Məhkəmə qərarları › İş №e-2(5-144)-332/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-332/2026

03.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-332/2026 03.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Astara şəhəri, Z.Bünyadov adına 2 nömrəli tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Mətəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsinə qarşı “intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Astara şəhəri, Z.Bünyadov adına 2 nömrəli tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Mətəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsinə qarşı “intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta məktəbin direktor vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Yaqut Ağayeva tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, 151 saylı əmrin və Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin xx.xx.2025 ci il tarixli 02 saylı Pedaqoji Şura protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Astara şəhər Z.Bünyadov adına 2 nömrəli ümumtəhsil məktəbi üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 151 nömrəli “intizam tənbehinin tətbiqi barədə” əmri və Astara şəhər, Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin xx.xx.2025 ci il tarixli 02 saylı Pedaqoji Şura protokolunu mübahisələndirərək həmin əmr və protokolun ləğv edilməsini xahiş edir. Göründüyü kimi, mübahisələndirilərək ləğv edilməsi tələb edilən əmr və protokol Astara şəhər Z.Bünyadov adına 2 nömrəli ümumtəhsil məktəbi üzrə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı həmin tələbi Astara şəhəri, Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbi ilə yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Mətəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsinə qarşı da yönəltmişdir. Lakin, nə iddia ərizəsində, nə də iddia ərizəsinin “xahiş edirəm” hissəsində tələbin məktəblə yanaşı, nəyə görə Lənkəran-Astara Regional Təhsil İdarəsinə qarşı da yönəldilməsi qeyd edilməmiş, ümumiyyətlə ləğv edilməsi tələb edilən əmr və protokolla bağlı iddia ərizəsinin Lənkəran- Astara Regional Təhsil İdarəsinə nə kimi aiddiyətinin olması əsaslandırılmamışdır. Başqa sözlə, bu halın mövcudluğu iddiaçı tərəfindən həmin tələb üzrə Lənkəran-Astara Regional Təhsil İdarəsini formal cavabdeh qismində işə cəlb etməsini deməyə əsas verir. O da nəzərə alınmalıdır ki, MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırki tələb 2 cavabdehə qarşı yönəlmiş, cavabdehlərdən biri - Astara şəhəri, Z.Bünyadov adına 2 nömrəli tam orta məktəb Astara şəhərində, digər - Lənkəran-Astara Regional Təhsil İdarəsi isə Lənkəran şəhərində yerləşdiyindən iddiaçı Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, yuxarıda qeyd edilənlərə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tələbə cavab verməli şəxs olmadığından, formal cavabdeh qismində ona qarşı tələb irəli sürüldüyündən və mübahisələndirilərək ləğv edilməsi tələb edilən əmr və protokol Astara şəhər Z.Bünyadov adına 2 nömrəli ümumtəhsil məktəbi üzrə qəbul edildiyindən hesab edirəm ki, tələb sözügedən orta məktəbə qarşı yönəlməli, iddia ərizəsi isə həmin məktəbin yerləşdiyi yerin aid olduğu məhkəməyə verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki tələb ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyinə görə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Astara şəhəri, Z.Bünyadov adına 2 nömrəli tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Mətəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsinə qarşı “intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar