Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3183/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul vəsaitinin qaytarılması, əsassız varlanma Hakimlər X5 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı ASC (bundan sonra iddiaçı) ilə cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******B*** nömrəli X3 kart müqaviləsinə əsasən iddiaçı cavabdehə “X3” ödəniş kartı (bundan sonra Kart) verir, cavabdehin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra – kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, cavabdeh isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və iddiaçının qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Əməliyyatların xarakterindən irəli gəldiyi hallarda, habelə iddiaçının və ya cavabdehin seçiminə uyğun olaraq əməliyyatlar aparılarkən, Kart, habelə iddiaçı tərəfindən cavabdehə daha əvvəl təqdim edilmiş digər ödəniş kartları cavabdeh tərəfindən bu Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan və ya cavabdehin artıq iddiaçıda mövcud olan hesab(lar)ından hər hansı birinə bağlanıla bilər. Karta kredit xəttindən kənar mədaxil edilmiş hər cür öhdəliklərdən azad pul vəsaiti qanunvericiliyə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Hesaba yanlış daxilolma olduqda, cavabdeh bu barədə 3 (üç) iş günü ərzində iddiaçıya məlumat verməli və iddiaçının həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği iddiaçıya geri qaytarmalıdır. Cavabdeh tərəfindən geri qaytarılmayan həmin vəsaitlər iddiaçı tərəfindən akseptsiz qaydada onun hesabından silinə bilər (3.2.) Hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, cavabdeh iddiaçı qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda, iddiaçı cavabdehi xəbərdar etmədən Kartın fəaliyyətini dayandıra bilər (3.3.). Cavabdeh kart hesabına artıq və səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir və onları dərhal iddiaçıya geri qaytarır (7.2.4).
2. İddiaçı ASC-nin ödəniş kartları üzrə çıxarışına əsasən ##.##.2024-##.##.2026-cı il tarixlərində karta 9.928,01 manat pul mədaxil edilmiş, 14.866,45 manat isə məxaric edilmişdir. Qalıq -4.938,42 manat təşkil edir.
3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2026-cı il tarixli bildirişə əsasən cavabdehə 4.938,42 manat məbləğində texniki overdraft borcunun yarandığı barədə məlumat verilmiş və qeyd olunan vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş edilmiş, əks təqdirdə borcun tam ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4.938,42 manat pul vəsaitinin və 69,39 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir.
5. İddiaçı İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASCyə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) M10 refund mexanizmi çərçivəsində mövcud texniki boşluqdan istifadə edərək kart hesabına bir neçə dəfə (dubl) geri qaytarılmış mədaxillərdən istifadə etmiş, nəticədə texniki overdraft borcu yaranmışdır (çıxarış əlavə edilir). Nəticədə, cavabdeh banka cəmi 4938,42 manat ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Həmin müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 9928,01 manat mədaxil edilib, 14866,45 manat isə məxaric edilmişdir. İlkin qalıq da 0,02 manat olduğundan buradan tam aydın olur ki, cavabdeh banka 4938,42 manat ziyan vurmuşdur. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kart müqaviləsi, kart üzrə çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları məktub və məktubun göndərilməsini sübut edən poçt reyestridir Cavabdeh Texniki Overdraft yaranması nəticəsində banka məxsus pul vəsaitindən istifadə etmiş, buna görə də o, qanunsuz əldə etdiyi pul vəsaitini bankın tələbi ilə ona geri qaytarmalıdır. Texniki Overdraft Bankla razilaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Cavabdehin əldə etdiklərinin bankın tələbi ilə geri qaytarılması norması Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Cavabdeh bankın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqi aktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Bunun nəticəsi olaraq cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş bank isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı lı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 4.938,42 manat əsas borc və 69,39 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilmişdir. (hakim Şövkətli-X1)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin istifadəsində olan İddiaçı ASC-yə məxsus debet kartından 14.866,45 manat məxaric olduğu halda, karta 9.928,01 manat mədaxil olmuş və nəticə etibarilə, 4.938,42 manat overdraft borcu yaranmışdır. Cavabdeh həmin vəsaitin qaytarılması barədə xəbərdar edilsə də, banka olan borcunu qaytarmamışdır. Odur ki, kreditor 4.938,42 manat əsas overdraft borcunu tələb etməkdə haqlı olmuşdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 442ci, 443.1-ci, 445-ci, 448.1-ci, 743.1-ci, 954-cü, 960-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxışa göndərilməsini xahiş etmişdir.
10. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sadələşdirilmiş icraat qaydasında keçirilmiş, bununla bağlı ona bildiriş poçt vasitəsilə göndərilsə də, ünvana çatmayaraq məhkəməyə geri qaytarılmışdır. Bu səbəbdən məhkəmə barədə xəbəri olmamış, etirazlarını və qarşılıqlı iddialarını, məhkəmə çıxışlarını həyata keçirə bilməmişdir. Məhkəmə də bunları nəzərə almayaraq qərar çıxarmış, hətta müvafiq qərar ünvanına çatmadığı halda icraya yönləndirilmiş və Xətai rayon İcra şöbəsində icraata başlanmışdır. O, məcburi icra tədbiri qismində yalnız əmək haqqından tutulma həyata keçirildiyi zaman proseslər barədə xəbərdar olmuşdur. Məhkəmə əsasən bankın təqdim etdiyi sənədlərə istinad edərək iddianı təmin edib və onun etirazları olmadığı qənaətinə gəlib. Halbuki, onun etiraz bundan ibarətdir ki, həmin vəsaitdən istifadə etməmişdir, borcu yoxdur. Əgər bank iddia edirsə ki, vəsait istifadə olunub, bunu təsdiq edən POS qəbzləri, ATM görüntüləri, əməliyyat jurnalları, kart tranzaksiyalarının tam tarixçəsi təqdim edilməli idi. Bank yalnız borcun mövcudluğunu göstərən çıxarış təqdim edib. Lakin texniki overdraftın hansı əməliyyat nəticəsində yarandığını, bunun onun iradəsi ilə baş verdiyini sübut etməyib. Əgər overdraft bankın proqram təminatı və ya hesablaşma sistemində yaranmış texniki xəta nəticəsində əmələ gəlibsə, bank həmin riskin müştəriyə aid olduğunu sübut etməlidir. Məhkəmə bu məsələyə hüquqi qiymət verməyib. İddiaçı həmçinin qeyd etmişdir ki, pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) onun tərəfindən heç bir tədbir görülməmişdir. Halbuki, o, bunlardan nə şifahi, nə də yazılı qaydada xəbərdar olmamış, hətta məhkəməyə verildiyini və qətnamənin qüvvəyə minməsi barədə məlumatı belə əmək haqqından icra şöbəsi tutmalar həyata keçirəndə öyrənib, hüquqi yollarla tədbir görməyə başlamışdır. Heç bir SMS bildiriş, poçt bildirişi ünvanına daxil olmamışdır. Müvafiq mobil operatorlara da bu barədə məktub ünvanlamışdır. Müştəriyə borcun yaranması barədə lazımi qaydada bildiriş göndərilməyibsə, bu da araşdırılmalı idi. Bank bildirişin göndərildiyini və alındığını təsdiq edən sübut təqdim etməli idi. Mülki prosesdə iddiaçı öz tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Bu işdə bank yalnız borcun mövcud olduğunu göstərib, lakin texniki overdraftın səbəbini, müştərinin həmin vəsaitdən istifadə etməsini, bildirişlərin göndərilməsini, borcun hesablanmasının düzgünlüyünü tam sübut etməyib. Məhkəmə isə qeyd edilən halı ümumiyyətlə araşdırmamış, ekspertiza tətbiq etməmiş və nəticədə onun maraqlarına xidmət edən qətnamə qəbul edilmişdir. Müvafiq borcun texniki səhv olmasın ehtimalına isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Məhkəmə onun mümkün etirazlarını qiymətləndirmədən yalnız bankın təqdim etdiyi sənədlərlə kifayətlənərək sübutların tam və obyektiv qiymətləndirilməsi prinsipinə uyğun davranmamışdır. Məhkəmənin maddi və prossesual hüquq normalarının tələblərini pozmaqla habelə təqdim olunmalı vəsatətləri həll etmədən və gəldiyi nəticələri tam əsaslandırmadan gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı məktuba cavabda qeyd edilmişdir ki, “Sistem üzərindən araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.2026-cı il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən adınıza ünvanlanmış SX073244627AZ ştrix kodlu məktub, ##.##.2026-cı il tarixdə göndərici tərəfə geri qaytarılmışdır. Bildirir ki, “Poçt Rabitəsi Xidmətlərinin Göstərilməsi Qaydaları”nın 11.4-cü bəndinə əsasən, poçt göndərişi ünvançıya çatdırılan (verilən) anadək göndərici tərəfə məxsusdur. Sözügedən məktubun geri qaytarılması ilə bağlı göndərici tərəf “xxxx” MMC-yə müraciət etdiyi təqdirdə müvafiq məlumatların təqdim edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən iddianın təmin edilməsi əsassız və qanunsuzdur, onun iştirakı, etirazları olmadan məhkəmə prosesi keçirilmiş və qanunsuz qərar çıxarılmışdır. Məhkəmə Mülki Məcəllənin 960-cı maddəsini (hesabın kreditləşdirilməsi) əsas gətirir. Bu maddə bankın hesabda vəsait olmadığı halda ödəniş etməsini (real overdraft) tənzimləyir. Lakin burada söhbət bankın öz sistem səhvi (dubl mədaxil) nəticəsində və yaxud 3-cü şəxslərin səhvi nəticəsində yaranan "texniki boşluq"dan gedir. Müştəri bu pulu "oğurlamayıb" — sistem ona göstərib ki, pul var. Bu, bankın riskidir. Overdraft bankın və ya 3-cü şəxslərin texniki səhvi nəticəsində yaranıb. Bank bu səhvi sübut etməyib və riski müştəriyə yükləyib. Məhkəmə bu məsələyə qiymət verməyib. Bank maddi ziyan iddiası qaldırır, amma bu ziyanın müştərinin qəsdən hərəkəti nəticəsində yaranması sübut olunmayıb. Sadəcə çıxarış var. Məhkəmə isə bunu əsassız olaraq yetərli hesab edir. Zərərin və səbəb əlaqəsinin sübut olunmaması iddianın rədd edilməsinə əsas verməli idi. Məhkəmə işin hallarına formal yanaşmış, əsaslandırılmış qərar çıxarmamışdır. Həqiqətə nail olmaq üçün hərtərəfli, tam və obyektiv tədqiq məhkəmə tərəfindən aparılmayıb, sadəcə bankın təqdim etdiyi sənədlər (çıxarış, bildiriş, müqavilə) əsasında, heç bir məhkəmə baxışı keçirmədən, tərəfləri izahat üçün çağırmadan, pulun hara xərcləndiyini təyin etmək üçün ekspertiza təyin etmədən qərar çıxarıb. Məhkəmə qərardad əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisləri cəlb olunmaqla məhkəmə-mühasibatlıq ekspertizası keçirərək sübutları qiymətləndirməli idi. Məhkəmə öz təşəbbüsü ilə əlavə araşdırma aparmayıb (bankın sistem logları, əməliyyatların tam tarixçəsi, dubl mədaxilin səbəbi). Nəticədə, həqiqətə nail olmaq prinsipi pozulub. İşdə texniki xarakterli mübahisəli hallar olduğu halda, məhkəmə baxışı keçirmədən, onu izahat verməyə çağırmadan yalnız iddiaçının sənədləri əsasında qərar qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının (bankın) sübutlarını araşdırıb. Onun sübut təqdim etmək imkanı real olaraq məhdudlaşdırılıbdır. Sadələşdirilmiş icraatda etiraz vermək hüququ olsa da, məhkəmə mübahisəli vəziyyətdə (texniki boşluq) yalnız bir tərəfin materialları ilə kifayətlənməməlidir. Bu işdə bank "texniki boşluq" (dubl mədaxil) və müştərinin guya "ona aid olmayan vəsaitdən istifadə etməsi" iddiası qaldırır. Bu, klassik mübahisəli faktlardır (müştəri etiraz edə bilər ki, bu bankın texniki səhvidir, o, qəsdən etməyib və ya hesab çıxarışını fərqli başa düşüb). Məhkəmə bu halda sadələşdirilmiş icraatı davam etdirməməli, iddiaya ümumi qaydada (məhkəmə iclası ilə) baxmalı idi . Nəticədə ədalət mühakiməsi prinsipi pozulub və qətnamə ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İşdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra cavabdeh tərəfindən işə məhkəmə iclasında baxılması və məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işə məhkəmə iclasında baxılmağa və iş üzrə məhkəməmuhasibat ekspertizasının təyin edilməsinə hər hansı əsas müəyyən etməyərək, vəsatəti əsassız hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindədir; 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər; 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı iş üzrə iddia təmin edildiyindən, apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsi tələb olduğundan qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə bağlanmış “X3 kart” müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə X4 növlü kart hesabı açılmaqla ona debet kartı təqdim edilmiş və bərpaolunan kredit xətti açılmışdır. Həmin münasibətlər çərçivəsində hesaba yanlış daxilolma olduqda, cavabdeh bu barədə 3 (üç) iş günü ərzində iddiaçıya məlumatın verilməsi və iddiaçının həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləğin iddiaçıya geri qaytarılması, hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, iddiaçı qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödənilməsi və kart hesabına artıq və ya səhvən daxil olunmuş pul vəsaitlərinin istifadə edilməməsi və onların dərhal iddiaçıya qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçının ödəniş kartları üzrə çıxarışına əsasən ##.##.2024-##.##.2026-cı il tarixlərdə karta 9.928,01 manat pul mədaxil edilmiş, 14.866,45 manat isə məxaric edilmişdir. Qalıq -4.938,42 manat təşkil edir.
20. Hazırda iddiaçı ##.##.2024-##.##.2026-cı il tarixlərdə kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraftın baş verdiyini, yəni göstərilən kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatın aparıldığını, artıq məbləğin 4.938,42 manat təşkil etdiyini, bu məbləğin ödənilməsinin cavabdehdən tələb edilməsinə baxmayaraq, ödənilmədiyini iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.
21. Cavabdeh ümumiyyətlə iddianı qəbul etmir, banka borcunun olmadığını, heç bir vəsaitdən istifadə etmədiyini, bununla bağlı müvafiq sübutların təqdim edilmədiyini, ekspertiza keçirilmədiyini, həmçinin, overdraftın bankın və ya 3-cü şəxslərin texniki səhvi nəticəsində yarandığından bununla bağlı risk daşımadığını bildirir və bu səbəbdən iddianın rədd edilməsini xahiş edir.
22. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, karta (mövcud vəziyyətdə debet) dair xidmətlərin göstərilməsindən irəli gələn müqavilə münasibətləri ##.##.2024-cü il tarixdə məhz iddiaçı ilə cavabdeh arasında yaranmış, iddiaçı ilə cavabdehdən başqa hər hansı digər şəxs bu müqavilənin tərəfi qismində çıxış etməmiş, bununla bağlı X3 kart hesabı cavabdehin adına açılmış və debet kartı da (4169 ******** **** nömrəli) məhz ona təqdim edilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış “X3 kart” müqaviləsinin 3-cü bəndində Hesaba yanlış daxil olma olduqda və hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda cavabdehin həmin vəsaiti Banka geri qaytarması vəzifəsi müəyyən edilmişdir. Hazırda cavabdeh hesabına bu qaydada daxil olan vəsaitin riskini daşımadığını bildirsə də, onun bu dəlili müqavilənin göstərilən şərtləri ilə uzlaşmır. Müqavilənin müvafiq bəndinə əsasən hesaba mədaxil olunan vəsaitdən artıq vəsaitin istifadə edilməsi nəticəsində mənfi qalığın yaranması cavabdehin üzərinə qaytarılması məcburi olan pul öhdəliyi qoyur. Bu səbəbdən də overdraft üzrə cavabdehin heç bir risk daşımadığı qənaətinə gəlmək mümkün deyil.
23. Məhkəmə kollegiyası tərəfindən ##.##.2024-##.##.2026-cı il tarixləri əhatə edən çıxarışın tətqiqi zamanı müəyyən edilmişdir ki, cavabdeh bir neçə dəfə hesabında olmayan vəsaiti istifadə edib. Belə ki, çıxarışın yuxarı hissəsində hesab üzrə kredit xəttinin limiti 0 manat göstərilmişdir. Buna görə müştərinin əvvəlcədən müəyyən edilmiş kredit xətti hesabına vəsaitdən artıq istifadə etmək hüququnun olmadığı görünür. Bununla belə, ##.##.2024-cü il tarixdə hesabda 0,30 manat qalıq olmuş, həmin gün hesaba 4.992 manat mədaxil olunmuş və balans 4.992,30 manat təşkil etmişdir. Ardınca 4.992 manat məbləğində ilk silinmə aparılmış və balans 0,30 manat qalmışdır. Bundan sonra yenidən 4.992 manat məbləğində silinmə aparılmış və hesabın qalığı -4.991,70 manat olmuşdur. Beləliklə, məhz bu ikinci 4.992 manatlıq silinmə nəticəsində hesabda mövcud olan 0,30 manatdan artıq vəsaitdən istifadə edilmiş və 4.991,70 manat məbləğində mənfi balans formalaşmışdır. Sonrakı əməliyyatlar da bu mənfi qalığı aradan qaldırmamış, əksinə onun qalmasına səbəb olmuşdur. Yekunda mənfi balans 4.938,42 manat təşkil etmişdir.
24. Bu baxımdan cavabdehə məxsus hesabdan faktiki olaraq mövcud olan vəsaitdən artıq məbləğin silinməsi nəticəsində texniki overdraft baş vermiş və həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə hüquqi nəticə etibarı ilə öhdəlikdən kənar pul verilmişdir ki, həmin vəsait də iddiaçı tərəfindən məhz əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
25. Hazırda cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən müvafiq ekspertizanın keçirilmədiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, ekspertizanın aparılmasına zərurət yoxdur, belə ki, təqdim edilmiş bank çıxarışında hesab üzrə bütün mədaxil və məxaric əməliyyatları, həmçininin əməliyyatlardan sonra yaranmış balans aydın şəkildə göstərilmişdir. Nəticədə 4.938,42 manat mənfi qalığın yaranma səbəbi birbaşa müəyyən edilir və bunun üçün ekspert rəyinin aylınmasına səbəb olacaq xüsusi bilik tələb olunmur.
26. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh hüquqi nəticə etibarı ilə hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına 4.938,42 manat məbləğində pul əldə etmiş və sonuncuya məxsus olan bu məbləğ hesabına əsassız olaraq varlanmışdır. Bu səbəbdən həmin məbləğ iddiaçının tələbi ilə əsassız varlanma qaydalarına uyğun olaraq cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bu da öz növbəsində bu məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını şərtləndirir. Bu baxımdan birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur.
27. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan dövlət rüsumunun məbləği ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin hissədə də qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas görmür.
28. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın ümumi qiyməti 4.938,42 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci 382-ci, 384-cü, 392-ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.