Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-1003/2026 25.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Vəkil Bürosuna qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Vəkil Bürosuna qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “27 saylı Vəkil bürosu” rəhbərinin xx.xx.2025-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunmağı və mediasiya təşkilatına ödədiyi 60 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/6-02466 nömrəli X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İMS-də müzakirə edilən mübahisənin predmeti xitam əmrindəki maddənin dəyişilməsi (70 C-nin 68-2a-ya dəyişdirilməsi) olmuşdur. Lakin hazırda iddiaçı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, mediasiya prosesindəki mübahisənin predmeti ilə məhkəmədə qaldırılan iddianın predmeti eyni deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələbinə riayət edilməsini təsdiq edən müvafiq sənəd (mübahisə predmeti barəsində) əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Vəkil Bürosuna qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(5-104)-1003/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-104)-1003/2026
25.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver