Məhkəmə qərarları › İş №e-2(3-6)-2895/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2895/2026

29.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2895/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh5 qarşı iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh5 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində istifadədə olan 0.07156 ha torpaq sahəsində yerləşən, ***A nömrəli, 5 mərtəbəli binada 16.22 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Nərimanov RPI 16-cı PŞ-də cavabdeh5 tərəfindən verilən izahatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, AK Həsən Əliyev küçəsi, 0.07156 ha torpaq sahəsində yerləşən, ***A nömrəli, mərtəbəli binada 16.22 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, ** nömrəli mənzildə cavabdeh2, X10, X8 və cavabdeh3 ilə birlikdə yaşayır. Həmin ünvanda 15 ildir ki, İddiaçı həyat yoldaşının öz razılığı ilə yaşamış, həmin müddətdə 4 övladı dünyaya gəlmişdir. Həmin mənzili yoldaşının böyük məbləğdə pullar xərclədiyinin qarşılığında vermiş, adına qeydiyyata salınması isə İddiaçı Istanbulda müalicə alması səbəbi ilə mümkün olmamışdır. İddiaçı həyat yoldaşının onun həyat yoldaşı Ələsgərov Ismayıla külli miqdarda borcu olduğuna görə mənzili onlara vermişdir. Həmin borcu qaytardıqları təqdirdə, mənzildən çıxmağı qeyd etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh5 azyaşlı övladları X10, cavabdeh4, cavabdeh3 Ismayıq qızı, cavabdeh2 və digər şəxslərin iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, AK Həsən Əliyev küçəsi, 0.07156 ha torpaq sahəsində yerləşən, ***A nömrəli, mərtəbəli binada 16.22 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, ** nömrəli mənzildən çıxarılması, həmin mənzilin cavabdehin hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 107 A nömrəli binada yerləşən ** nömrəli mənzil ******* saylı, ##.##.2007 ci il tarixli Çıxarışa əsasən iddiaçı İddiaçı tam mülkiyyətindədir. Xeyli müddətdir ki, həmin mənzil qanunsuz olaraq cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. Bununla bağlı tərəfimizdən mənzilin boşaldılması ilə bağlı Nərimanov Rayon 16-cı Polis Şöbəsinə şikayət ərizəsi göndərilmişdir. Şikayəti ilə bağlı cavabdehin izahatı alınmış və izahatında 15 ildir ki, həmin mənzildə özü və azyaşlı uşaqları X10, cavabdeh4, cavabdeh3 Ismayıq qızı, cavabdeh2 ilə yaşadığını bildirmişdir. Izahatının sonunda isə həmin mənzili təhvil verməyəcəyini və onu bir daha narahat edilməməsini bildirmişdir. Hesab edir ki, bu hal iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüququnu kobud pozur və məhkəmə tərəfindən iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

5. Cavabdeh cavabdeh5 iddiaya qarşı etiraz verərək bildirmişdir ki, X1 əri Hacıyev Əzilxanın onun həyat yoldaşı X6 ilə yaxından dostluq və işgüzar münasibətləri olub. Belə ki, bu münasibətlər Hacıyev Əzilxanın “Varovskiy” qəsəbəsində yerləşən villasının tikinti və təmir işləri görülməsi ərəfəsində başlayıb, ortaq tanıdıqları Xıdır adlı şəxsin vasitəsiliyi ilə yaranan bu münasibət sonradan dostluğa çevrilib. Belə ki, əvvəllər bu evdə kirayədə qaldığı zamanlardan sonra Əzilxan onlardan kirayə pulunu almaqdan və şəxsi iradəsi ilə imtina edib. Daha sonra yaşadığı binanın yaxınlığında yüksək mərtəbəli binanın inşası getdiyi zaman inşası gedən üç ədəd yüksək mərtəbəli yaşayış binalarının aralarında olan boş ərazilərdə qeyriyaşayış sahələrinin tikintisinə əlavə icazə alınması onun həyat yoldaşı tərəfindən müxtəlif insanlara təklif olunub və təklif qəbul edildikdən sonra isə ümumi layihədə işlənilib və inşaat başa çatdırılıb. Təklif olunan tərəflərdən biri də Əzilxan Hacıyev olub, lakin Əzilxan bu təklifdən başqa layihənin Heydər Əliyev və Atatürk prospekti kəsişməsindəki daha böyük ərazini əldə etməyi istəyi olub və o barədə də ərimdən bu işi onun üçün həll etməyi xahiş edib. Əri Əzilxanın ona haqq verilən yerdən başqa daha böyük yeri istəmə məsələsini qəbul edib, halbuki əri bu ərazini onun özünün almaq istədiyini ona bildirmişdi. Lakin Əzilxanla dost münasibətində olduğundan onun xahişini qəbul etdi. Hacıyev Əzilxan onun üçün tikilməkdə olan qeyri-yaşayış sahələrinin 1m2-i üçün 1.300 manat məbləğindəki pulun ödəniş etmək üçün pulunun olmadığını bildirmişdi. Lakin pulun yerinə onun müxtəlif yerlərdə bir, iki, üç otaqlı mənzillərinin olduğunu bildirmişdi. Daha sonra o, mənzillərdən bir neçəsini özü satmış və geri qalanını da ərindən o mənzilləri satmaq üçün ona yardım etməsini xahiş etmişdi. Hacıyev Əzilxanın dediyi qeyri-yaşayış sahələrinin tikintisi və təmiri üçün, eləcə də Varovski qəsəbəsində yerləşən villasının daha sürətli təmiri üçün nağd pul vəsaiti olmadığından həyat yoldaşı bu vəsaiti öz cibindən ödəmiş və gələcəkdə dostu olan Əzilxanla hesablaşacağı üçün bu işdə heç bir tərəddüd etməmişdi. Daha sonra Əri Əzilxana bildirib ki, onların hal-hazırda qaldığı evi onun adına sənədləşdirsin. X3 üçün xərcələdiyi pul vəsaitinin evin dəyərindən qat-qat çox vəsait xərcələdiyini ona bildirmişdi. Qalan borcu isə əri daha sonra Əzilxanla həll edəcəyini deyirdi. Əzilxan özü onun indi qaldığı evdə əri ilə bir stol arxasında oturub bildirirdi ki, o bu təklifə razıdır, heç bir etirazı yoxdur. Sadəcə olaraq ev həyat yoldaşı Yazgülün adındadır. Yazgül isə halhazırda xəstədir, Şəmkir rayonundadır. Sağaldıqdan sonra Bakıya gəlib evi yoldaşının adına rəsmiləşdirəcəkdir. Bir neçə vaxt sonra Əri Əzilxandan təkrar xahiş etdi ki, evi Ərinin adına keçirsin. O zaman Əzilxan dedi ki, yoldaşı Yazgül hazırda oğlu Şirzad ilə Istanbulda xəstəxanadadır. Yaxında əməliyyat keçirəcəkdir. Arvadının sağalandan sonra mütləq bu məsələləri həll edəcəkdir. Qeyd edir ki, həyat yoldaşı X6 artıq 10 ildən çoxdur ağır onkoloji xəstəlikdən əziyyət çəkir, uzun müddətdir ölkə xaricində müalicə alır və hazırda da müalicəsini başa çatdırmaq üzrədir. Mübahisəli mənzil onların yeganə yaşayış yeridir. Göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülən iddia tamamilə əsassızdır. Mənzildə yaşamağı qarşılıqlı razılaşma və uzunmüddətli işgüzar münasibətlər əsasında baş vermişdir. Iddiaçı bu faktları bilərəkdən gizlədir və məhkəməni yanıltmağa çalışır. Cavabdehin mənzildə yaşamağı iddiaçının həyat yoldaşı Hacıyev Əzilxanın bilavasitə razılığı və razılaşdırılmış şərtlər əsasında baş vermişdir.

6. Məhkəmə iclasında cavabdeh cavabdeh5 bildirmişdir ki, müəyyən məbləğ toplayıb mənzili almağı iddiaçıya təklif ediblər, iddiaçı razı olmayıb.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh5, azyaşlı övladları cavabdeh2, X10, X8 və cavabdeh3 iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, AK Həsən Əliyev küçəsi, 0.07156 ha torpaq sahəsində yerləşən, ***A nömrəli, mərtəbəli binanın ** nömrəli mənzilindən çıxarılması, mənzilin cavabdeh cavabdeh5 hesabına boşaldılması, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh cavabdeh5 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mənzil iddiaçıya məxsusdur. Mənzildən həmişə cavadehin və ailə üzvlərinin istifadə etdiyi həqiqətə uyğun olmuş olsa belə, həmin hal iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus mənzildən nə istifadə, nə də digər hər hansı hüquq yaratmır.

9. Qeyd edilən mənzilə İddiaçı mülkiyyət hüququ ##.##.2007-ci il tarixdə əldə edilmişdir və hazırda onun mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, AK Həsən Əliyev küçəsi, 0.07156 ha torpaq sahəsində yerləşən, ***A nömrəli, mərtəbəli binada 16.22 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, ** nömrəli mənzilə dair ##.##.2007-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə məhkəmə iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırarkən hesab etmişdir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Iddiaçı, mənzilin mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Cavabdehin isə iddiaçıya məxsus mənzildə qalması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

11. Cavabdehin (azyaşlı uşaqları ilə birgə) iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Cavabdeh tərəfindən sözügedən mənzilin əslində onun ərinə iddiaçının əri tərəfindən borcun qarşılığı olaraq verildiyi bildirilsə də, mülki işin materialları ilə birmənalı şəkildə müəyyən edilir ki, mənzil iddiaçıya məxsusdur. Cavabdeh cavabdeh5 digər dəlili - mənzildən həmişə özünün və ailə üzvlərinin istifadə etdiyi həqiqətə uyğun olmuş olsa belə, həmin hal iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus mənzildən nə istifadə, nə də digər hər hansı hüquq yaratmır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının hüquqi əsası mövcud deyil, belə ki, mənzildən mülkiyyət hüququnun yaranmasının əsasları mülki qanunvericilikdə nəzərdə tutulmuşdur. Hazırki iddia ərizəsində həmin əsaslar müəyyən edilmir. Beləliklə, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən faktiki istifadə etməsi heç bir hüquqi əsasa söykənməməklə, qanunsuzdur. Belə olan halda isə iddia əsaslıdır.

12. Məhkəmə iddianın cavabdehin azyaşlı uşaqlarla birlikdə mənzildən çıxarılması və cavabdehin hesabına mənzilin boşaldılması hissəsində əsaslı hesab etsə də, “digər şəxslərin” mənzildən çıxarılması hissəsində tələb qeyri-dəqiq olduğu üçün təmin edilməməsi qənaətinə gəlmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

14. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin və onun övladlarının mənzilə istifadə hüququ yaranmadığından iddia tələbi təmin edilməli, cavabdeh cavabdeh5, azyaşlı övladları cavabdeh2, X10, X8 və cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, AK Həsən Əliyev küçəsi, 0.07156 ha torpaq sahəsində yerləşən, ***A nömrəli, mərtəbəli binada 16.22 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, ** nömrəli mənzildən çıxarılmalı; mənzil cavabdehin hesabına boaldılmalıdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 43-cü və 71-ci maddələrinə, Mülki Məcəllənin 139.1, 139-1.1.2-ci və 139-1.1.3-cü, 152.1, 152.5, 157.2, 157.4, 228.1, 228.2, 228.5-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarına, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # ####### tarixli Qərarına, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1ci maddəsinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il ## #### tarixli Qərarı, Skordino Italiyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il ## #### tarixli Qərarına, «Marks Belçikaya qarşı», «Mançini Italiyaya qarşı», «Loizidu Türkiyəyə qarşı» qərarlarına Mülki Prosessual Məcəlləsinin 14. 2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki halarını və sübutlarını düzgün qiymətləndirməmiş, həmçinin müvafiq prosessual normaları pozmuşdur. Məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamışdır. Yekun məhkəmə aktı çıxarılan zaman obyektiv qiymətləndirmə olmamışdır. Mənzildə yaşamağı qarşılıqlı razılaşma və uzunmüddətli işgüzar münasibətlər əsasında baş vermişdir. Iddiaçı bu faktları bilərəkdən gizlədir və məhkəməni yanıltmağa çalışır. Onun mənzildə yaşamağı iddiaçının həyat yoldaşı Hacıyev Əzilxanın bilavasitə razılığı və razılaşdırılmış şərtlər əsasında baş vermişdir. Bu hal əvvəl kirayə münasibətləri, sonradan kirayə haqqından könüllü imtina və tərəflər arasında uzunmüddətli işgüzar və dostluq münasibətləri ilə sübut olunur. Göründüyü kimi, onun həmin mənzildə yaşamağı özbaşına və ya qanunsuz zəbt nəticəsində deyil, iddiaçı ailəsinin birbaşa razılığı, uzunmüddətli qarşılıqlı münasibətlər və qarşılıqlı öhdəliklər əsasında baş vermişdir. Birinci instansiya məhkəməsi isə bu xüsusatların heç birini tam və obyektiv araşdırmamış, tərəflər arasında formalaşmış faktiki münasibətlərə hüquqi qiymət verməmişdir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Hazırkı mübahisə üzrə cavabdehlə iddiaçının yoldaşı arasında olan real vəziyyət nəzərə alındıqda, iddiaçının tələbinin təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi bütün bu halları nəzərə almamış, iş üzrə nəticəyə gələrkən maddi və prosessual hüququn tətbiqində səhvə yol verərək iş üzrə əsassız nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən mənzildə 2010-cu ildən yaşayır və oraya gəlin gəlmişdir. Həmin mənzildə yaşadığı müddətdə 4 övladı dünyaya gəlmişdir. Əri 2020-ci ildə işləri ilə bağlı Azərbaycan Respublikasını tərk etmiş və xaricdə işləri düz gətirmədiyinə görə geri gəlməmişdir. Artıq 6 ildir ki, övladları ilə təkdir. Qarşı tərəf kifayət qədər imkanlıdır. Onun əri ilə iddiaçının əri arasında qardaşlıq münasibətləri var idi. Əri həmin mənzilin dəyərindən qat-qat artıq pulları restoranlarına, obyektlərinə, evlərinin təmirinə xərcləmişdir. Əri gözünün qarşısında Əzilxana evi adına keçirməyi demişdi, Əzilxan isə Yazgülün Istanbulda müalicə aldığını və onun gəlməyini gözlədiyini, gəldikdən sonra isə sözügedən evi adına keçirəcəyini qeyd etmişdi. Ərinə dəfələrlə evi adına keçirməklə bağlı deyirdi, o isə bunun cavabında Əzilxan ilə aralarında qardaşlıq münasibətlərinin, aralarında böyük pul məbləğlərinin, bizneslərin və obyektlərin olduğunu, həmçinin də artıq evi adına keçirmək məsələsini bir dəfə artıq dilə gətirdiyini, ikinci dəfə demək istəmədiyini bildirdi. Sonra bir müddətdən sonra onların araları dəydi. Qarşı tərəfə bildirmişdir ki, ona bir neçə ay vaxt verin, o, 1 otağın qiyməti maksimum 100.000 manatdırsa belə, o pulu toplayıb verər. Onlar isə şəxsi qərəzliyə görə evdən çıxmağını və satmaq istəmədiklərini bildirirlər. Ərini heç kim axtarmır, axtarışda deyil. O, Əzilxanla görüşməklə bağlı neçə dəfə əlaqə saxlayıb ki, o da Sankt- Peterburqda olduğunu, gələ bilmədiyini bildirmişdir. Yazgül xanım da, əri də sağdırlar. 2015-ci ildə əri ilə onların arasında şəriklik münasibətləri olmuş, lakin sonradan şəmkirli Seymur adında şəxs onların aralarını vurdu. Sadəcə onu bilir ki, bu evin ödənişini əri qarşı tərəfə artıqlaması ilə xərcləmişdir. Hətta onlar keçmiş dost kimi haqq-hesablaşsalar, iddiaçı tərəfin borclu olduğu ortaya çıxar.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin əri iddiaçının ərinin şəriki yox, işçisi olmuşdur, iddiaçının ərinə 500.000 manatdan çox zərər vurmuşdur və bugünkü gün də həmin şəxsi axtarırlar. Birinci instansiya məhkəməsində də aylarla şərait yaradıldı ki, əri ölkəyə gəlsin və məsələni aydınlaşdırsınlar, amma şəxs gəlmədi. Ona görə də iş birinci instansiya məhkəməsində bir neçə ay davam etdi. Cavabdehin dedikləri sadəcə mülahizələrdən ibarətdir. Həmin mənzili iddiaçı ərinin işçisi olduğu üçün ailəsi ilə müvəqqəti yaşamağa vermişdir. Həqiqətən də şəxsin saysız-hesabsız obyektləri var. Sonradan aralarında olan münasibət kəskinləşmiş və iddiaçının ərinə zərər vurulmuşdur. Bildiyi qədəri ilə sonradan cavabdeh ilə əri arasında olan nikah da pozulmuşdur.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Işdən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ***A nömrəli binada yerləşən ** nömrəli mənzilin mülkiyyətçisi iddiaçıdır.

27. Iddiaçının bildirdiyinə görə mənzil cavabdeh tərəfindən zəbt olunaraq istifadə edilir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümyəndəsi və vəkili isə bildirmişdir ki, iddiaçı həmin mənzili ərinin işçisi olduğu üçün ailəsi ilə müvəqqəti yaşamağa vermişdir.

28. Cavabdeh həm iddia ərizəsinə qarşı verdiyi izahatında, həm də apellyasiya şikayətində bildirir ki, mənzildə yaşamağı iddiaçının həyat yoldaşı Əzilxan Hacıyevin bilavasitə razılığı əsasında baş vermişdir. Bu hal əvvəl kirayə münasibətləri, sonradan kirayə haqqından könüllü imtina və tərəflər arasında uzunmüddətli işgüzar və dostluq münasibətləri ilə sübut olunur.

29. Göründüyü kimi, cavabdeh etiraf edir ki, iddiaçının mülkiyyətində olan mənzil müvəqqəti olaraq onun əvəzsiz istifadəsinə vermişdir.

30. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

31. Kollegiya qeyd edir ki, iddiaçının ərinin cavabdehin ərinə külli miqdarda olan borcun müqabilində mənzilin onlara verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim еdilməmişdir. Əksinə, cavabdeh məhkəmə iclasında iddiaçıya mənzilə görə 100.000 manat məbləğində vəsait ödəmək istədiyini, iddiaçının isə buna razı olmadığını bildirmişdir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar