Məhkəmə qərarları › İş №e-2(3-7)-631/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-631/2026

01.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-631/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı “zəruri yol və keçidin verilməsi” tələbinə dair mülki işi üzrə Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları ünvan 3(Yeni qaydalarla: ünvan 2 3) ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır(************ reyestr nömrəli çıxarış). ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə cavabdehin mülkiyyət hüququ ##.##.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır(************ reyestr nömrəli çıxarış). Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus torpaq sahəsindən eni 3 metr olmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsindən ictimai yola qədər məsafədə zəruri yol və keçidin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,06 hektar olan torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Cavabdeh Cavabdeh isə onun torpağının qonşuluğunda yerləşən torpaq sahəsini X2 aldıqdan sonra onun ümumi yola gediş-gəlişini bağlamışdır. Halbuki cavabdehin torpağının yerləşdiyi ərazi yüksək gərginlikli elektrik xəttinin altında yerləşir və cavabdehin həmin torpaq sahəsini alması qanunun tələbinə ziddir. Hazırda onun birbaşa əsas yola çıxışı mümkünsüzdür. Bu da onun mülkiyyətçi kimi öz əmlakından istifadə hüququna birbaşa maneçilik törədir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) e-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sənədlərə istinad etməklə belə qənaətə gəlmişdir ki, qanunvericiliyin tələbindən göründüyü kimi torpaq sahəsi mülkiyyətçisinin ictimai yola keçidi olmadığı halda onun digər mülkiyyətçidən zəruri keçid verilməsini tələb etmək hüququ vardır. Bu zaman məhkəmə müvafiq işin tədqiq üzrə araşdırmanı tələbin yönəldiyi digər mülkiyyətçiyə tələbin daha yolverilən olub-olmaması; tələbin daha az zərər vurduğu qonşulara yönəldilib-yönəldilməsi; keçidlə əlaqədar müvafiq kompensasiyanın məbləğinin və üsulunun müəyyənləşdirilməsi ardıcıllığı ilə aparmalı, əvvəlki mərhələnin mövcudluğu sonrakı mərhələ üçün əsas olmalı və qeyd olunan halların məcmusu iddianın qanuni əsasını təşkil etməlidir. Hazırda isə iddiaçının mülkiyyətindəki torpaq sahəsinə keçidin həmin torpaq sahəsinin cənub istiqamətində yerləşən bələdiyyə mülkiyyətindəki heç kimin istifadəsində olmayan torpaq sahəsindən mümkün olduğu, lakin zəruri keçid tələbinin Cavabdeh mülkiyyətindəki torpaq sahəsinə yönəldiyi, eyni zamanda iddiaçının cavabdehə hər hansı məbləğdə kompensasiya ödənilməsinə razı olmadığı müəyyən edilir. Qeyd olunan hallar mübahisənin maddi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci və 255-ci maddələrinin tələblərinə ziddir. Bundan əlavə, iddiaçı əvvəllər mülkiyyətində olmuş 0,06 hektar torpaq sahəsinin ünvan 3nə birbaşa çıxışı olmuş və torpaq sahəsinin texniki sənədlərində həmin keçid təsbit edilmiş, sonradan həmin torpaq sahəsinin bilavasitə ünvan 3 ilə həmsərhəd olan 0,03 hektar hissəsinin özgəninkiləşdirilməsi hesabına iddiaçının gediş-gəliş yollarına birbaşa çıxışı məhdudlaşmışdır. İddiaçı torpaq sahəsinin ünvan 3 ilə həmsərhəd olan hissəsini özgəninkiləşdirərkən belə özgəninkiləşdirmənin sonrakı hüquqi nəticələrini görmüş, yaxud görməli olduğu halda görməmiş və onu nəzərə almamışdır. Buna görə də iddiaçının öz hərəkətlərinin hüquqi nəticəsi olaraq, digər şəxslərin mülkiyyətindən keçid əldə etməsi hüquqdan sui-istifadə olmaqla, həmin şəxslərin mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 152.5, 152.6, 175.1, 175.2, 175.3, 255.1, 255.4, 425.1, 560.1, 560.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin torpağının yerləşdiyi ərazi yüksək gərginlikli elektrik xəttinin altında yerləşir və cavabdehin həmin torpaq sahəsini alması qanunun tələbinə ziddir. Hazırda onun əsas yola birbaşa çıxışı yoxdur. Bu da onun mülkiyyətçi kimi öz əmlakından istifadə hüququna birbaşa maneçilik törədir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu vardır. Belə ki, iddiaçı mübahisəli ərazidə elektrik dirəkləri olan yerdən özünə yol açıb. O, cavabdehə qarşı torpaqdan çıxarılma ilə bağlı iddia qaldırandan sonra iddiaçı həmin zəbt etdiyi ərazidə quraşdırdığı darvazanı söküb aparıb həmin əraziyə qoymuşdur. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki iddianın predmeti bölünməz olduğundan və apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Şəhər Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı öz mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinin texniki sənədlərində ünvan 3nə birbaşa çıxışının mövcud olması göstərilmişdir. Sonradan həmin torpaq sahəsinin küçə ilə həmsərhəd olan 0,03 ha hissəsinin özgəninkiləşdirilməsi nəticəsində iddiaçının ictimai yola əvvəl mövcud olan birbaşa çıxış imkanları məhdudlaşmışdır. İş materialları ilə o da müəyyən olunur ki, tərəflər arasında zəruri keçidin servitut qaydasında müəyyən edilməsi barədə razılıq əldə edilməmişdir. Mülki Məcəllənin tələblərinə əsasən, torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola çıxışı olmadıqda, o, tam əvəzi ödənilməklə qonşu torpaq sahəsindən zəruri keçid verilməsini tələb edə bilər. Belə tələb ilk növbədə keçidin müəyyən edilməsinin daha məqsədəuyğun və digər şəxsin hüquqlarına daha az müdaxilə edən qonşuya qarşı irəli sürülməli, zəruri keçid müəyyən edilərkən tərəflərin qarşılıqlı mənafeləri nəzərə alınmalıdır. Lakin iş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, iddiaçının torpaq sahəsinə keçidin cavabdehin torpaq sahəsindən deyil, həmin torpaq sahəsinin cənub istiqamətində yerləşən, bələdiyyə mülkiyyətində olan və hər hansı şəxsin istifadəsində olmayan torpaq sahəsindən təmin edilməsinin mümkünlüyü mövcuddur. Buna baxmayaraq, iddiaçı zəruri keçid tələbi ilə məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsinə münasibətdə iddia qaldırmışdır. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı cavabdehin torpaq sahəsi üzərində servitut müəyyən edilməsinin qarşılığı olaraq qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsinə razılıq verməmişdir. Halbuki Mülki Məcəllənin tələbinə görə, zəruri keçid digər şəxsin mülkiyyət hüququnun məhdudlaşdırılması hesab edildiyindən, belə məhdudlaşdırma yalnız tam əvəzi ödənilməklə həyata keçirilə bilər. Belə olan halda, iddiaçının daha az müdaxilə ilə keçidin təmin edilməsinin mümkün olduğu alternativ variant mövcud olduğu halda, zəruri keçidin məhz cavabdehin torpaq sahəsindən müəyyən edilməsini tələb etməsi və bunun müqabilində kompensasiyanın ödənilməsinə razılıq verməməsi onun tələbinin ədalətlilik və mütənasiblik prinsiplərinə uyğun olmadığını göstərir. Eyni zamanda Məhkəmə bildirir ki, iddiaçı torpaq sahəsinin küçə ilə həmsərhəd hissəsini özgəninkiləşdirərkən bunun nəticəsində öz torpaq sahəsinə birbaşa çıxış imkanının məhdudlaşacağını bilməli olduğu halda, həmin hüquqi nəticələri nəzərə almamışdır. Bu səbəbdən sonradan yaranmış əlverişsiz vəziyyətin aradan qaldırılması məqsədilə digər şəxsin mülkiyyət hüququnun məhdudlaşdırılması tələbi əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətində qeyd edilən, cavabdehin torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin altında yerləşməsi və cavabdehin həmin torpaq sahəsini əldə etməsinin qanunvericiliyin tələblərinə zidd olması barədə dəlillər də iddia predmeti ilə birbaşa əlaqəli deyildir. Çünki hazırkı mübahisənin predmeti cavabdehin mülkiyyət hüququnun qanuniliyinin yoxlanılması deyil, iddiaçı üçün zəruri keçid hüququnun müəyyən edilməsinin hüquqi əsaslarının mövcud olub-olmamasının araşdırılmasıdır. Cavabdehin torpaq sahəsinin əldə edilməsinin qanuniliyi yalnız müvafiq qaydada ayrıca mübahisələndirildiyi halda hüquqi qiymətləndirilə bilər. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi zəruri keçid hüququna ehtiyac onun öz hərəkətləri nəticəsində yaranmış, həmin tələbin təmin edilməsi isə cavabdehin mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar