Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(5-126)-209/2026 18.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev Xıdır İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı “abunə və xidmət haqqı tələbi barədə” iddiasına dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış 36.86 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən 512334763, ********* nömrədə kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 36.86 manat otuz altı manat səksən altı qəpik) məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq Cavabdeh adına olan qeyd olunan nömrələrdə borc hazırkı tarixədək kimi ödənilməmişdir. Odur ki, göstərilənlər nəzərə alınmaqla Cavabdeh abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış 36.86 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 5.51923 abonent kodu olan abunə müqavilələrindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən 512334763, ********* nömrədə kreditorun rabitə xidmətlərindən istifadə etmişdir. Həmin müqavilənin şərtlərində qeyd edilmişdir: 4.1. Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. 12.1.Abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli cari hesab arayışlarından və tərtib edilmiş cədvəldən görünür ki, Cavabdeh 512334763, ********* “Azercell” nömrələrindən istifadəyə görə 36.86 manat faktura borcu vardır. Borclar üzrə son ödəmə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş məktubundan müəyyən olunur ki, cavabdehə xidmət haqqı borcunu ödəməsi barədə öhdəliyini icra etməsi barədə bildiriş məktubu göndərilmişdir İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən “görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş və iddia ərizəsinin surəti qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin iş materiallarında müəyyən olunduğu kimi cavabdeh tərəfindən iddia tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci və 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə tərəflər arasındakı münasibətlərə qazın alqı-satqısına dair hüquq münasibətlərini tənzimləyən müvafiq hüquq normalarının tətbiq edilməli olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, ərizəyə əlavə edilmiş sənədləri əsas götürərək, hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən iddia tələbi təmin edilməklə, Cavabdeh abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış 36.86 manat məbləğində əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış 36.86 manat (otuz altı manat səksən altı qəpik) məbləğində əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xıdır Quliyev
Məhkəmə qərarları › İş №e-2(5-126)-209/2026
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-126)-209/2026
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver