Məhkəmə qərarları › İş №e-2(3-9)-494/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-494/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-494/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Füzuli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə əmrinin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh cəmi 1797 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Icra və probasiya şöbəsinin ##.##.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Füzuli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədinə xitam verilmişdir. Borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı qarşı olan borc məbləği tamamilə ödənilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 756,23 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla cəmi 788, manat məbəğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılımasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı alqısatqı müqaviləsinə əsasən borcluya 1776 manat olan aldığı malın dəyərinin ödənilməsi məqsədilə 16 ay müddətinə hissə-hissə ödənilməsilə bağlı üzərinə öhdəlik götürmüşdür. Iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdır. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Füzuli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclu Cavabdeh cəmi 1797 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 08 il, 05 ay, yəni (101 ay) müddətində ##.##.2022-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdeh qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsə idi, iddiaçı, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin, cavabdehin məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə kreditora ödənilən 1797 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (1797 azn x 0,05 % = 89,85 azn / 12 ay = 7,48 azn x 101 ay = 756,23 azn) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq cavabdeh icra etməmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Elmir Ismayılov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iddiaçı isə əsaslandırmağa çalışır ki, cavabdeh məhkəmə qərarını vaxtında icra etsəydi, o, həmin vəsaiti dövriyyəyə buraxmaqla daha çox gəlir əldə edə bilərdi və cavabdehin öhdəliyi gec icra etməsi nəticəsində o, bu imkandan məhrum olmuşdur. Mülki qanunvericiliyə əsasən isə mülki hüquq münasibətlərinin yarandığı dövrə görə müqavilə tələbləri barədə iddia müddəti üçün 3 il nəzərdə tutulmuşdur. Həmin icra sənədinin icraatına icra orqanının ##.##.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə xitam verilmişdir. Bu isə onu müəyyən etməyə əsas verir ki, irəli sürülmüş tələb üzrə 3 ildən çox vaxt keçmiş, bununla iddia müddəti ötürülmüşdür. Iddia müddətinin cavabdehin müraciətinə əsasən tətbiq edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisənin predmeti olan hüquq münasibətlərinə iddia müddəti tətbiq edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, gecikdirmənin faktiki müddəti (2014–2022) hüquqi baxımdan qiymətləndirilməyib. Pul vəsaitinin dəyərsizləşməsi və kreditorun iqtisadi itkiləri araşdırılmayıb. Gecikdirmə faizinin ayrıca öhdəlik yaratması məsələsi araşdırılmayıb. Bu hallar düzgün araşdırılsaydı iddianın təmin olunması mümkün idi. Məhkəmə iddia müddətinin başlanma anını düzgün sübutlarla müəyyən etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, səlahiyyətli nümayəndə ilə təmsil olunmamışlar. Iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə apellyasiya icraatı qaydasında kollegiya tərəfindən bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 445.4. Icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Icraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Maddə 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qətnamənin əsaslandırıcı hissəsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Lakin iş materiallarının məcmu şəkildə araşdırılması iddia tələbinin mahiyyət etibarilə əsaslı olmadığını göstərdiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Iş materiallarının məcmu şəkildə tədqiqi göstərir ki, iddiaçı cavabdehdən 1797 manat məbləğində əsas borcun ##.##.2022-ci il tarixədək icra olunmuş olmasına əsaslanaraq həmin məbləğ üzrə 101 aylıq dövr üçün illik 5 faiz hesablanmasını, habelə pretenziya xərci, dövlət rüsumu və bank xidmət haqqının tutulmasını tələb etmişdir. Eyni zamanda, icraata xitam verilməsi haqqında qərardan görünür ki, borc tam ödənilmiş və icra sənədinə xitam verilmişdir. Lakin iddia tələbinin hüquqi mahiyyəti araşdırıldıqda müəyyən olunur ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsas borcun ödənilməsindən sonrakı dövr üçün avtomatik olaraq yaranan müstəqil faiz tələbi kimi deyil, daha çox cavabdehin gecikdirmə yolu ilə iddiaçını əlavə iqtisadi qazancdan məhrum etməsi fərziyyəsi üzərində qurulmuşdur. Iddiaçı əsaslandırmada göstərmişdir ki, cavabdeh məhkəmə aktını vaxtında icra etsəydi, o, həmin vəsaiti dövriyyəyə buraxmaqla daha çox gəlir əldə edə bilərdi. Lakin bu mövqe hüquqi baxımdan ehtimal və fərziyyədən kənara çıxmır, çünki həmin pul vəsaitinin konkret hansı iqtisadi dövriyyəyə yönəldiləcəyi, hansı gəlirin əldə ediləcəyi və həmin gəlirin hansı real sənədlərlə təsdiqləndiyi iş materiallarında müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinadla tələb edilən illik 5 faiz yalnız borclunun pul öhdəliyinin icrasını gecikdirməsi halında tətbiq edilə bilər. Lakin bu normanın tətbiqində həlledici məsələ təkcə vaxt faktı deyil, həm də gecikdirmənin hüquqi mənada mövcudluğudur. Əgər öhdəliyin icrasına mane olan hal borclunun təqsiri olmadan baş vermişdirsə, bu, icranın gecikdirilməsi kimi qiymətləndirilə bilməz. Məhz buna görə də borclunun təqsiri, gecikdirmənin xarakteri və pul vəsaitindən faydalanma faktı ayrıca və mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırkı işdə isə cavabdehin iddiaçıya məxsus pul vəsaitindən istifadə etməklə gəlir, artım və ya başqa iqtisadi üstünlük əldə etməsi barədə sübut yoxdur. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mülki hüquqda zərərin və ya əldən çıxmış gəlirin ödənilməsi üçün yalnız iddiaçının subyektiv mövqeyi kifayət etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə görə, zərərin faktiki mövcudluğu, onun real və müəyyən edilə bilən həcmdə olması, habelə borclunun hərəkətləri ilə birbaşa səbəbli əlaqəsi sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə tələb olunan məbləğ ümumi və ehtimal xarakterli hesablamalara əsaslanır, həmin hesablamalar real iqtisadi dövriyyəyə, konkret müqavilə münasibətlərinə və ya gəlirin faktiki əldə ediləcəyini təsdiq edən maliyyə sənədlərinə söykənmir. Buna görə də iddiaçının irəli sürdüyü 756,23 manatlıq məbləğ hüquqi baxımdan zərərin və ya əldən çıxmış gəlirin mötəbər hesablanmış forması kimi qəbul oluna bilməz. Eyni hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının tətbiqinə də aiddir. Həmin qərarda kreditorun müəyyən hallarda əlavə faiz və ya zərər tələbi irəli sürə bilməsi nəzərdə tutulsa da, bu, hər bir halda avtomatik və şərtsiz şəkildə 5 faiz tələb etmək hüququ demək deyildir. Qərarın məntiqindən irəli gələn əsas şərt ondan ibarətdir ki, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı daha böyük ziyanın vurulduğunu sübut etməlidir. Hazırkı iş materiallarında isə nə cavabdehin qeyri-qanuni faydalanması, nə də iddiaçıya daha böyük zərər vurulması konkret və inandırıcı sübutlarla təsdiq olunmamışdır. Digər tərəfdən, iş materiallarında cavabdehin təqsirli davranışla öhdəliyi gecikdirdiyi də sübuta yetirilmir. Əksinə, oxşar iş üzrə kollegiyanın hüquqi mövqeyində vurğulandığı kimi, borclunun iradəsindən asılı olmayan hallar mövcud olduqda, bu, təqsirli gecikdirmə kimi qiymətləndirilmir və belə hallarda borclunun məsuliyyətə cəlb edilməsi üçün əsas yaranmır. Təqsirin olmaması, öz növbəsində, faiz tələbinin də hüquqi əsasını zəiflədir. Bu səbəbdən yalnız icranın uzun müddət davam etməsi faktı tələbin təmininə kifayət etmir, gecikmənin hüquqi səbəbi, borclunun davranışı və nəticə arasındakı səbəbli əlaqə ayrıca sübut edilməlidir. Kollegiya xüsusilə onu da qeyd edir ki, iddiaçı tərəf iddia edirsə ki, həmin vəsait vaxtında qaytarılsaydı, əlavə gəlir əldə edəcəkdi, onda bu gəlirin mənbəyi, məbləği, dövriyyə mexanizmi və əldə olunma ehtimalı konkret faktlarla göstərilməli idi. Işdə isə belə maliyyə mexanizmi və ya gəlir gətirən fəaliyyətə dair sənədlər təqdim edilməmişdir. Bu isə tələbin faktiki deyil, yalnız nəzəri əsaslandırma üzərində qurulduğunu göstərir. Birinci instansiya məhkəməsinin iddia müddətinə istinad etməsi hüquqi cəhətdən tam düzgün əsaslandırılmamış olsa da, bu səhv iddianın mahiyyətcə əsaslı olması nəticəsini doğurmur. Çünki iş materialları iddiaçının tələb etdiyi 5 faizin, eləcə də əlavə xərclərin tutulması üçün maddi hüquqi əsasların mövcudluğunu təsdiq etmir. Iddiaçı tərəfindən nə cavabdehin qanunsuz faydalanması, nə zərərin mövcudluğu, nə də səbəbli əlaqə sübuta yetirildiyindən, iddia tələbi təmin edilə bilməz. Buna görə də qətnamənin ləğvi barədə nəticə qəbul edilsə belə, iddianın rədd edilməsi hüquqi baxımdan daha doğru nəticə kimi qalır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının tələbləri üzrə qeyd edir ki, mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Kollegiya onu da vurğulayır ki, iddia müddəti tətbiq etməklə iddia tələbini rədd edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin iddia müddətinin tətbiqinə dair iradəsinin yazılı şəkildə ifadə edilməsi, yəni ərizəsi iş materiallarında mövcud deyil. Qanunverici məhkəmə tərəfindən iddia müddətinin tətbiqinin yalnız cavabdehin verdiyi ərizə əsasında mümkün olduğunu qeyd etməklə, cavabdehin bununla bağlı yazılı şəkildə ifadə edilmiş iradə ifadəsi olmadan iddia müddətini tətbiq etməklə kreditorların tələblərini məhkəmə qaydasında müdafiə etmək imkanından məhrum edilməsinin qarşısını almağa xidmət edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəfin özünə aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Məhkəmənin daxili inamı” anlayışı sübutların formal qiymətləndirilməsi deyil, onların qarşılıqlı əlaqədə və məntiqi ardıcıllıqla təhlili nəticəsində formalaşan hüquqi qənaəti ifadə edir. Bu prinsip məhkəməyə iş üzrə bütün sübutları və faktiki halları kompleks şəkildə qiymətləndirmək imkanı verir. Məhkəmə kollegiyası hesab edir ki, həmin nəticə sübutların məcmusundan irəli gələn məntiqi və hüquqi nəticədir və məhkəmənin daxili inamı işin faktiki halları ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilməsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar