Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3706/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək onunla “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinin (rəqəmsal qeydiyyatının) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır ki, o, 3-cü qrup əlil kimi 370 manat məbləğində pensiya alır. Aldığı pensiya tam olaraq onu qane etmədiyi, tələbatının ödənilməsinə yetmədiyi üçün səhhətinin imkan verdiyi həddə əlavə bir işlə təmin olunmaq məqsədilə müvafiq quruma müraciət etdiyində adına aktiv əmək müqaviləsinin qüvvədə olduğu, buna görə onunla əlavə əmək müqaviləsinin bağlanmasının mümkün olmayacağı bildirilmişdir. Qeyd edilən məsələni dəqiqləşdirmə məqsədilə cavabdeh2 yanında X3 Xidmətinə müraciət etdiyində onunla “xxxx” MMC arasında əmək müqaviləsinin olduğu və onun həmin cəmiyyətin direktoru vəzifəsini icra etdiyi məlum olmuşdur. Hansı ki, “xxxx” MMC ##.##.2019-cu ildə onun tərəfindən təsis edilmiş və kommersiya hüquqi şəxs olmaqla cəmi bir neçə il fəaliyyət göstərmişdir. Yuxarıda qeyd etdiyi kimi səhhəti ilə əlaqədar işləyə bilməmiş və bu səbəbdən də cəmiyyətin işinin davam etdirilməsi demək olar ki, mümkün olmamışdır. Bu səbəbdən də cəmiyyətin fəaliyyəti dayandırılmış və onun ləğv edilməsi qərara alınmışdır. Bundan sonra cəmiyyətin ləğvi proseduruna başlanılmış və səhhəti imkan vermədiyindən qeyd edilən işlərin aparılması cəmiyyətin mühasib-hüquqşünasına həvalə edilmişdir ki, onlar da cəmiyyətin ləğvi ilə bağlı müvafiq quruma müraciət etməklə zəruri işləri görmüş, cəmiyyətə məxsus möhürü aidiyyəti orqanlara təhvil vermiş, lakin cəmiyyətdə rəsmi olaraq qeydə alınan işçilərin əmək müqaviləsinə xitam verməyi unutmuşlar. Bu səbəbdən də qeyd edilən cəmiyyətlə arasında olan əmək müqaviləsinə rəsmi olaraq xitam verilməsi mümkün olmamışdır. Hazırkı qanunvericiliyə əsasən işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin rəqəmsal qeydiyyatı və idarə olunması dövlət tərəfindən təqdim olunan ƏMAS (Əmək və Məşğulluq Altsistemi) vasitəsilə həyata keçirilir ki, ƏMAS-ın əsas məqsədi əmək münasibətlərinin rəqəmsallaşdırılması, işəgötürənlər və işçilər üçün daha şəffaf və effektiv bir sistem yaratmaqdır ki, bu sistemə nəzarət və onun idarə olunması cavabdeh2 yanında X3 Xidməti (AR ƏƏSMN DƏMX) tərəfindən həyata keçirilir. Onunla “xxxx” MMC arasında olan əmək müqaviləsi isə elektron qaydada bağlanıldığından və işəgötürən cəmiyyət artıq ləğv edildiyindən qeyd etdiyi əmək müqaviləsinin xitamı zəruridir. Bu məqsədlə AR ƏƏSMN DƏMX-ə etdiyi müraciətin cavabında aidiyyəti məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Bundan sonra isə tərəfindən müvafiq tələblə Naxçıvan MR Inzibati Məhkəməsində iddia qaldırılmış və məhkəmə prosesi zamanı cavabdeh tərəfin mülahizələri nəzərə alınmaqla iddianın ümumi məhkəmədə - Bakı şəhəri Nizami rayon Məhkəməsində qaldırılmalı olduğu məlum olmuşdur. Bu səbəbdən də o, hazırkı tələblə məhkəməyə müraciət edir. Hesab edir ki, ərizəsində göstərilənlər əsaslı olduğundan tələbi təmin edilməli və onunla “xxxx” MMC arasında olan əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmalıdır.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadına əsasən iddia ərizəsinin icraata qəbulundan imtina edilərək iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
4. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş cavabdeh2 yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə baxış keçirilən zaman “xxxx” MMC-nin adına olan VÖEN-in (**********) ləğv olunduğu və İddiaçı həmin müəssisənin direktoru olduğu müəyyən edilmişdir. Onun “xxxx” MMCnin direktoru olduğu nəzərə alınaraq əmək müqaviləsinə xitam verilməsi tərəfindən təmin edilməlidir. Eyni zamanda “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatla da təsdiq olunur ki, İddiaçı ********** VÖEN nömrəli “xxxx” MMC-nin direktoru olması barədə ##.##.2019-cu il tarixli müddətsiz müqavilə qüvvədə olmaqla aylıq 500 manat əmək haqqı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı hazırkı iddiaçı İddiaçı müraciətini araşdırmış və onun “xxxx” MMC-nin direktoru olduğu nəzərə alınaraq əmək müqaviləsinə xitam verilməsinin özü tərəfindən təmin edilməli olduğu müəyyən edilmişdir. Hansı ki, bu qeyd edilənlər əmək qanunvericiliyinin yuxarıda istinad olunan normaları ilə təsbit edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin tələbləri və X3 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda göstərilənlər nəzərə alınmaqla hazırkı iddia tələbinə ümumi məhkəmədə baxılmasına əsaslar yoxdur, qüvvədə statusu ilə “Əmək və məşğulluq” altsistemində “xxxx” MMCnin direktoru kimi qeydiyyatda olan müəssisə direktoru kimi İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr verməli, bu barədə əmri əsasverici sənədlərlə birlikdə aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə və X3 Xidmətinə göndərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, ərizə ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, mübahisəyə dair sonrakı hərəkətlərə yuxarıda göstərilən qaydada əməl etməli olduğu iddiaçıya izah edilməlidir.
5. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, əmək müqaviləsinin tərəfindən - şəxsən ləğv edilməsi mümkün deyildir. Çünki, vaxtı ilə direktoru olduğu cəmiyyətin fəaliyyəti daynmaqla, ona məxsus VÖEN ləğv edilmişdir. Bundan sonra müəssisəyə məxsus möhür-ştamp aidiyyəti üzrə təhvil verilmişdir (və ya qeyri məyyən şəraitdə itmişdir) ki, bu səbəbdən də barəmdə olan əmək müqaviləsinin qanunauyğun qaydada ləğvi mümkün olmamışdır. Hazırki vaxtda isə pozulmuş hüquqlarımın bərpası ancaq ədalətli məhkəmə yolu ilə mümkündür. Əmək müqaviləsinin ləğvi ilə bağlı X3 Xidmətinə qarşı Naxçıvan MR Inzibati məhkəməsində iddia qaldırsa da bu zaman mübahisənin mülki xarakterli, müqavilə öhdəlikləri ilə bağlı olması səbəbindən bilavasitə X3 Xidmətinin nümayəndəsinin işə ümumi məhkəmədə baxılmalı olması fikrini əsas tutmaqla işə həmin inzibati məhkəmədə baxılmasına xitam verilmiş və sənədlər müvafiq Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Eyni zamanda bildirim ki, barəmdə olan əmək müqaviləsinə özüm tərəfindən xitam verilməsinin mümükünsüzlüyü səbəbindən məhkəməyə müraciət olunmuşdur. Əks halda məhkəməyə nə zərurət vardır? Qərardada əsasən onun “xxxx” MMC-nin direktoru olduğu və ##.##.2019-cu il tarixli müddətsiz müqavilə qüvvədə olmaqla aylıq 500 manat əmək haqqı aldığı müəyyən edilir. Eyni zamanda həmin qərardadda “xxxx” MMC-nin adına olan VÖEN-in (**********) ləğv olunduğu da bildirilir.Göründüyü kimi, vaxtı ilə “xxxx” MMC-də direktor kimi çalışsa da, təsisçi deyildir və həmin cəmiyyət də artıq ləğv edilmişdir. O, həmin vəzifəyə təsisçi tərəfindən təyin edilmişdi ki, hazırki vaxtda da cəmiyyətin ləğv edilməsi və ya fəaliyyətinin dayandırılaraq müvafiq möhürün təhvil verilməsi (və ya itirilməsi) səbəbindən mənim istəyimin reallaşması mümkün deyil. Eyni zamanda o, hazırda “Əmək və məşğulluq” altsistemində direktor yox işçi kimi qeyd edilmişəm.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
9. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamə: 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi... 3.1.3-2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda işçinin elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etmək, bununla bağlı işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparmaq;
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 49.4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. MPM-nin 153.3-cü maddəsinə əsasən işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını qərardadda göstərir.
12. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, X3 Xidmətinin Bakı şəhər Idarəsinin ## ### 2025-ci il tarixli məktubunda göstərilənlər nəzərə alınmaqla hazırkı iddia tələbinə ümumi məhkəmədə baxılmasına əsaslar yoxdur, qüvvədə statusu ilə “Əmək və məşğulluq” altsistemində “xxxx” MMC-nin direktoru kimi qeydiyyatda olan müəssisə direktoru kimi İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr verməli, bu barədə əmri əsasverici sənədlərlə birlikdə aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə və X3 Xidmətinə göndərməlidir.
13. Məhkəmə kollegiyası göstərilən əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, hazırkı vəziyyətdə müəssisə direktoru kimi İddiaçı əmək müqaviləsinin xitamı barədə əmr verərək bu əmri əsasverici sənədlərlə birlikdə aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə və X3 Xidmətinə göndərməsi mümkün deyildir. “xxxx” MMC ləğv olunduğundan və VÖEN aktiv olmadığından həmin hüquqi şəxslə bağlı hər hansı hərəkətin aparılması mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası qeyd olunan xüsusatla bağlı şikayətin dəlilini əsaslı hesab edir.
14. Digər tərəfdən qeyd olunmalıdır ki, ləğv edilmiş, artıq mövcud olmayan hüquqi şəxsin cavabdeh kimi göstərilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmasa da, bu məsələ də iddia ərizəsinin icraata qəbulu zamanı diqqətdən kənarda qalmışdır.
15. Şikayətdə qeyd olunur ki, əmək müqaviləsinin ləğvi ilə bağlı X3 Xidmətinə qarşı Naxçıvan MR Inzibati məhkəməsində iddia qaldırsa da bu zaman mübahisənin mülki xarakterli, müqavilə öhdəlikləri ilə bağlı olması səbəbindən bilavasitə X3 Xidmətinin nümayəndəsinin işə ümumi məhkəmədə baxılmalı olması fikrini əsas tutmaqla işə həmin inzibati məhkəmədə baxılmasına xitam verilmiş və sənədlər müvafiq Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir.
16. Lakin iş materiallarından görünür ki, İddiaçı tərəfindən X3 Xidmətinə qarşı əmək müqaviləsinin (rəqəmsal qeydiyyatın) ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsində iddia qaldırılmış, sonradan iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadına əsasən iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata bu əsasla xitam verilmişdir.
17. Həmin qərardadla iddiaçının diqqətinə çatdırılmışdır ki, onun ərizəsi əsasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yəni, iddiaçının inzibati qaydada da hüquqlarının bərpası imkanları tükənməmişdir.
18. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması, mümkünlük məsələsinin müzakirəsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamənin və digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş materialları qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.