Məhkəmə qərarları › İş №e-2(5-105)-726/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-105)-726/2026

17.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(5-105)-726/2026 17.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 25 ünvanında inşa edilən yaşayış binasında 2-ci mərtəbəsində yerləşən 60,21 kvadrat metr sahəsi olan 2 otaqlı 1 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyinin cavabdehin məhkəmə qaydasında icrasına məcbur edilməsi və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, onu iddiaçının adından nümayəndəsi Vəkil imzalamışdır. İddiaçının Vəkil verdiyi xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, bu etibarnamə ona vəkil olduğuna görə verilmişdir. Lakin iş materiallarından hazırki mübahisə üzrə onun adına Abşeron Rayon Məhkəməsinə hər hansı orderin verilməsi görünmür. İşdəki orderin təyinat yeri Sumqayıt Apellyasiya Məhkəməsi göstərilmişdir. Başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 66-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı iddia ərizəsində mənzilin təhvil verilməsini xahiş etsə də, iddia ərizəsinə pretenziya qaydasına riayət edilməsini göstərən hər hansı bir sənəd əlavə etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin 4.3-cü bəndindən görünür ki, müqavilə üzrə mübahisələr yarandıqda tərəflər bunu danışıq yolu ilə həll edirlər, əks halda mübahisələr qanunverilikdə müəyyən olunmuş qaydada məhkəmə yolu ilə həll olunur. Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı 100 manat dövlət rüsumu ödənilməli olduğu halda, həmin məbləğ ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş **********77 saylı, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 100 manat ödəniş Vəkil tərəfindən ödənilmişdir. Halbuki Vəkil iddiaçı tərəfindən etibarnamə xx.xx.2025-ci il tarixdə verilmişdir. MPM-nin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləği 100 manat olaraq müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya, habelə iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Vəkil geri qaytarılmalıdır. Göstərilənlərə görə və MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Vəkil hazırki mülki iş (e-2(5-105)-726/2026 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat dövlət rüsumu (**********77 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Vəkil qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar