Məhkəmə qərarları › İş №e-2(5-137)-185/2026

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-137)-185/2026

18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(5-137)-185/2026 18.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Məhkəmə iclas katibi Qarayeva Şəhla Mahir qızının katibliyi ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Zirink kənd sakini valideyinləri tərəfindən qeyri rəsmi soyad, ad və ata adı qoyulmuş X6 xx.xx.2018-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Göründüyü kimi ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmiş, ərizəçi tərəfindən tələbinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti ərizəyə əlavə edilməmişdir. Belə ki, ərizəçi ərizəsində Qəbələ rayonu Zirink kənd sakini valideyinləri tərəfindən qeyri rəsmi soyad, ad və ata adı qoyulmuş X6 xx.xx.2018-ci il tarixdə doğulmusı faktının müəyyən edilməsini xahiş etmişdir. Doğumu rəsmiləşdirən orqan Qeydiyyat orqanıdır. Bu səbəbdən ərizəçi doğum faktının müəyyən edilməsi üçün ilk növbədə Qeydiyyat şöbəsinə müraciət etmişdir. Ərizəçi tərəfindən ərizəsinə əlavə edilmiş Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X1 regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə xx.xx.2018-ci il tarixində Bakı şəhərində doğulmuş övladı ilə bağlı ərizə ilə müraciət etmişdir. Qəbələ regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən doğumun qeydə alınıb-alınmadığının dəqiqləşdirilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2026-cı ilədək daxil edilən məlumatlar yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin vətəndaşa Doğum haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün tərəflərindən doğumun qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Həmçinin ərizəçi tərəfindən ərizəsinə əlavə etdiyi Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji Hamiləlik şöbəsi tərəfindən verilmiş Epikrizdən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə qadın cinsində uşaq dünyaya gətirmişdir. Lakin ərizəçi ərizəsində arvadının adını X3 qeyd etmişdir. Belə olan halda həmin uşağın doğum faktının müəyyən olunması ilə bağlı Ərizəçi tərəfindən məhkəməyə müraciət oluna bilməzdi. Belə ki, ərizəçi ərizəsinə X2 olması və onunla hər hansı qohumluq münasibətini təsdiq edən sənədi iş materiallarına əlavə etməmişdir. Həmçinin ərizəyə əlavə olunmuş sənədlərlə X4 həmin uşağın anası olması təsdiq olunmur. Bundan əlavə həmin Epikrizin doğum faktının müəyyən olunmasını istədiyi uşağın doğumu vaxtı verilməsi də təsdiqini tapa bilmir. Təqdim olunan sənədlərdə uşağın anasının “İlahə” olduğu göstərilsədə, ərizəçi ərizədə ananın adının “Həlimə” olduğunu qeyd edir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi müvafiq xəstəxanadan “uşağın doğulması barədə Arayış” almaqla bağlı müraciət etməmiş, həmin Arayışın verilməməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut əlavə etməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ərizəçi ərizəsində uşaq doğulan vaxt uşağın anası ilə aralarında rəsmi qaydada nikah bağlanmadığını qeyd etmişdir. Belə olan halda, ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etmək səlahiyyətinin olmadığı müəyyən olunur. Belə ki, qeyri rəsmi nikah münasibətlərindən doğulmuş uşağın atasına dair atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. X13 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Ərizəçi tərəfindən dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun Ərizəçi geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar