Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3371/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadı ilə (hakim P.Ş.Məmmədov) iddia ərizəsi geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC məhkəmədə iddia qaldırmaqla cavabdehdən obyektə dəymiş ziyana görə ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulmasını tələb etsə də, həmin tələblə bağlı cavabdehə müraciətin edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Iddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında birbaşa müqavilə münasibətləri olmadığından və iddiaçı ödədiyi sığorta ödənişini zərərin vurulmasında təqsiri olan şəxsdən tələb etdiyindən mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması zərurəti yoxdur.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.206-cı il tarixli qərardadı ilə (hakim Ü.F.Yusifova) şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Konstitusiyası Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
12. Iddia ərizəsinin məzmunundan görünür ki, tələb iddiaçı tərəfindən ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında cavabdehdən tutulması ilə bağlıdır.
13. Tərəflər arasında müqavilə münasibətləri mövcud olmadığından, habelə bu kateqoriya işlər üçün qanunla pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini öz qərardadında qeyd etdiyi əsasla geri qaytarmaqda haqlı olmamışdır.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.