Məhkəmə qərarları › İş №e-2(3-6)-2740/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2740/2026

28.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2740/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Qarayeva Xəyalə Elsevər qızına qarşı mülki iş üzrə Açar sözlər: mənzildən çıxarılma, mənzilə köçürülmə və mənzilin təhvil veriməsi Hakimlər X7 (sədrlik edən və məruzəçi), X6 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Əliyev İlqar Kamil oğlunun, Cavabdeh Qarayeva Xəyalə Elsevər qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Qarayeva Xəyalə Elsevər qızına qarşı “mənzildən çıxarılma, mənzilə köçürülmə və mənzilin təhvil veriməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh Qarayeva Xəyalə Elsevər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən ** saylı evin, ** saylı mənzili (yeni qaydalarla: AZ1123, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 419, M3, m3) ##.##.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra iddiaçı) adına qeydiyyata alınmışdır. Qarayeva Xəyalə Elsevər qızı (bundan sonra cavabdeh) ilə iddiaçının oğlu X5 arasında ##.##.2017-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə pozulmuş, onların birgə nikahından doğulmuş ##.##.2018ci il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 cavabdehin yanında saxlanılmış və uşaqların saxlanılması üçün X5 cavabdehin xeyrinə aliment tutulmuşdur. Cavabdeh hazırda iddiaçının mülkiyyətində olan həmin mənzildə yaşayır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı cavabdeh Qarayeva Xəyalə Elsevər qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ** saylı (Yeni qaydalarla: AZ1123, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 419, M3, m3) mənzildən çıxarılması, onun həmin mənzilə köçürülməsi və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş gəlinidir, müvəqqəti yaşamağa icazə vermişdir. Cavabdehlə oğlu X5 ailə münasibətləri bitmişdir, ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar, nikahları pozulmuşdur. Hazırda xüsusi mülkiyyətində olan mənzil özünün ehtiyacları üçün lazımdır, lakin cavabdeh mənzildən çıxmaq istəmir.

4. Cavabdeh Qarayeva Xəyalə Elsevər qızı iddiaya qarşı etiraz və ona əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı qeyd etdiyi kimi onu müvəqqəti deyil, daimi olaraq mənzildə yaşamağına və həmin yaşayış sahəsinə pasport qeydiyyatına götürülməyinə dair razılıq vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən onun himayəsinə verilmiş qızları ##.##.2018-ci il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 ilə birlikdə daimi olaraq mübahisəli mənzildə yaşayır, uşaqlar həmin ərazidə yerləşən ** saylı orta məktəbə, *** nömrəli uşaq bağçasına gedirlər və həmin ərazidə olan * saylı uşaq poliklinikasında qeydiyyatdadırlar. Onların həmin mənzildən başqa yaşayış yeri yoxdur. İddiaçının mənzilə köçürülməsinə dair isə bildirir ki, həmin mənzil onun mülkiyyətindədir və giriş qapılarının açarları onda var, istədiyi zaman ora gəlib-gedirlər. Tərəfindən onlara hər hansı bir maneə yaradılmır. Onu da qeyd edir ki, əvvəllər Pirallahı rayonunda yaşayıblar və orada qayınatasının adına iki ev olmuşdur, evlərdən biri olan əri üçün nəzərdə tutulmuş evdə yaşamışlar, sonradan şəhərə köçmək və uşaqların sosial həyatını yaxşılaşdırmaq üçün həmin evi satıb hazırki mənzil alınmışdır. Hazırki mənzili almaq üçün Pirallahı rayonunda olan evin satışından əldə olunan məbləğ çatmadığından, birgə nikah dövründə əldə etdikləri qazanclarından əlavə məbləğ də qoyaraq hazırki yaşadıqları mübahisəli mənzili almışlar. Mənzildə azyaşlı uşaqları ilə daimi yaşadıqlarına, sosial rifahları, o cümlədən uşaqların bağçası, məktəbi, poliklinikası orada olduğundan iddia ərizəsində göstərilən əsaslarla iddia təmin edilməməlidir. Uşaqlar faktiki olaraq onunla yaşayırlar və onların yaşayış, qayğı, təhlükəsizlik və normal inkişaf ehtiyacları bilavasitə onun yaşayış yeri ilə bağlıdır. İddiaçı yalnız onun mənzildən çıxarılmasını tələb etmiş, lakin azyaşlı uşaqlar barədə heç bir tələb irəli sürməmişdir. Halbuki, uşaqların anadan ayrı yaşaması, yaxud ananın yaşayış yerindən çıxarılması onların mənafeyinə birbaşa təsir göstərir. Azərbaycan Respublikası qanunvericiliyinə görə, azyaşlı uşaqlarla bağlı məsələlər həll edilərkən onların üstün mənafeyi əsas götürülməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən şəxsin uzun müddət yaşadığı yaşayış sahəsindən çıxarılması məsələsinə baxılarkən mülkiyyət hüququ ilə yaşayış hüququ arasında balans qorunmalı, konkret hallardan asılı olaraq çıxarılan şəxsə münasib və ədalətli kompensasiya məsələsi də qiymətləndirilməlidir. Məhkəmə yalnız formal mülkiyyət hüququ ilə kifayətlənməməli, onun və himayəsində olan uşaqların real yaşayış vəziyyətini də nəzərə almalıdır. Onu da qeyd edir ki, iddiaçı iddia tələbində onun gəlini olduğunu və ona həmin mənzildə müvəqqəti yaşamağa icazə verdiyini bildirmişdir. Hesab edir ki, iddiaçının qeyd etdiyi “müvəqqəti icazə verilməsi” fikri həqiqəti əks etdirmir. Çünki onun həmin evə gəlin gəlməsi, iddiaçının oğlu ilə ailə qurması və birgə nikahdan iki övladlarının olması müvəqqəti xarakter daşımır, davamlı ailə münasibətlərindən irəli gələn yaşayış münasibətləridir. Bundan başqa, onun iki azyaşlı uşaqla birlikdə və yaxud uşaqlarsız yaşayış sahəsindən məhrum edilməsi, onun alternativ yaşayış yeri olmadan evdən çıxarılması ailə və mənzil hüquqlarının, habelə uşaqların sosial rifahının pozulmasına səbəb olacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Qarayeva Xəyalə Elsevər qızının ünvan 1-da yerləşən ** saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 419, M3, m3) çıxarılması, mənzilin cavabdeh tərəfindən iddiaçı İddiaçı təhvil verilması və iddiaçının həmin mənzilə köçürülməsi, bu qətnamənin qanuni qüvvəyə mindikdən sonra Qarayeva Xəyalə Elsevər qızının ünvan 1-da yerləşən ** saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 419, M3, m3) qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. (hakim Şövkətli-X3)

6. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh ##.##.2017-ci il tarixdə iddiaçının oğlu nikaha daxil olmuş və iddiaçının gəlini kimi mənzilə köçmüşdür. Bu baxımdan məhkəmə hesab etmişdir ki, mübahisəyə yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

7. Cavabdeh iddiaçının ailə üzvü olmamış, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra mənzilə köçərək yaşamağa başladığından onun iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmamışdır. Eləcə də, iş materiallarında cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmasını təsdiq edən mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma aşkar olunmamışdır.

8. Qeyd edilənlərə əsasən müəyyən olunmuşdur ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcud olmamışdır. Belə olan halda, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu pozur. Odur ki, iddiaçı mülkiyyətçi kimi mənzilindən istifadə hüququ olmayan şəxsin çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.

9. Həmçinin, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. İddiaya etirazın dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqları mülkiyyətçi kimi daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan qeydə əsaslanır, odur ki, hazırki halda mənzilin ödənişinin hansı qaydada edilməsi, cavabdehin himayəsində azyaşlı uşaqlarının olması və başqa yaşayış yerinin olmaması iddianın mülkiyyətçi kimi hüquqlarının pozulmasına əsas ola bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli və ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair”” ##.##.2020-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Qarayeva Xəyalə Elsevər qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi, iddia mümkün hesab edilərsə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarının tələblərinə uyğun olaraq, bazar qiymətinə uyğun ədalətli kompensasiya müəyyən edilməsi və yaxud ona və iki azyaşlı uşağa alternativ yaşayış yeri tapılması üçün ağlabatan müddət (minimum 8 ay) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə ananı uşaqlarsız, uşaqları da anasız mənzildən çıxartmamalı, çıxarırsa hər bir halda diqqətəlayiq hüquqlarını pozmamalı idi. Birinci instansiya məhkəməsi bu normaları nəzərə almamış, uşaqların hüquqi vəziyyətini araşdırmamış, onların mövcud yaşayış mühitinin pozulmasının nə kimi nəticələrə gətirib çıxaracağını qiymətləndirməmişdir. Bu həm maddi, həm də prosessual hüquq normalarının kobud pozuntusudur. Onun mənzildən çıxarılması həm hüquqi baxımdan uşaqların yaşayış yerini dəyişdirir, həm də faktiki olaraq uşaqların həmin mənzildən çıxarılmasına gətirib çıxarır. İddia ərizəsini formal olaraq yalnız ona qarşı yönəlmiş kimi qiymətləndirməklə məhkəmə, mahiyyət etibarilə iki azyaşlı uşağın da çıxarılmasına qərar vermiş olmuşdur. Bu isə BMT Konvensiyasının 3-cü maddəsindən irəli gələn uşağın üstün mənafeyi prinsipinin birbaşa pozulmasıdır. Eyni zamanda, uşaqlar uzun müddətdir həmin mənzildə yaşayırlar, onların sosial mühiti, təhsil yeri, tibbi müalicə əlaqələri bu ünvanla birbaşa bağlıdır. Onların bu mühitdən məcburi ayrılması BMT Konvensiyasının 6-cı maddəsi ilə qorunan inkişaf hüququnu məhdudlaşdırır. Məhkəmə yalnız onun statusunu "keçmiş ailə üzvü" kimi qiymətləndirmiş, lakin azyaşlı uşaqların iddiaçı-baba ilə ailə münasibətlərinə qiymət verməmişdir. Buna görə azyaşlı uşaqlar həm mülkiyyətçinin birbaşa qohumları, həm də onun qanuni öhdəliyi olan şəxslər kimi, Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələri ilə qorunan mənzildə yaşamaq hüququna malikdirlər. Məhkəmə bu hüquqi əsasları araşdırmamış, qətnaməsini yalnız formal mülkiyyət hüququ ilə məhdudlaşdırmışdır. Nəvələrin mənzildən istifadə hüququna dair etirazlarını qiymətləndirməmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ müəyyən hallarda, onun maddi vəziyyəti və digər diqqətəlayiq hallar nəzərə alınmaqla məhkəmə tərəfindən saxlanıla bilər. Hazırki işdə onun alternativ yaşayış yeri yoxdur, iki azyaşlı uşağı himayəsində saxlayır, maddi vəziyyəti ağırdır. Bu diqqətəlayiq hallar məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə mülkiyyətin formal qeydiyyatı ilə məhdudlaşmış, iddiaçının yaşayış vəziyyətini araşdırmamışdır. Halbuki bu hallar həm kompensasiya məbləğinin müəyyən edilməsi, həm də iddianın hüquqdan sui-istifadə məqsədi daşıyıb-daşımadığının qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, iddiaçının Pirallahı qəsəbəsində iki evi olmuşdur. Bunlardan biri onun öz yaşayış evi idi və hazırda da iddiaçı həmin evdə yaşayır, o evi satmamış, yaşayış yeri kimi saxlamışdır. İkinci ev isə oğlu X5 üçün nəzərdə tutulmuş, ailə qurarkən onların yaşamaqları məqsədilə istifadəyə verilmiş, lakin formal olaraq iddiaçının adına qeydiyyata alınmışdır. Onlar ailə qurduqdan sonra həmin Pirallahı evində yaşamış, iki uşaq da həmin evdə dünyaya gəlmişdir. Uşaqlar böyüdükcə şəhərin mərkəzinə yaxın ərazidə daha yaxşı sosial mühit, təhsil imkanı və yaşayış şəraiti axtararaq indiki mənzili almaq qərarına gəlmişlər. Pirallahı evinin satışından əldə olunan məbləğ mənzilin qiymətini tam ödəməyə yetmədiyindən, onların birgə nikah dövründəki qazancları hesabına əlavə məbləğ ödənilmiş və hazırki mənzil alınmışdır. Bu mənzil də formal olaraq iddiaçının adına qeydiyyata alınmışdır. Beləliklə, iddiaçının həm Pirallahı qəsəbəsindəki yaşayış evi, həm də hazırki mübahisəli mənzil mövcuddur. İddiaçı mənzilə köçürülməsi iddiası irəli sürmüş, lakin onun öz yaşayış evi olduğu, müstəqil şəkildə orada yaşadığı faktı məhkəmə tərəfindən araşdırılmamışdır. Bu baxımdan iddiaçının mənzilə ehtiyacının zəruriliyi iddiası şübhə altına düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyət hüququ elə həyata keçirilməlidir ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətin ailə üzvlərinin birgə əməyi və gəliri hesabına alındığı, iddiaçının öz ayrı yaşayış evinin mövcud olduğu halda, keçmiş gəlinini və iki nəvəsini həmin mənzildən çıxarmaq üçün formal mülkiyyət hüququndan istifadə edilməsi hüquqdan sui-istifadə əlamətlərini özündə ehtiva edir. Məhkəmə bu hüquqi mövqeyi tamamilə nəzərə almamış, iki azyaşlı uşaqla yaşayan, alternativ yaşayış yeri olmayan onun üçün heç bir kompensasiya müəyyən etməmişdir. Bu Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə açıq ziddiyyət yaratmaqla qətnaməni əsassız edir. Hazırki işdə iki azyaşlı uşağın yaşayış yeri, sosial müdafiəsi, inkişaf mühiti və onun himayəsinə verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin faktiki icrası birbaşa risk altındadır. "Uşaq hüquqları haqqında" AR Qanununun 5-ci maddəsinə, eləcə də müvafiq ailə qanunvericiliyinə əsasən qəyyumluq və himayə orqanı bu kateqoriyalı işlərdə məhkəmə prosessinə cəlb edilməli, uşaqların ən üstün maraqlarına dair müstəqil rəy bildirməlidir. Həmin maddə dövlət orqanlarına uşaqların mənafelərini üstün tutmaq öhdəliyi verdiyi kimi, məhkəmə də işdə uşaqların mənafeyinin müstəqil qiymətləndirilməsini təmin etməyə borcludur. Qəyyumluq və himayə orqanının rəyi olmadan iki azyaşlı uşağın yaşayış mühitini köklü şəkildə dəyişdirəcək belə bir qərar qəbul edilməsi prosessual hüquq normalarının pozulmasını təşkil edir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı qəyyumluq orqanının rəyini almalı, uşaqların mövcud vəziyyəti, psixoloji durumu, sosial mühitə inteqrasiyası barədə müstəqil qiymətləndirmə aparılmasını təmin etməlidir. Bu tədbirsiz qəbul ediləcək hər hansı qərar beynəlxalq və milli hüquq normalarına zidd olacaqdır. İddia ərizəsinin məzmunu əsasən formal xarakterli və həqiqəti əks etdirməyən mülahizələrdən ibarətdir. İddianın əsasını yalnız iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın mövcudluğu təşkil etmişdir. Halbuki, iddia ərizəsində onun həmin mənzildə müvəqqəti yaşaması, iddiaçının mənzildə yaşamaq niyyətinin olması və digər bu kimi hallar faktiki vəziyyətə uyğun gəlmir. Məhkəmə qərarında Konstitusiya Məhkəməsinin qeydiyyatın yaşayış sahəsindən istifadə hüququ yaratmaması ilə