Məhkəmə qərarları › İş №e-2(3-7)-636/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-636/2026

27.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-636/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və qeyrilərinə qarşı “ümumi mülkiyyətdə olan payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin işə baxan hakim, eyni zamanda məhkəmənin sədrinə cavabdeh Rəsulova Ülviyyə Mahir qızı tərəfindən verilmiş etiraza baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin icraatında iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1, X4, cavabdeh3 və X6 qarşı “ümumi mülkiyyətdə olan payın naturada bölünməsi” tələbinə dair mülki iş vardır. Qeyd edilən mülki iş hakim Fizuli Mirzəquliyevin icraatındadır. Məhkəmədə işə baxılarkən cavabdeh1 etiraz ərizəsi verərək işə Gədəbəy Rayon Məhkəməsində baxılmasına etirazını bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin hakimi (sədri) X1 həyat yoldaşı X2 qardaşıdır. Mülki işin baxılması Gədəbəy Rayon Məhkəməsinin hakimi Fizuli Mirzəquliyevin icraatına verilmiş olsa da, bu fakt, yəni Gədəbəy Rayon Məhkəməsinin hakimi (sədri) X1 həyat yoldaşı X2 qardaşı olması faktı gələcəkdə mülki iş üzrə qəbul ediləcək istənilən qətnamənin şübhə altına düşməsinə səbəb olacaqdır. Bu səbəbdən bütün məhkəmə tərkibinə etiraz etmiş, işin baxılması üçün digər rayon (şəhər) məhkəməsinin icraatına verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və məruzəçi hakimi dinləyərək aşağıdakılara əsasən hesab edir ki, etiraz təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; O, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; O, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özüözünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özüözünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilir ki, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsində göstərilmişdir ki, hər kəs onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Konvensiyada “qərəzsiz” məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Konvensiyanın bu prinsipinin təcrübədə tətbiqi ilə bağlı Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Məsələn, «Fay Avstriyaya qarşı» ## ###### 1993-cü il tarixli qərarın 28-ci bəndində məhkəmə izah etmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin konkret iş üzrə şəxsi mövqeyi əsasında, habelə obyektiv test əsasında, yəni hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlı şübhələri istisna edib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir. Subyektiv testə gəldikdə, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur. Hazırki işdə obyektiv test tətbiq edilməlidir. Obyektiv testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk proses iqştirakçısında doğurduğu inamdan gedir. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcud olub-olmadığı barədə qərar çıxararkən proses iştirakçısının mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan odur ki, bu ehtiyatlanmanın obyektiv əsasa söykəndiyi müəyyən edilməlidir. Baxılan işdə də məhkəmənin qərəzsizliyi və obyektivliyi şübhə doğurmasa da, lakin ədalət mühakiməsinin proses iştirakçılarının nəzərində inam hissinə əsaslanan şəraitdə keçirilməsi əsas məqsəddir və ona görə də birinci instasiya məhkəməsinin bütün tərkibinə edilmiş etiraz təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin mübahisənin xarakterini, tərəflərin yaşayış yerini və diqqətəlayiq digər halları nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 21-22, 263-264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və qeyrilərinə qarşı “ümumi mülkiyyətdə olan payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin işə baxan hakim, eyni zamanda məhkəmənin sədrinə cavabdeh Rəsulova Ülviyyə Mahir qızı tərəfindən verilmiş etiraz təmin edilsin və mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar