Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(5-125)-77/2026 02.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 3 saylı X2 Mərkəzinin cavabdehlər Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 3 saylı X2 Mərkəzinin cavabdehlər Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi ilə Hacıqabul rayonu, Abdulabad kənd sakini Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində yerləşən 3 saylı X2 Mərkəzinə məxsus 7-ci dolayın 18-ci kvartalında zəbt olunmuş ümumilikdə 37 ha (o cümlədən qeyri-qanuni icarəyə verilmiş 25 ha) dövlət meşə fondu torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması, ərazidə qanunsuz inşa edilmiş bütün tikililərin, o cümlədən 9m x 7m ölçüdə bir ədəd işçi otağının, 13m x 7m ölçüdə bir ədəd işçi otağının, 4m x 7m ölçüdə iki ədəd və 4m x 12m ölçüdə bir ədəd köməkçi tikililərin, 15m x 35m ölçüdə mişar daşından hasarın, hasara alınmış ərazidə yerləşən 15m x 4m ölçüdə iki ədəd fermanın, 25m x 5.54m ölçüdə bir ədəd köməkçi tikilinin, 25m x 6m, 15m x 8m və 8m x 5m ölçülərdə olan ot anbarlarının, 9m x 7m ölçüdə bir ədəd köməkçi tikilinin və gələcəkdə aşkar edilə biləcək digər bütün növ qanunsuz tikili və qurğuların cavabdehlərin öz hesabına sökülməsi, habelə zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 3 saylı X2 Mərkəzi dövlət reyestrində VÖEN ********** nömrəsi ilə vergi ödəyicisi kimi, cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi dövlət reyestrində VÖEN ********** nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı və cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınaraq sahibkarlıq fəaliyyətinin subyekti olduğundan və tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən irəli gələn mübahisə olduğundan, bununla da iddiaçının iddia tələbi kommersiya xarakterli olmaqla verilmiş iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan, yəni hazırki işə aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırki işin materiallarından müəyyən edilir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 152.1.3-cü maddəsinin tələbini pozulmuşdur. Ona görə də, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi ilə geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 3 saylı X2 Mərkəzinin cavabdehlər Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(5-125)-77/2026
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-125)-77/2026
02.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver