Məhkəmə qərarları › İş №e-2(3-8)-557/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-557/2026

14.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-557/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair Abşeron Rayon Məhkəməsinin 24 fevral 2026- cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması öhdəliyinin Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadına əsasən, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması, iddiaçı İddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə, ********** saylı qəbz nömrəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumunun dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). İddiaçı İddiaçı vəkili-nümayəndəsi Əhmədov İftixar Hüseyn oğlu ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilərək iddia ərizəsinin məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daha əvvəl iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı (X1 və Cavabdeh üçüncü şəxslər qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş, e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmuş e-*-*(***)-****/**** saylı iş üzrə İPM-nin 13-cü maddəsində göstərilən məhkəmənin yardım etmək vəzifəsinə əsasən vermiş olduğu tövsiyəyə görə məhkəmə gedişatı zamanı iddia tələbini dəqiqləşdirərək X1 iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci məhəllə, ev 7, *** saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə ərizə ilə müraciət edilmişdir. Belə ki, qeyd olunan iş üzrə məhkəmə öz tövsiyəsində göstərmişdir ki, tərəflər iddiaçı İddiaçı və üçüncü şəxs Cavabdeh arasında birinci dərəcəli qohumluq münasibəti, yəni qardaş-bacı münasibəti mövcuddur. İddia tələbində istifadə hüququna xitam verilməsi göstərilən mənzil iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş vərəsəlik institutu çərçivəsində, vərəsəlik hüququ əsasında keçmişdir. Bununla yanaşı cavabdeh qanun üzrə vərəsəlik payından könüllü surətdə imtina etmədiyi üçün ona məxsus məcburi pay almaq hüququ qüvvədə qalmaqda davam etməkdədir. Yuxarıda izah olunan hüquqi münasibətlərin xarakterindən və tərəflər arasında mövcud olan vərəsəlik hüquqi bağlılığından irəli gələrək, tələbdə göstərilmiş mənzilə münasibətdə istifadə hüququna xitam verilməsi məsələsinə inzibati icraat qaydasında deyil, mülki icraat qaydası çərçivəsində baxılmalıdır. Lakin Abşeron Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mübahisəyə qeyd edilən mülki deyil, inzibati icraat qaydasında baxılmalı olduğu əsas gətirilərək, iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı vəkili-nümayəndəsi Əhmədov İftixar Hüseyn oğlu tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni geri qaytarmasını qərardadında onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması”nı müəyyən edən 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı, ##.##.1996-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Birinci instansiya məhkəməsi şikayətə münasibəötdə qeyd etmişdir ki, şikayətə əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, X1 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən qərarda istinad edilmiş: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ###### 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payının sahibidir. -##.##.2024-cü il tarixli, *** nömrəli arayışdan görünür ki, iddiaçının atası və bacısı X1 və Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci məhəllə, ev 7, *** saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. -##.##.2021-ci il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh Hacıyeva Qalibə İslam qızının vərəsəsidir və onların hər biri miras əmlakdan 1/2 hissədə pay almalıdırlar; -##.##.2021-ci il tarixli, “Miras payının bağışlanması” müqaviləsindən görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28- ci məhəllə, ev 7, *** saylı mənzili İddiaçı bağışlamışdır. Ərizəçi mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması öhdəliyinin Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etməsinə baxmayaraq, Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından da göründüyü kimi cavabdeh Cavabdeh mübahisəli mənzilə dair ona məxsus paydan iddiaçının xeyrinə imtina etmişdir. Bu baxımdan mübahisəli mənzil cavabdehin mülkiyyətində olmamaqla onun həmin mənzilə dair istifadə hüququ da mövcud deyildir. Kollegiya qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçının hüquqi marağı cavabdehin mübahisəli mənzilə olan qeydiyyatına xitam verilməsi olmuşdur.İddia ərizəsinin məzmunundan da göründüyü kimi cavabdehin mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşıyır. Buna görə də yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən hazırki tələblə inzibati orqana müraciət olunmalı idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul olunmasından imtina barədə mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 fevral 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar