Məhkəmə qərarları › İş №e-2(3-9)-980/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-980/2026

13.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-980/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı AZRIB Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) cavabdeh Cavabdeh qarşı işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı AZRIB MMC cavabdeh Cavabdeh qarşı işçinin işəgötürənə vurduğu ziyana görə 27924,40 manat vəsaitin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin (hakim Ş.Kələntərov) ## #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir, ərizəyə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Qərardaddan iddiaçı şikayət vermiş, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş əmək mübahisəsi olmaqla cavabdehin əmək fəaliyyəti nəticəsində iddiaçıya vurduğu ziyanla bağlıdır. Buna görə mediasiyaya da müraciət edilmişdir. Məhkəmə əsassız qərardad qəbul etmişdir. Məhkəmənin hazırki qərardadından belə nəticəyə gəlmək olur ki, əgər mediasiya arayışı olmadan müraciət edilsə və dövlət rüsumu ödənilsə məhkəmə sənədləri icraata götürəcəkdi. Göründüyü kimi, məhkəmənin qərardadı məntiqi və hüquqi cəhətdən ziddiyyətlidir. Məhkəmənin sözügedən qərardadı vahid məhkəmə təcrübəsini də pozmuşdur. Belə ki, eyni predmetli işlər barədə dövlət rüsumu ödənilmədən məhkəmələrə müraciətlər edilmiş, məhkəmələr isə qanuni olaraq iddia ərizəsini icraata qəbul etmişdir. Bu cür işlərdə yekun qətnamə qəbul edilən hallar da vardır. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Işin hallarından görünür ki, hazırkı tələbində iddiaçı AZRIB MMC cavabdehdən işəgötürənə vurulan ziyana görə 27924,40 manat ödənilməsini xahiş etmişdir. Iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən işçisindən ona dəymiş ziyanın ödənilməsinə dair iddia ilə müraciət etmişdir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 152.1.5-ci maddəsinin tələbinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat +10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Müəyyən edilir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Iddiaçı şikayətində onu mübahisələndirmişdir ki, hazırki tələbi əmək fəaliyyəti ilə bağlı olduğu üçün iddia üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Şikayətin dəlilləri ilə bağlı Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində dövlət rüsumunu ödəməkdən azad edilmə halları (ayrı-ayrı predmetlər və şəxslər üzrə) nəzərdə tutulmuşdur. Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddırlar. Kollegiya hesab edir ki, Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının qorunmasını, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslandığı kimi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi də cəmiyyətin həssas təbəqələrinin, o cümlədən hüquqlarının pozulduğunu iddia edən işçilərin hüquqlarının qorunmasını, onlara edilən müəyyən güzəştləri nəzərdə tutur. Bu baxımdan dövlət rüsumundan azad edilməsi əmək münasibətlərində olan işçilərin hüquqlarının qorunmasına yönəldilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Iddiaçı AZRIB Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar