Məhkəmə qərarları › İş №e-2(3-6)-3852/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3852/2026

04.09.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3852/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), hakimlər X3 və X1 ibarət tərkibdə, Əhmədova Aysel Isbəndiyar qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və s” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli 2(005)- ****/**** nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək cavabdehcavabdeh ## ##### 2024-cü il tarixli, K/M-** saylı əmrin ləğv edilməsi, iddiaçı İddiaçı Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması, cavabdeh Agentliyindən ##.##.2024-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir;

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2024-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir;

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, 8(005)- ***/**** nömrəli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Icra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın icra sənədi üzrə icraata xitam verilməsi haqqında ##.##.2025ci il tarixli qərarı ləğv edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə müvafiq icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır;

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından borclu Agentliyi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır;

5. Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli bildirişindən görünür ki, Peşə Məktəbinin direktoru İddiaçı ilə Agentlik arasında bağlanılmış müddətli əmək müqaviləsinə 2025-ci il ## ###### tarixində müddətin bitməsi səbəbi ilə xitam veriləcəkdir;

6. Dövlət Agentliyinin K/M-*** saylı, ## ###### 2025-ci il tarixli əmri ilə Peşə Məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin ## ###### 2025-ci il tarixli K/M-*** saylı əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi, mediasiya üçün ödənilmiş 60 manatın və hüquqi xidmət üçün ödənilmiş 500 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1990-cı ildən rayon Peşə Məktəbinin Xocalı filialının müdiri vəzifəsində işləmiş, 2022-ci ilin dekabr ayından ##.##.2024-cü il tarixədək Rayon Peşə Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Dövlət Agentliyinin sabiq direktoru Ceyhun Kərəmovun ## ##### 2024-cü il tarixli K/M-** saylı əmri ilə qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə Dövlət Agentliyinə qarşı iddia qaldıraraq, Dövlət Agentliyinin sabiq direktoru Ceyhun Kərəmovun ## ##### 2024-cü il tarixli K/M-** saylı əmrinin ləğv olunması, əvvəlki iş yerinə, Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. ##.##.2024-cü il tarixdə məhkəmənin qeyd edilən qətnaməsinə icra sənədi verilmişdir. Cavabdeh Agentlik tərəfindən qətnamədən ##.##.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilərək, qeyd edilən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul olunması xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Agentlik tərəfindən ünvanına ##.##.2024-cü il tarixli, K/M*** №-li Əmr göndərilərək onun işə bərpa olunduğu bildirilmişdir. Tərəfindən cavabdeh Agentliyə məktub göndərilərək, məhkəmə qətnaməsinin qanuni qüvvəsini almadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmədiyi üçün, ##.##.2024-cü il tarixdə mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Tərəfindən Dövlət Agentliyinə müraciət olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin icra olunması xahiş olunaraq, Rayon Peşə Məktəbinin ona təhvil verilməsinin təmin olunması xahiş olunmuşdur. Dəfələrlə müraciət etsə də, qətnamə tam icra olunmamış, Rayon Peşə Məktəbinin möhürü, müvafiq sənədlər və avadanlıqları ona təhvil verilməmişdir. Nərimanov Rayon Məhkəməsinin (hakim Nərgiz Tağıyeva) iş üzrə ##.##.2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsindən Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin icra olunmasının təmin olunması xahiş olunmuşdur. Lakin, Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi icra olunmamışdır. Cavabdeh Agentlik Nərimanov rayon Icra Şöbəsinə məktub göndərərək icra sənədinin icra olunduğunu bildirsə də, yuxarıda qeyd etdiyi kimi, Rayon Peşə Məktəbi qanunvericiliklə müəyyən olunmuş qaydada ona təhvil verilməmişdir. Bu barədə Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinə müraciət edərək, məhkəmə qərarının tam icra olunmasını xahiş etmiş, bu zaman ona məlum olmuşdur ki, Nərimanov rayon Icra şöbəsinin icra məmuru X4 icraata xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli qərar qəbul etmişdir. Icraata xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli qərarından Nərimanov Rayon Məhkəməsinə şikayət verərək, icraata xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün icra işi yenidən Nərimanov rayon Icra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilmiş, cavabdeh Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, şikayətin rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmədi. Nəhayət, 2025-ci ilin ## ###### tarixində Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi icra olundu. Bu müddət ərzində, yəni ##.##.2025-ci il tarixdən noyabr ayınadək müxtəlif bəhanələrlə onunla bağlanmış əmək müqaviləsinin müddətinin cari ilin noyabr ayında bitməsini qanuniləşdirmək üçün ona dəfələrlə elektron əmək müqaviləsi bildirişi göndərirdilər. Onunla bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsində müddət 02 il bir gün qeyd olunmuşdur. Cavabdeh tərəfindən ona göndərilən elektron əmək müqaviləsi bildirişində ##.##.2022-ci il tarixli əmək müqaviləsinin müddətini gah bir il, gah da ki, 03 il qeyd edərək cari ilin noyabr ayında müqavilənin müddətinin bitməsinə zəmin yaratmağa çalışırdılar. Lakin, o göndərilmiş elektron müqavilələri imzalamadıqda onunla bağlanmış müqaviləyə ##.##.2025-ci il tarixdə xitam verildi. Hesab edir ki, cavabdehin hərəkətləri nəinki qanuna zidd olmuş, hətta insanlığa sığmayan bir hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, 2027-ci ilin mart ayında 65 yaşı tamam olması ilə əlaqədar onsuz da müqaviləsinə xitam veriləcəkdir. Cavabdeh pensiya yaşına 01 il 05 ay qalmış bir müddətdə onu işdən çıxarmaqla sanki ondan qisas alırmış kimi düşmənçilik etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2026 -ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin ## ###### 2025-ci il tarixli K/M-*** saylı əmrinin ləğv edilməsi, İddiaçı Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması və ona ##.##.2025-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, 50 (əlli) manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 500 manat pulun 300 (üç yüz) manatının cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin sabiq direktoru Ceyhun Kərəmovun ## ##### 2024-cü il tarixli K/M-** saylı əmri ilə qanunsuz olaraq əmək müqaviləmə xitam verilmiş, Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ##.##.2024-cü il tarixli qətnaməsi ilə həmin əmrin ləğv olunması, iddiaçının əvvəlki iş yerinə, Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən qətnamə 2025-ci ilin ## ###### tarixində Nərimanov Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi icra olunmuş və Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin K/M-*** saylı, ##.##.2025-ci il tarixli əmri ilə Goranboy Peşə Məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilməsinə dair əmr qəbul edilmiş və əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi və T.Ə.Ibrahimovun razılığı göstərilmişdir. Göründüyü kimi, əmrin verilməsi zamanı Əmək Məcəlləsinin müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunsa da, iddiaçı barəsində verilmiş əmr iki əsasla (qanun norması) ilə əsaslandırılmışdır. Belə ki, Məcəllənin 68.2-ci maddəsində əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri olması təsbit edilsə də, bu maddə ilə yanaşı əmrin həmin Məcəllənin 61-ci maddəsinin II hissəsi ilə əsaslandırılması qanuna uyğun olmamışdır. Həmçinin əmrin əsası kimi yalnız Məcəllənin 68.2-ci maddəsi ilə yanaşı direktor müavini T.Ə.Ibrahimovun razılığının olmasının göstərilməsi də anlaşılan olmamışdır. Belə ki, qanunvericilik işçinin tutduğu vəzifəsinin əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı, eyni anda onun tutduğu vəzifənin icrasının davam etdirilməsi üçün digər işçinin buna razılığını da göstərməklə birlikdə xitam verilməsini nəzərdə tutmamışdır. Başqa sözlə, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilməsi 61-ci maddədə təsbit edilsə də, bunun üçün ilk növbədə vəzifənin boş olması gərəkdir. Bu isə həmin vəzifəni tutan şəxs barədə müvafiq əmr verildikdən sonra digər işçinin boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsi ilə həyata keçirilir ki, bu da sözüdən vəzifəni icra etmək istəyən digər işçinin razılığı ilə yol verilir. Işin materiallarından görünür ki, cavabdeh hər iki halı eyni əmrlə rəsmiləşdirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hər iki halı eyni əmrlə rəsmiləşdirməsi ilə deyil, iddiaçının əmək müqaviləsinə xitam verilməsini Məcəllənin 2 norması ilə əsaslandırması qanun pozuntusudur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin izahatı özüözlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə göstərilənlərdən əlavə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş qətnamənin icrası cavabdeh tərəfindən uzun müddət ləngidilməklə tədris ilindən əvvəl icra olunmasına baxmayaraq tədris ili başlayandan iki ay sonra xitam verilməsi təşəbbüsü ilə çıxış etməsi onun hüququ olsa da, iddiaçının hüquqları və mənafeyi nəzərə alınmamışdır. Belə ki, iddiaçı rəhbər vəzifəyə təyin edilməklə başlayan tədris ilindən rəhbərlik etdiyi peşə məktəbinin fəaliyyətini tədris ilinin yükünə uyğun qurmaq və rəhbərliyini davam etdirərkən məhz müqavilə müddətinin qurtarması əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmış olmalı idi. Iddiaçı barəsində qəbul edilmiş qətnamənin icrasının cavabdeh tərəfindən uzun müddət ləngidilməsi fonunda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsinin hazırki məhkəmə iclasında iddiaçının bərpa edilməsinə baxmayaraq, onsuz da onu işdən çıxarmaq niyyətlərinin olmasını açıq-aşkar bildirməsi cavabdehin iddiaçıya hansı formada münasibətlərinin olmasına bariz nümunədir. Başqa sözlə, cavabdehin məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini qüvvəsini alan kimi dərhal deyil, uzun süründürməçilik və yeni məhkəmə çəkişmələrindən sonra icra edərək az müddət sonra müddətli əmək müqaviləsiə xitam verilməsini məhkəmə qətnaməsini formal icra etməsi kimi qiymətləndirilir. Belə olmasa idi cavabdeh iddiaçı ilə bağladığı müddətli əmək müqaviləsinin sonuna az qalmış onu xitam etmək təşəbbüsündə bulunmazdı və ən azından tədris ilinin yekunlaşmasını gözləmək imkanı da var idi. Həmçinin də məhkəmə qeyd edir ki, iddiaçının iddiasında və izahatında qeyd etdiyi kimi 2027-ci ilin mart ayında 65 yaşı tamam olması ilə əlaqədar onsuz da müqaviləsinə xitam verilməsini özü əvvəlcədən bilirdi. Iddiaçı tərəf müqavilənin müddətli bağlanmasını mübahisələndirməsə də, işin faktiki və araşdırılmış halları ilə bağlı məhkəmə qeyd edir ki, müddətli müqavilənin tərəflərin “qarşılıqlı razılığına” əsasən bağlandığını nəzərə alaraq “Qarşılıqlı razılıq” Qanunun tələbinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Işin hallarından isə açıq-aydın görünür ki, cavabdeh Qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək qətnaməni icra etməsinə baxmayaraq onu sonradan iddiaçı ilə əmək münasibətlərini sonlandırmaq niyyəti ilə icra etmiş və az müddətə bağlanmış müddətli əmək müqaviləsinin bitməsini gözləyərək bu niyyətini yuxarıda göstərilən qaydada, lakin qanunsuz olaraq həyata keçirmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar ilə iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından iddia tələbi “əmrin ləğvi və işə bərpa” hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir. Məhkəmə hesab edir ki, əmrin ləğvi və işə bərpa hissəsində iddia tələbi təmin edildiyindən, 50 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Iddiaçının vəkildən hüquqi yardım almaq üçün ödədiyi və cavabdehdən tələb etdiyi 500 manat məbləğində pul isə məhkəmə xərcidir, həmçinin, iddiaçı tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul ödənildiyi göstərən qəbz iş materiallarında mövcuddur. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyindən hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pulun 300 manatı tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh tərəf apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xitam əmrində Əmək Məcəlləsinin 61-ci maddəsinin ikinci hissəsinə istinad edilməsinin səbəbi araşdırılmamışdır. Məhkəmə bu istinadı qanunauyğun hesab etməsə də, cavabdehdən bunun səbəbini soruşmamış və həmin normanın vakant direktor vəzifəsinin müvəqqəti icrasının hüquqi əsası kimi göstərildiyini araşdırmamışdır. Bu hal müəyyən edilsə idi, məhkəmə 61-ci maddəyə verdiyi hüquqi qiymət fərqli olardı. Məhkəmə cavabdehin hüquqdan sui-istifadə etməsi barədə nəticəyə gəlsə də, bu nəticəni təsdiq edən konkret faktiki halları müəyyən etməmişdir. Qətnamədə cavabdehin hansı hərəkətinin hüquqdan sui-istifadə təşkil etdiyi göstərilməmiş, bu nəticə yalnız ehtimallara və subyektiv qiymətləndirmələrə əsaslanmışdır. Məhkəmə cavabdehin əmək müqaviləsinə məhz tədris ilinin sonunda xitam verməli olması barədə nəticəyə gəlsə də, belə nəticəyə gəlməyə əsas verən hər hansı qanuni əsas müəyyən etməmişdir. Iş materiallarında əmək müqaviləsinin qanunda nəzərdə tutulmuş müddətdən artıq davam etdirilməsini zəruri edən hər hansı fakt mövcud deyildir. Məhkəmə cavabdehin hüquqdan sui-istifadə etdiyi nəticəsinə gəlsə də, bu qənaəti təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Iş materiallarında cavabdehin qanundan kənar məqsəd güddüyünü və ya əmək müqaviləsinə qanunsuz əsaslarla xitam verdiyini təsdiq edən heç bir sübut mövcud deyildir. Iş materiallarında cavabdehin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə zidd qaydada xitam verməsi və ya iddiaçının hüquqlarını pozması barədə hər hansı sübut yoxdur. Əksinə, iddiaçıya əvvəlcədən yazılı xəbərdarlıq edilmiş və əmək müqaviləsinə qanunla müəyyən olunmuş tarixdə xitam verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, əmək müqaviləsi qanunvericiliyə uyğun olaraq müddətli bağlanmış, müddəti başa çatmış və iddiaçıya əvvəlcədən xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, yalnız ehtimallara əsaslanaraq cavabdehin hüquqdan sui-istifadə etdiyi nəticəsinə gəlmişdir. Müəyyən edilmiş faktlar belə hüquqi nəticəyə gəlməyə əsas vermir. Məhkəmə müəyyən etmişdir ki, əmək müqaviləsinin müddəti ## ###### 2025-ci il tarixində başa çatmışdır. Lakin, həmin faktdan çıxış edərək işəgötürənin əmək müqaviləsinə tədris ilinin sonunda xitam verməli olduğu nəticəsinə gəlmişdir. Nə qanunvericilikdə, nə də ki iş üzrə müəyyən edilmiş faktlarda belə bir öhdəlik və ya hüquqi mexanizm nəzərdə tutulmamışdır. Məhkəmə müəyyən etmişdir ki, əmək müqaviləsinin müddəti ## ###### 2025-ci il tarixində başa çatmışdır. Lakin, həmin faktdan çıxış edərək işəgötürənin əmək müqaviləsinə tədris ilinin sonunda xitam verməli olduğu nəticəsinə gəlmişdir. Iş üzrə müəyyən edilmiş faktlar belə nəticəni dəstəkləmir və qanunvericilikdə belə öhdəlik nəzərdə tutulmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 11, birinci hissə, “b” bəndi. əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək. Maddə 68, birinci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, ikinci hissə. “b” bəndi, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Maddə 73, birinci hissə. müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 73, ikinci hissə. işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 76, birinci hissə. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76, ikinci hissə. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 79, birinci hissə. işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Maddə 84, birinci hissə. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84, ikinci hissə. bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə iddia tələbi qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzmununu və orada göstərilən dəlilləri hərtərəfli təhlil edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2026-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halları üzrə gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları düzgün aydınlaşdırmamışdır.

22. Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı İddiaçı müddətli əmək müqaviləsinə Peşə Məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Dövlət Agentliyinin ## ##### 2024-cü il tarixli K/M-** saylı əmri ilə əmək müqaviləmə xitam verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli ## #### 2024-cü il tarixli qətnaməsi ilə həmin əmrin ləğv olunması, iddiaçının əvvəlki iş yerinə, Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması qət edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən qətnamə 2025-ci ilin ## ###### tarixində icra olunmuşdur. İddiaçı elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsinə xitam veriləcəyinə dair ## ###### 2025-ci il tarixdə xəbərdarlıq təqdim edilmişdir. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin K/M-*** saylı, ## ###### 2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən Peşə Məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair hazırda mübahisələndirilən ## ###### 2025-ci il tarixli əmrdən görünür ki, əmrdə həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsaslanılmaqla Peşə Məktəbinin direktor müavini X7 vakant olan Peşə Məktəbinin direktoru vəzifəsini icra etməsi nəzərdə tutulmuşdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli xitam əmrində Əmək Məcəlləsinin 61-ci maddəsinin ikinci hissəsinə istinad edilməsinin səbəbinin araşdırılmadığına dair dəlili ilə razılaşaraq bildirir ki, iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsaslanmaqla tərtib edilmiş, eyni əmrlə yaranmış vakant vəzifənin icrasının digər şəxsə həvalə edilməsinə münasibətdə isə həmin məcəllənin 61-ci maddəsinə istinad edilmişdir.

24. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsaslanaraq, mübahisəli əmrdə həmin məcəllənin 61-ci maddəsinin də qeyd edildiyinə istinad etməklə əmək müqaviləsinə xitam verilməsinin iki əsasla həyata keçirildiyi qənaətinə gəlmişdir. Halbuki, həmin məcəllənin 76-cı maddəsi əmək müqaviləsinə xitam verilməsini məhdudlaşdıran şərtləri, yəni bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsi isə ümumiyyətlə müqaviləyə xitam verilməsi ilə bağlı deyil, başqa işçinin əmək funksiyasının icrası ilə bağlı münasibətləri tənzimləyən normadır. Sözügedən əmrdə isə məcəllənin 61-ci maddəsinə əsaslanmağın iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığı, eyni əmrdə Peşə Məktəbinin direktor müavini T.Ə.Ibrahimovun vakant olan Peşə Məktəbinin direktoru vəzifəsini icra etməsi ilə bağlı olduğu mübahisəsizdir. Belə olan halda, qeyd edilənlərlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmamış və apellyasiya şikayətinin bununla bağlı dəlili əsaslıdır.

25. Məhkəmə kollegiyası, cavabdehin hüquqdan sui-istifadə etməsi barədə, cavabdehin qanundan kənar məqsəd güddüyü və əmək müqaviləsinə qanunsuz əsaslarla xitam verdiyi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlərlə bağlı dəlillərə münasibətdə bildirir ki, əmək müqaviləsinin müddətli olmasının birinci instansiya məhkəməsi tərəfindən də müəyyən edilməsinə baxmayaraq, cavabdehin qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək əmək münasibətlərinə xitam verməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin hallarına uyğun olmamış, əksinə müddətli bağlanmış müqavilənin xitamı işəgötürənin hüququ olmaqla qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsasla həyata keçirilmişdir.

26. Belə ki, cavabdehin iddiaçıya münasibətdə əmək münasibətlərinə xitam verilməsi üzrə davranışlarında hüquqdan sui-istifadə amillərinin mövcudluğu, başqa sözlə cavabdehin vicdanlılıq tələblərinə uyğun olmayan hərəkətlər etməsi, habelə hüququn formal olaraq qanuna uyğun şəkildə, lakin mahiyyətcə iddiaçının hüquqlarını qanunsuz məhdudlaşdırmaq və ya ona zərər vurmaq məqsədilə istifadəsi işin müəyyən edilmiş hallarına əsasən təsdiq edilmir.

27. Məhkəmə kollegiyası, apellyasiya şikayətində göstərilən, cavabdehin əmək müqaviləsinə məhz tədris ilinin sonunda xitam verməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlərlə bağlı dəlilə münasibətdə bildirir ki, müddətli əmək müqaviləsinin müddətinin uzadılması cavabdehin işəgötürən kimi əsas hüquqlarından biri olmaqla yanaşı, həmin müqavilənin tədris ilinin dövrü ilə bağlı uzadılmasına görə hər hansı hüquqi əsas mövcud deyildir.

28. Bununla yanaşı, işəgötürən tərəfindən müddətli əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçiyə yazılı xəbərdarlıq göndərilməsinə dair qanunvericiliyinin tələbinə əməl olunmuşdur. Belə olan halda, qeyd edilən əmrin ləğvi üçün hər hansı əsas müəyyən edilməməklə, işəgötürənin işçi ilə əmək münasibətlərinə xitam verilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş işəgötürənin hüquqlarına və müvafiq sənədləşdirmə qaydalarına uyğun olmuşdur.

29. Bütün bunları nəzərə alan kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürülmüş dəlilləri əsaslıdır.

30. Əlavə olaraq, Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı məsələni həll edərək qeyd edir ki, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edildiyindən işə baxılması ilə bağlı xərclər də iddiaçının özünə aid edilməlidir.

31. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar