Məhkəmə qərarları › İş №e-2(3-6)-2883/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2883/2026

31.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2883/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh cavabdeh2, cavabdeh cavabdeh3 nümayəndəsi Ceyhun Cəfərovun və cavabdeh cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə iştitirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı “istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Mübahisə Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra - ev). 2.Ev 6 şəxsin ümumi paylı mülkiyyətindədir. Hazırkı işdə cavabdeh olan 3 şəxs paylı mülkiyyətçilərin sırasına daxildir. Onların payı reyestr çıxarışında belə göstərilib: 1) cavabdeh2 payı ümumi sahə 42 kv.m, yaşayış sahəsi 29 kv.m-dən ½ hissə; 2) cavabdeh1 payı ümumi sahə 42 kv.m, yaşayış sahəsi 29 kv.m-dən ½ hissə; 3) cavabdeh3 payı ümumi sahə 37 kv.m, yaşayış sahəsi 23,2 kv.m, köməkçi sahə 13,8 kv.m. 3.Iddiaçı evin yerləşdiyi ərazidə söküntü-tikinti fəaliyyəti ilə məşğuldur. Həmin ərazi Bakı ŞIHB-nın ##.##.2023-cü il tarixli *** nömrəli sərəncamı ilə çoxmənzilli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün iddiaçının istifadəsinə verilib. 4.Iddiaçı ilə 2 cavabdehin - cavabdeh2 və cavabdeh1 arasında “ilkin müqavilə” adlandırılan ##.##.2025-ci il tarixli ** nömrəli müqavilə bağlanıb. Müqavilədə qeyd olunub ki, hər 2 cavabdeh evdə özlərinə məxsus paya münasibətdə bütün hüquqlardan iddiaçının xeyrinə imtina etmək və paya dair dövlət reyestrində aparılmış qeydiyyatı ləğv etdirmək niyyətindədir. Bu müqavilə cavabdehlərə məxsus sahənin iddiaçı tərəfindən sökülərək gələcəkdə əsas (payın alqı-satqısına dair) müqavilə bağlanılmaqla cavabdehlərə tikiləcək hündürmərtəbəli yaşayış binasından mənzil vermək və digər məsələlər barədə tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqaviləyə görə, iddiaçı cavabdehlərə məxsus olan əmlakı (ümumi sahə 42 kv.m, yaşayış sahəsi 29 kv.m) sökməyi, bunun əvəzində həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, binanın A1 blokunda 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 86,18 kv.m olan * nömrəli 2 otaqlı mənzili təmirsiz vəziyyətdə cavabdehlərə təhvil verməyi, əlavə olaraq 180.000 manat, təmir üçün 20.000 manat, ümumilikdə 200.000 manat pul verməyi, əşyaların söküntüsü nəzərdə tutulan ərazidən daşınmasını öhdəsinə götürür. Əsas müqavilə bina tam inşa edildikdən sonra bağlanacaq. Müqavilənin 1.1.4-cü bəndinə görə, cavabdehlərin yaşayış sahəsindən çıxaraq müvəqqəti yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi və ev əşyalarının daşınması bu müqavilənin bağlandığı andan 10 gün müddətində həyata keçiriləcək. 5.Iddiaçı ilə digər cavabdeh cavabdeh3 arasında “ilkin müqavilə” adlandırılan ##.##.2025-ci il tarixli ** nömrəli müqavilə bağlanıb. Müqavilədə qeyd olunub ki, cavabdeh evdə özünə məxsus paya münasibətdə bütün hüquqlardan iddiaçının xeyrinə imtina etmək və paya dair dövlət reyestrində aparılmış qeydiyyatı ləğv etdirmək niyyətindədir. Bu müqavilə cavabdehə məxsus sahənin iddiaçı tərəfindən sökülərək gələcəkdə əsas (payın alqısatqısına dair) müqavilə bağlanılmaqla cavabdehə tikiləcək hündürmərtəbəli yaşayış binasından mənzil vermək və digər məsələlər barədə tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqaviləyə görə, iddiaçı cavabdehə məxsus olan əmlakı (ümumi sahə 37 kv.m, yaşayış sahəsi 23,2 kv.m, köməkçi sahə 13,8 kv.m, 2 otaqlı) sökməyi, bunun əvəzində həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, binanın A1 blokunda 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 86,18 kv.m olan * nömrəli 2 otaqlı mənzili təmirli vəziyyətdə cavabdehə təhvil verməyi, əlavə olaraq 180.000 manat pul verməyi, əşyaların söküntüsü nəzərdə tutulan ərazidən daşınmasını öhdəsinə götürür. Əsas müqavilə bina tam inşa edildikdən sonra bağlanacaq. Müqavilənin 1.1.4-cü bəndinə görə, cavabdehin yaşayış sahəsindən çıxaraq müvəqqəti yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi və ev əşyalarının daşınması bu müqavilənin bağlandığı andan 10 gün müddətində həyata keçiriləcək. Məhkəmə icraatı 6.Iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, cavabdehlər istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan evdən çıxarılsınlar və ev boşaldılaraq iddiaçıya təhvil verilsin. 7.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan ev cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin. 8.Hər üç cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya şikayətlərinin hər birində tələb olunub ki, qətnamə apellyasiya şikayəti vermiş şəxsə aid hissədə ləğv edilsin və iddia apellyasiya şikayəti vermiş şəxsə qarşı olan hissədə rədd olunsun. 9.Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2, cavabdeh cavabdeh3 nümayəndəsi Ceyhun Cəfərov və cavabdeh cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin əsaslı olduğunu bildirdilər. 10.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdi. 11.Digər şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin mövqeyi 12.Tərəflərin bağladığı ##.##.2025-cil il tarixli 35 və ** nömrəli müqavilələrin 1.1.4cü bəndində qeyd olunub ki, cavabdehlərin yaşayış sahəsindən çıxaraq müvəqqəti yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi və ev əşyalarının daşınması bu müqavilənin bağlandığı andan 10 gün müddətində həyata keçiriləcək. Hər iki müqavilə ##.##.2025-ci il tarixdə bağlanıb, lakin cavabdehlər həmin öhdəliyi icra etməyib. Ona görə də iddiaçı öhdəliyin məcburi icrası, yəni cavabdehlərin evdən çıxarılması üçün iddia ilə məhkəməyə müraciət edib. Iddianın rədd edilməsi üçün əsas yoxdur, çünki cavabdehlər evdən çıxmağı öhdələrinə götürüblər, həmin öhdəliyi müəyyən edən müqavilə etibarlıdır, öhdəliyin icra müddəti isə keçib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. 13.Mülki Məcəllənin 402.1-ci maddəsində qeyd olunub ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Müqavilənin 1.1.4-cü bəndində qeyd olunan razılaşma “ilkin müqavilə” anlayışı ilə əhatə olunmadığına görə ayrıca müqavilə sayılır. Belə ki, Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 1.1.4-cü bənddə qeyd olunan razılaşma bu maddənin tələbi baxımından ayrıca müqavilədir. Həmin müqavilənin başqa müqavlə (ilkin müqavilə) ilə eyni sənədin mətnində əks olunması, bu sənədin başlığında isə “ilkin müqavilə” ifadəsinin yazılması onun ayrıca müqavilə sayılmasına mane olmur. 14.Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar