Məhkəmə qərarları › İş №e-2(5-104)-20/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-20/2026

05.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-20/2026 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qarşı “əmrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1998-ci il tarixdən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti dövründə heç bir intizam pozuntusuna yol verməmiş, həmişə teatrın sayılıb-seçilən əməkdaşı olmuşdur. X1 Heydər Əliyevin 2002-ci il tarixli Sərənamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüş və bir çox məşhur Azərbaycan filmlərində, elecə də, tamaşalarında rol almış aktrisadır. 18 yaşından etibarən mədəniyyət sahəsində çalışıb aktrisa kimi fəaliyyət göstərmişdir. Hətta Ç.Aytmatovun “Manqurt” tamaşasında oynadığı Naymanana rolu Qırğızıstanda keçirilən “Aytmatov və teatr” festivalında “Ən yaxşı qadın rolu” nominasiyasına layiq görülmüşdür. Belə ki, onunla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsində göstərilən təminat normativləri gözlənilməmişdir. Belə ki, xitamın əsası qismində xx.xx.2025-ci il tarixdə “aparıcı səhnə ustası” vəzifəsindən azad olunmağı ilə bağlı təşkilat rəhbərliyinə ünvanlanan ərizəyə istinad olunmuşdur. Həmin ərizənin yazılmasına səbəb teatrın bədii rəhbərinin etdiyi haqsızlıqlar olmuşdur. Sözügedən ərizə aidiyyəti qurumlar tərəfindən araşdırılması üçün məhz etiraz məqsədilə təqdim edilmişdir. Həmin müraciət teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti və münasibətləri nəticəsində üzərində yaranmış psixoloji gərginlik və mənəvi sarsıntı fonunda, mövcud vəziyyətin Mədəniyyət Nazirliyi və teatrın direktoru cənab İlham Əsgərov tərəfindən obyektiv və qanunauyğun şəkildə araşdırılaraq nizama salınması üçün verilmişdir. Yəni ərizənin mahiyyəti həqiqətən işdən çıxma istəyini deyil, baş verənlərlə etirazını ehtiva etmişdir. İddiaçı yaranmış problemlərin obyektiv şəkildə qiymətləndirilməsi və qanun çərçivəsində həllinə nail olmaq istəmişdir. Uzun illərdir, teatrda xidmət edən bir sənətkar olaraq bu ərizə vasitəsilə əsas məqsədi teatrdakı mövcud vəziyyətin aidiyyəti qurumlar tərəfindən araşdırılması olmuşdur. Daha sonra yaşadığı gərginlik aradan qalxdıqdan sonra işə bərpa olunmağı ilə bağlı işəgötürənə yazılı ərizə təqdim etmişdir. Lakin işəgötürən tərəfindən bu ərizə nəzərə alınmamışdır. Bununla belə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq müddəti tamamlanmadan əmək müqaviləsinə xitam verilmişdir. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əlavə olaraq, hazırkı mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdehin səlahiyyətli nümayəndəsi iclasda iştirak etməmişdir. Bunu təsdiqləyən Bakı 13 saylı Mediasiya təşkilatının MŞB/13/2025-01403 nömrəli, xx.xx.2025-ci il tarixli arayışı tərəfindən alınaraq məhkəməyə təqdim edilir. Qeyd olunan əsaslarla hesab edir ki, onunla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 167/sh nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi xitamın əsası qismində xx.xx.2025-ci il tarixdə “aparıcı səhnə ustası” vəzifəsindən azad olunmağı ilə bağlı təşkilat rəhbərliyinə ünvanlanan ərizəyə istinad olunmuşdur. Həmin ərizə şəxsən onun tərəfindən yazılmamışdır. Teatrın tərkibində bədii rəhbərin yaratdığı gərginliklə bağlı etirazını bildirmək məqsədi ilə ərizə yazmaq istəmişdir ki, aidiyyatı qurumlar tərəfindən baş verənlər araşdırılsın. Qətiyyən məqsədi işdən çıxmaq deyildir. Latın əlifbasında yaza bilmədiyi üçün ərizəni özlərinin yazacaqlarını bildirdilər. Həmin vaxt o, çox emosional vəziyyətdə olduğu üçün onların tərtib etdiyi ərizəni oxumadan imzalamışdır. Hazırda işdən azad olunmağının əsası kimi istinad olunan ərizə onun tərəfindən tərtib edilməmişdir. Əgər o, özü ərizəni tərtib etsə idi, heç vaxt orada işdən çıxarılma gününü qeyd etməzdi. Çünki belə bir qeyd edilməli olduğunu belə bilmirdi. Bundan başqa, cavabdehin nümayəndəsinin xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında suallara verdiyi cavabdan da göründüyü kimi hazıradək onun azad olunduğu vəzifəyə heç kim təyin edilməmişdir. Yəni onun yenidən işə bərpa olunmağına heç bir maneə yoxdur. Həmçinin işdən çıxarılması üçün əsas olan ərizənin məzmunundan da göründüyü kimi orada onun işdən çıxmaq istəyi yox, müəyyən narazıçılıqların araşdırılması qabardılmışdır. Yəni ərizə həqiqi iradə ifadəsini özündə əks etdirməmişdir. Həmçinin həmin ərizədə tarix yazıldığından məlumatlı olduğu fərz edilsə belə, işin hallarından da göründüyü kimi o, yaşa, əlilliyə görə əmək pensiyasına çıxmaq, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olmaq, yeni yaşayış yerinə köçmək, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olmaq məqsədi ilə işəgötürənə müraciət etməmişdir. Yəni işə götürənin 1 aylıq müddət tamam olmadan əmək müqaviləsinə xitam verməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı tərəfindən Akademik Milli Dram Tearının direktoru v.m.i.e. İ.Əsgərova ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəyə əsasən xx.xx.2025-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşdən çıxmağının əsas səbəbi Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin haqsız hərəkətlərinə Mədəniyyət Nazirliyinin göz yummaqlarıdır. Bundan sonra atacağı addımlara, verəcəyi açıqlamalara görə teatrda heç kəsin məsuliyyət daşımaması üçün bu qərara gəldiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Akademik Milli Dram Tearının xx.xx.2025-ci il tarixli, 167/sh nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən aparıcı səhnə ustasının xx.xx.2011ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bnədinə əsasən, öz xahişi ilə xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Əsas: İddiaçı ərizəsi. İş materiallarında olan İddiaçı tərəfindən Akademik Milli Dram Tearının direktoru V.M.İ.E. İlham Əsgərova ünvanlanmış ərizəyə əsasən onun analoji səhnə ustası vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əməkdar Artisti, Prezident mükafatçısı İddiaçı tərəfindən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərova ünvanlanmış ərizəyə əsasən baş vermiş hadisələrlə bağlı 23 noyabr 2025ci il tarixində yazdığı işdən çıxma ərizəsini düşünülməmiş addım kimi qiymətləndirdiyini, bu səbəbdən işə bərpa olunmağı barədə göstəriş verilməsini xahiş etmişdir. Həmçinin iş materiallarına İddiaçı “İnstaqram” sosial şəbəkəsindəki rəsmi hesabından ekran görüntüləri əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparıcı səhnə ustası vəzifəsinə təyin olunmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixdə İddiaçı Akademik Milli Dram Tearının direktoru v.m.i.e. İ.Əsgərova “xx.xx.2025-ci il tarixindən mənimlə bağlanmış əmək müqaviləmə xitam verməyinizi xahiş etmişdir. İşdən çıxmağımın əsas səbəbi Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin haqsız hərəkətlərinə Mədəniyyət Nazirliyinin göz yummaqlarıdır. Bundan sonra atacağım addımlara, verəcəyim açıqlamalara görə teatrda heç kəsin məsuliyyət daşımaması üçün bu qərara gəldim” məzmunlu ərizə ünvanlamış, xx.xx.2025-ci il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (işçinin təşəbbüsü ilə) əsasında tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 167/sh nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunanadək olan müddət ərzində orta aylıq əmək haqqının hesablanaraq kompensasiya kimi ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin şəxsən onun tərəfindən yazılmadığını, teatrda yaranmış gərginliklə bağlı etirazını bildirmək və aidiyyatı qurumlar tərəfindən baş verənlərin araşdırılması məqsədi ilə ərizə yazdığını, işdən çıxmaq niyyətinin olmadığını, latın əlifbasında yaza bilmədiyi üçün ərizəni özlərinin yazdığını, həmin vaxt çox emosional vəziyyətdə olduğu üçün onların tərtib etdiyi ərizəni oxumadan imzaladığını, özü ərizəni tərtib etsəydi, heç vaxt ərizədə işdən çıxarılma gününü qeyd etməyəcəyini, ərizənin həqiqi iradə ifadəsini özündə əks etdirmədiyini, həmçinin 1 aylıq xəbərdarlıq müddətinin gözlənilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən, işçi əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi hüququna malikdir və bu barədə işəgötürənə yazılı ərizə təqdim etməlidir. İşçinin yazılı müraciəti əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas hesab olunur. Göründüyü kimi, İddiaçı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə yazılı ərizə ilə işəgötürənə müraciət etmiş, həmin ərizədə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı konkret tarix göstərmiş və cavabdeh tərəfindən həmin ərizə əsas götürülməklə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr verilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni könüllü şəkildə yazmış, ərizənin məzmunu onun iradəsinin aydın və birmənalı ifadəsini ehtiva edir və cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin qeyd olunan tələblərinə uyğun həyata keçirilmişdir. Belə ki, İddiaçı ərizəni yazdığı gündən 1 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsindəki rəsmi hesabında sözügedən əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni paylaşmış və paylaşımın altında işdən çıxarılmağı gözə alıb ərizə yazdığını bildirmiş, bununla da iddiaçının ərizədə həqiqi və azad iradəsini ifadə etdiyi müəyyən olunmuşdur. Bundan başqa, iddiaçının latın əlifbası ilə yaza bilməməsi işdən çıxma iradəsinin hüquqi qüvvəsinə təsir göstərmir. Ərizədə işdən çıxma tarixi rəqəmlərlə (xx.xx.2025-ci il) göstərilmişdir. Həmçinin, iddiaçı sosial şəbəkələrdə, o cümlədən İnstagram platformasında rəsmi hesabını latın qrafikasından istifadə etməklə aparır və işdən çıxmaq barədə yazdığı ərizəni də həmin hesabında paylaşmışdır. Bu hal iddiaçının latın qrafikasını bilməməsi barədə iddiasının inandırıcı olmadığını göstərir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmiş, xx.xx.2025-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı işəgötürənə baş vermiş hadisələrlə bağlı 23 noyabr 2025-ci il tarixində yazdığı işdən çıxma ərizəsini düşünülməmiş addım kimi qiymətləndirdiyini, bu səbəbdən işə bərpa olunmağı barədə müraciət etmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya zor işlədilməsi və ya hədə-qorxu gəlinməsi yaxud işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi halları aşkar olunmamış və iddiaçı tərəfindən ərizənin təzyiq, məcburetmə, aldatma və ya digər iradə qüsuru nəticəsində yazılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə verilmiş ərizə hüquqi qüvvəyə malik olmuş, ərizə iddiaçının azad iradəsinə əsaslanmış və cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar