Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-824/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Hacıyeva İlahə Nəzər qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Bioresurslar İnstitutuna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı Hacıyeva İlahə Nəzər qızı, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Bioresurslar İnstitutunun nümayəndəsi(direktoru) Qasımov İmran Qasım oğlunun iştirakı ilə, iddiaçı Hacıyeva İlahə Nəzər qızının(bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Bioresurslar İnstitutuna (bundan sonra - İnstitut) qarşı “əmək mübahisəsi üzrə məhkəməyə müraciət müddətinin bərpa edilməsi, işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ## ### 2023-cü il tarixdə İnstitutda əvəzçilik qaydasında (əlavə iş yeri olaraq) elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. İnstitutun direktoru İmran Qasımovun ##.##.2025-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış ## ### 2023-cü il tarixli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin(bundan sonra- Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, iddia ərizəsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək mübahisəsi üzrə məhkəməyə müraciət müddətinin üzrlü səbəblərə görə bərpa edilməsi; əmək müqaviləsininə xitam barədə ##.##.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməsi; əvvəlki vəzifəsinə işə bərpa edilməsi; xitam tarixindən işburaxma müddətinə görə orta əmək haqqının cavabdehdən tutulması; mənəvə zərərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İnstitutda 2003-cü ildən 2006-cı ilə kimi əsas, sonrakı illərdən etibarən isə əlavə iş yeri üzrə elmi işçi vəzifəsində əmək müqaviləsi əsasında çalışmışdır. ##.##.2025-ci il tarixində cavabdeh tərəfindən dövlət müəssisəsinin qapısı bağlanaraq işə buraxılmamış, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi əsasında xitam verilməsi barədə əmr tərtib edildiyi sonradan məlum olmuşdur. Xitam əmri ona təqdim edilməmiş, əmrlə tanış edilməmişdir. Əmək müqaviləsinə xitam verildiyi yalnız müəssisə daxili yaranmış vəziyyətdən və sonra əldə etdiyi məlumatlar əsasında öyrənmişdir. Xitam əmri ona rəsmi qaydada təqdim edilmədiyindən hüquqi nəticələri barədə məlumatı olmadığından məhkəməyə deyil, hüquqlarının müdafiəsi məqsədi ilə dövlət orqanlarına müraciət etmişdir. Bundan əlavə, həmkarlar ittifaqının iclasında onun iştirakı təmin edilməmişdir. Ondan müəssisə tərəfindən heç bir yazılı izahat alınmamış, daxili araşdırma aparılmamışdır. Ümumi şəkildə əmək vəzifəsini kobud şəkildə pozma əsası göstərilmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi hesabatın tərtib edilməməsi göstərilmişdir. Halbuki tərəfindən hesabat kağız daşıyıcı ilə hazırlanaraq müəsisədə formalaşmış qaydada təqdim edilmişdir. Müəssisədə hesabatların elekton qeydiyyatı və ya rəsmi giriş-çıxış sistemi olmamış, sənədlər birbaşa rəhbərliyə təqdim edilmişdir. Müəssisədə mövcud kadr balanssızlığının və eyni şəxsin bir neçə vəzifəni icra etməsi faktını nəzərə alaraq o, Əmək Məcəlləsinin 156-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq qanuni qaydada müraciət etmişdir. Belə ki, təqaüdə çıxmış, 0,5 ştat vahidi ilə müvəqqəti direktor vəzifəsini və eyni zamanda tam ştat vahidi ilə labaratoriya müdiri vəzifəsini icra edən Qasımov İmran Qasım oğlundan qeyd olunan maddəyə uyğun olaraq vəzifələrdən birini müvəqqəti olaraq ona həvalə edilməsini xahiş etmişdir. Bu müraciəti hər hansı maraqdan deyil, müəssisədə kadr balansının təmin olunması, vəzifə yükünün bölüşdürülməsi və elmi fəaliyyətin səmərəliyinin artırılması məqsədi daşımışdır. Lakin qanuni əsaslara söykənən bu müraciəti sonra hər hansı obyektiv və əsaslandırılmış səbəb göstərilmədən, əksinə az bir müddətdən sonra əmək müqaviləsinə xitam verilmişdir. Barəsində vəzifə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı səsləndirilən iddialar faktiki vəziyyətə və elmi fəaliyyətinə uyğun deyil. Elmi işçinin illik və dövri fəaliyyəti aparılan elmi tədqiqatlar, əldə edilən nəticələrdir. Bu nəticələr əssında hazırlanmış və təqdim edilmiş elmi məqalələrdən və tezislər vasitəsilə qiymətləndirilir. Elmi praktikada qəbul olunmuş qaydaya əsasən, əgər elmi işçi tərəfindən məqalələr və tezislər hazırlanıb və təqdim edilibsə, hesabat da məhz həmin materiallar əsasında formaşdırılır. Bununla yanaşı ona qarşı qeyri-müəyyənlik, psixoloji təzyiq və qanunsuz mühit uzunmüddətli stres və əsəb gərginliyi formalaşdırmış və sağlamlığı ilə bağlı problemlər yaratmış, onun əmək fəaliyyətinə, müəllim kimi, elmi işçi kimi normal yetirməsinə və sertifikasiya prosesinə səmərəli hazırlaşmasına mənfi təsir göstəmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün buraxılmış prosessual müddətin bərbası barədə ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixində iş yerinə gəldiyi zaman inzibati binanın qapısı bağlı olmuş və o, işə buraxılmamışdır. Bu hal əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona təqdim edilməsindən əvvəl baş vermişdir və faktiki olaraq qanunsuz kənarlaşdırılma ilə nəticələnmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr və onun əsasları ona qanunla nəzərdə tutulmuş qaydada təqdim edilməmişdir. Bu səbəbdən iddia müddətinin başlanma anı barədə obyektiv məlumatı olmamışdır. Sübut yükü işəgötürənin üzərindədir. ##.##.2025-ci il tarixli həmkarlar ittifaqının məktubunda əmək müqaviləsinə xitamın hüquqi baxımdan mübahisəli olduğu göstərilmişdir. Bu hal hüquqi qeyri-müəyyənliyin mövcud olduğunu təsdiq edir. Hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər etmişdir ki, bu da aktiv hüquqi mövqe tutduğunu göstərir. Anası ağır onkoloji xəstəlikdən əziyyət çəkir. Uzunmüddətli müalicə və əməliyyat prosesi səbəbindən psixoloji və fiziki baxımdan ciddi yüklənmiş və vaxtında məhkəməyə müraciət etməyi obyektiv olaraq çətinləşmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, üzrlü səbəblər olduqda buraxılmış prosessual müddət məhkəmə tərəfindən bərpa edilə bilər. İnstitut iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı # ### 2003-cü il tarixli əmrlə X1 mərkəzə 0,5 ştat böyük laborant vəzifəsinə təyin olunmuşdur. ## ### 2023 cü il tarixli əmrlə İnstitutda kiçik elmi işçi vəzifəsinə, ## ###### 2024-cü il tarixli əmrlə əvəzçiliklə elmi işçi vəzifəsinə təyin olunub. Ali Attestasiya Komissiyasının ##.##.2024cü il tarixli qərarı ilə iddiaçıya biologiya elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. İddiaçı işlədiyi müddətdə dəfələrlə rəhbərlik tərəfindən əlavə iş yerində 0,5 ştat əvəzçiliklə işləməsini, hansı saatlarda işdə olmasını razılaşdırmaq üçün əsas iş yeri Gəncə- Daşkəsən Regioanl Təhsil İdarəsinin tabeliyində olan ** saylı tam orta məktəbdən razılıq məktubu və ya dərs cədvəlinin təsdiq olunmuş surəti tələb olunsa da, təqdim etməkdən imtina etmişdir. Bioresurlar İnstitunun ## ###### 2024-cü il tarixli **/a saylı əmri ilə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin a bəndinə əsasən töhmət verilmişdi. Elmi Dərəcə aldıqdan sonra iddiaçı əsassız vəzifə iddialarına qapılmış, ona qarşı müdir müavini təyin edilmək tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış və iddiası təmin edilməmişdir. Bundan sonra rəhbərliklə münasibətləri daha da kəskinləşmiş, elmi tədqiqat işlərində iştirak etməmiş, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İnstitutun direktorunu nalayiq sözlərlə təhqir etmiş, iş yoldaşlarına qarşı hörmətsizlik etmişdir. Onun barəsində müxtəlif aktlar tərtib olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilməsi məsələsi Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılmışdır. Ona bu barədə xəbərdarlıq edilmiş, Həmkar İttifaqı Komitəsinin iclasına dəvət olunmuş, lakin o, iştirak etməkdən və bu barədə yazılı izahat verməkdən imtina etmişdir. Bununla bağlı akt tərtib olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Bioresurslar İnstitunun ##.##.2025-ci il tarixli ** saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) e-*(*-***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim M.Məmmədova) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı onunla İnstitut arasında bağlanılmış ## ### 2023-cü il tarixli əmək müqaviləsinin 3-cü bəndində nəzərdə tutulan əmək funksiyalarını yerinə yetirməmiş, elmi tədqiqat işləri ilə məşğul olmamışdır. Buna görə də İnstitutun ##.##.2025-ci il tarixli, ** nömrəli əmri qanunun tələbinə uyğun olmuşdur. Lakin iddiaçı həmin əmrin ona ##.##.2025-ci il tarixdə təqdim olunmasına baxmayaraq, əmri qəbul etməkdən imtina etmiş, bundan 4 ay sonra sonra, yəni ##.##.2026-cı il tarixdə İnstituta mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, ##.##.2026-cı il tarixdə ilkin mediasiya sessiyası başa çatmış və bundan da 15 gün sonra ##.##.2026-cı il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən 4 ay 15 gün sonra (ilkin mediasiya sessiyasınadək 04 ay, ilkin mediasiya sessiyasından sonra 15 gün) həmin hüququn bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, bununla da iddia müddətini 04 ay 15 gün müddətə ötürmüşdür. Mülki işə məhkəmədə baxılarkən İnstitutun nümayəndəsi Qasımov İmran Qasım oğlu iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbindən göründüyü kimi həmin maddənin tətbiq olunması üçün iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hallarla bağlı olmalıdır. İddiaçı ötürülmüş müddətin bərpası haqqında ərizə versə də, iddia müddətini buraxması barədə məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. İddiaçı iddia müddətini ötürməsini yalnız İnstitut tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona qanunla nəzərdə tutulmuş qaydada ona təqdim edilməməsi və anasının onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə izah etmişdir. Həmin hal isə iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hala, yəni Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbinə, habelə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun deyildir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.3, 296.7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd olunur ki, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin adı çəkilən maddi hüquq normasının tələblərindən də göründüyü kimi, hüququn pozulmasının aşkar edildiyi gün — işçiyə müvafiq əmrin (sərəncamın), əmək kitabçasının və ya haqq-hesab sənədlərinin rəsmən verildiyi gündür. Lakin iş materiallarından da göründüyü kimi işəgötrən bu günədək nə əmrin sürətini, nə də əmək kitabçasını iddiaçıya vermiş və ya poçt vasitəsi ilə göndərmişdir. Belə olan halda məhkəmə iddia müddətini tətbiq edə bilməzdi. Eyni zamanda işəgötürənin əmri də Əmək Məcəlləsinin tələblərinə uyğun alaraq qəbul edilmədiyindən əmr ləğv edilməlidir. Belə ki, iddiaçı tutuduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunmuşdur. Həmin maddədə qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. İşəgötürənin mülahizəsinə və onların nümayəndəsinin məhkəmədə verdiyi izahatına görə iddiaçı işlədiyi müddətdə onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyalarını yerinə yetirməmiş, elmi tədqiqatlar aparmamışdır. Bioresurlar İnstitunun ## ###### 2024-cü il tarixli **/a saylı əmrilə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Verilən intizam tənbehindən nəticə çıxarmayaraq, iddiaçı əmək funksiyalarını yerinə yetirməməyə davam etmişdir. Elmi dərəcə aldıqdan sonra iddiaçı əsassız vəzifə iddialarına qapılmış, ona qarşı müdir müavini təyin edilmək tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış və iddiası təminedilməmişdir. Bundan sonra rəhbərliklə münasibətləri daha da kəskinləşmiş, elmi tədqiqat işlərində iştirak etməmiş, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İnstitutun direktorunu nalayiq sözlərlə təhqir etmiş, iş yoldaşlarına qarşı hörmətsizlik etmişdir. Həmin izahatdan da göründüyü kimi, işəgötürənin iddiaçını işdən azad etməsinin əsas məqsədi, onun iş funksiyalarını həyata keçirə bilməməyi yox, iddiaçı ilə işəgötürən arasında olan problemlərdir. Belə ki, iddiaçı həmişə işdə öz sözünü, həqiqəti demək istəmiş ki, bu da onların xoşuna gəlməmişdir. İşçinin öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqaviləyə 70-ci maddənin “ç” bəndi ilə xitam verilə bilər. Lakin bu addımın hüquqi qüvvəyə minməsi üçün aşağıdakı şərtlər mütləqdir. Pozuntu nəticəsində iş yerində istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalıdır. Müəssisəyə, işəgötürənə və ya digər işçilərə maddi və ya mənəvi ziyan dəyməlidir. Belə olan halda bununla bağlı müəyyən proseduralar aparılmalıdır. Belə ki, işəgötürən birbaşa işçini işdən çıxara və ya cəzalandıra bilməz. Mütləq şəkildə bu hüquqi mərhələlər keçilməlidir. İşçinin vəzifəsini icra etməməsi faktı (məsələn, tapşırığı vaxtında təhvil verməməsi, aktlar, xidməti yazılar) sənədləşdirilməlidir. Bundan başqa işçidən yazılı izahat alınmalıdır. İşçi izahat verməkdən imtina edərsə, bu barədə xüsusi akt tərtib olunur. Ən əsası isə müəyyən edilməlidi ki, işçi hansı öhdəliyi yerinə yetirilməyib. Lakin işəgötürən bu prossedurların heç birini həyata keçirməmiş və ən əsası isə iddiaçının hansı öhdəliklərini yerinə yetiməməyi barədə heç bir mülahizə irəli sürməmişdir. İşəgötürən iddiaçıya verilən töhməti əsas götürmüşdür ki, töhmət verilməsindən sonra 6 ay keçdiyinə görə bu hal əsas kimi götürülə bilməzdi. Digər bir məsələ isə əmr qəbul edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasıdır. Belə ki, həmin maddədə qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşəgötürən qeyd edir ki, guya iddiaçı bu barədə xəbərdarlıq edilmiş, Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət olunmuş, lakin iddiaçı iştirak etməkdən və bu barədə yazılı izahat verməkdən imtina etmişdir. İddiaçı belə bir iclasa dəvət olunmamış və bu iclasla bağlı iddiaçıya hec bir məlumat verilməyib. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İnstitut apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən İnstitunun nümayəndəsi(direktoru) Qasımov İmran Qasım oğlu iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 11 "b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Şəhər Məhkəməsi hazırki iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə ilk növbədə iddiaçının tələblərinin birinci hissəsini – əmək mübahisəsi üzrə məhkəməyə müraciət müddətinin bərpa edilməsi barədə tələbini qiymətləndirməyi zəruri hesab edir. Belə ki, hazırkı işdə iddiaçının digər tələblərinin, o cümlədən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günləri üzrə əmək haqqının və mənəvi zərərin ödənilməsi barədə tələblərinin mahiyyəti üzrə araşdırılmasından əvvəl qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülmədiyi və ötürülmüşdürsə, onun bərpası üçün hüquqi əsasların mövcud olub-olmadığı müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə Hacıyeva İlahə Nəzər qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Həmin əmrin iddiaçıya təqdim edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli akt tərtib edilmiş və aktda əmrin iddiaçıya təqdim edildiyi, onun (iddiaçının) isə əmri qəbul etməkdən imtina etdiyi göstərilmişdir. Şəhər Məhkəməsi həmin aktı iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək əmrin ##.##.2025-ci il tarixdə iddiaçıya təqdim edildiyi qənaətinə gəlmişdir. İddiaçı apellyasiya şikayətində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona qanunla nəzərdə tutulmuş qaydada təqdim edilmədiyini və bu səbəbdən müddətin başlanmadığını bildirmişdir. Lakin iş materiallarında olan ##.##.2025-ci il tarixli aktdan görünür ki, həmin əmr iddiaçıya təqdim edilmiş, o isə sənədi qəbul etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, əmrin işçiyə təqdim edilməsi ilə onun tərəfindən qəbul edilməsi fərqli hallardır. İşçinin təqdim edilmiş sənədi qəbul etməkdən imtina etməsi həmin sənədin ona təqdim edildiyi faktını aradan qaldırmır. Bu baxımdan Məhkəmə hesab edir ki, hazırkı iş üzrə hüququn pozulmasının aşkar edildiyi tarix ##.##.2025-ci il hesab edilməlidir və bir aylıq müraciət müddəti həmin tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, iddiaçı yalnız ##.##.2026-cı il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, ##.##.2026-cı il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, ##.##.2026-cı il tarixdə isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüşdür. Eyni zamanda, Məhkəmə mediasiya prosesinin müddətə təsirinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin bu qayda artıq başa çatmış müddətin yenidən başlamasını nəzərdə tutmur. Buna görə də mediasiya prosesinin tətbiqi üçün ##.##.2026cı il tarixdə müraciət edilməsi həmin vaxta qədər artıq ötürülmüş bir aylıq müddətin bərpasına səbəb ola bilməz. Bunlardan əlavə, buraxılmış müddətin bərpa edilməsini xahiş edən iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona təqdim edilməməsi və anasının onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, həmin hallar müddətin bərpası üçün kifayət edən obyektiv və üzrlü səbəblər kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, əmrin iddiaçıya təqdim edilməsi ilə bağlı iş materiallarında müvafiq akt mövcuddur və həmin aktda iddiaçının əmri qəbul etməkdən imtina etdiyi göstərilmişdir. Bu səbəbdən iddiaçının əmrlə tanış olmadığı və onun hüquqi nəticələrini bilmədiyi barədə dəlili iş materialları ilə təsdiq olunmur. Bundan başqa, iddiaçı məhkəmələrə verdiyi izahatlarında bildirmişdir ki, o, 2025ci ilin oktyabr ayının 10-u iş yerinə gəlmiş, lakin işə buraxılmamışdır. Bu hal da göstərir ki, iddiaçı həmin tarixdə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı vəziyyətdən məlumatlı olmuş və əmək münasibətlərinin davam etmədiyini faktiki olaraq dərk etmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin iddiaçıya ünvanladığı 3175/2-11-******/**** №-li, ##.##.2025-ci il tarixli məktubda onun ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə, əmək haqqı və son haqq-hesab ödəniş cədvəlləri, həmkarlar təşkilatının üzvlərinin yığıncağının protokolu və sair sənədlərlə tanış olduğu qeyd edilmişdir. Həmin məktub məhkəməyə iddiaçının özü tərəfindən təqdim edilmişdir. Bu hal iddiaçının ən geci ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən və onun əsaslarından məlumatlı olduğunu təsdiq edir. Beləliklə, hətta əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ##.##.2025-ci il tarixdə iddiaçıya təqdim olunması ilə bağlı iş materiallarında olan sübut (iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və sair sənədlərin surətilərini almaqdan imtina etməsi barədə aktlar) nəzərə alınmadıqda belə, X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin iddiaçıya ünvanladığı 3175/2-11-******/**** №-li, ##.##.2025-ci il tarixli məktubu iddiaçının hüququnun pozulduğunu ən geci ##.##.2025-ci il tarixdə aşkar etdiyini təsdiq edir. Buna baxmayaraq, iddiaçı pouzluduğun iddia etdiyi hüquqlarının bərpası üçün həmin tarixdən sonra da qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində məhkəməyə müraciət etməmişdir. Bu baxımdan iddiaçının sonradan əmrin və digər sənədlərin ona təqdim edilməməsi ilə bağlı irəli sürdüyü dəlil, ən azı ##.##.2025-ci il tarixdən etibarən həmin sənədlərin məzmunundan məlumatlı olması faktı ilə ziddiyyət təşkil edir. Məhkəmə hesab edir ki, hüququnun pozulduğunu və bu pozuntunun nədən ibarət olduğunu bildiyi halda iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunda nəzərdə tutulmuş müddətdən istifadə etməməsi onun öz iradəsindən asılı olan haldır və müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. İddiaçının anasının xəstəliyi ilə bağlı dəlilə gəldikdə isə, Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində müddətin xəstəlik, ezamiyyət, yaşayış yerindən kənarda məzuniyyət, yaxın qohumun ölümü və digər obyektiv hallarla əlaqədar ötürüldiyi təqdirdə bərpa edilə biləcəyi nəzərdə tutulur. Hazırkı iş üzrə isə anasının xəstəliyinin iddiaçının bir aylıq müddət ərzində məhkəməyə müraciət etməsinə mane olduğunu təsdiq edən mötəbər sübutlar yoxdur. Şəhər Məhkəməsi də bu məsələni araşdıraraq iddiaçı tərəfindən müddətin ötürülməsinə səbəb olan halların sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. İş materiallarından da görünür ki, iddiaçı müddətin bərpasını tələb etsə də, məhkəməyə vaxtında müraciət edə bilməməsinin səbəblərini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçı əmək mübahisəsi üzrə məhkəməyə müraciət müddətini ötürmüşdür. Həmin müddətin bərpasına əsas verən üzrlü səbəblər isə işə baxılarkən müəyyən edilməmişdir. Eyni zamanda Məhkəmə hesab edir ki¸ məhkəməyə müraciət müddətinin bərpası barədə tələb əsassız olduğundan və həmin müddətin ötürülməsi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məhkəmə qaydasında mübahisələndirilməsinə imkan vermədiyindən, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi barədə digər tələblərinin mahiyyəti üzrə araşdırılmasına və onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Şəhər Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Hacıyeva İlahə Nəzər qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş e-*(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-7)-824/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-824/2026
10.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver