Məhkəmə qərarları › İş №e-2(3-6)-3856/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3856/2026

31.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3856/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı Qasımova İradə Kamil qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qasımova İradə Kamil qızı cavabdeh Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin direktor vəzifələrini müvəqqəti icra edən Nümayəndə tərəfindən qəbul edilmiş ## ##### 2025-ci il tarixli, ** saylı əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işburaxmağa görə ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Qasımova İradə Kamil qızı ##.##.2026-cı il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı Qasımova İradə Kamil qızı şikayət verərək, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin icraata qəbul olunması və mahiyyəti üzrə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müddətin bərpası barədə vəsatət təqdim edilsə də, məhkəmə qeyd etmişdir ki, ərizədə müddətin bərpası barədə vəsatət yoxdur. Lakin tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə ham apellyasiya şikayəti, həm də ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatət birlikdə və eyni sənədin daxilində açıq-aydın yazılmış, əsaslandırılmışdır. Ağır səhhəti (dağınıq skleroz xəstəliyi) və qətnamənin gec daxil olması üzrlü səbəb kimi göstərilmişdir. Hakimin bu sənədi görməzdən gəlməsi mülki prosessual hüquq normalarının kobud şəkildə pozulmasıdır. Dövlət rüsumu bəhanəsi əsassızdır. İş materiallarından da göründüyü kimi bu iş əmək münasibətlərindən (işə bərpa və əmək haqqı tələbi) yarandığı üçün qanunla dövlət rüsumundan azaddır. Sənəddə formal heç bir çatışmazlıq yoxdur. Məqsədli şəkildə maneə yaradılır. Məhkəmə tərəfindən təkrarən eyni bəhanə ilə (Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsi) şikayətin geri qaytarılması iddiaçının konstitusiya ilə qorunan məhkəmə müdafiəsi hüququnu əlindən alır. Hakim işin mahiyyəti üzrə yuxarı instansiyada baxılmasına imkan verməmək üçün prosesi süni şəkildə uzadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən Elektron Məhkəmə İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin: - 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. -10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. -10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. -10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. -363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Bundan başqa ##.##.2021-ci il tarixdən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə dəyişikliklərə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə edilmiş * saylı Əlavədə müəyyən olunmuşdur). Göründüyü kimi, məhkəmə qətnamələrindən verilən şikayətlər yalnız elektron qaydada (elektron kabinet vasitəsilə) və müəyyən edilmiş formada verildiyi halda birinci instansiya məhkəmələri tərəfindən baxılması üçün apellyasiya məhkəməsinə göndərilə bilər, əks halda qanunvericiliklə müəyyən edilmiş formada verilmədiyi üçün geri qaytarılacaqdır. Hazırda isə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə göndərilsə də, apellyasiya şikayəti üçün müəyyən edilmiş formaya (* saylı Əlavəyə) uyğun verilməmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 361-ci maddəsi apellyasiya şikayətinin yalnız mahiyyət etibarilə hansı məsələləri ehtiva etməli olduğunu deyil, həm də onun qanunla müəyyən edilmiş formada təqdim edilməsini tələb edir. Həmin maddəyə əsasən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmə, şikayət verən şəxs və onun prosessual vəziyyəti, mübahisələndirilən məhkəmə aktı, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, aktın düzgün hesab edilmədiyi konkret əsaslar, istinad olunan fakt və hallar və onları təsdiq edən sübutlar, habelə əlavə olunan sənədlərin siyahısı göstərilməlidir. Apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi də məhz bu prosessual tələblərin təmin edilməsinin tərkib hissəsidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinin tətbiqi də məhz bu məqsədə xidmət edir. Həmin normaya əsasən apellyasiya şikayəti 361-ci maddənin tələblərinə riayət edilmədən verildikdə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qanunvericilikdə bu əsasın ayrıca müəyyən edilməsi onu göstərir ki, apellyasiya şikayətinin məhkəmə tərəfindən yuxarı instansiyaya göndərilməsi üçün yalnız elektron kabinet vasitəsilə təqdim olunması kifayət etmir. şikayət eyni zamanda qanunla müəyyən edilmiş prosessual tələblərə cavab verməlidir. İddiaçının “sənəddə formal heç bir çatışmazlıq yoxdur” barədə mövqeyi də müvafiq sənədin özünün qanunla müəyyən edilmiş apellyasiya şikayəti formasına uyğunluğu ilə təsdiq olunmalıdır. Sadəcə sənəddə apellyasiya şikayəti verilməsinin və qətnamədən narazılığın ifadə edilməsi onun Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin bütün tələblərinə cavab verdiyini qəbul etmək üçün kifayət deyildir. İddiaçının müddətin bərpasına dair vəsatətin eyni sənəddə apellyasiya şikayəti ilə birlikdə təqdim edildiyi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, müddətin bərpasına dair vəsatətin mövcudluğu apellyasiya şikayətinin özünün forma və məzmun tələblərinə uyğunluğunu əvəz etmir. Bunlar prosessual baxımdan ayrı-ayrı məsələlərdir. Apellyasiya şikayətinin qanuni tələblərə cavab verməməsi onun yuxarı instansiyaya göndərilməsi üçün maneə təşkil etdiyi halda, müddətin bərpasına dair vəsatət yalnız müddətin ötürülməsinin səbəblərinin qiymətləndirilməsi ilə bağlı məsələdir. İddiaçının “hakimin sənədi görməzdən gəlməsi” barədə dəlili də əsaslandırılmamışdır. Məhkəmənin təqdim edilmiş sənəddə əks olunan hər bir arqumentlə razılaşmaması həmin sənədin nəzərə alınmaması demək deyildir. Məhkəmə prosessual məsələyə hüquqi qiymət verərkən sənədin məzmununu və onun qanunun tələblərinə uyğunluğunu qiymətləndirir. İddiaçının məhkəmənin mövqeyi ilə razılaşmaması həmin mövqenin sənədin ümumiyyətlə nəzərdən keçirilməməsi nəticəsində formalaşdığını sübut etmir. İddiaçının “Dövlət rüsumu bəhanəsi əsassızdır. İş materiallarından da göründüyü kimi bu iş əmək münasibətlərindən (işə bərpa və əmək haqqı tələbi) yarandığı üçün qanunla dövlət rüsumundan azaddır.” dəlili də əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılan zaman qeyd edilən hala istinad edilməmiş, geri qaytarılma səbəbi kimi “rüsumun ödənilməməsi”nə əsaslanmamışdır. İddiaçının “məhkəmə tərəfindən məqsədli şəkildə maneə yaradılır”, “hakim işin mahiyyəti üzrə yuxarı instansiyada baxılmasına imkan vermək istəmir” və “proses süni şəkildə uzadılır” barədə ifadələri isə yalnız ehtimal xarakterlidir. Bu iddiaları təsdiq edən konkret sübutlar təqdim edilmədiyindən həmin mülahizələr məhkəmə qərardadının qanunsuz və ya əsassız hesab edilməsi üçün hüquqi əsas yarada bilməz. Əksinə, qanunvericilik apellyasiya şikayətinin forma və məzmun tələblərinə riayət olunmasını birinci instansiya məhkəməsinin yoxlamalı olduğu prosessual şərt kimi müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin 361-ci maddənin tələblərinə uyğunluğunu yoxlayır və həmin tələblərə cavab verən şikayəti işlə birlikdə apellyasiya instansiyasına göndərir. Beləliklə, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qanunla müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun təqdim edilmədiyi qənaətinə gəlməsi Mülki Prosessual Məcəllənin 361, 363.1.1-1 və 364-cü maddələrinin tətbiqi ilə bağlıdır və iddiaçının şəxsi mülahizələri ilə həmin nəticənin əsassızlığı sübuta yetirilmir. İddiaçının konstitusion məhkəmə müdafiəsi hüququnun pozulması barədə dəlili də bu halı dəyişmir. Apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun təqdim edilməsinin tələb olunması məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması deyil, həmin hüququn həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş prosessual qaydadır. Nəticə etibarilə, iddiaçının apellyasiya şikayətinin elektron kabinet vasitəsilə təqdim edilməsi, müddətin bərpasına dair vəsatətin mövcudluğu, səhhət vəziyyəti, qətnamənin gec əldə edilməsi və dövlət rüsumundan azadolma barədə arqumentləri apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsində müəyyən edilmiş forma və məzmun tələblərinə cavab verməməsi halında həmin prosessual çatışmazlığı aradan qaldırmır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə göndərilsə də, apellyasiya şikayəti üçün müəyyən edilmiş formaya (* saylı Əlavəyə) uyğun verilmədiyindən geri qaytarılmalıdır. Həmçinin apellyasiya şikayəti qanunla müəyyən edilmiş foma və məzmuna dair tələblərə riayət edilmədən verildiyinə görə geri qaytarıldığından, təqdim edilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə də onunla birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı Qasımova İradə Kamil qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar