Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3968/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdehin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin istifadəsində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1959 kv.m olan qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin 900 kv.m hissəsinin ona təhvil verilməsi, eyni zamanda cavabdeh tərəfindən icarə haqqının ödənilməməsi nəticəsində məhkəməyə müraciət edilən tarixədək keçən 58 gün üçün yaranmış ÖMV daxil 38 218,13 manat məbləğində maddi zərərin, qətnamə icra olunanadək yaranacaq əldən çıxmış faydanın, 58 günlük gecikmə müddəti üçün hesablanmış ÖMV daxil 11 465,44 manat məbləğində dəbbə pulunun, həmçinin qətnamənin icra ediləcəyi tarixədək hesablanacaq dəbbə pulu məbləğinin, 2 aylıq xəbərdarlıq müddətinə əməl etmədiyindən həmin müddət üçün 39 536 manat məbləğində pul vəsaitinin, 1000 manat məbləğində mənəvi zərərin, hüquqi yardım xidmətinə görə vəkilə ödənilmiş 500 manatın və dövlət rüsumu kimi ödənilmiş 362,20 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh MMC-dən ÖMV daxil 38 218,13(otuz səkkiz min iki yüz on səkkiz manat on üç qəpik) manat məbləğində icarə haqqının ödənilməməsi nəticəsində vurulmuş maddi zərər, 3822 (üç min səkkiz yüz iyirmi iki) manat məbləğində dəbbə pulu və çıxarılacaq məhkəmə qətnaməsi icra olunana qədər əldən çıxmış fayda kimi ÖMV daxil 39 536 (otuz doqquz min beş yüz otuz altı) manat olmaqla, ümumilikdə 81 576,13 (səksən bir min beş yüz yetmiş altı manat on üç qəpik) pul vəsaitinin, hüquqi yardımın əvəzi olaraq 500 (beş yüz) manatın, dövlət rüsumunun əvəzi olaraq 334,73 (üç yüz otuz dörd manat yetmiş üç qəpik) manatın tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehin qanuni nümayəndəsi apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.3-cü maddəsinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilməlidir. İşin hallarından görünür ki, iddia qiyməti 90 219,57 manat təşkil edir (38 218,13 + 11 465,44 + 39 536 + 1000 = 90 219,57 manat) Bu isə o deməkdir ki, apellyasiya şikayəti üçün ən azı 180,33 manat rüsum ödənilməlidir - lakin cavabdeh 168 manat rüsum ödəmişdir. Beləliklə, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından həmin apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh MMC-nin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(3-6)-3968/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3968/2026
24.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver