Məhkəmə qərarları › İş №e-2(3-9)-1006/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1006/2026

14.08.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1006/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmiş və # #### 2026-cı il tarixli qətnamə ilə iddia təmin olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi Cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllə (MPM) ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Məhkəmə tərkibi qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxs tərəfindən onun tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Cavabdeh apellyasiya şikayəti verərkən MPM-in 361-ci maddəsi ilə müəyyən edilmiş və yuxarıda sadalanan apellyasiya şikayətinin məzmununa dair göstərişlərə əməl edilməmiş, apellyasiya şikayəti verən şəxsin tələbi – xahişi göstərilməmişdir. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qeyd olunan halları nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Neftçala Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar