Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2800/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «istifadə hüququnun olmamasının (yaranmamasının) müəyyən (təsbit)edilməsi, subyektiv hüquqla, qanunla qorunan marağın uzlaşması, məhkəmə müdafiəsi hüququnun pozulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 36,7 kv.m olan mənzil mülkiyyət hüququ ilə İddiaçı adına ##.##.2019-cu il tarixində qeydiyyata alınıb.
2. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, ##.##.2025-ci il tarixli arayışında göstərilib ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X14 (##.##.1951); X9, (##.##.1978); X3, (##.##.2011); X10, (##.##.1980); X30, (##.##.2010); X12, (##.##.1971); X11, (##.##.1981); X7, (##.##.2004); Cavabdeh, (##.##.2005); Cəfərov Emin İsaq oğlu, (##.##.1973); X4, (##.##.2003); X20, (##.##.2007); Cəfərov Seymur İsaq oğlu (##.##.1974).
3. Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsində yaşayan X15, X8, X6 tərəfindən tərtib olunmuş və ** saylı MKİS tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli aktda göstərilib ki, Cavabdeh ailə qurması ilə əlaqədar ## ######## 2023-cü ildən etibarən ünvan 2 ünvanında faktiki olaraq yaşamır. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər.
4. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ** saylı Mənzil-Kommunal İstismarı Sahəsinin *** nömrəli, ##.##.2026-cı il tarixli məlumatında göstərilib ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 36,7 m² olan mənzil İddiaçı adına özəlləşdirilmişdir. ##.##.2005-ci il təvəllüdlü vətəndaş Müslümova (əvvəlki soyadı Cəfərzadə) Fidan Emin qızı, nənəsi İddiaçı mülkiyyətində olan həmin mənzildə 2005-ci ildən daimi pasport qeydiyyatındadır. Onlarda telefon nömrəsi olmadığı üçün Cavabdeh ilə əlaqə yarada bilməmişlər. Ailə üzvlərinin dediyinə görə hal-hazırda həmin ünvanda yaşamır.
5. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiçaı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı "Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi, vəkil xidməti üçün 320 (üç yüz iyirmi) manatın və dövlət rüsumuna görə 100 (yüz) manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.
7. İddiada göstərilib ki, cavabdeh Cavabdeh iddiaçının razılığı ilə həmin ünvana müvəqqəti olaraq yaşayış yeri üzrə qeydiyyata salınmışdır. Lakin cavabdeh faktiki olaraq heç vaxt həmin mənzildə yaşamamışdır. Cavabdeh qeydiyyatda olduğu dövrdə başqa ünvanda yaşamış, iddiaçı ilə birgə təsərrüfat aparmamışdır. Beləliklə, cavabdehin iddiaçıya məxsus mənzildə yaşamaqla bağlı faktiki istifadəsi və ailə üzvü kimi orada iştirak etməsi reallıqda mövcud olmamışdır. Dfələrlə cavabdehdən həmin ünvandan könüllü olaraq qeydiyyatdan çıxmasını tələb etsə də, cavabdeh hər dəfə söz vermiş, lakin qeydiyyatdan çıxmamışdır. Bu səbəbdən iddiaçı 2024-cü ilin iyul ayında rəsmi şəkildə Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinə müraciət edərək cavabdehin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu ##.##.2024-cü il tarixli məktubla bu müraciəti təmin etməmiş, cavabdehin qeydiyyatdan çıxarılması üçün məhkəmə qərarının tələb olunduğunu bildirmişdir. Həmin cavab məktubunda göstərilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır” və bu məsələnin həlli üçün mülki qaydada məhkəməyə müraciət edilə bilər. Cavabdehin faktiki yaşamasa da, həmin ünvanda qeydiyyatda qalması iddiaçının konstitusion mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədir. İddiaçının tam mülkiyyətində olan mənzildə kənar şəxsin qeydiyyatda qalması onun sözügedən əmlaka sərbəst surətdə sərəncam vermək imkanını məhdudlaşdırır. Xüsusilə, yaşayış sahəsində qeydiyyatda olan şəxsin sonradan mənzildən çıxarılması zərurəti iddiaçının əmlakı özgəninkiləşdirməsini çətinləşdirir və əmlak hüquqlarının tam həyata keçirilməsinə hüquqi maneə kimi çıxış edir. Qeyd edilən səbəblərlə, iddiaçı əvvəlcə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qeydiyyatdan çıxarılması öhdəliyinin polis orqanının üzərinə qoyulmasını tələb etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi ##.##.2024-cü il tarixli qərardadı ilə həmin iddianı inzibati icraatda mümkün hesab etməmişdir. Məhkəmə izah etmişdir ki, cavabdehin mənzildən çıxarılması və qeydiyyatdan çıxma məsələsi mülki-hüquqi xarakter daşıyır və bu mübahisə ümumi yurisdiksiyalı (rayon) məhkəmədə, mülki qaydada həll edilməlidir. İnzibati məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli qərarına istinadla, mülkiyyətçi ilə digər şəxs arasındakı bu mübahisənin mahiyyətcə xüsusi mülki hüquq müstəvisində olduğunu vurğulayaraq və eləcə də hazırki iş üzrə cavabdehin mənzilə münasibətdə istifadə hüquqlarının olub-olmaması məsələsinin araşdırılmasını əsas göstərərək iddianı mümkün saymamışdır. İddiaçıya məhkəmənin qərardadı ilə izah olunmuşdur ki, o, “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə” tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət edə bilər. Hazırkı iddia ərizəsi məhz göstərilən hüquqi aidiyyət üzrə, mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmişdir. Bu mübahisəyə tətbiq olunan maddi hüquq normaları, müvafiq Konstitusiya Məhkəməsi qərarlarında da izah edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Mənzil Məcəlləsi ilə tənzimlənir. Xüsusilə, Mülki Məcəllənin 228-ci maddəsi yaşayış binasının (mənzilin) tərkib hissəsindən istifadə hüququ məsələlərini əhatə edir. Yuxarıda qeyd olunan normaların tələbindən də görünür ki, cavabdeh Cavabdeh iddiaçıya məxsus mənzilə dair hər hansı qanuni istifadə hüququ mövcud deyil. Bundan başqa, cavabdehlə mülkiyyətçi arasında mənzildən istifadə barədə heç bir yazılı və notarial təsdiqli razılaşma mövcud olmamışdır. Onun qeydiyyata düşməsi yalnız mülkiyyətçinin müvəqqəti razılığına əsaslanmış, lakin bu razılıq hər hansı hüquqi müqavilə şəklində rəsmiləşdirilməmişdir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu əsasında əldə edilmiş məlumata görə, cavabdehin həmin mənzilə dair hər hansı istifadə hüququ dövlət reyestrində qeydə alınmamışdır. Bu fakt, Mülki Məcəllənin 228.1-ci maddəsinin tələb etdiyi ikinci şərtin (hüququn dövlət qeydiyyatı) təmin olunmadığını birbaşa göstərir. Başqa sözlə, cavabdehin həmin mənzildə qeydiyyatda olması onun adına dövlət reyestrində qeyd edilmiş müstəqil bir əşya hüququ (yaşayış sahəsinə istifadə hüququ) yaratmamışdır. Yuxarıda sadalanan hüquqi əsaslar və faktiki hallar kontekstində iddiaçının tələbi tam qanuni və əsaslıdır. Cavabdeh Cavabdeh iddiaçıya məxsus mənzilə qarşı hər hansı hüquqi tələbi və ya oradan istifadə imtiyazı yoxdur. Belə ki, Mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin razılığı olmadan davam edən qeyri-qanuni qeydiyyat və mənzilə iddia iddiaçının mülki hüquqlarının pozulması deməkdir. Bundan başqa, cavabdeh mübahisəli evdə yaşamadığından, istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Odur ki, cavabdehin yaşayış sahəsindən istifadəyə dair iddiaçının mülkiyyət hüququna xələl gətirən vəziyyət aradan qaldırılmalı, cavabdehin həmin mənzildə istifadə hüququnun mövcud olmaması təsdiq edilməklə xitam verilməsi təmin olunmalıdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı nəvəsidir. Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildə 2005ci ildən daimi pasport qeydiyyatındadır. İddiaçı həmin mənzilə dair ##.##.2019-cu il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsində yaşayan X15, X8, X6 tərəfindən tərtib olunmuş və ** saylı MKİS tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh ailə qurması ilə əlaqədar ## ######## 2023-cü ildən etibarən ünvan 2 ünvanında faktiki olaraq yaşamır. Cavabdeh məhkəmə verdiyi izahatında da bildirmişdir ki, mübahisəli ünvanda yalnız qeydiyyatdadır, öz azyaşlı övladı ilə birlikdə başqa ünvanda kirayədə yaşayır. İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında istifadə hüququ bağlı münasibətlər 2009cu il #######ın #-dən əvvəl yarandığından, bu münasibətlərdən yaranan mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, cavabdehin mənzildən istifadəsinə dair notarial qaydada təsdiq edilmiş yazılı razılıq yoxdur. Onun iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüquq yaranmamışdır. Bundan başqa iddiaçı və cavabdehin məhkəmə verdiyi izahatlardan və işdə olan sübutlarla təsdiq edilmişdir ki, cavabdeh Cavabdeh həmin mənzildə faktiki olaraq heç vaxt yaşamamışdır. Qanunvericiliyə görə, istifadə hüququ şəxsin yaşayış sahəsinə daxil olması, orada məskunlaşması və yaşayış ehtiyaclarını ödəməsi ilə reallaşır. Cavabdehin mənzildə heç vaxt yaşamaması, onun qeydiyyatının yalnız formal xarakter daşıdığını göstərir. Formal qeydiyyat isə özlüyündə mənzil üzərində istifadə hüququ yaratmır. Göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, "istifadə hüququna xitam verilməsi" tələbi o halda təmin edilə bilər ki, həmin hüquq əvvəllər qanuni əsaslarla yaranmış olsun. Cavabdehin mənzildə mülki qanunvericiliyə əsaslanan istifadə hüququ yaranmadığı üçün, mövcud olmayan bir hüququn xitamı barədə qərar qəbul edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Odur ki, hazırki mübahisəyə dair məhkəmə qətnaməsi cavabdeh Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edib şikayətində göstərir ki, iddiaçı həmin mənzilə dair ##.##.2019-cu il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Yəni faktiki olaraq iddiaçı mübahisəli əmlakın üzərində mülkiyyət hüququnu 2019-cu ildə əldə etmişdir, belə olan halda aralarında istifadə hüququ ilə bağlı olan münasibətlər 2019cu ilədək yarana bilməzdi, çünki iddiaçının mülkiyyət hüququ tanınmamışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı və nümayəndəsi və vəkili vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdilər.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ, II hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun
Maddə 9(1-ci hissə,5-ci bənd). Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: - 5)yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bu səbəbdən, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
26. Əvvəla, sözügedən ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə cavabdehin hansısa aidiyyəti və ya hüququnun olub-olmaması ilə bağlıdır. Cavabdeh yalnız həmin ünvan üzrə qeydiyyata alınıb. Başqa sözlə cavabdehin mübahisə predmeti olan evdə yaşamadığı işin mübahisəsiz halıdır.
27. Belə ki, mülki işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək, göstərib ki, 1 yaş yarım yaşı olan uşağı ilə birlikdə kirayədə qalır. Əgər qeydiyyatdan çıxsa, qeydiyyata düşəcək başqa yaşayış ünvanı yoxdur. Mübahisəli ünvanda yalnız qeydiyyatdadır, başqa yerdə kirayə qalır.
28. Göründüyü kimi, cavabdeh sözügedən evlə əlaqəsi yaxud aidiyyəti yalnız qeydiyyatı ilə bağlı olub, sadəcə mübahisəli ünvanda qeydiyyatdan çıxacağı təqdirdə başqa bir ünvanda qeydiyyata düşə bilməyəcəyini düşünür. Təbii ki, bu qeydiyyat da iddiaçının mülkiyyət hüququnu pozmamalıdır.
29. Bununla bağlı birinci instansiya məhkəməsinin də istinad etdiyi kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında'' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" ##.##.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2003-cü il tarixli, **s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.
30. Məhkəmə tərkibi də müəyyən edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi tələb edilən mənzildən istifadə hüququ yaranmayıb, qeyd olunan ünvanda qeydiyyatda olması onun istifadə hüququnun olduğunu təsbit etmir. Başqa sözlə, qeydiyyatda olma ona istifadə hüququ yaratmır. Üstəlik cavabdehin mübahisəli ünvanda yaşamaması əsası ilə də istifadə hüququnun xitam verilməsindən söhbət gedə bilməz. Çünki olmayan və heç vaxt yaranmayan hüququn itirilməsinin təsdiq edilməsi də düzgün olmazdı. Lakin iddiaçıya hazırkı iddiasının təmin və təsdiq olunmasının nə məqsəd ilə gərək olduğu aşkardır. Belə ki, Bakı İnzibati Məhkəməsi *-*(***)-*****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasını mümkün saymayarkən qənaətində göstərib ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxsin iddiada göstərilən mənzilə münasibətdə istifadə hüquqlarının olub-olmaması məsələsi araşdırılmalı və buna hüquqi qiymət verilməli olduğundan, iddia tələbinə inzibati mühakimə icraatının predmetini təşkil edən iddia növlərinə aid tələb kimi baxıla bilməz. Bundan sonra iddiaçı hazırkı iddia ilə mülki məhkəmə icraatı qaydasında rayon məhkəməsinə müraciət edib, rayon məhkəməsi də yuxarıda qeyd olunan əsaslarla iddianı rədd edib.
31. Göründüyü kimi, bu cür vəziyyətdə həm inzibati, həm də mülki məhkəmə icraatı qaydasında iddiaçı tərəfin məhkəmə müdafiəsi hüququ tükənmiş olur. Çünki mübahisə həqiqətən mövcuddur, ancaq həll edilməmiş qalır, məhkəmələr isə iddiaçıya başqa hansı hüquqi müdafiə vasitəsindən istifadə etməli olduğunu qərarlarında göstərmir yaxud göstərə bilmir. Nəticədə iddiaçının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunan konstitusion hüququ pozulmuş olur. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Demək ki, iddiaçının hüquqlarının, eləcə də qanunla qorunan marağının məhkəmədə müdafiəsinə dövlətin verdiyi təminat təmin edilməmiş qalır.
32. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüquqları olmasa da hazırkı vəziyyətdə iddianın tam rədd edilməsi də mübahisəni həll edilməmiş qoyacaq. Çünki istifadə hüququnun olmadığının(yaranmadığının) müəyyən(təsbit) edilməsinə də bir hüquqi ehtiyac və zərurət var. Başqa sözlə, cavabdehin sözügedən mənzildə istifadə hüququnun olmadığının (yaranmadığının) müəyyən(təsbit) edilməsi ilə iddiaçının qanunla qorunan marağı təmin edilmiş olacaq. Bununla da, həm mübahisə qanunla müəyyən edilmiş qaydada həllini tapmış olur, həm də bu mübahisənin həll edilməsi nəticəsində tərəflər arasında yeni yarana biləcək mübahisələrin və arzuolunmaz hadisələrin qarşısı alınacaq. Üstəlik iddianın xarakteri və məqsədi baxımından tələbin “istifadə hüququna xitam verilməsi”, “istifadə hüququnun itirilmiş hesab edilməsi”, “istifadə hüququnun olmadığının(yaranmadığını) müəyyən edilməsi” kimi göstərilməsində ciddi bir ziddiyyət olmadığından, iddianı yalnız bu ifadələrdən uyğun olanının seçilməməsinə görə tam rədd etməyə əsas vermirdi.
33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar suiistifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.
34. Beləliklə, məhkəmə tərkibi hesab edir ki: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 36,7 kv.m olan mənzilə istifadə hüququnun olmadığı (yaranmadığı) müəyyən (təsbit) edilməlidir.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 36,7 kv.m olan mənzilə istifadə hüququnun olmadığı (yaranmadığı) müəyyən (təsbit) edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.