Məhkəmə qərarları › İş №e-2(5-123)-159/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-159/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-159/2026 12.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı yaranmış borc məbləğinin və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5500 manat məbləğində əsas borcun, 1170 manat vurulmuş maddi ziyanın, 700 manat cərimə borcunun və 94 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.2025ci il tarixində Cavabdeh ilə bağlanmış operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Class Dominator-130” markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən ümumilikdə 7000 manat məbləğində ödəniş edilməli olduğu halda, həmin məbləğin yalnız 1500 manatı ödənilmişdir. Bu səbəbdən cavabdehin hazırda İddiaçı ASC qarşısında 5500 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, qeyd olunan kombaynın iddiaçıya təhvil verilməsi zamanı onun texniki cəhətdən nasaz vəziyyətdə olduğu müəyyən edilmiş, aparılmış qiymətləndirməyə əsasən texnikanın tam bərpası üçün 1170 manat məbləğində zərərin yarandığı bildirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələblərini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələblərini qismən qəbul etdiyini bildirmişdir. O qeyd etmişdir ki, istifadəsinə götürdüyü “Class Dominator-130” markalı taxılyığan kombaynı şəxsən özü istifadə etməmiş, həmin texnikanı tanışına istifadəyə vermişdir. Cavabdeh iddiaçıya 1500 manat məbləğində ödəniş etdiyini, müqavilə üzrə 5500 manat məbləğində borcunun olduğunu, eləcə də texnikada yaranmış qüsurların aradan qaldırılması üçün 1170 manat məbləğində xərc tələb olunduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər:

1. xx.xx.2025-ci il tarixli, 03/02767 nömrəli İddiaçı ASC-ə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, İddiaçı ASC-nin Bərdə Regional Nümayəndəliyinin Tərtər rayon bölməsinin rəhbər əvəzi X1 ilə Cavabdeh arasında operativ lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh müvəqqəti istifadə üçün 2018-ci il buraxılışlı, **-AB-*** dövlət qeydiyyat nişanlı “Class Dominator-130” markalı taxılyığan kombayn verilmişdir.

2. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh iltizamda göstərilən şərtlərə tam riayət edəcəyini və istifadəsinə götürdüyü texnikadan istifadə zamanı baş verə biləcək hər hansı hadisə və ya zərərə görə məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir.

3. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 03/02767 nömrəli aktdan görünür ki, Cavabdeh texnikanı müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl geri qaytardığı halda belə, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş istifadə müddəti üçün müəyyən edilmiş ödəniş məbləğini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

4. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, texnika rayon bölməsinə qaytarılarkən müvafiq akt tərtib edilmiş və həmin akt Cavabdeh tərəfindən də imzalanmışdır. Həmin aktın məzmununa əsasən Cavabdeh texnikanı geri qaytardıqdan sonra 1 ay müddətində onu yenidən müvəqqəti istifadəyə götürmədiyi təqdirdə texnikanın digər mexanizatora verilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda aktda göstərilmişdir ki, texnikanı müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl geri qaytardığı halda cavabdeh müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş istifadə müddəti üçün müəyyən edilmiş ödəniş məbləğini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

5. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, Cavabdeh texnika təhvil alınarkən “Class Dominator-130” markalı taxılyığan kombaynın yeriş ventilyatorunun, ötürücülər qutusunun və yanacaq nasosunun nasaz vəziyyətdə olduğu, arxa sol şinin isə tam yararsız olduğu müəyyən edilmişdir.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında 5500 manat məbləğində əsas borcu və 700 manat məbləğində cərimə borcu mövcuddur.

7. İş materiallarında olan arayışdan müəyyən edilir ki, “Class Dominator-130” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclər ümumilikdə 1170 manat təşkil etmişdir. İş materiallarında olan 16 dekabr 2025-ci il tarixli, Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, həmin məktub 23 dekabr 2025-ci il tarixdə Cavabdeh tərəfindən şəxsən imza edilməklə qəbul edilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin hüquqi qiymətləndirməsi:

Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, təqdim edilmiş yazılı sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslıdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında operativ lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 1 ədəd “Class Dominator-130” markalı taxılyığan kombayn cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. İş üzrə tədqiq edilmiş maliyyə arayışı, operativ lizinq müqaviləsi, cavabdehin iltizamı, habelə məhkəmə iclasındakı izahatı ilə təsdiq olunur ki, cavabdeh müqavilə üzrə ödəməli olduğu 7000 manatın yalnız 1500 manatını ödəmiş, nəticədə iddiaçı qarşısında 5500 manat məbləğində əsas borc yaranmışdır. Cavabdeh məhkəmə iclasında həmin borcu etiraf etmişdir. Bu səbəbdən məhkəmə 5500 manat məbləğində əsas borcun cavabdehdən tutulmalı olduğu qənaətinə gəlir. Məhkəmə həmçinin müəyyən edir ki, lizinq obyekti cavabdehdən geri təhvil alınarkən texnikada nasazlıqlar mövcud olmuşdur. xx.xx.2025-ci il tarixli qüsur aktı ilə kombaynın yeriş ventilyatorunun, ötürücülər qutusunun və yanacaq nasosunun nasaz vəziyyətdə olduğu, arxa sol şinin isə tam yararsız olduğu müəyyən edilmiş, iş materiallarında olan arayışla həmin texnikanın işlək vəziyyətə gətirilməsi üçün 1170 manat xərc tələb olunduğu təsdiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh lizinq obyektini müqavilə üzrə üzərinə düşən öhdəliyə uyğun vəziyyətdə qaytarmamış, nəticədə iddiaçıya real zərər vurulmuşdur. Bu səbəbdən 1170 manat məbləğində maddi ziyanın cavabdehdən tutulması üçün hüquqi əsaslar mövcuddur. İddiaçının cavabdehdən 700 manat məbləğində cərimə tələbinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehdən həm əsas borc, həm də ayrıca maddi ziyan tutulur, iddiaçının cərimə tələbi isə həmin hallarla birlikdə qiymətləndirildikdə tənasübsüz surətdə yüksək görünür. Buna görə məhkəmə tərəflərin mənafelərini, öhdəliyin xarakterini, borcun məbləğini və ziyanın ayrıca ödənilməsini nəzərə alaraq cərimənin 333 manat məbləğində müəyyən edilməsini ədalətli və qanuna uyğun hesab edir. İş üzrə isə iddiaçının tələb etdiyi 5500 manat müqavilə üzrə yerinə yetirilməmiş ödənişdən, 1170 manat isə texnikanın bərpası üçün çəkilən real xərclərdən ibarətdir; bunlar iş materialları ilə təsdiq olunur və lizinq verənin qanuni əmlak maraqları dairəsindədir. Bu baxımdan həmin tələblər əsaslı hesab olunur. İş materiallarında olan 16 dekabr 2025-ci il tarixli pretenziya məktubunun 23 dekabr 2025-ci il tarixdə cavabdeh tərəfindən şəxsən qəbul edilməsi də onu göstərir ki, cavabdeh borc və iradlar barədə əvvəlcədən məlumatlandırılmış, lakin öhdəliyini könüllü qaydada tam icra etməmişdir. Bu hal da iddianın əsaslılığını təsdiq edən əlavə sübut kimi nəzərə alınır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri təmin edilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 94 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh lizinq müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməmiş, lizinq obyekti olan texnikaya zərər vurmuş və bunun nəticəsində iddiaçı qarşısında həm müqavilə borcu, həm də maddi zərər öhdəliyi yaranmışdır. Buna görə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5500 manat əsas borc, 1170 manat maddi ziyan, 333 manat cərimə və 94 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5500 (beş min beş yüz) manat məbləğində əsas borc, 1170 (bir min yüz yetmiş) manat məbləğində maddi ziyanın əvəzi və 333 (üç yüz otuz üç) manat məbləğində cərimə olmaqla cəmi 7003 (yeddi min üç) manat pul vəsaiti, habelə iddiaçı tərəfindən ödənilmiş 94 (doxsan dörd) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar