Məhkəmə qərarları › İş №e-2(5-102)-21/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-21/2026

16.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-21/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki işə Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 13 saylı evin 7 saylı mənzilinə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırılmışdır ki, o, cavabdehin övladıdır. Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 13 saylı evin 7 saylı mənzili cavabdehə məxsusdur. İddiaçı həmin mənzilə istifadə hüququnun realizəsində çətinliklərlə üzləşmişdir. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 13 saylı evin 7 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Səbail rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd edilir ki, “məhkəmə iddianın cavabdeh İddiaçı mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam boşaldılması hissəsinin təmin edilməsini mümkün saymır. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı həm mənzilin hazırki mülkiyyətçisinin övladı olmaqla, həm də əvvəlki mülkiyyətçisi olan babanın ailə üzvü sırasına daxildir və belə olan halda onun mənzilə istifadə hüququ orada yaşamağa başladığı vaxtdan yaranmışdır”. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 13 saylı evin 7 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İddiaçı cavabdehin qızıdır. İddiaçının sözügedən mənzilə yaşamaq hüququ qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçının həmin mənzilə köçüb orada yaşamasına maneçiliklər törədir ki, iddiaçı da bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında işin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ailə üzvü hesab edildiyindən, onun mübahisəli mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mənzildə yaşamaq hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdən yaşamaq hüququ təmin edilməli və o, sözügedən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. İddiaçı Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 13 saylı evin 7 saylı mənzilinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilsin Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar