Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3208/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı58 və qeyrilərinin (daha 57 nəfər) cavabdeh “X3” MTK-ya qarşı iş üzrə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Iddiaçı iddiaçı58 və qeyrilərinin (daha 57 nəfər) cavabdeh “X3” MTK-na qarşı “binanın ümumi paylı mülkiyyəti olan liftdən istifadəyə qoyulmuş maneələrin (məhdudiyyətlərin) aradan qaldırılması və hesablanmış borcun silinməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı58 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı iddiaçı58 və qeyriləri (daha 57 nəfər) cavabdeh “X3” MTK-na qarşı “binanın ümumi paylı mülkiyyəti olan liftdən istifadəyə qoyulmuş maneələrin (məhduduiyyətlərin) aradan qaldırılması və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların yaşadığı binaların ümumi əmlakı olan liftlərinə cavabdeh tərəfindən iddiaçılara münasibətdə tətbiq edilmiş məhdudiyyətlərin (kartın deaktiv edilməsi, yeni kartların verilməsindən imtina edilməsi və liftdən istifadəni məhdudlaşdıran digər halların) aradan qaldırılması, iddiaçıların lift kartlarına qoyulmuş blokun (məhdudiyyətin) götürülməsi, onların liftlərdən sərbəst və maneəsiz istifadəsi üçün şərait yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehə iddiaçıların liftlərdən istifadəsinə dair gələcəkdə hər hansı yeni maneə (məhdudiyyət) törədilməsinin qadağan edilməsi, cavabdeh tərəfindən iddiaçılara qarşı qanunsuz hesablanmış borcların silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadı ilə (hakim S.V.Nuriyeva) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsini imzalayan şəxsin səlahiyyətli şəxs olmasını təsdiq edən sənədlər qanunvericiliklə tələb olunan tam həcmdə ərizəyə əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Digər tərəfdən, iddiaçıların yaşadığı binaların ünvanları hər iddiaçıya münasibətdə ayrıca göstərilməmişdir. Iddia ərizəsinin giriş hissəsində iddiaçılar barədə məlumatlardan görünür ki, onların hər birinin yaşadığı binalar fərqli-fərqlidir. Həmçinin iddiaçıların silinməsi xahiş edilən borclarının hər iddiaçıya münasibətdə nə qədər olması, məbləği və s. qeyd edilməmişdir. Qanunvericinin iddiaçıya bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə dair səlahiyyət verməsində başlıca məqsədi tərəflərin uzun məhkəmə çəkişmələrinə məruz qalmamasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi olmuşdur. Hazırda isə iddiaçıların bir iddia ərizəsində tələblərini birləşdirməsi tərəflərin uzun məhkəmə çəkişmələrinə məruz qalmamasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsinə deyil, mübahisənin baxılması müddətlərinin uzanmasına və çətinləşməsinə gətirib çıxaracaqdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Iddiaçı iddiaçı58 nümayəndəsi və vəkili qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, liftlər birdən çox mənzilə xidmət edən obyekt olmaqla bütün iddiaçılara ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur (MM 227.1, Mənzil Məcəlləsi 35.1). Mülkiyyət hüququna məhdudiyyət yalnız qanunda və ya müqavilədə nəzərdə tutula bilər (MM 152.5). Belə əsas olmadan cavabdehin lift kartlarını deaktiv etməsi mülkiyyət hüququna qanunsuz müdaxilədir və mülkiyyətçilər MM 157.4-cü maddəsinə əsasən bu müdaxiləyə son qoyulmasını məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Bütün iddiaçıların tələbləri eyni ümumi əmlaka, eyni cavabdehin eyni qanunsuz hərəkətinə qarşı yönəlmişdir. Məhkəmə bu maddi-hüquqi eyniliyi nəzərə almadan vahid mübahisəni süni şəkildə bölmüş və tələbləri “əlaqəsiz” qiymətləndirməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsi yalnız vəkil Vəkil/Nümayəndə tərəfindən imzalanmışdır, vəkil isə yalnız iddiaçı iddiaçı58 üzrə səlahiyyətlidir; qalan 57 iddiaçı nə şəxsən, nə də səlahiyyəti qanunla təsdiq edilmiş nümayəndə vasitəsilə imzalamamışdır. Bu nəticə iş materiallarına ziddir. Faktiki olaraq iddia ərizəsi 58 iddiaçının hər biri tərəfindən şəxsən, əl (yaş) imza ilə imzalanmışdır — ərizəyə əlavə olunmuş imza vərəqlərinə baxılması bunu birmənalı təsdiq edir. Imzalanmış ərizənin PDF nüsxəsi “Elektron Məhkəmə” sistemi vasitəsilə yüklənmişdir. Beləliklə, 57 iddiaçı iddia ərizəsini öz adından şəxsən imzalamış, yəni özlərini təmsil etmişlər. Ərizəni şəxsən imzalayan iddiaçı üzrə təsdiq olunacaq hər hansı nümayəndəlik səlahiyyəti yaranmır. MPM-nin 150.1.3-cü maddəsi səlahiyyəti təsdiq edən sənədin əlavə olunmasını yalnız iddia ərizəsi nümayəndə tərəfindən imzalandıqda tələb edir. Bu maddədəki “(iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)” qeydi məhz nümayəndənin səlahiyyətinin təsdiqinə aiddir; o, iddiaçıların ərizəni əlavə olaraq elektron imza ilə imzalamasını tələb etmir. Yalnız vəkil tərəfindən təmsil olunan iddiaçı iddiaçı58 üzrə order və etibarnamə tələb olunur ki, həmin sənədlər də iddia ərizəsinə əlavə edilmişdir — məhkəmə bunu qərardadda özü də təsdiq etmişdir. Digər iddiaçıların vəkilə etibarnamə verməsi və ya vəkil tərəfindən təmsil olunması qanunla tələb olunmur, çünki onlar ərizəni şəxsən imzalamışlar. Qanunvericilik tərəfin əl imzası ilə imzaladığı sənədin əlavə olaraq elektron imza ilə də imzalanmasını tələb etmir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir; bu norma əl imzasının elektron imza ilə əvəz edilməsini məcburi etmir. Iddiaçılar arasında “Elektron Məhkəmə” hesabı olmayan şəxslərin də olması mümkündür və mənzil payçılarının əl imzası ilə imzaladıqları sənədi əlavə olaraq elektron qaydada imzalamaları üçün qanuni şərt yoxdur. Beləliklə, iddia ərizəsi imzalanmışdır; onu imzalayan şəxslər (iddiaçıların özləri və bir iddiaçı üzrə səlahiyyətli vəkil) imza atmaq hüququna malik olmuşlar.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 149.2.3. Iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Maddə 149.3. Iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 150.1.3. Iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 152.1.1. Iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1.2. Iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1.7. Bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. Iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
11. Işdən görünür ki, hazırda iddiaçılar bina sakinləri olmaqla cavabdeh MTK tərəfindən yaşadıqları binaların ümumi əmlakı olan liftlərə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasını və cavabdeh tərəfindən iddiaçılara qarşı qanunsuz hesablanmış borcların silinməsini tələb edirlər.
12. Kollegiya ilk öncə iddia ərizəsinin imzalanması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, MPM-in 150.1.3-cü maddəsinin məzmunundan göründüyü kimi, iddia ərizəsi nümayəndə tərəfindən imzalandığı hallarda həmin şəxsin müvafiq prosessual səlahiyyətlərini təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməsi tələb olunur. Hazırki işdə iddia ərizəsinin iddiaçılar tərəfindən şəxsən imzalanması halında onların təmsil edilməsi üçün ayrıca nümayəndəlik səlahiyyətini təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunmur.
13. Iş materiallarından görünür ki, iddia ərizəsinə əlavə edilmiş imza vərəqlərində iddiaçıların imzaları mövcuddur. Bununla yanaşı, iddiaçı iddiaçı58 adından iddia ərizəsini imzalayan vəkilin nümayəndə kimi şikayəti imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə də ərizəyə əlavə edilmişdir.
14. Kollegiya, həmçinin iddiaçıların tələblərinin bir iddia ərizəsində birləşdirilməsinin yolverilməzliyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
15. Belə ki, hazırkı işdə bütün iddiaçıların tələbləri eyni cavabdeh – “X3” MTK-na qarşı yönəlmiş, mübahisənin əsasını isə cavabdeh tərəfindən iddiaçıların yaşadığı binaların ümumi əmlakı hesab edilən liftlərdən istifadəyə məhdudiyyətlərin tətbiq edilməsi təşkil etmişdir. Iddiaçıların hər birinin tələbi mahiyyət etibarilə eyni xarakterli hüquq münasibətindən irəli gəlir və eyni hüquqi və faktiki məsələlərin araşdırılmasını zəruri edir.
16. Kollegiya iddia tələblərinin qeyri-müəyyənliyi ilə bağlı qeyd edir ki, iddia ərizəsinin məzmununda iddiaçıların yaşadıqları ünvanların və hər bir tələb üzrə silinməsi tələb olunan borc məbləğlərinin ayrıca göstərilməməsi tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə olunaraq iddia ərizəsinin dəqiqləşdirilməsi yolu ilə aradan qaldırıla bildiyi halda, ərizənin dərhal geri qaytarılması üçün yetərli əsas hesab edilə bilməz.
17. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı ilə baxılması imkanı nəzərdən keçirilməklə qeyd olunan nöqsanlar aydınlaşdırılmalı, bundan sonra iddia ərizəsinin icraata qəbul edilibedilməməsi məsələsi həll edilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ləğv edilsin və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iddianın icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.