Məhkəmə qərarları › İş №e-2(3-6)-3537/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3537/2026

26.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3537/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikiliyə sahiblik hüququ, hüququn keçməsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, yaşayış sahəsindən çıxarılma) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı, Cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 iştirakları ilə, Işin halları

1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ##.##.2024-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı Ə.Qayıbov küçəsi, **** saylı ünvanda müvəqqəti məskunlaşmışdır;

2. AA seriyalı ****** saylı vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür;

3. cavabdeh3 Nərimanov RPI-yə verdiyi ##.##.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, 2010-cu ildən Cəbrayıl rayon qaçqını İddiaçı Rəşid oğlunun Nərimanov rayonu Ə.Qayıbov küçəsi 2090 ünvanda mövcud olan evində kirayədə yaşamağa başlayıb. 2011-ci ildən isə İddiaçı hazırda yaşadığı evinə köçüb. Həmin evdə iki ay kiarəyə qaldıqdan sonra Cəlillə razılaşdılar ki, ona həmin evi satsın. O, Cəlilə 1500 manat şifahi razılaşma əsasında ödəyib ki, evi ona satsın. Onlar razılaşdılar. Sonradan o, həmin ünvanda elektrik sayğacını anasının adına rəsmiləşdirib. Lakin Qaz və su sayğacları isə Cəlililin adına sənədləşdirilmişdir. 2013-cü ildə Cəlil ona bildirib ki, həmin evin yanında balaca bir yer var. Cəlil ona ümumi olaraq 1500 manat ödəyib ki, o, həmin yeri Cəlil üçün tiksin. O isə həmin yeri əvvəl razılaşsa da, sonra rayon icra nüməyəndəliyində icazə verilmədiyi üçün tikə bilməyib. Sonradan Cəlil həmin yeri başqa şəxsə verdi, o da icazə alıb təqribən 12 kv.m. ölçüdə ev tikdirdi. Onun verdiyi 1500 manatı qaytara bilmədiyi üçün Cəlil onun evdən çıxmasını istədi, o da həmin evdən 2013-cü ildə çıxıb. Başqa yerdə qalırdı. Həmin evdə də başqa kirayəşin qalırdı. Sonradan 2016-cı ildə Cəlil onun iş yerinə gələrək ona həmin evin açarını verib ki, gəlib orada qalsın və evin pulunu hissə-hissə ödəsin. O da razılaşıb və 3 il 100-150 manat olmaqla ödəyib. Eləcə də o, orada yaşadığı dövr ərzində də həmin evin təmirinə 3000 manata yaxın pul xərcləmişdir. Ev ona məxsusdur, o qışın günündə ailəsini küçələrə sala bilməz. Həmin evin heç bir sənədi olmamışdır və hal –hazırda da yoxdur;

4. cavabdeh3 Nərimanov RPI-yə verdiyi ##.##.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, 2010-cu ildən qeyd olunan ünvanda kirayədə yaşamışdır, 2012-ci ildə isə həmin evin sahibi İddiaçılə həmin evi ona satmasına razılaşıblar. Lakin sonradan o, onunla danışdığı pulu tam olaraq ödəyə bilmədiyi və eləcə də digər bağlanmış şifahi razılaşma alınmadığı üçün bu günədək onların anlaşmaları yarımçıq qalmışdır. Hazırda Cəlillə onun həmin evlə bağlı anlaşılmazlığını öz aralarında danışdılar ki, may ayına qədər ona orada yaşamasına icazə versin, may ayında o, oradan özünə yaşamaq üçün daimi ev taparaq həmin evi Cəlilə təhvil verəcəkdir. Lakin Cəlil ondan keçən müddət ərzində orada yaşamasının kirayə haqqını tələb edə bilməz. Çünki o, həmin evdə müəyyən təmir işləri apararaq pul xərcləmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 faktiki olaraq onun sahibliyində olan ünvan 2 ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı, cavabdeh3 arvadı cavabdeh2 və anası cavabdeh1 da cavabdeh qismində işə cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə faktiki olaraq onun sahibliyində olan ünvan 2 ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cəbrayıl rayonu, Xələfli kəndində qeydiyyatdadır və Cəbrayıl rayonundan məcburi köçkündür. ünvan 2 onun istifadəsində və sahibliyindədir. O, məcburi köçkün kimi həmin ünvanda məskunlaşmışdır. 2017-ci ildə o, həmin evi cavabdehə kirayəyə vermişdir. Hazırda ondan tələb edir ki, evdən çıxsın. Çünki o, kirayə haqqını ödəmir. Lakin o, buna məhəl qoymur. Ona görə də onun barəsində polisə şikayət etmişdir. Oradan ona izah olundu ki, iş mülki xarakterlidir. Əşyanın vasitəsiz sahibi hesab olunmalı və hüquqları Mülki Məcəllənin 158.2-ci maddəsi ilə müdafiə olunmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025- ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 11.1, 14.2.1, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 164.1, 165.1, 165.2, 178.1, 180.1, 180.2, 181.4, 337.5, 351.1, 385, 390.1, 390.2, 394, 402.1, 402.2, 406.1, 425, 442, 567-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

10. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş materiallarından göründüyü kimi, cavabdehin özü də bildirmişdir ki, tərəflər arasında şifahi razılığa əsasən cavabdehlər iddiaçının istifadə və sahibliyində olan evdə kirayəçi olaraq yaşamışdır. Cavabdeh cavabdeh3 polisə vermiş olduğu izahatında həmçinin qeyd etmişdir ki, iddiaçı ilə şifahi razılıq əsasında mənzilin dəyərini ödəməklə mənzili alğı-satqı əsasında əldə edəcəkdi, lakin pulun tamamını ödəyib bitirə bilməmişdir. Həmin məsələ ilə bağlı kollegiyanın nəzərinə çatdırır ki, tərəflər arasında mənzilin alğı satqısına dair şifahi razılıq olubsa belə, mənzilin tam dəyərini ödəyib bitirmədən evin cavabdehə keçməsi mümkün deyildir. Göründüyü kimi, cavabdehlər. mübahisəli tikiliyə məhz iddiaçının ixtiyarı ilə köçmüşdür. Başqa sözlə cavabdehin mübahisəli evdə yaşaması iddiaçı ilə razılaşmaya əsaslanır. Cavabdehin tikilini aldığı barədə dəlili isə sübuta yetmir. Hazırki işdə iddiaçının məcburi köçkün statusunda həmin tikilidə məskunlaşmasından irəli gələn xüsusi hal mövcuddur, hesab edir ki, İddiaçı məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Ə.Qayıbov küçəsi. **** saylı ünvanda yerləşən qanunsiz tikilidə məskunlaşdığından həmin ünvan üzrə sahiblik hüquqları tanınmalı və cavabdehlərin hər hansı əsas olmadan mənzildən istifadə etməklə, iddiaçının hüquqlarını pozmalarına yol verilməməlidir. Belə ki, əvvəlcə ev cavabdehlərə kirayə verilsə də, sonradan tərəflər arasında münasibətlər pozulmuş, iddiaçının tələb etməsinə baxmayaraq cavabdehlər evdən çıxmamışlar. Mülki Məcəllənin 27.2-ci maddəsinə uyğun olaraq, on dörd yaşma çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2. 77.1. 217.3 və 217.4-cü maddələri). Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər yetkinlik yaşma çatmayan uşaqları ilə birlikdə ünvan 3 ünvanında yerləşən evdən çıxarılmalıdırlar. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya instansiyasıməhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

15. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

23. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır.

24. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

25. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

26. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

27. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

28. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

31. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

33. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

34. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

37. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

38. Maddə 402.1. Ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

39. Maddə 402.2. Ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

40. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

41. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

43. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli Qərarı

44. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

53. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

56. Iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, o, məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 2090 ünvanda yerləşən mənzili cavabdehə kirayə vermişdir. Lakin cavabdeh uzun müddət kirayə haqqını ödəməmişdir. Bu səbəbdən cavabehlərin həmin mənzildən çıxarılmasını tələb edir. Cavabdehlər isə evin onlara satıldığını bildirir.

57. Işin mübahisəsiz halından görünür ki, ünvan 1 ünvanda yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

58. Hazırda iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır.

59. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli evlə bağlı münasibətlər yalnız kirayə münasibətləri ilə məhdudlaşmamışdır. Iş materiallarından görünür ki, cavabdeh həm polis orqanına verdiyi izahatlarında, həm də məhkəmə iclasında bildirmişdir ki, o, 2012-ci ildə iddiaçı ilə evin ona satılması barədə şifahi razılığa gəlmiş, bunun müqabilində müəyyən məbləğdə pul ödəmiş, sonradan evdə təmir və yenidənqurma işləri aparmış, bir müddət evdən çıxsa da, 2016-cı ildən yenidən həmin evdə yaşamış və bir neçə il ərzində evin pulunu ödəmişdir. Işin hallarından görünür ki, tərəflər arasında daşınmaz əmlakın alğı-satqısına dair etibarlı müqavilə bağlanmamışdır.

60. Tərəflər arasında hər hansı etibarlı müqavilə münasibəti yaranmadığından məhkəmə haqlı olaraq iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə ilə bağlı müddəlarını deyil, sahibliyin müdafiəsi ilə bağlı müddəlarını nəzərə almışdır.

61. Belə ki, özbaşına tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunmaq hüququ vardır. Əgər şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə və ona sahiblik edirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək də həmin şəxsə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) və sahiblik etməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.

62. Bu baxımdan özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla, özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir.

63. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, sahiblikdən məhrumetmə və onu pozma o halda qadağan edilmiş özbaşınalıq sayılır ki, bu hal sahibin iradəsi olmadan baş versin. Əgər sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmuşdursa, sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Yəni cavabdehin mübahisəli mənzildən çıxarılması üçün onun oradakı sahibliyi qanunsuz olmalıdır.

64. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən hazırki iş üzrə isə cavabdehin mübahisəli evə olan sahibliyi qanunsuz deyildir. Belə ki, hazırkı iş üzrə iddiaçı sözügedən ev üzərindəki sahiblik hüququnu öz iradəsi əsasında cavabdehə vermiş (ötürmüş) və cavabdeh bunun müqabilində ona ödəməli olduğu pulun bir hissəsini ödəmədiyi üçün hazırda baxılan iddia tələbini irəli sürmüşdür. Həmin evin ilk sahibi olan iddiaçı könüllü evin açarını ona təhvil vermişdir. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə iclasının protokolundan da görünür ki, iddiaçı həmin evi 1500 manat qarşılığında satmaq barədə cavabdehlə şifahi şəkildə razılaşdığını, lakin onun həmin pulu tam ödəmədiyini bildirmişdir. Belə olan halda cavabdehlərin əmlaka sahibliyi “qadağan edilmiş özbaşınalıq” yolu ilə əldə olunmuş sahiblik hesab edilə bilməz.

65. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki iş üzrə isə cavabdehlərin mübahisəli evə olan sahibliyi qanunsuz deyil və cavabdehlərin əmlaka sahibliyi “qadağan edilmiş özbaşınalıq” yolu ilə əldə olunmuş sahiblik hesab edilə bilməz və iddiaçı evin ona qaytarılması barədə deyil, ödənilməmiş məbləğin, zərərə düşmüşdürsə, düşdüyü zərərin cavabdehdən tutulması barədə iddia tələbi irəli sürə bilər.

66. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar