Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-403/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh5, X1, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə hakimin özü-özünə etdiyi etiraza Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə İddiaçı cavabdeh6, cavabdeh5, X1, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim X2 özü-özünə etirazı məsələsinə baxılması üçün iş materiallarının Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirərək, habelə etirazın dəlillərini ətraflı araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyanın 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““xxxx” İstehsalat Birliyinin ** saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə” ## ###### 2019cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. MPM-in 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. MPM-in 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 22.5-22.6-cı maddələrinə görə əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Avropa Məhkəməsinin “müstəqil və qərəzsiz məhkəmə” anlayışının həmin aspektləri haqqında təsəvvürləri “Lanqborqer İsveçə qarşı” işdə (## #### 1989-cu il) öz ifadəsini tapmışdır. Həmin işdə məhkəmə qeyd etmişdir ki, “hətta konkret şəxslərin müvafiq işə baxmaq üçün kifayət qədər ixtisası olduqda və onların düzgünlüyünə şübhə etmək üçün heç bir subyektiv əsas olmadıqda belə, vacibdir ki, obyektivlik, qərəzsizlik və müstəqillik zahiri cəhətdən də qorunub saxlanılsın”. Müstəqillik və qərəzsizlik hər bir hakimin milli qanuna əsaslanan haqqını və öhdəliyini, onun daxili ucalığını və bitərəfliyini, öz şəxsiyyətinə və tərəflərin qanun qarşısında bərabərlik hüququna hörmət hissini, təhdidlərə qarşı dəyanətini ifadə edən anlayışlar olmaqla yanaşı hakimin zahiri müstəqilliyini və qərəzsizliyini əks etdirən mühüm dəyərlərdir. Müəyyən hallarda hakimin prosesin gedişindəki zahiri davranışı belə, məhkəmənin qərəzsizliyini şübhə altına alan hal kimi Avropa Məhkəməsinin araşdırma predmeti və istinad nöqtəsi olur. Hakimin bir tərəfin müraciətlərinə təbəssümlə yanaşması, digər tərəflə fərqli rəftar, bir tərəflə mülayim davranıb, digər tərəfə aqressivlik göstərməsi belə Avropa dəyərləri baxımından hakimin qərəzsizliyini şübhə altında qoyan ciddi faktlar sayılır. “Kraska İsveçrəyə qarşı” işdə (## ##### 1993-cü il) Avropa Məhkəməsi 6-cı maddənin 1-ci bəndinin pozulması barədə nəticəyə gəlməyə çox yaxın idi. Həmin işdə hakimlərdən biri prosesin gedişində öz davranışı ilə tərəflərdən birinə əks mövqedə dayandığını açqaydın büruzə verirdi. Yalnız işə 5 nəfər hakimdən ibarət tərkibdə baxılması və bu zaman digər 4 hakimin tərəfsizliyi bu işdə İsveçrə məhkəməsini qərəzli hesab edilməkdən qurtardı. Məhkəmənin müstəqilliyi və qərəzsizliyi çox həssas məsələdir və hətta hakimin gündəlik iş şəraitinin necə təşkil və təmin olunmasından da asılı ola bilər. Bəzən sadəcə zahiri əlamətlərə görə bu dəyərlər şübhə altına alına bilər. Məhkəmə tərkibi diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi etiraz məsələsinə baxılması üçün hazırkı mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qənaətə gələrkən göstərmişdir ki, tərəflər arasında eyni hüquqi münasibətlərdən irəli gələn mübahisə üzrə əvvəllər Kürdəmir Rayon Məhkəməsində baxılmış və həmin iş üzrə ## ### 2025-ci il tarixli qətnamə qəbul edilmişdir. Qətnamə Kürdəmir Rayon Məhkəməsinin hakimi X2 tərəfindən qəbul edilmiş, iddiaçının tələblərinin bir hissəsi təmin edilmiş, digər hissəsi, xüsusilə fərdi yaşayış evinə olan pay və digər paylarla bağlı tələblər təmin edilməmişdir. Əvvəlki qətnaməyə verilmiş apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ## ###### 2025-ci il tarixli qərardadı ilə birinci instansiya qətnaməsini ləğv etmiş, lakin işə mahiyyəti üzrə baxmayaraq, iddia ərizəsini baxılmamış saxlamışdır. Bu qərar yalnız prosessual əsaslarla verilmiş, apellyasiya instansiyası işin hüquqi mahiyyətinə dair qiymət verməmişdir. Hazırda iddiaçı eyni hüquqi münasibətlərdən irəli gələn və əvvəlki mübahisə ilə bilavasitə bağlı olan tələblərlə yenidən məhkəməyə müraciət etmişdir. Belə şəraitdə əvvəlki mülki iş üzrə hakim tərəfindən artıq formalaşdırılmış hüquqi mövqe və qəbul edilmiş qətnamə mövcuddur. Xüsusilə, iddiaçının tələblərinin bir hissəsinin təmin olunması, digər hissəsinin rədd edilməsi və apellyasiya instansiyasının işi mahiyyət üzrə baxmayaraq iddia ərizəsini baxılmamış saxlaması nəticəsində işin hüquqi mahiyyəti ilə bağlı mövqe artıq müəyyən edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti konkret olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş hissəyə – yəni fərdi yaşayış evinə və digər paylara dair tələblərə yönəlmişdir. Apellyasiya instansiyası isə həmin hissəyə mahiyyət üzrə münasibət bildirməyərək işə baxılmamış saxlamışdır. Eyni mübahisə üzrə işə yenidən baxılması hakimin əvvəlki hüquqi mövqeyini təkrar qiymətləndirməsi ilə nəticələnə bilər ki, bu da işin obyektiv və qərəzsiz baxılması prinsipinə xələl gətirə bilər. Əvvəlki qətnamədə müəyyən edilmiş hüquqi mövqe və apellyasiya instansiyasının mahiyyət üzrə qərar verməməsi, işin yenidən baxılması zamanı qərəzsizliyə dair şübhələr yarada bilər. Məhkəmə tərkibi yuxarıda göstərilənləri tərəflərin ədalətli məhkəmə araşdırmasına olan inamının sarsılması kimi qiymətləndirir və iş üzrə mahiyyəti üzrə qərar qəbul edilməmişdən öncədən bu pozuntunun qarşısını almaq istəyir. İş üzrə çıxarılacaq yekun nəticədə hakimin, eləcə də bütün məhkəmə tərkibinin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul etmələrinə və ya qəbul edilə biləcək məhkəmə aktına tərəflərdə şübhə yaradacağından hazırkı etiraz təmin edilməli, iş cavabdehlərin qeydiyyatda olduğu rayon məhkəməsinin yox, işdə iştirak edən şəxslərin iştirakının asanlaşdırılması baxımından coğrafi cəhətdən yaxın olan (hakimin iş yükü də nəzərə alınmaqla) digər rayon (şəhər) məhkəməsinə göndərilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə tərkibi mülki işin tam, hərtərəfli araşdırılması, tərəflərin mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh5, X1, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə hakimin özü-özünə etiraz təmin olunmalı, mülki iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə - İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 19-22, 263-264-cü-cü maddələrini rəhbər tutub QƏRAR VERDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh5, X1, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə hakimin özü-özünə etdiyi etiraz təmin olunsun və hazırkı mülki iş baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-403/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-403/2026
15.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver