Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-760/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə ona ayrılmış Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0,12 hektar torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Cavabdeh Cavabdeh həmin qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün, buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilmişdir.
5. İddiaçı İddiaçı şikayət verib, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadının ləğv edilərək cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmamasını xahiş etmişdir.
6. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1, 130.3, 133.1, 133.3, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh iş üzrə bütün məhkəmə iclaslarında iştirak etmiş, məhkəmə qətnaməsi çıxarıldığı ## ###### 2025-ci il tarixdə də iclasda şəxsən iştirak edərək, qətnamənin nəticə hissəsi barədə məlumat almışdır. Habelə, cavabdeh məhkəmə qətnaməsini poçt vasitəsilə ## ###### 2026-cı ildə almış və 1 ay müddətində apellyasiya şikayəti verməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Şamaxı rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdeh icra barədə də, məlumatlı olmuş, icra məmuru tərəfindən ona tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Bundan əlavə məhkəmə cavabdehin ## ##### 2026-cı ildə “Asan imza” əldə etməsini əsas götürərək qətnamədən şikayət verilməsi üçün prosessual müddəti bərpa etsə də, əslində cavabdehin qətnaməni ## ###### 2026-cı il tarixində rəsmi qaydada aldığını qərardadında göstərmədən, heç bir üzrlü səbəb olmadan müddətin bərpa edilməsi qənaətinə gəlməklə prosessual hüquqdan sui-istifadəyə şərait yaratmışdır. Cavabdehin “Asan imza”nı nə zaman əldə etməsi deyil, qətnaməni rəsmi qaydada nə zaman alması əhəmiyyət kəsb etdiyi halda, məhkəmə prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmənin müddətin bərpa edilməsinə dair qərardadı iddiaçının ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnir. İcra mərhələsində olan işin heç bir əsas olmadan qanunsuz olaraq dayandırılması nəticəsində iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin ağlabatan müddətdə icra olunması hüququndan məhrum olur. Ona görə də, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün, buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilə bilməz.
b) Şikayətə qarşı tərəfin etirazının dəlilləri
9. Şikayət ilə bağlı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. (...) Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi (...) 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. (...) Maddə 357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (...) Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: (...) 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, şikayətçi Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
13. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh isə ##.##.2026-cı il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
16. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir.
17. İddiaçının bu qərardaddan verdiyi şikayətdə göstərilir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etmiş, qətnamənin nəticə hissəsini elan olunduğu günü bilmiş, qətnamənin surətini ##.##.2026-cı il tarixdə almış, lakin qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Şikayətdə həmçinin göstərilir ki, "Asan imza"nın sonradan əldə edilməsi müddətin bərpası üçün üzrlü səbəb sayıla bilməz.
18. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin arqumentlər prosessual qanunvericiliyin məqsədinə və ədalətli məhkəmə araşdırması hüququnun mahiyyətinə uyğun qiymətləndirilməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddətlər üzrlü səbəblər olduqda məhkəmə tərəfindən bərpa edilə bilər.
20. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, müddətin bərpası barədə məsələ məhkəmə tərəfindən işin konkret hallarına uyğun olaraq qiymətləndirilir və təqdim olunmuş sübutlar əsasında həll edilir.
21. Prosessual müddətin bərpası institutunun məqsədi şəxsin formal prosessual maneələr səbəbindən məhkəməyə müraciət etmək və ya yuxarı instansiya məhkəməsində məhkəmə aktının qanuniliyinin yoxlanılması hüququndan məhrum edilməsinin qarşısını almaqdır. Bu institut müstəsna xarakter daşısa da, tətbiqi zamanı məhkəmə yalnız müddətin hesablanmasına deyil, həm də şəxsin hüquqlarının səmərəli müdafiəsi imkanlarına qiymət verməlidir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq yalnız birinci instansiya məhkəməsinə müraciət etmək deyil, həm də qanunla nəzərdə tutulmuş hallarda məhkəmə aktının yuxarı instansiya məhkəməsində yoxlanılması imkanını da əhatə edir.
23. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi yalnız qanun əsasında və həmin hüquqların mahiyyətinə toxunmadan məhdudlaşdırıla bilər. Bu baxımdan prosessual normaların tətbiqi formal yanaşmaya deyil, hüququn səmərəli həyata keçirilməsi prinsipinə uyğun olmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsi apellyasiya şikayətinin verilməsi müddətini müəyyən etsə də, həmin norma Məcəllənin 130cu maddəsi ilə sistemli şəkildə tətbiq edilməlidir. Qanunverici məhz bu səbəbdən üzrlü hallarda müddətin bərpasına imkan vermişdir.
25. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi izahat və sübutları araşdırmış, onların həqiqiliyini qiymətləndirmiş və nəticədə müddətin buraxılmasının üzrlü səbəblərlə əlaqədar olduğu qənaətinə gəlmişdir. Prosessual müddətin bərpası məsələsində məhkəmənin diskresion səlahiyyəti mövcuddur və apellyasiya instansiyası yalnız bu səlahiyyətin açıq-aşkar qanunsuz və ya əsassız həyata keçirildiyi halda müdaxilə edə bilər.
26. İddiaçının "Asan imza"nın əldə edilməsinin hüquqi əhəmiyyət daşımaması barədə arqumenti özlüyündə müddətin bərpasını istisna etmir. Çünki prosessual müddətin bərpası yalnız bir faktla deyil, bütün halların məcmusu əsasında qiymətləndirilir. Məhkəmə konkret iş üzrə cavabdehin rəqəmsal xidmətlərdən istifadə imkanlarını, hüquqi yardım alma vəziyyətini, təqdim etdiyi sübutları və digər obyektiv halları birlikdə qiymətləndirmək hüququna malikdir.
27. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində dəfələrlə qeyd edilmişdir ki, prosessual normaların tətbiqi şəxsin məhkəməyə çıxış hüququnu formal əsaslarla məhdudlaşdırmamalı, məhkəmələr prosessual qaydalarla hüququn mahiyyəti arasında ədalətli tarazlığı təmin etməlidirlər.
28. Eyni hüquqi yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da ifadə olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə çıxış hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşımalı, tətbiq edilən prosessual tələblər həddindən artıq formalizmə səbəb olmamalı və şəxsi məhkəmə müdafiəsi imkanından faktiki olaraq məhrum etməməlidir.
29. Nəzərə alınmalıdır ki, müddətin bərpa edilməsi mübahisənin mahiyyəti üzrə cavabdehin xeyrinə qərar qəbul edilməsi demək deyildir. Bu qərar yalnız apellyasiya instansiyası məhkəməsinə işi mahiyyəti üzrə araşdırmaq imkanı yaradır və tərəflərin prosessual bərabərliyi prinsipini təmin edir. Əks yanaşma cavabdehin ikinci instansiya məhkəməsində müdafiə hüququnun tamamilə aradan qalxmasına səbəb ola bilər.
30. İddiaçının qanuni qüvvəyə minmiş qətnamənin icrasının gecikməsi barədə arqumenti də müddətin bərpası institutunun tətbiqini istisna etmir. Çünki qanunvericilik məhz qanuni əsaslar olduqda müddətin bərpasına yol verir və bu halda müvəqqəti olaraq icra prosesinə təsir göstərilməsi qanunun nəzərdə tutduğu hüquqi nəticələrdən biridir. Bu hal özlüyündə məhkəmənin qərardadının qanunsuzluğu kimi qiymətləndirilə bilməz.
31. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, 130.1, 130.3 və 360-cı maddələrini düzgün tətbiq etmiş, cavabdehin apellyasiya şikayəti vermək hüququnun həyata keçirilməsini təmin etmişdir.
32. Odur ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı qanuni və əsaslı hesab edilməli, iddiaçı İddiaçı şikayəti təmin edilməməli, cavabdeh Cavabdeh apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası qüvvədə saxlanılmalıdır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.