Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2835/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: texniki overdraft nəticəsində əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli BPM************ nömrəli tam kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir.
2. Bank tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 846.99 AZN borcu olmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 846.99 AZN olmaqla, cəmi 846.99 AZN borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. 4.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli BPM************ nömrəli tam kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (33881019441867215258) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 846.99 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi müştəri ##.##.2025-ci il tarixində hesabında 2653.93 AZN olmasına baxmayaraq 2906.43 AZN məxaric edərək hesabından 252.5 AZN artıq istifadə etmişdir. Daha sonra müştəri müxtəlif vaxtlarda hesabından vəsaitlər məxaric edərək ümumilikdə 846.99 AZN vəsaitdən artıq istifadə etmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 31.29 AZN borcu mövcuddur. Bank tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 846.99 AZN borcu olmuşdur. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 846.99 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh ##.##.2026-cı il tarixində *-*-**/*-****/**** saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Əhmədova Həqiqət) iddianın təmin edilməsi, Cavabdeh 846,99 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilənin 3.3.6 və 3.3.7-ci bəndlərinə əsasən texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və və Bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarına nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəmək və Bank tərəfindən kart hesabına səhv daxil olmuş pul vəsaitlərini Bankın müvafiq tələbini aldıqdan sonra 1 iş günündən gec olmayaraq geri qaytarmaq müştərinin vəzifələrinə daxildir. Eyni zamanda müqavilənin 3.2.3-cü bəndində kart hesabından və müştərinin Bankdakı digər hesablarından Ödəniş kartından/Əlavə kartdan istifadə edilməklə aparılmış əməliyyatların məbləğlərini, texniki overdraft məbləğlərini, Bankın Tariflərinə və/və ya müvafiq idarəetmə orqanının qərarına uyğun olaraq bank komissiyalarını, cərimə faizlərinin məbləğlərini, o cümlədən Ödəniş kartından istifadə (eləcə də Bankın kartının ləğv edilməsi, bloklaşdırılması və s.) ilə bağlı Bankın çəkdiyi faktiki xərclərin məbləğlərini akseptsiz qaydada silmək Bankın hüquqları olaraq göstərilmişdir. Bu bankın hüququdur, vəzifəsi deyildir. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixinə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus karta ##.##.2025-ci il tarixdə onun kart hesabına 2653,93 manat mövcud olmuş, onun tərəfindən ümumilikdə 2906,43 manat vəsait məxaric edilmiş, ümumilikdə 815,70 manat vəsaitdən artıq istifadə etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının hesabına hüquqi əsas olmadan (texniki overdraft nəticəsində) 815,70 manat məbləğində pul vəsaiti əldə etmişdir. Hazırda iddiaçı cavabdehin qaytarmadığı həmin vəsaiti tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydalarına uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1-ci, 425.1-ci, 427.2-ci, 14.2.7-ci, 1091-ci və 1092.1-ci, 445.7-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il Qərarı və Mülki Prosessual Məcəllənin 284-5, 284-6, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, bildiriş qeydiyyat/yaşayış ünvanına çatdırılmayıb, bildiriş sənədində onun adına saxta imza edilib və işə onun iştirakı olmadan baxılaraq müdafiə, çəkişmə və bərabərlik hüquqları pozulmuşdur. Maddi-hüquqi baxımdan isə iddiaçı "xxxx" ASC ilə aralarında hər hansı kredit və ya overdraft müqaviləsinin olmadığını, mübahisəli mənfi saldonun debit kartından vəsait olmadığı halda üçüncü şəxs ("xxxx" şirkəti) tərəfindən icazəsiz silinməsi nəticəsində yarandığını, banka dərhal etiraz edərək kartı bloklatdırdığını, lakin bankın təhlükəsizlik, araşdırma və chargeback öhdəliklərini icra etmədiyini vurğulayır. Bundan əlavə, cavabdeh məhkəmənin işi sadələşdirilmiş qaydada tam araşdırmadan baxdığını, xəttşünaslıq və maliyyə ekspertizaları təyin etmədiyini bildirərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini tələb edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, mübahisə müstəqil kredit müqaviləsindən deyil, cavabdeh Cavabdeh tərəfindən imzalanmış ##.##.2021-ci il tarixli kart müqaviləsindən irəli gəlir və müqavilənin 3.2.3-cü maddəsinə əsasən bankın texniki overdraft məbləğlərini akseptsiz qaydada silmək hüququ mövcuddur. Məhkəmə bildirişinin çatdırılmaması və saxta imza iddialarına cavab olaraq bank qeyd edir ki, bildiriş müqavilədə göstərilən rəsmi ünvana göndərilib və imzalandırılıb; cavabdeh isə faktiki başqa ünvanda yaşadığını sübut edən heç bir dəlil təqdim etməyib. Həmçinin bank, sistemdəki texniki xəta nəticəsində kart hesabının qalığından artıq məbləğdə (846.99 AZN) xərcləmə aparıldığını hesabdan çıxarışlarla "Elektron məhkəmə" sistemi vasitəsilə sübut etdiyini, cavabdehin xarici şirkət tərəfindən vəsaitin silinməsi və sonradan bərpası barədə iddialarını heç bir mötəbər sübutla əsaslandırmadığını və MPM-in 78.1-ci maddəsinə əsasən vaxtında sübut təqdim etmədiyini vurğulayaraq şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin quvvədə saxlanılmasını xahiş edir.
b) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, kartdan pul köçürülmələri, abunəliklər şəxsin öz razılığı əsasında olur. Pulun təyinat üzrə köçürüldüyünü görmək mümkündür, lakin şəxsin istifadə edib-etmədiyi ilə bağlı məlumatlar yoxdur. Kart cavabdehə məxsusdur. Təyinat üzrə Rent A Car-a istifadə edildiyini görə bilirlər. Pul karta və ya müştərinin başqa hesabına qaytarıla bilər. Əgər qaytarılsaydı müştəri bununla əlaqədar onlara məlumat verərdi. Bununla bağlı banka heç bir məlumat verilməyib. Cavabdeh 90 gün ərzində banka müraciət edə və onun müraciəti əsasında araşdırma aparıla bilərdi. Lakin onun belə bir müraciəti də olmayıb
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvində yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 19.Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilənin 3.3.6 və 3.3.7-ci bəndlərinə əsasən texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və və Bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarına nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəmək və Bank tərəfindən kart hesabına səhv daxil olmuş pul vəsaitlərini Bankın müvafiq tələbini aldıqdan sonra 1 iş günündən gec olmayaraq geri qaytarmaq müştərinin vəzifələrinə daxildir. Eyni zamanda müqavilənin 3.2.3-cü bəndində kart hesabından və müştərinin Bankdakı digər hesablarından Ödəniş kartından/Əlavə kartdan istifadə edilməklə aparılmış əməliyyatların məbləğlərini, texniki overdraft məbləğlərini, Bankın Tariflərinə və/və ya müvafiq idarəetmə orqanının qərarına uyğun olaraq bank komissiyalarını, cərimə faizlərinin məbləğlərini, o cümlədən Ödəniş kartından istifadə (eləcə də Bankın kartının ləğv edilməsi, bloklaşdırılması və s.) ilə bağlı Bankın çəkdiyi faktiki xərclərin məbləğlərini akseptsiz qaydada silmək Bankın hüquqları olaraq göstərilmişdir. Bu bankın hüququdur, vəzifəsi deyildir.
20. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixinə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus kart hesabında ##.##.2025-ci il tarixdə 2653,93 manat mövcud olmuş, lakin kart hesabından ümumilikdə 2906,43 manat vəsait silinərək, ümumilikdə 815,70 manat vəsaitdən artıq istifadə edilməklə nəticədə texniki overdraft yaranmışdır. 21.Arayışdan görünür ki, cavabdeh Cavabdeh ******************** nömrəli hesabı üzrə cəmi qalıq borc 846,99 manatdır.
22. Tərəflər arasında bağlanmış 3 BPM************ saylı, ##.##.2020-ci il tarixli “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında” müqaviləsinin 3.3.4-cü maddəsində ödəniş kartı üzrə əməliyyatları, müfaviq əməliyyata görə bank komissiyasını da nəzərə almaqla, Kart hesabındakı pul vəsaitləri həddində həyata keçirmək cavabdehin öhdəliyi kimi göstərilmişdir.
23. Həmin Müqavilənin 3.3.6-cı bəndinin tələblərinə əsasən Müştəri Texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş gün ərizində Banka ödəmək vəzifəsi daşıyır.
24. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, kart hesabı cavabdehə məxsus olmuşdur. Həmin hesabda olan vəsaitdən artıq vəsaitin istifadə olunması kart sahibinin məsuliyyətidir.
25. Kollegiya şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə bildiriş cavabdehin elektron kabinetinə yerləşdirilmiş və ona bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və digər sübutları təqdim etmək hüquqları izah edilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.
27. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Məhəmməd Rüstəmli