bağlı hüquqi mövqelərinə istinad etsə də, həmin məhkəmənin yaşayış sahəsindən çıxarılma ilə bağlı işlərdə sosial balansın qorunması, azyaşlı uşaqların mənafelərinin üstün tutulması, şəxslərin diqqətəlayiq maraqlarının nəzərə alınması barədə formalaşdırdığı hüquqi mövqeləri ümumiyyətlə nəzərə almamışdır. İşin həqiqi halları ondan ibarətdir ki, onun iddiaçının oğlu ilə nikahı pozulmamış olsaydı, o və azyaşlı övladları həmin mənzildə yaşayışlarını davam etdirəcəkdilər. Heç vaxt onların həmin mənzildə yaşamaları müvəqqəti xarakterli hesab edilməmişdir. Onun gəlin qismində ailəyə daxil olması və sonradan həmin mənzildə iki azyaşlı uşağın dünyaya gəlməsi də yaşayışın müvəqqəti deyil, ailə münasibətlərindən irəli gələn davamlı xarakter daşıdığını göstərir. Bundan əlavə, mübahisəli mənzil onunla iddiaçının oğlunun əvvəllər yaşadıqları Pirallahı qəsəbəsində yerləşən yaşayış evinin satılması və ailə vəsaitləri hesabına əlavə təxminən 15.000 manat məbləğində pul vəsaiti ödənilməsi nəticəsində əldə edilmişdir. İddiaçı mübahisəli mənzildə heç vaxt daimi yaşamamış, həmin mənzil onun faktiki yaşayış yeri olmamışdır. Buna görə də, mübahisəli mənzildən dərhal istifadə etmək və ya oraya təxirəsalınmaz qaydada köçmək zərurətinin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Mübahisəli mənzildən istifadə edə bilməməsi iddiaçını yaşayış yerindən məhrum etmir, onun normal həyat tərzinə və yaşayış şəraitinə əhəmiyyətli mənfi təsir göstərmir. Onun və azyaşlı uşaqların mübahisəli mənzildən dərhal çıxarılması isə faktiki olaraq onların yaşayış yerindən məhrum edilməsinə gətirib çıxarır. Belə bir müdaxilə yalnız cavabdehin deyil, eyni zamanda mübahisənin birbaşa tərəfi olmayan, dolayı tərəf olan azyaşlı uşaqların da mənafelərinə birbaşa və ciddi təsir göstərir. Nəticədə uşaqların təhsil şəraiti, sosial mühiti, formalaşmış həyat tərzi və sabit inkişaf mühiti pozulur. Halbuki, işə baxılarkən məhkəmə azyaşlı uşaqların üstün mənafeyinin təmin edilməsini, onların yaşayış şəraitinə və gələcək inkişafına təsir göstərə biləcək nəticələri ayrıca qiymətləndirməli, mülkiyyət hüququ ilə uşaqların mənzil və ailə həyatı ilə bağlı mənafeləri arasında ədalətli balans yaratmalı idi. Lakin qətnamədə bu məsələlərə lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə sosial balans prinsipini nəzərə alaraq, heç olmasa, cavabdehlərə digər yaşayış sahəsi tapmaları, azyaşlı uşaqların təhsil və sosial mühitə adaptasiyasının pozulmaması üçün müəyyən müddət, məsələn 12 ay verilməsini təmin edə bilərdi. Məhkəmə iclasında iddiaçı cavabdehlərin etirazlarına münasibət bildirərkən uşaqlarla bağlı iddia qaldırmadığını, uşaqların istəsələr mənzildə qala, istəsələr başqa yerə gedə biləcəklərini bildirmişdir. Lakin məhkəmə bu ifadəyə heç bir hüquqi qiymət verməmişdir. Halbuki, söhbət azyaşlı uşaqlardan gedir. Azyaşlı uşaqların analarının himayəsi və nəzarəti olmadan müstəqil şəkildə yaşayış yerini seçməsi və ya sərbəst hərəkət etməsi faktiki və hüquqi baxımdan mümkün deyil. İddiaçının həmin izahatı özü belə iddia tələbinin real vəziyyətlə uzlaşmadığını göstərdiyi halda, məhkəmə bu mühüm halı araşdırmamış və qətnamədə ona münasibət bildirməmişdir. Bu halda AR MPMnin 88-ci maddəsindəki hərtərəfli araşdırma öhdəliyi məhkəmə tərəfindən pozulmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, Konstitusiya Məhkəməsinin sosial balansın qorunmasına dair hüquqi mövqelərini tətbiq etməmiş və nəticədə qanuni və əsaslı hesab edilə bilməyəcək qətnamə qəbul etmişdir. Məhkəmə iki azyaşlı uşağın yaşamaq və inkişaf hüquqlarını mülkiyyət hüququ ilə balanslaşdırmadan, bu konstitusion prioriteti nəzərə almamışdır. Cavabdehin azyaşlı uşaqlarla başqa yaşayış yeri olmadan yaşaması diqqətəlayiq hal kimi qiymətləndirilməmiş, yaşamaq hüququnun müəyyən müddətə saxlanılması imkanı araşdırılmamışdır. Məhkəmə uşaqların xüsusi müdafiə hüququ ilə bağlı konstitusion tələbi nəzərə almadan, onların yaşayış hüquqlarına birbaşa təsir edən qərar qəbul etmişdir. Uşaqlar barəsindəki bütün qərarlarda uşağın üstün mənafeyi əsas götürülməlidir. Məhkəmə bu beynəlxalq öhdəliyi yerinə yetirməmişdir. Azyaşlı nəvələrin "digər qohumlar" kateqoriyası üzrə mənzildən istifadə hüququ olmasına baxmayaraq, məhkəmə bu halı araşdırılmamış, Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Qərarındakı şərh tətbiq edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına zidd olaraq məhkəmə bazar qiymətinə uyğun kompensasiya məbləğini müəyyən etməmişdir. Baba ilə azyaşlı nəvələr arasındakı hüquqi münasibətlər araşdırılmamış, nəvələrin babadan saxlanılma tələb etmək hüququ nəzərə alınmamışdır. İddiaçının öz ayrı yaşayış evi mövcud olduğu, mənzilin tərəflərin birgə qazancı hesabına alındığı halda formal mülkiyyət hüququndan istifadə edərək keçmiş gəlini və nəvələrini çıxarmaq hüquqdan sui-istifadə əlamətlərini ehtiva edir. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Dövlət orqanları uşaqların mənafelərini üstün tutmaqla bağlı öhdəliklərini yerinə yetirməli olsalar da, məhkəmə bu öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iş üzrə sübutlara tam, hərtərəfli və qərəzsiz baxmamış, azyaşlı uşaqların hüquqi vəziyyəti ilə bağlı faktiki hallar araşdırılmamışdır. Qətnamə azyaşlı uşaqların hüquqi maraqlarını, onların ailə üzvü statusunu, həmin mənzilə bağlı yaşayış mühitini qiymətləndirmədiyi üçün işin həqiqi hallarına uyğun əsaslandırılmamışdır. Məhkəmə müəyyən etmişdir ki, onun mənzildən istifadə hüququ mövcud olmamışdır. Bu nəticəyə azyaşlı nəvələrin Mənzil Məcəlləsinin 30.1-ci maddəsi üzrə müstəqil yaşayış hüququ araşdırılmadan gəlinmişdir. Nəvələrin hüququ qiymətləndirilsəydi, onun mənzildən istifadə hüququnun xitamı avtomatik nəticə vermirdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, apellyasiya şikayəti tamamilə əsassızdır, qanunauyğun deyil və rədd edilməlidir. Cavabdeh onun birbaşa ailə üzvü (arvadı, uşağı və ya valideyni) deyil. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarının mənasına görə, digər qohumların ailə üzvü hesab edilməsi üçün mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan şəxs qismində köçürülməsi şərti mövcuddur. Cavabdeh heç bir vaxt bu kateqoriyaya aid olmamışdır. Cavabdeh mənzilə yalnız onun oğlu ilə evli olduğu dövrdə müvəqqəti və iradəyə əsasən köçmüşdür. Onların arasında mənzildən istifadə hüququnu tənzimləyən notarial qaydada təsdiq edilmiş hər hansı yazılı razılaşma yoxdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin mənzildən müstəqil istifadə hüququnun heç vaxt yaranmadığı nəticəsinə gəlmişdir. Hüququ olmayan şəxsin mənzildə qalması onun Konstitusiyanın 29-cu maddəsi ilə qorunan hüquqlarının pozulmasıdır. Apellyasiya şikayətində azyaşlı uşaqların (nəvələrin) mənzildən çıxarılması barədə tələb irəli sürülmədiyini, lakin ananın çıxarılmasının dolayı yolla uşaqların da çıxarılması demək olduğunu əsas gətirərək qətnamənin qanunsuz olduğunu iddia edir. Bildirir ki, iddia predmeti yalnız istifadə hüququ olmayan keçmiş gəlin Qarayeva Xəyalə Elsevər qızına qarşı yönəlmişdir. Azyaşlı uşaqların hüquqları ilə bağlı birinci instansiya məhkəməsində də onun tərəfindən ifadə edildiyi kimi, babanın öz nəvələrinə qarşı hər hansı mənfi mövqeyi yoxdur. Lakin uşaqların anasının mənzildən çıxarılması mülkiyyətçinin öz əmlakından dinc istifadə hüququnun bərpası üçün zəruri maddi hüquqi tələbdir. Uşaqların himayə və yaşayış yeri məsələsi nikahın pozulması zamanı valideynlər arasında həll edilmişdir və onun üzərinə cavabdehə mənzil təqdim etmək barədə qanunla öhdəlik qoyula bilməz. Cavabdeh tərəfi kompensasiya verilməsini və ya onlara alternativ yaşayış yeri tapılması üçün müddət verilməsini tələb edir. Lakin nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmış və bu hüquqa xitam verilən şəxslərə şamil olunur. Birinci instansiya məhkəməsi işin hallarını tam araşdıraraq müəyyən etmişdir ki, cavabdehin bu mənzildən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Hüququ mövcud olmayan şəxsə isə hüququn xitamı müqabilində bazar qiyməti ilə kompensasiya ödənilməsi qanunvericiliyin tələblərinə tamamilə ziddir. Onun Pirallahı qəsəbəsində və ya digər yerdə əmlakının olub-olmaması mülkiyyətçinin özünün xüsusi mülkiyyətindən istifadə hüququnu məhdudlaşdıra bilməz. Cavabdeh iddia edir ki, o, mənzilə keçmiş gəlin kimi deyil, davamlı ailə münasibətləri zəminində köçmüşdür və bu səbəbdən mənzildən istifadə hüququ yaranmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənzil qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" ##.##.2023-cü il tarixli, * nömrəli Qərarının müvafiq bəndlərində aydın şəkildə qeyd olunur ki, şəxsin yaşayış sahəsinə köçməsi və orada qeydiyyatda olması öz-özlüyündə müstəqil mənzildən istifadə hüququ yaratmır. Plenumun qeyd olunan hüquqi mövqeyinə görə, mülkiyyətçi ilə onun ailə üzvü olmayan şəxslər (o cümlədən gəlin) arasında mənzildən istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın mövcudluğundan asılıdır. Onların arasında belə bir yazılı müqavilə/razılaşma olmadığı üçün birinci instansiya məhkəməsi Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinə uyğun olaraq cavabdehin mənzildən istifadə hüququnun mövcud olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Azyaşlı nəvələrin isə yaşayış yeri Mülki Məcəlləsinin 27-ci maddəsinə və qanuni qüvvəyə minmiş boşanma qətnaməsinə əsasən valideynlərinin (ananın) yaşayış yeri ilə müəyyən edildiyindən, uşaqların baba mülkiyyətindən müstəqil mənzil hüququ əldə etməsi mümkün deyil. Cavabdeh şikayətində Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına istinad edərək bazar qiymətinə uyğun kompensasiya ödənilməsini tələb edir. Lakin cavabdeh həmin hüquqi mövqeyi yanlış şərh edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun AR Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin şərh edilməsinə dair ##.##.2014-cü il tarixli Qərarında aydın şəkildə müəyyən edilmişdir ki, mənzildən çıxarılma zamanı kompensasiya məsələsi yalnız mənzildən qanuni istifadə hüququ yaranmış və sonradan bu hüququna xitam verilən şəxslərə şamil oluna bilər. Birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən cavabdehin mülkiyyətçi ilə hər hansı notarial qaydada təsdiq edilmiş yazılı razılaşmasının olmadığını, mənzilə köçərkən onun müstəqil istifadə hüququnun heç vaxt yaranmadığını qanuni surətdə müəyyən etmişdir. Hüququ kökündən mövcud olmayan şəxsin mülkiyyətdən çıxarılması müqabilində mülkiyyətçinin üzərinə kompensasiya ödənişi öhdəliyinin qoyulması mülkiyyət hüququnun konstitusion əsaslarını (Konstitusiyanın 29-cu maddəsini) birbaşa pozur. Cavabdeh azyaşlı uşaqların mənzilə bağlılığını və alternativ yaşayış yerinin olmamasını əsas gətirərək çıxarılma qətnaməsinə etiraz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli Qərarında həmçinin göstərilir ki, ailə münasibətlərinə xitam verilməsi (boşanma) faktı keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus mənzildən istifadə hüququna xitam verilməsi üçün müstəqil əsasdır. Konstitusiya Məhkəməsi vurğulayır ki, mülkiyyətçinin hüquqları ilə mənzildən istifadə edən şəxslərin (və onların himayəsindəki uşaqların) sosial maraqları arasında ədalətli balans qorunmalıdır, lakin bu balans mülkiyyətçinin öz əmlakı üzərindəki hüquqlarını tamamilə iflic edəcək dərəcədə onun əleyhinə yönələ bilməz. Uşaqların qanuni nümayəndəsi olan ananın mənzildə qalmaq hüququ qanunla bitdiyi halda, mülkiyyətçinin iradəsi ziddinə olaraq uşaqların maraqları bəhanəsi ilə mənzilin faktiki zəbt altında saxlanılması hüquqdan sui-istifadədir və qeyd olunan Plenum Qərarının prinsiplərinə tamamilə ziddir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında cavabdeh Qarayeva Xəyalə Elsevər qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Əliyev İlqar Kamil oğlu apellyasiya şikayətini qəbul etməyərək, ona verilmiş etirazın və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 228.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.

25. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, cavabdeh iddiaçının oğlunun arvadı olmuşdur. Cavabdeh iddiaçının oğlu ilə ##.##.2017-ci il tarixdə nikaha daxil olmuşdur. Mübahisə predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən ** saylı evin ** saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin əmlak iddiaçının mülkiyyətinə keçdikdən sonra onun oğlu, cavabdeh və onların uşaqları həmin mənzildə yaşamağa başlamışdır. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır. Cavabdeh hazırda uşaqları ilə birlikdə iddiaçıya məxsus olan həmin mənzildə yaşayır.

26. Hazırda iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququ olmadığıdan onun mənzildən çıxarılmasını, özünün mənzilə köçürülmsi və mənzilin ona təhvil veriməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, mənzildə azyaşlı uşaqları ilə birlikdə yaşadığını, onunla yanaşı uşaqlarının da rifahının nəzərə alınmalı olduğunu, iddiaçının oğlu ilə evləndikdən sonra iddiaçının mülkiyyətində olan başqa bir fərdi yaşayış evində yaşadıqlarını, sonradan həmin evi satışından əldə edilən vəsaitə 15.000 manat əlavə etməklə hazırda yaşadıqları mənzili aldıqlarını, iddiaçının başqa yaşayış yerinin olduğunu, iddiaçı tərəfindən həmin ünvana pasport qeydiyyatına alındığını, iddiaçının nəvələri olan uşaqlarının həmin mənzilə hüquqlarının olduğunu bildirir və iddianın rədd edilməsini, iddia təmin edildiyi halda isə ona kompensasiya ödənilməsini və ya başqa yaşayış yeri tapa bilməsi üçün ona minimum 8 ay möhlət verilməsini xahiş edir.

27. Bununla belə, iddia tələbi şərti olaraq 3 hissədən ibarətdir: 1) cavabdehin həmin mənzildən çıxarılması; 2) iddiaçının mənzilə köçürülməsi və 3) mənzilin iddiaçıya təhvil verilməsi.

28. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, cavabdehin mənzildən çıxarılması tələbinə hüquqi qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir və iddia tələbinin ilk hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü”, “digər qohumlar” və “digər şəxs” prizmasından yanaşılır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində şəxsin mülkiyyətçinin “ailə üzvü” hesab edilməsi üçün onun mülkiyyətçinin əri (arvadı), uşaqları və ya valideynləri olması və onunla birlikdə yaşaması tələb olunur. Həmin maddənin 2-ci cümləsində təsbit edilmiş “digər qohumlar” ifadəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Fəsildə də ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhdəliklərinin əsasları müəyyən edilir.

29. Bununla belə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə cavabdeh iddiaçının oğlunun arvadı olaraq onun “ailə üzvü” və “digər qohumu” hesab edilən şəxslərin dairəsinə daxil deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yaşamasına baxmayaraq, cavabdehin mübahisəli mənzildən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Cavabdehin iddiaçının oğlunun arvadı olması da bu hüquqi vəziyyəti dəyişmiş olmur.

30. Mövcud vəziyyətdə cavabdeh iddiaçıya münasibətdə “digər şəxs” statusuna malik olan şəxsdir. Bu baxımdan cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Hazırki halda isə belə bir razılaşma mövcud deyil və iddiaçının cavabdehin onun mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasını təkidlə tələb etdiyi bir vəziyyətdə bunun qeyri-mümkünlüyü bir mənalıdır.

31. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz.

32. Bu baxımdan cavabdeh hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh iddianın təmin ediləcəyi təqdirdə ona iddiaçı tərəfindən kompensasiya ödənilməsini və ya başqa yaşayış yeri tapması üçün 8 aylıq möhlət verilməsini xahiş etsə də, qeyd edilənlərin təmin edilməsi üçün ilk öncə cavabdehin mənzildən istifadə hüququ olmalı (yaranmalı), cavabdeh iddiaçının keçmiş ailə üzvü olmalı idi. Belə ki, kompensasiya şəxsə istifadə hüququna xitam verilməsinin müqabilində ödənilən məbləğdir. Cavabdehin isə mübahisəli mənzilə münasibətdə istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Bu səbəbdən göstərilən istiqamətdə tələblər təmin edilə bilməz.

34. Cavabdeh tərəfindən mübahisəli mənzilin alınması üçün əri ilə onun tərəfindən 15.000 manat vəsaitinin sərf edildiyi iddia edilsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqdim edilsə belə, bu halın mövcudluğu onun mənzildən istifadə etmək hüququnu deyil, mülkiyyətçidən çəkdiyi xərcin əvəzinin tələb etmək hüququnu yaratmış olardı.

35. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasitədə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Bu səbəbdən cavabdehlə iddiaçının oğlunun birgə nikahdan doğulmuş uşaqlar cavabdehin himayəsində saxlanıldığından həmin uşaqların yaşayış yeri cavabdehin yaşayış yeri sayılacaqdır. Həmin uşaqların iddiaçının nəvələri olması cavabdehə münasibətdə mübahisəli mənzillə bağlı müstəsna hüquqlar yaranması üçün əsas yaratmır. Hazırda cavabdeh də apellyasiya şikayətini uşaqlarının qanuni nümayəndəsi kimi deyil, özünə münasibətdə təqdim etmişdir.

36. Məhkəmə kollegiyası iddiaçının mənzilə köçürülməsi və mənzilin ona təhvil verilməsinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. İddiaçı oğlunun və cavabdehin mənzildən müvəqqəti istifadəsinə razılıq vermiş və mənzili onların müvəqqəti olaraq əvəzsiz istifadəsinə vermişdir. Onun oğlu həmin mənzildə yaşamasa da, cavabdeh bügünədək orada yaşayır, mənzil onun istifadə və sahibliyindədir. Halbuki, artıq müəyyən edildiyi kimi, onun bu mənzildə yaşamaq, ondan istifadə və onlara sahiblik etmək üçün hər hansı hüquqi əsası yoxdur. Başqa sözlə, cavabdehin mübahisəli əmlaka hər hansı hüquqi bağlılığının olmamasına baxmayaraq, onun hazırda həmin mənzildə yaşaması və bu vəziyyətin qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. O, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir.

37. Məhkəmə kollegiyası bu konteksdə qətnamənin 32-ci və 36-cı bəndlərində göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı mülkiyyətində olan mənzilə köçürülməli və həmin mənzil ona təhvil verməlidir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.

38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Qarayeva Xəyalə Elsevər qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsi cavabdeh Qarayeva Xəyalə Elsevər qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Qarayeva Xəyalə Elsevər qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar