahəsinin müqavilənin bağlandığı tarixdən etibarən 3 il ərzində inşa edilməklə təhvil verilməsi öhdəliyini pozmuş və müvafiq tarixdən təxminən 7 il keçməsinə baxmayaraq bu günə kimi yaşayış sahəsinin tikintisini başa çatdırmamışdır. Cavabdeh ##.##.2024-cü il tarixində 2 bildiriş təqdim edərək mənzilin təhvil verilməsi üçün hazır olduğunu və ##.##.2024-cü il tarixindən etibarən isə aylıq 500 manat kirayə haqqınının ödənilməsinin dayandırılacağını bildirmişdir. Həmin bildirişlərin birində Bakı Şəhəri, Nərimanov Rayonu Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yerləşən “Triumf Palace” yaşayış kompleksinin * saylı binasının 5-ci mərtəbəsində, digər bildirişdə isə həmin binanın isə 6-cı mərtəbəsində yerləşən 72.8 kv.m mənzilin təhvil verilməsi üçün hazır olduğu qeyd edilmişdir. ##.##.2024-cü il tarixində mənzillə tanış olmaq məqsədilə qeyd olunan binaya yaxınlaşsa da, işçilər onlara təhlükəsizlik səbəbindən binaya girişin qadağan olduğunu, həmin binanın yaşayış üçün hazır olmadığını və binada heç kimin yaşamadığını bildirdilər. Çoxsaylı müraciətlərindən sonra işçilərin köməyi ilə və ailə üzvləri tikinti kranının vasitəsilə binaya qalxdılar, daha sonra isə təhvil verilməsi nəzərdə tutulan mənzilin müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun olmadığını aşkar etdlər. Cavabdeh bu addımı ilə aralarında bağlanmış ##.##.2018-cil tarixli müqavilənin 1.1-ci maddəsinin şərtlərini pozmuşdur. Belə ki, həmin müqaviləyə əsasən ona təmirsiz, lakin istismara yararlı binada yerləşən və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzil təhvil verilməli idi. Halbuki mənzilin yerləşdiyi bina istismara yararsız vəziyyətdədir və həmin binada tikinti işləri hələ də yekunlaşmayıb. Eləcə də həmin mənzil müqavilədə əlavə olunmuş plana uyğun deyil. Buna görə də o cavabdeh şirkətə həmin mənzilləri qəbul etməyəcəyini və ona müqavilə ilə nəzərdə tutulmuş mənzilin təhvil verilməli olduğunu bildirmişdir. Şirkət isə hər dəfəsində uyğunsuz cavablar vermiş, təqdim edilə biləcək başqa mənzilin olmadığını və müvafiq plana uyğun bütün mənzillərin artıq satıldığını bildirmiş və onun əsaslı tələblərimi yerinə yetirməmişdir. Nəticədə “TRİUMF 2022” MMC istismara yarasız binada yerləşən və müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olmayan mənzili guya təhvil verməklə hər ay ödəməli olduğu 500 manat kirayə haqqı ödənişini qanunsuz və əsassız şəkildə dayandırmış və ##.##.2018-ci il tarixli müqavilənin 1.2-ci bəndini pozmuşdur. Bu məsələ ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmiş və İcra Hakimiyyətinin təkidləri nəticəsində cavabdeh noyabr ayı üçün 500 manat kirayə haqqını ödəsə də, dekabr ayının 1dən etibarən yenidən 500 manat kirayə haqqının ödənilməsini dayandırmışdır. Nəzərə çatdırır ki, o, II qrup əlildir və həmçinin astma xəstəliyindən əziyyət çəkir. “TRİUMF 2022” MMC-nin son dövrlərdəki qanunsuz addımları isə onun sağlamlığına ciddi şəkildə mənfi təsir göstərməklə xəstəliyiyin daha da ağırlaşmasına səbəb olmuşdur. Səhhətində yaranmış ciddi problemlərə görə o davamlı olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat X2 İnstitutunda müalicə alır. Əlavə olaraq bildirir ki, “TRİUMF 2022” MMC əvvəlki dövlər ərzində müqavilə ilə razılaşdırılmış aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını dəfələrlə ödəməyi gecikdirmiş və onların kirayə qaldığı evlərdən qovulmağına səbəb olmuşdur. Hal-hazırkı vəziyyətdə isə “TRİUMF 2022” MMC 500 manat kirayə haqqının ödənilməsini əsassız və qanunsuz olaraq dayandırmışdır, nəticədə o və ailəsi çıxılmaz vəziyyətdə qalmışlar Beləliklə, “TRİUMF 2022” MMC-nin ##.##.2018-il tarixli müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində hüquqları kobud surətdə pozulmuş və cavabdeh şirkətin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 385.1-ci maddələrinə, AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun * saylı ##.##.2008-ci il tarixli qərarın qərarına əsasən iddianın təmin edilməsi xahiş olunur.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “TRİUMF 2022” MMC tərəfindən ##.##.2018-ci il tarixli müqavilə üzrə İddiaçı 2025-ci ilin may, iyun, iyul ayları üzrə hər ay üçün 500 manat kirayə haqqı borcu və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqının ödənilməsi; “TRİUMF 2022” MMC tərəfindən 1000 manat məbləğəində pul mənəvi zərərin əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərııııanov rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddiaçının iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya baxışı zamanı verilən izahatlar

5. İddiaçı İddiaçı AZEMİS vasitəsilə ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir.

6. İş üzrə tərəflərə məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

7. 52.1-ci və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

8. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

9. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

10. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

11. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

12. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

13. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

14. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

15. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.

16. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.

Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

17. Kollegiya iddiaçının təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

18. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının məhkəməyə ünvanladığı ərizənin məzmunundan görünür ki, iddiaçı iddiadan imtina edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

19. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI:

İddiaçı İddiaçı iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh "TRİUMF 2022" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar