Məhkəmə qərarları › İş №e-2(3-6)-3430/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3430/2026

11.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3430/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 3-28/3-1-***/**** №-li əmrin ləğv edilməsi, əvvəlki vəzifəsi üzrə Lənkəran şəhər Narkoloji Xəstəxanasının baş həkimi işinə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Lənkəran şəhər Narkoloji Xəstəxanasının baş həkimi İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə” ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmrin ləğv olunması, İddiaçı Lənkəran şəhər Narkoloji Xəstəxanasının baş həkimi vəzifəsinə bərpa edilməsi, İddiaçı ##.##.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Məhkəmənin 15 aprel 2026-cı il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi verilərək icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, ## #### 2026-cı il tarixində Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsi əsas göstərilməklə geri qaytarılmış, qərardaddan cavabdehin nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin elektron kabinetə rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübut mövcud deyildir. Qərardadda qətnamənin ##.##.2026-cı il tarixdə elektron kabinetə yerləşdirildiyi göstərilmişdir, lakin iş materiallarında bunu təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Məhkəmə elektron məhkəmə informasiya sisteminin texniki çıxarışını, elektron kabinetə çatdırılma haqqında sistem jurnalını, elektron bildirişin göndərilməsi barədə məlumatı, elektron poçt və ya SMS bildirişinin göndərilməsinə dair sənədi araşdırmamışdır. Belə sübutlar olmadan yalnız "yerləşdirilmişdir" ifadəsinə istinad edilməsi MPM-in sübutetmə və sübutların qiymətləndirilməsi prinsiplərinə uyğun hesab edilə bilməz. Nazirliyə qətnamə məhz ##.##.2026-cı il tarixli müşayiət məktubu ilə göndərilmiş, lakin bugunədək qətnamə Nazirliyə daxil olmamışdır, eyni zamanda nümayəndənin elektorn kabinetinə qətnamənin yerləşdirilməsi barədə heç bir bildiriş daxil olmamışdır. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiasllarından görünür ki, ## ##### 2026-cı il tarixli qətnamənin çıxarışı həmin tarixdə, qətnamə isə ## ### 2026-cı il tarixində sistemə yerləşdirilmiş, eyni tarixdə də proses iştirakçılarının elektron kabinetində görünmüşdür. “Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair” elektron məhkəmə informasiya sistemindən çıxarışdan aydın olur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ## ### 2026-cı il tarixində cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Qeyd edilənlərdən aydın olur ki, proses iştirakçılarının ## ### 2026-cı il tarixindən qətnamə ilə tanış olmaq, ## #### 2026-cı il tarixinədək (daxil olmaqla) qətnamədən apellyasiya şikayəti vermək imkanları olmuşdur. Cavabdehin apellyasiya şikayəti isə ## #### 2026-cı il tarixində elektron sistemə yerləşdirilmiş, prosessual müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar