Məhkəmə qərarları › İş №e-2(3-9)-733/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-733/2026

16.07.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-733/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X6 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Kürdəmir Rayon Psixatriya Xəstəxanasına qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-134)-304/2026 saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh “əmək müqaviləsinə xitam verilməsi barədə'' ##.##.2025-ci il tarixli, ***-k saylı əmrinin ləğv edilməsi, onun həmin xəstəxananın idarəetmə aparatı bölməsində “katibə” vəzifəsinə bərpa olunmağı, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya prosesi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzinin və işə qəbul zamanı ondan aldığı 2000 manat pulun əvəzinin cavabdehdən xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ##.##.2020-ci ildə Cavabdeh katibə vəzifəsinə qəbul olmuş, işə qəbul olunanda, xəstəxananın baş həkimi Mahir Mirzəyev ondan 2000 manat pul almışdır. 2021-ci ildə kadrlar üzrə mütəxəssis Çiçək Xəlilova ailə qurduğuna görə, baş həkim Mahır Mirzəyev onu müvəqqəti olaraq kadr mütəxəssisi təyin etmiş və ondan hər iki işi aparmağı tələb etmişdir. Həmin dövrlərdə baş həkim ona iki işin icrasını tapşırdığına görə, hər iki işi eyni vaxtda icra etməyi mümkün olmamış, Mahir xəstə yaxınlarının yanında onun kompüterini, telefonunu yerə atıb təhqir etmişdir. O həmin vaxt da işdən çıxmaq barədə ərizə yazıb, 10 gün işə çıxmamış, baş həkim Mahir Mirzəyev onu işə çağırıb birdə belə hallar olmayacağına söz verdikdən sonra, təkrarən işə qayıtmışdır. O həmin vaxt baş həkimdən ştat gələndə yerinin dəyişdirilməsini xahiş etmiş və onun yanında işləmək istəmədiyini, artıq-əskik sözlərlə onu narahat etdiyini demişdir. Çünki baş həkim Mahir Mirzəyev işçilərin arasında onun şəxsi həyatını müzakirə etmiş "noldu səni sevən niyə almadi" deyərək mövzunu müzakirə etmişdir. O, baş həkim Mahir Mirzəyevə xəbərdarlıq etməsinə baxmayaraq eyni şeylər təkrar olmuşdur. O, 2021ci ildə Türkiyədə Atatürk universitetinə daxil olduğu üçün təhsil məzuniyəti götürüb gedərək 1 ay müddətində smestr imtahanlarında olarkən də Mahir Mirzəyev ona zəng edib onu narahat etmiş, ondan şəxsi “vhatsapp” nömrəsini istəmiş və həmin nömrə ilə danışmağı tələb etmişdir. O olanlar barədə xəstəxanada işləyən Elçin həkimə və baş tibb bacısına məlumat vermiş və baş həkimin onu narahat etdiyini bildirmişdir. O, xəstəxanada işlədiyi müddətdə, baş həkim Mahir Mirzəyev dəfələrlə onu narahat edərək ondan şəklini çəkib onun mobil telefonuna göndərməsini tələb etmiş, onu görəndə “ona tutqun olduğunu, “vatsap”ın gec vaxtlarda niyə onlayn olduğunu, niyə tez-tez Bakıya gedib-gəldiyini soruşmuş, kaş onun 35 yaşı olaydı, onu əldə etmək üçün hər şey edərdi” deyə bildirmişdir. O hətta bir gün öz bacısı oğlu X1 ilə birlikdə iş yerinə getmiş, bu zaman baş həkim işə gələndə onları görmüş, uşağın üzündən öpmüş, ondan onu da öpmək istədiyini demiş, lakin o, etirazını bildirmiş, bundan sonra isə baş həkim Mahir Mirzəyev onunla acıqlı danışmağa başlamışdır. ##.##.2024-ci ildə o öz hesabına məzuniyyət götürüb xaricə getmiş, bır müddət işdən uzaqlaşmışdır. Mahir Mirzəyev yenə o, məzuniyyətdə olduğu müddətdə ona vhatsappla zəng edib, onu “sms”lərlə narahat etmişdir. O, ##.##.2025-ci ildə yenidən işinə qayıtmış və Mahir Mirzəyevin iş otağında onu narahat etməməsini, onun işə ehtiyacı olduğunu və işləmək istədiyini bildirmiş, Mahir Mirzəyev də bir daha belə bir halın təkrarlanmayacağına söz vermişdir. ##.##.2025-ci ildə kadr mütəxəssisi Şəlalə Mirzəyeva məzuniyyətə çıxdığı üçün baş həkim Mahir Mirzəyev onu otağına çağırıb Şəlalə Mirzəyevanı əvəz etməyini israrla tələb etmiş və ##.##.2025-ci ildə müvəqqəti kadrlar üzrə mütəxəssisi əvəz etməyi dair əmr verilmişdir. Baş həkim onu kadrlar üzrə mütəxəssis təyin etməsinə baxmayaraq, sistemdə bir çox əməliyyatları Şəhriyar Lətifov icra etmişdir. 2025-cı ilin sonlarında baş həkimin ona qarşı lazımsız sözləri daha da artmağa başlamış,ondan vhatsapp nömrəni verməsini, icazə alıb harasa gedəndə, hara getməyini, nə etməyi barədə ondan hesab soruşmuşdur. O, Mahir Mirzəyevin otağına gedib sənəd verəndə, Mahir Mirzəyev “sən anlamırsan, mən sənin üçün ölürəm” bildirmişdir. ##.##.2025-ci ildə baş həkim onu otağına çağırmış, Səhiyyə Nazirliyinin onlara yeni kadrlar üzrə mütəxəssis Xəyalə xanımı göndərdiyini və onunla tanış olmasını, onu “katibə” deyil, idarəetmə aparatının üzvü kimi təqdim etmiş, sonra ona üzünü tutaraq yəni təyin edilən Xəyalə xanıma işi öyrətməsini tapşırmışdır. Həmin şəxslər otaqdan çıxdıqdan sonra o, özünün işinin alçaldılmasına iradını bildirmiş və o, işi öyrətmək üçün şəxsin bununla bağlı kurslara getməsinin zəruri olduğunu demişdir. Mahir Mirzəyev isə ona “get sumkanı götür, gəl otur mənim yanımda”, demiş, daha sonra onu təhqir etmişdir. O, Mahir Mirzəyevin təhqiredici sözlərin onun ailə üzvlərinə aid olmasını bildirib otaqdan çıxmış, iş otağına qayıtdıqda isə onun şəxsi əşyalarının da olduğu otağın qapısı açarla bağlanılmış, açarı isə Şəhriyar adlı işçidə olmuşdur. O həmin vaxt qadına aid olan şəxsi əşyalarını otaqdan götürüb çıxmaq istəyəndə Şəhriyar ilə aralarında mübahisə yaranmış, daha sonra, əşyalarını götürüb həmin otağı təhvil vermişdir. O, baş həkimin atmaca sözlərindən bezib, bu barədə heç bir ölçü götürülmədiyini, baş həkim olduğuna görə, bütün işçilərin ondan qorxduğunu görüb, özünə təhdid olduğu üçün məcburiyyətdən və qorxudan ## ###### 2025-ci ildə işdən çıxmaq barədə ərizə yazmaq qərarına gəlmişdir. Çünki, Mahir Mirzəyev günü gündən ona qarşı daha aqressiv olmuş və onu sıxma-boğmaya salmağa çalışmışdır. Bütün bu olanlardan sonra isə onun işdən azad edilməyi barədə ## ###### 2025-ci il tarixli, ***-k saylı əmr verilmişdir. O, işdən çıxma barədə əmrin və əmək kitabçasının əslini götürmək barədə dəfələrlə iş yeri ilə əlaqə saxlamış, hüquqlarının müdafiəsi ilə bağlı X9 və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət etmişdir. Uzun müddətli yoxlama və araşdırmalardan sonra 05-## ###### 2026-cı illərdə Səhiyyə nazirliyindən Vasif Məmmədov və Oqtay adlı əməkdaşların təşəbbüsü ilə ona məxsus əmək kitabçası və əmrin surəti rəsmi qaydada ona təqdim edilmişdir. X9 ## ###### 2026-cı il tarixli, *-**-*/*-V-*****/**** saylı məktubla ona xəstəxananın Agentliyə yazdığı məktubu köçürdüb sonda məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. O, əmri aldıqdan dərhal sonra əmək mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Mediator onun ##.##.2026-ci ildə müraciəti əsasında ##.##.2026-cı il tarixə iclas təyin etmiş, həmin iclasda cavabdeh tərəf iştirak etmədiyinə görə, prosesin davam etdirilə bilməməsi barədə ## ## 2026-cı il tarixdə MŞK/MT-075/2026 ***** saylı arayış verilmişdir. Hesab edir ki, onun işdən azad edilməyi barədə əmək kitabçasında istinad olunan əmr qanunsuz və əsassız olmaqla ləğv edilməli, o öz əvvəlki işinə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. Belə ki, bütün bu olanlar cavabdeh təşkilatın baş həkiminin ona qarşı qərəzli münasibətinin nəticəsi olmuşdur. O, Mahir Mirzəyevin bu qanunsuzluğundan bezib, hətta özünü öldürmək həddinə çatmışdır. O, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, balaca bacısı X4 2021-ci ildən azyaşlı övladı anadan olandan, ankoloji xəstəliyə tutulmuş, həmin vaxtdan sağlamlığı ilə əlaqədar Azərbaycanda və Türkiyədə mütəmadi müayinə və müalicələr aldığı üçün onun azyaşlı, yəni ##.##.2021-ci il təvəllüdlü oğlu X1 hazırda onun himayəsindədir. Uşaq onu öz anası bilir və bacısının müalicəsi ilə bağlı həmin uşağa o baxır və uşağın da müalicəsi və sağlamlığına cavabdehlik daşıyır.Ona görə də, onun işinə geri qayıtmağına bir insan olaraq ehtiyacı vardır. Göründüyü kimi, o, məcburiyyətdən və baş həkimin qanunsuz davranışlarından bezib özünün könüllü işdən azad edilməyi barədə ərizə yazmışdır. Halbuki, onun maddi imkanı çox aşağıdır. Maddi imkanının aşağı olması, o demək deyil ki, hansısa məmur və ya imkanlı şəxs onun namusuna sataşa bilər və ya ona qarşı hansısa nalayiq hərəkət edə bilər. Eləcə də, təəssüflər olsun ki, bu sahədə nəzarəti həyata keçirən X9 müraciətini araşdırmaq və ədalətli qərar qəbul etmək əvəzinə, yekunda ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Göründüyü kimi cavabdeh ona qarşı qərəzçilik etmiş, heç bir ciddi əsas olmadan ona qarşı aqressivlik göstərərək, onu işdən azad etmişdir. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Muxtar Muxtarov) qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarında olan: -"Cavabdeh fəaliyyətinin təmin edilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2019-cu il tarixli, *** nömrəli əmri ilə 1. Cavabdeh əsasnaməsi və strukturu təsdiq edilsin (1 və * nömrəli Əlavələr). 2. X2 Cavabdeh baş həkimi təyin edilsin və ona tapşırılsın ki, 10 gün müddətinə struktura uyğun ştat cədvəli hazırlanaraq müəyyən edilmiş qaydada Səhiyyə Nazirliyinə təqdim edilsin. - Əmək müqaviləsinin surətindən görünür ki, ##.##.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. - İddiaçı tərəfindən Cavabdeh baş həkimi Mahir Mirzəyevə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, yaranmış mənəvi təziq və etik davranış qaydalarının pozulması səbəbindən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. - Kürdəmir Rayon Psixatrik Xəstəxanasının baş həkimi X2 ##.##.2025-ci il tarixli, ***-k nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən ##.##.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 X3 regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 09.02.22026-cı il tarixli, *-**-*/*-V-*****/**** nömrəli məktubun surətindən görünür ki, onun müraciətinə baxılmış və müraciətində göstərilən digər məsələlərin X9 Xidməti səlahiyyətləri xaricində olması göstərilmiş, ona müraciətində qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə mürqaciət etmək hüquqları izah edilmişdir - Mediator Şahin İsmiyev tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Kürdəmir Rayon Psixartiya Xəstəxanasının baş həkimi X2 mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmiş və İddiaçı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. - ##.##.2025-ci il tarixli, *** nömrəli, Kürdəmir rayon Psixatrik Xəstəxanasının baş həkimi M.Mirzəyev tərəfindən İddiaçı ünvanlanmış məktubdab görünür ki, ona barəsində qərar verilməsi üçün ##.##.2025ci il tarixdə, saat 11.00-da Kürdəmir rayon Psixatriya Xəstəxanasının akt zalında iclas keçiriləcəyi ilə bağlı məlumat verilmiş və onun iclasda iştirak etmək hüquqları izah edilmişdir. - Kürdəmir Rayon Psixatriya Xəstəxanası tərəfindən İddiaçı ünvanlanmış Məktubun surətindən görünür ki, ona işə gəlmədiyi ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət üçün üzrlü səbəb barədə sənədlər təqdim etməsi təklif olunmuşdur. - İşdə olan ##.##.2025-ci il tarixli, İddiaçı tərəfindən Kürdəmir rayon Psixatriya Xəstəxanasının baş həkimi Mahir Mirzəyevə ünvanlanmış məktubda ##.##.2025-ci il tarixli işdən çıxma ərizəsinə qanuna uyğun olaraq icra olunmasını xahiş etmişdir. -“Tibbi şuranın Növbəti İclası”nın ##.##.2025-ci il tarixli,** saylı protokolun surətindən görünür ki, katibə İddiaçı böhtan,şər,iftira xarakterli ərizəsi yedkilliklə tənqid olunmuş,onun nümayişkəranə işə gəlməməsi, təkidlə işdən azad olunmasını tələb etməsi həmkarlar təşkilatının və s.işçilərin xahişini nəzərə alaraq AR ƏMək Məcəlləsinin 68.2 ”a” bəndi ilə tutuduğu vəzifədən azad edilmişdir. - ##.##.2026-cı il tarixli,** nömrəli aktdan görüür ki, İddiaçı əmək kitabçası, ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında ***-k nömrəli arayış və işdən azad olmaq haqqında ərizənin surəti ##.##.2026-cı il tarixdə İddiaçı təhvil götürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı hüququnun pozulduğunu bildiyi halda, Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən bu müddətin bərpası üçün əsaslı və üzrlü səbəb olduğu müəyyən edilməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda iddia müddətinin buraxılması üzrlü səbəblər olduqda bərpa edilə bilər. Lakin məhkəməyə təqdim edilmiş sübutlar və iddiaçının izahatları belə səbəblərin mövcudluğunu təsdiq etməmişdir. İddia müddətlərinə riayət edilməsi məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin məcburi şərtidir və bu müddət buraxıldıqda, iddiaçının tələbi əsaslı olsa belə, məhkəmə onu təmin edə bilməz. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, iddiaçı özü tərəfindən yazılı ərizə təqdim edərək işəgötürəndən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşəgötürən tərəfindən iddiaçının bu ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Bu hal Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) uyğundur. Bu maddəyə əsasən, işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək hüququna malikdir. İddiaçı bu hüququndan istifadə edərək işdən çıxmaq barədə qərar qəbul etmiş və bu qərarını yazılı şəkildə rəsmiləşdirmişdir. İddiaçı işdən çıxarıldıqdan sonra məhkəməyə müraciət edərək işə bərpa olunmasını tələb etsə də, məhkəmə hesab etmişdir ki, işdən çıxarılmanın başlanğıcında işçinin öz iradəsi olmuşdur, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində məhz işçi çıxış edir. Sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə qeyd etmişdir, volenti non fit injuria (öz razılığı ilə hərəkət edən şəxsə zərər dəyməz) prinsipinə əsasən, iddiaçı şəxsən və şüurlu şəkildə işdən azad olunma barədə ərizə yazmaqla əmək münasibətlərinə xitam verilməsi prosesini başlatmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, Kürdəmir Rayon Psixatriya Xəstəxanasının əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ***-k saylı Əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə, həmçinin, iddianın məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsini araşdırır və hesab etmişdir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanuni əsaslarla xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi də əsassızdır. İddiaçı iddia tələbində 2000 manat pulu işəgötürənə verdiyini iddia edir. Lakin iddiaçı bu iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 2000 manatın verilməsi faktını sübut etmək üçün məhkəməyə heç bir yazılı sübut və ya digər dəlil təqdim etməmişdir. Sübut olunmayan iddia əsassız sayılır. İddiaçı 2000 manat pulu verdiyini sübut edə bilmədiyindən, məhkəmə bu tələbi əsassız hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17, 42, 68.2-“a”, 69.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77.1, 81, 89.1, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunun tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Lakin hazırkı vəziyyətdə məhkəmə nəzərə almır ki, o öz təşəbbüsü ilə deyil, məhz işəgötürən tərəfindən cinsi qısnamaya məruq qaldığına və məcburiyyətdən ərizə yazmağa məcbur olunmuşdur. Hətta, bu qısnama nəticəsində özünü öldürmək həddinə gəlmişdir. O bu ərizəni verəndən dərhal sonra, hüquqlarının qorunması naminə aidiyyəti üzrə həm X9, həmdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etmiş, həmin orqanlarda ərizəsi ilə bağlı araşdırma aparılmışdır. İşə baxan məhkəmə isə həmin orqanlarda aparılmış araşdırmanın nəticələrini əldə etmədən, formal olaraq maddənin tələblərini qətnaməyə yazmaqla hesab etmişdir ki, hansı əsaslarla olur-olsun fərqi yoxdur, işçi ərizə yazıbsa deməli öz təşəbbüsü ilə işdən çıxmışdır. Əgər, hər şey qanunlarda yazıldığı kimi, yəni araşdırma aparılmadan həll olunurdusa, onda dünyada niyə məhkəmə sistemləri fəaliyyət göstərir. Onun Səhiyyə Nazirliyinə etdiyi şikayətdən sonra, həmin Nazirlikdən gələn iki nəfər yoxlayıcı şəxsin təkidli tələbindən sonra 2026-cı ilin fevral ayında ona xəstəxana tərəfindən əmrin surəti və əmək kitabçası verilmişdir. O, əmri və əmək kitabçasını almadan, necə mediasiya təşkilatına müraciət edə bilərdi. Qanuna edilmiş dəyişikliyə əsasən birbaşa məhkəməyə müraciət edilməsinə icazə verilmədiyinə görə, əmək kitabçasını və əmrini alandan dərhal sonra əvvəlcə mediasiya təşkilatına, daha sonra isə məhkəməyə müraciət etmişdir. Eləcə də, onun işi ilə bağlı şikayəti Əmək Müfəttişliyi tərəfindən də araşdırılmış, lakin nəticəsi barədə məlumat ala bilməmişdir. Oranın işçisi ona bildirmişdir ki, onlara yoxlamaya icazə verilmədiyinə görə tədbir görə bilmirlər. Tərəfindən verilən vəsatətlər protokolla rədd edilmiş, rədd edilmənin hansı əsaslardan yaranması açıqlanmamışdır. Halbuki, onun məhkəmədən əvvəl dövlət orqanlarına etdiyi şikayətlərin nəticəsi həmin orqanlardan tələb edilməli idi. O həmin orqanlara dəfələrlə müraciət etsə də, ona işin məhkəmədə olduğuna görə, hakim tərəfindən sorğu verildikdən sonra göndərəcəklərini bildirdilər. Məhkəməyə də bu barədə vəsatət verəndə, məhkəmə həmin vəsatəti təmin eləmir. Halbuki, onun məhkəmədən əvvəl X9, Səhiyyə Nazirliyinə və Kürdəmir Prokurorluğuna işdən əsassız, cinsi qısnama və qorxu nəticəsində çıxarılmağı ilə bağlı şikayətlərinin nəticəsi və həmin şikayətlər nəticəsində görülmüş tədbirlər və sənədlər məhkəməyə təqdim edilməli və məhkəmə tərəfindən araşdırılmalı idi. Bundan başqa, onun işə qəbul olunarkən 2000 manat pul alınmasını təsdiq edən Mahir Mirzəyevin səsyazması da vardır ki, məhkəmə həmin səsyazmanı sübut kimi qəbul etməmişdir. Belə ki, o, iddia ərizəsində də qeyd etmişdir ki, xəstəxana direktoru X5 Xəlilova adlı işçi vasitəsilə ondan 2000 manat pul alıb işə götürüb. Onu çərrədə-çərrədə işdən çıxardırsansa, onda verdiyi pulunu da geri qaytar. Ən azından Çiçək Xəlilovanı şahid qismində məhkəmədə dindir və ya heç onun dindirilməsinə ehtiyac yoxdu. Mənim məhkəməyə verdiyi səsyazısında Mahir Mirzəyev özü etiraf edir ki, onu işə qəbul edəndə nə qədər pul almışdır. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya qarşı rəhbərli tərəfindən heç bir ədavət və düşmənçilik münasibəti göstərilməmiş, ona qərəzli davranılmamışdır. Onun iddiası şər və böhtan xarakterlidir və bunları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil İmran oğlu vəsatətlə müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin başqa məhkəmədə işinin olması və işlə tanış olma müddətinin verilməsi hazırkı iclasın təxirə salınması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə ə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və sonhaqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Mübahisələndirilən qətnamə ilə iddia rəd edilmiş, iddiaçı apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddia tələbindən və apellyasiya şikayətindən müəyyən edilir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin sərbəst iradəsinin ifadəsi olmadığını, işəgötürənin təzyiqi (cinsi qısnamaya məruz qaldığını bildirərək) və daha ağır əsasla işdən azad ediləcəyi qorxusu nəticəsində yazıldığını bildirərək, həmin əsasla işdən çıxarılması barədə əmrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə nəticəsini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə xitam iddiaçının öz yazılı ərizəsi əsasında verilmiş, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərinə uyğun olaraq yalnız həmin iradə rəsmiləşdirilmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçı əmək münasibətlərinə öz təşəbbüsü ilə xitam verilməsi prosesini başlatmış, ərizənin zor, hədə-qorxu və ya digər qanunsuz təsir altında yazıldığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Buna görə də əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Eyni zamanda, iddiaçının işə qəbul zamanı işəgötürənə 2000 manat pul verməsi barədə iddiası da hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən, MPM-in 77.1-ci maddəsinə uyğun olaraq həmin tələb də əsassız hesab edilmişdir. Məhkəmə tərkibi həmin mövqe ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin öz iradəsi əsasında yazıldığı müəyyən olunur. İddiaçı özü də apellyasiya şikayətində ərizəni işəgötürənin onu Əmək Məcəlləsinin daha ağır əsasları ilə işdən çıxaracağından ehtiyat etdiyi üçün yazdığını bildirmişdir. Bu hal isə ərizənin zor tətbiq edilməklə, hədəqorxu altında və ya iradəsini istisna edən şəraitdə yazıldığını deyil, hüquqi nəticələrini qiymətləndirərək müəyyən seçim etdiyini göstərir. Digər tərəfdən, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərinin pozulması müəyyən edilməmişdir. Əmək müqaviləsinə iddiaçının yazılı ərizəsi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş prosedura riayət edilməklə xitam verilmiş, iş materiallarında işəgötürənin əmək müqaviləsinə xitam verilməsi zamanı qanunun imperativ normalarını pozduğunu təsdiq edən hər hansı mötəbər sübut aşkar edilməmişdir. Belə olan halda, iddiaçının sonradan ərizəni daha ağır intizam əsası ilə işdən azad edilməmək məqsədilə yazdığını bildirməsi, özünün sərbəst iradəsi ilə etdiyi hüquqi hərəkətin nəticələrini aradan qaldırmaq üçün əsas hesab edilə bilməz. Çünki qanun işçinin sonradan qərarını dəyişməsini deyil, iradəsinin əvvəlcədən zor, hədə-qorxu və ya digər qanunsuz təsir nəticəsində formalaşdığının sübuta yetirilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, insan ləyaqəti dövlət tərəfindən qorunur və heç bir əsasla alçaldıla bilməz. Həmçinin kişi və qadınların bərabər hüquqlara malik olması Konstitusiya ilə təmin edilir. Bu prinsiplərin davamı olaraq Əmək Məcəlləsində ayrı-seçkiliyə, o cümlədən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə və seksual qısnamaya yol verilməməsi təsbit edilmiş, eyni zamanda, Əmək Məcəlləsi seksual xarakterli qısnamaya məruz qalan işçiyə əmək müqaviləsinə ərizəsində göstərdiyi tarixdə xitam vermək hüququ tanımış, İnzibati Xətalar Məcəlləsində belə hallara yol verən vəzifəli şəxslərin inzibati məsuliyyəti, Cinayət Məcəlləsində isə seksual xarakterli hərəkətlərə məcbur etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilik seksual qısnamaya məruz qaldığını iddia edən şəxsin hüquqlarının müdafiəsi üçün kifayət qədər hüquqi mexanizmlər müəyyən etmişdir. Belə hallarda şəxs əmək münasibətləri davam etdiyi dövrdə aidiyyəti dövlət orqanlarına, hüquq-mühafizə orqanlarına, əmək hüquqlarına nəzarəti həyata keçirən qurumlara və ya işəgötürənin yuxarı təşkilatına müraciət etməklə hüquqlarının müdafiəsini tələb edə bilərdi. Hazırkı işdə isə iddiaçı uzun müddət davam etdiyini bildirdiyi seksual qısnama və təzyiq halları ilə bağlı əmək münasibətləri davam etdiyi müddətdə aidiyyəti dövlət orqanlarına müraciət etdiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, iş materiallarından görünür ki, iddiaçı bu barədə müraciətlərini yalnız əmək müqaviləsinə xitam verildikdən və müvafiq əmr qəbul edildikdən sonra etmişdir. Halbuki, əgər iddia etdiyi kimi, işəgötürənin hərəkətləri həqiqətən də onun iradəsini iflic edəcək dərəcədə qanunsuz və davamlı xarakter daşıyırdısa, həmin halların baş verdiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə etməsi gözlənilən idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istənilən vaxt həmin ərizəsini geri götürmək və ya etibarsız hesab edilməsi barədə yeni ərizə vermək hüququna malikdir. Hazırkı işdə iddiaçının ##.##.2025-ci il tarixli ərizəsində əmək münasibətlərinə hansı tarixdə xitam verilməsini istədiyi ümumiyyətlə göstərilməmişdir. Bu halda isə Əmək Məcəlləsinin 69.5-ci maddəsinin birbaşa tələbinə əsasən, bir aylıq xəbərdarlıq müddəti başa çatanadək əmək müqaviləsinə xitam verilməsi yolverilməz idi. Deməli, iddiaçı həmin müddət ərzində ərizəsini geri götürmək və ya etibarsız hesab edilməsini tələb etmək imkanına malik olmuşdur. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində işəgötürənin qanunsuz davranışları və cinsi qısnama ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda, eləcə də digər dövlət orqanlarında araşdırma aparıldığını bildirmiş və həmin materialların məhkəmə tərəfindən sorğu əsasında tələb edilməli olduğunu göstərmişdir. Lakin bu dəlil əsaslı hesab edilə bilməz. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi ilk növbədə tərəfin öz üzərinə düşür. MPM-in 78.2-ci maddəsinə görə isə məhkəmədən sübutun tələb edilməsini xahiş edən şəxs həmin sübutu müstəqil qaydada əldə etməsinin mümkün olmadığını əsaslandırmalıdır. İddiaçı isə qəbul edilmiş prosessual qərarın surətini, aparılmış araşdırmanın nəticələrini və ya onları müstəqil qaydada əldə etmək üçün göstərdiyi cəhdləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmənin həmin sənədləri sorğu ilə tələb etməməsi prosessual pozuntu kimi qəbul edilə bilməz. Məhkəmə tərkibi iddiaçının iş yerində baş həkim tərəfindən seksual xarakterli qısnamaya və psixoloji təzyiqə məruz qalması barədə dəlillərini iş üzrə toplanmış sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, həmin hallar mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Buna baxmayaraq, iddiaçı tərəfindən cinsi qısnamanın baş verməsini obyektiv şəkildə təsdiq edən hər hansı yazılı sübut, şahid ifadəsi, elektron məlumat, səs və ya video yazısı, yaxud səlahiyyətli orqanların həmin faktı müəyyən edən qərarı məhkəməyə təqdim edilməmişdir. İddiaçının müxtəlif dövlət orqanlarına və hüquq-mühafizə qurumlarına müraciət etməsi də özlüyündə onun irəli sürdüyü faktların həqiqiliyini təsdiq edən sübut hesab oluna bilməz. Çünki hər hansı şəxsin müəyyən hadisə barədə şikayət verməsi yalnız həmin iddiaların araşdırılması üçün əsas yaradır, lakin həmin iddiaların baş verməsini və ya doğru olmasını avtomatik şəkildə təsdiqləmir. Ən əsası isə, iddiaçının öz mövqeyi onun sonrakı davranışları ilə də təkzib olunur. Belə ki, o, iddia etdiyi kimi işəgötürən tərəfindən hədə-qorxuya məruz qalmasına, sıxışdırılmasına və məcbur edilməsinə baxmayaraq, ərizəni təqdim etdiyi gündən əmək münasibətlərinə xitam verilənədək Əmək Məcəlləsinin 69.4-cü maddəsinin verdiyi hüquqdan istifadə edərək ərizəsini geri götürməmiş, yaxud etibarsız hesab edilməsi barədə işəgötürənə müraciət etməmişdir. Halbuki, iddiaçının öz iddiasına görə həmin dövrdə işəgötürən ona qarşı qanunsuz təzyiqləri davam etdirirdi və bu cür hərəkətlərə görə qanunvericiliklə məsuliyyət nəzərdə tutulur. Əgər həqiqətən də iradəsi zor və ya hədə-qorxu nəticəsində formalaşmış olsaydı, bir aylıq xəbərdarlıq müddəti ərzində ərizəsini geri götürməsi və ya bu barədə yazılı etiraz etməsi üçün hüquqi maneə mövcud deyildi. Məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməsi üçün ilk növbədə iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində irəli sürdüyü, işdən çıxarılmasının baş həkim tərəfindən ona qarşı yol verilmiş seksual qısnama və digər qeyri-etik hərəkətlərlə əlaqədar olması barədə dəlillər mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməli idi. Yalnız həmin hallar sübuta yetirildiyi təqdirdə, iddiaçının işdən azad edilməsi haqqında əmrin qanuniliyi, o cümlədən həmin əmrin göstərilən halların nəticəsi kimi qəbul edilib-edilməməsi və ləğvi üçün hüquqi əsasların mövcudluğu araşdırıla bilərdi. Lakin iş materiallarında iddiaçının istinad etdiyi halları təsdiq edən kifayət qədər və mötəbər sübutlar olmadığından, məhkəmə həmin halları müəyyən edilmiş hesab etmir. Bu səbəbdən işdən azad edilmə haqqında əmrin iddiaçının göstərdiyi səbəblərlə əlaqədar olub-olmamasının araşdırılması üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə tərkibi iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Əmək Məcəlləsinin 300-cü maddəsində aşağıdakılar qeyd edilir; Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Hazırkı halda isə iddiaçının işə bərpa barədə iddiası təmin edilən olmadığından, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə də iddia tələbi təmin edilə bilməz. Bundan başqa iddiaçının işə qəbul olunarkən işəgötürənə 2000 manat pul verməsi barədə tələbi də iş materialları ilə öz təsdiqini tapmamış, iddiaçı tərəfindən həmin pul vəsaitinin verilməsini təsdiq edən hər hansı yazılı sübut, bank sənədi, qəbz, şahid ifadəsi və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar