Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(5-147)-9/2026 06.03.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçının Cavabdehnə qarşı «işə bərpa» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən (masajçı vəzifəsindən) azad edilməsinə dair xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının Cavabdeh tərəfindən ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildən “QARABAĞ RESORT & SPA NAFTALAN” hotelində işləmişdir. İşlədiyi müddətdə heç bir töhmət və xəbərdarlığı olmamışdır. xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq rəhbərlik tərəfindən ona təzyiq və hədə-qorxular edilərək öz xahişi ilə işdən çıxarılmasına dair ərizə yazdırılmışdır. O da, ərizə yazaraq xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmək kitabçası özünə təqdim edilmişdir. O, işdən azad edilməsinə dair ərizəni təzyiq və təhdidlər altında yazmışdır. Bir neçə gündən sonra isə şifahi müraciət edərək ərizəsinin etibarsız hesab edilməsini istəmişdir. Lakin müraciəti nəzərə alınmamışdır. Daha sonra hotelin direktoru Sevda xanımın qəbulunda olmaq istəmiş, lakin inzibati binaya buraxılmamışdır. Hətta həmin vaxt şəhid qardaşı olduğunu bildirmişdir. Bundan sonra dövlət Əmək Müfəttişliyinin X1 rəhbərliyinə müraciət etmiş, qəbulda olmuş və buna dair izahatı alınmışdır. Oradan cavabdeh təşkilata müraciət edilmiş və tərəfindən yazılmış ərizə və digər zəruri sənədlər tələb edilmişdir. Cavabdeh təşkilat isə heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda Goranboy 1 saylı Mediasiya Təşkilatında müraciəti əsasında keçirilməli olan mediasiya sessiyasında cavabdeh təşkilat öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən onun ərizəni geri götürmək hüququ vardır. Cavabdeh təşkilat isə onun bu hüququnun həyata keçirilməsini məhdudlaşdırır. Odur ki, onun işdən azad olunmasına dair əmr qanunsuz və əsassızdır. Xüsusi olaraq bildirir ki, onun yerinə (tutduğu ştata) hazırda yeni işçi qəbul edilməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, uzun illər Qarabağ hoteldə işləmiş, məsuliyyəti və bacarığı ilə daim seçilmişdir. Daha əvvəllər hotelin təmizlik xidmətində işlə də, sonradan masaj xidmətinə keçmişdir. 22 noyabr 2025-ci il tarixdə hoteldə qalan əcnəbi qadın qonaq onun yanına gələrək masaj proseduru qəbul etmək istəmişdir. O, qadına saat 3-4 arası xidmət göstərə biləcəyini demişdir. Qonaq deyilən saatda yaxınlaşmış, otağa daxil olmuş, üst geyimi olan xalatı çıxardıqda onun çılpaq olduğunu görmüşdür. O, qonağa bu şəkildə xidmət göstərə bilməyəcəyini demiş və ondan qapıda yazılan geyim formasına riayət etməsini xahiş etmişdir. Qonaq isə ondan üzr istəmiş, lakin yuxarı otağa çıxmaq istəmədiyini dediyi üçün o, yan otaqdan xanıma bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş geyim təqdim etmiş və qadının geyinməsi üçün çöldə gözləmişdir. Bundan sonra xanıma masaj xidməti göstərmişdir. Bir gün sonra, yəni 23 noyabr 2025-ci il tarixdə qonaq təkrar masaj xitməti üçün yaxınlaşmış, həmin vaxt qonağın yenə geyimsiz olduğunu gördüyü üçün ona xidmət edə bilməyəcəyini bildirmişdir. Bu zaman qonaq əgər mümkün olarsa ona qadın masajçının xidmət göstərməsini istəmişdir. O da, qonağı qeydiyyat şöbəsinə aparmış və orada qadın masajçının xidmət göstərməsi üçün yazılmasına kömək etmişdir. Həmin vaxt qonağın ondan heç bir narazılığı olmamış və hər şey sakit həll edilmişdir. Hətta qonaq ona dəfələrlə təşəkkür etmiş və ondan razı qaldığını bildirmişdir. 08 dekabr 2025-ci il tarixdə işdə otelin qonaqlarından birinə masaj xidməti göstərən zaman qapısı döyülmüş, hotelin işçisi olan Kamran bəy içəri daxil olmuş və işini bitirdikdən sonra oteldə HR vəzifəsində işləyən Asif bəyə yaxınlaşmasını demişdir. İşini bitirdikdən sonra Asif bəyin yanına getmiş, Asif bəy isə ona noyabr ayında xidmət göstərdiyi xanım qonaqlardan birinin onun haqqında şikayətçi olduğunu demişdir. Asif bəydən kimin şikayət etdiyini soruşmuş, Asif isə bunu özünün fikirləşməsini ondan istəmişdir. Asif bəy ilə birlikdə noyabr ayında xidmət göstərdiyi qadınların siyahısına baxaraq adlarını sadalamış, Rumiyyə adlı qonağın adını çəkərkən Asif bəy ona dayanmasını istəmiş və şikayətçinin Rumiyyə xanım olduğunu demişdir. Şikayətin nədən ibarət olduğunu soruşduqda, Asif bəy ona guya onun qadına qarşı əl-qol hərəkətləri etməsini, ona qarşı kobud davranmasını demişdir. O, bunun yalan olduğunu bildirmiş və həmin qonağın hazırda hoteldə olub-olmadığını soruşmuşdur. Asif bəy isə qonağın artıq hoteldən ayrıldığını bildirilmişdir. Bundan sonra Asif bəy ona artıq onun hoteldə işləməsini istəmədiklərini bildirmişdir. Bu zaman hotelin direktoru Sevda xanımın qəbula girmək istədiyini bildirsə də, istəyi qəbul edilməmişdir. Sevda xanım ilə görüşmək istəməsinin səbəbi bəlkə onun qonaqla əlaqə saxlaya biləcəyi və onun günahsız olduğunu aydınlaşdıra biləcəyi olmuşdur. Nahar fasiləsindən sonra Asif bəy yekun olaraq əllərindən heçnə gəlmədiyini ona demişir. O isə, təkrar olaraq qonağa 22 noyabr tarixində xidmət göstərdiyini, aralarında heç bir narazılığın olmadığını, 23 noyabr tarixində isə həmin qonağı qadın masajistlərin yanına apardığını desə də, sözlərinin bir nəticəsi olmamışdır. Hətta onun iş yoldaşları Ramilə, Ləman və Düriyyə adlı şəxslərin də məsələyə şahid olduqlarını bildirmiş, Asif bəy onlarla təklikdə söhbət etmiş və onlar da dediklərini təsdiq etmişlər. Həmin vaxt hətta Asif bəy ilə aralarında mübahisə yarandığı üçün mühafizəni çağırmış və mühafizə qapıda gözləmişdir. Asif bəy ona əgər öz ərizəsi ilə işdən çıxmasa onu Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən azad edəcəklərini və bundan sonra özünə iş tapmayacağını bildirmişdir. O da 72-ci maddənin nə olduğunu bilmədiyi üçün Asif bəy ona izah etmiş, hətta həmin maddə ilə çıxacağı təqdirdə şəxsiyyətinin belə alçalacağını, guya onun qadın qonağa qarşı pis hərəkətlər etdiyi üçün işdən azad olması mənasına gələcəyini demişdir. Dəfələrlə belə bir hərəkətlər etmədiyini, hətta video görüntülərə baxılmasını istəmişdir. Hotelin direktoru Bundan sonra Asif bəy ona Əmək Məcəlləsinin 68-ci maddəsi ilə öz ərizəsinə əsasən işdən azad olunması barədə ərizə yazmasını təklif etmiş, o da, hədə-qorxu və təsirlərdən məcbur qalaraq ərizəni yazmış və imzalamışdır. Daha sonra Asif bəy onu otaqda qoyaraq kadrlar şöbəsinin işçisi Minə xanımın yanına getmiş, bir neçə dəqiqədən sonra qayıdaraq ona öz ərizəsinə əsasən işdən azad olunduğunu bildirmişdir. 09 dekabr 2025-ci il tarixdə hotelin əvvəllər qonağı olmuş keçmiş vəkil Firəngiz xanım ilə söhbət edərkən hadisəni ona danışmış, Firəngiz xanım isə Sevda xanım ilə danışacağını və sabah onun qəbuluna getməsini istəmişdir. Səhəri gün hotelin qarşısıda Asif bəy onu qarşılamış və ondan niyə belə hərəkət etdiyini, niyə aləmi biri-birinə qatdığını soruşmuşdur. Daha sonra Sevda xanımın qəbulunda olmuş, Sevda xanım onu yaxşı qarşılamış, niyə əvvəldən onun yanına gəlmədiyini və nə iş istədiyini ondan soruşmuşdur. O isə Sevda xanımdan kameralara baxılmasını, günahının olmadığını, bu səbəbdən işə bərpa olunmasını istəmişdir. Sevda xanım kameralara baxılacağını və iki gün sonra ona xəbər veriləcəyini demişdir. Aradan 2-3 gün keçdikdən sonra hotel rəhbərliyi ilə yenidən əlaqə saxlamış, HR şöbəsinin Bakıda yerləşən rəhbərliyindən Fəridə xanım ilə əlaqə yaradılmışdır. Fəridə xanım ona kömək məqsədi ilə təklif etmişdir ki, aprel ayının 1-ə kimi onu Naftalan şəhərində yerləşən onlara məxsus digər hotellərin birinə təmizlik şöbəsinə işə götürülsün, bir müddət sonra isə öz işinə bərpa edilsin. Lakin o, bununla razılaşmamışdır. Çünki işdən çıxarılmasında heç bir təqsiri olmadığı üçün birbaşa əvvəlki işinə bərpa edilməsini istəmişdir. Həmçinin iki il əvvələ kimi təmizlik şöbəsində işləmiş, təmizlik dərmanlarının təsirindən ayaqlarında yaralar əmələ gəlmiş və uzun zamandır yaraları sağaltmaq ilə məşguldur. Daha sonra Bakı şəhərinə getmiş və qrupun rəhbəri Urqay bəyin qəbulunda olmuşdur. Urqay bəy araşdırma aparıldıqan sonra işə bərpa olunacağını ona bildirmişdir. Daha sonra Fəridə xanımla əlaqə saxlamış, o da araşdırma getdiyini, nəticəsi barədə xəbər veriləcəyini demişdir. Bir müddət sonra danışıqların heç bir nəticə vermədiyini görərək dekabr ayının 15-20 arası vəkil Sevda xanıma yaxınlaşmış, hadisəni olduğu kimi danışmış və işə bərpa olunmasının yalnız məhkəmə qaydasında mümkün ola biləcəyini başa düşmüşdür. Hazırda ona təmizlik işləri ilə bağlı olan təklifi qəbul etmək fikri yoxdur. Çünki səhhəti həmin işdə işləməyə yol vermir. Ümumiyyətlə işdən çıxarılmasının əsl səbəbi hələ də ona məlum deyildir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini və tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Elnurun işdən azad edilməsi tam qanunsuz olmuşdur. Belə ki, Elnurun azad olunma ilə bağlı ərizə verməsi özü bir hüquqi formalizmdir. Elnur lövhədə hazır olan simvolları ərizəsinə köçürmüş və imzalamışdır. Bunu mexaniki icra etmiş və həqiqətən də işdən çıxmaq kimi bir niyyəti olmamışdır. İşin faktiki halları da onu deməyə əsas verir ki, iddiaçıya işdən çıxması üçün böyük psixoloji təzyiqlər edilmiş və bununla bağlı onun üzərinə gedilmişdir. Həmçinin baxmayaraq ki, iddiaçı ərizəsində işdən azad olunma ilə bağlı konkret tarix yazmışdır, bu da onun həqiqi niyyəti olmamışdır. Həmin tarix iddaçıya bilərəkdən və qərəzli olaraq yazdırılmışdır. Elnur ilk olaraq vəkil kimi ona yaxınlaşmış və hadisəni danışmışdır. O, dəfələrlə Elnurdan ərizədə tarix yazıb-yazmadığını soruşsa da, Elnur ərizəni təsir altında yazdığı üçün bunu xatırlamadığını demişdir. Elnur ərizənin mətnində belə nə yazdığını xatırlamamışdır. Bu hal isə onu sübut edir ki, Elnur ərizəni öz iradəsi ziddinə yazmışdır. Cavabdeh tərəfin nümayəndəsinin dedikləri isə həqiqəti əks etdirmir. Çünki hoteldə çalışan işçilər tərəfindən ona səhv məlumatlar verilmişdir. Həmçinin cavabdehin nümayəndəsi kimi məhkəmədə öz mənafelərini üçün çıxış edirlər. Lakin hotel rəhbərliyi ən azından Elnurun imtiyazlarını görüb ona bir şans verməli idi. Ancaq hər hansı səbəbdən bunu etməmişlər. O, məhkəmədən Elnurun şəhid qardaşı olmasını, anasının onkoloji xəstə olmasını və maddi vəziyyətinin aşağı olmasını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, İddiaçı hər hansı təsir və məcburetmə olmadan emosional formada öz ərizəsini könüllü şəkildə yazaraq, artıq masaj xidmətində ümumiyyətlə işləmək istəmədiyini bildirmişdir. Belə ki, o, şəxsən özü Asif bəydən hadisənin necə olduğunu soruşmuş, Asif bəy isə Elnurun dəfələrlə qadın qonaqların paltarsız vəziyyətdə masaj otağına daxil olaraq xidmət istəməsindən şikayətçi olduğunu demişdir. Hətta Asif bəy özü bir neçə dəfə Elnur ilə bu barədə söhbət apardığını, çalışıb vətəndaşları razı salmasını, onlara xidmət göstərməsini məsləhət görmüşdür. Lakin Elnur bununla razılaşmamış, qonaqların paltarsız masaja gəlmələrindən bezdiyini və bu formada xidmət göstərmək istəmədiyini demişdir. Elnur 08 dekabr 2025-ci il tarixdə bir neçə gün əvvəl masaj otağına paltarsız gəlmiş bir şəxsin yenidən masaj xidmətinə yazıldığını gördüyü üçün hirslənmiş və kadrlar şöbəsinə yaxınlaşaraq artıq masaj xidmətində işləmək istəmədiyini, bezdiyini qeyd edərək 08 dekabr tarixdən işdən azad olunmasını istəmiş və bu barədə ərizə yazmışdır. Hüquqşünas olaraq o, məsələ ilə bağlı Sevda xanımla əlaqə saxlamış, Sevda xanım isə Elnurun ərizədə konkret tarix yazması səbəbindən həmin tarixdə işdən azad edildiyini bildirmişdir. Hətta Sevda xanım qonaqların çox olduğu bir vaxta Elnurun işdən çıxaraq onu pis vəziyyətdə qoymasının ona çox pis təsir etdiyini, Elnurdan bu səbəbdən incidiyini də bildirmişdir. Hazırda həmin işə başqa bir şəxs götürülmüşdür və oteldə boş masajçı ştatı yoxdur. Bu barədə o, rəhbər şəxs Urqay bəy ilə də məsləhətləşmiş, Urqay bəy Elnurun otellərdən birinə mümkün olan başqa işə götürülməsini demişdir. Hazırda Elnura əvvəllə işlədiyi təmizlik şöbəsində iş təklif edilməsinə baxmayaraq, Elnur təklif edilən işləri qəbul etmir. Belə ki, təklif edilən işin təsnifatı və əmək haqqısı Elnurun işlədiyi masajist işi ilə eynidir. Buna baxmayaraq Elnur təmizlik şöbəsində işləməyə razılıq vermir. Halbuki təmizlik şöbəsində işlər daha az və rahatdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 16 may 2015-ci il tarixdən əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin Təmizlik şöbəsinə Fəhlə vəzifəsinə təyin edilmiş, 23 oktyabr 2020-ci ildə Cavabdeh MMC-nin Təmizlik şöbəsinin otaq xidmətçisi vəzifəsinə keçirilmiş,19 aprel 2021-ci il tarixdə Təmizlik şöbəsinin otaq xidmətçisi vəzifəsindən ictimai ərazi xidmətçisi vəzifəsinə keçirilmiş, 01 may 2023-cü il tarixdən Təmizlik şöbəsinin ictimai ərazi xidmətçisi vəzifəsindən Tibb şöbəsinə SPA masajçı vəzifəsinə keçirilmiş və 08 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ərizəsindən görünür ki, o, Cavabdeh MMC-nin rəhbərliyinə yazılı ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru X2 08 dekabr 2025-ci il tarixli GRS364/25 nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh MMC - Garabag resort & spa-nın masajçı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) 08 dekabr 2025-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsində qeyd edilmişdir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü 5 maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh müəssisə arasında əmək münasibətlərinə işçinin xx.xx.2025-ci il tarixli ərizəsi əsasında (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. Qeyd edilməlidir ki, çəkişmə prinsipi onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Məhz bərabər hüquq və vəzifələr tərəflərə məhkəmə qarşısında çəkişmək imkanı verir və onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən istifadə etmək imkanına malik olurlar. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış araşdırma və tədqiq olunmuş sübutlarla İddiaçı iddiasının əsassız olması qənaətinə gəlinir. Belə ki, iddiaçı işlədiyi müəssisənin rəhbərliyi tərəfindən ona hədə-qorxu gəlinərək, iradəsi əleyhinə əmək müqaviləsinə xitam verilməsinə nail olunduğunu bildirsə də, sübutetmə yükünün bölgüsü baxımından buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı cavabdeh tərəf iddiaçının etirazını əsassız hesab edərək, onun hər hansı formada məcburiyyət və hədə-qorxuya məruz qalmadan, könüllü olaraq öz təşəbbüsü ilə əmək münasibətlərinə xitam verdiyini bildirmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü konkret göstərdiyindən, haqlı olaraq onunla əmək müqaviləsinə həmin tarixdən və hər hansı xəbərdarlıq müddəti nəzərə alınmadan xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə iddianın “məcburi iş buraxma ilə əlaqədar əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın 08 dekabr 2025-ci il tarixli əmrin ləğv edilməsi hissəsi rədd edildiyindən, qeyd edilən hissənin də müzakirəsi hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «işə bərpa» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №e-2(5-147)-9/2026
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-147)-9/2026
06.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver