Məhkəmə qərarları › İş №e-2(5-155)-231/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-155)-231/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(5-155)-231/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və zamini Cavabdeh1 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pulun müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı MMC-də sürücü vəzifəsində çalışmışdır. Cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 4700 (dörd min yeddi yüz) manat məbləğində müəssisəyə məxsus məhsulları özü digər ticarət nöqtələrinə sataraq, müəssisənin kassasına mədaxil etməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. İddiaçı MMC ilə Cavabdeh2 arasında qarşılıqlı razılaşma əsasında bağlanmış xx.xx.2024-cü il tarixli “vurulmuş zərərin əvəzinin ödəniş qaydası haqqında” sazişin 1-ci bəndinə əsasən, Cavabdeh2 etiraf edir ki, İddiaçı MMC-yə ümumilikdə 4700 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh2 ziyanın bir hissəsini, yəni 2200 manat ödəmişdir. Hazırda isə 2500 manat borcu qalmışdır. Sazişə əsasən, ziyanın ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan əlavə, xx.xx.2024-cü il tarixli müqavilənin “vurulmuş zərərin əvəzinin ödəniş qaydası haqqında” sazişin təminatı kimi, Cavabdeh1 ilə zaminlik müqaviləsi də bağlanılmışdır. Buna baxmayaraq, cavabdehlər Cavabdeh2 və zamini Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 2500 manat hissəsini bu günədək ödəməmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişlər. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-cü il tarixli arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul onlar tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müddətlər verərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş etsələr də, o, xəbərdarlıqlara məhəl qoymur, müxtəlif müddətlərdə ödəyəcəyini vəd verir, lakin borcunu ödəmir və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. Cavabdeh2 tərəfindən İddiaçınə ünvanlanmış ərizədən görünür ki, İddiaçındə sürücü vəzifəsində çalışdığı müddətdə şirkətin anbarından götürdüyü malları müvafiq satış nöqtəsinə çatdırıb təhvil verməli olduğu halda verməmiş və nəticədə şirkətə 4700 manat məbləğində ziyan vurmuşdur. Həmin ziyanın 2200 manat hissəsini ödəmişdir. 2500 manat borcu qalmışdır. İlin sonunadək hər ay 209 manat olmaqla şirkətə ödəyəcəyinə söz verir.

6. İddiaçı prezidenti X1 ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2024-cü il tarixli vurulmuş zərərin əvəzinin ödəniş qaydası haqqında sazişdən görünür ki, tərəflər etiraf edir və razılaşırlar ki, ikinci tərəf İddiaçındə işlədiyi müddət ərzində əmək funksiyalarının icrası ilə əlaqədar birinci tərəfə ümumilikdə 4700 (dörd min yeddi yüz) manat maddi ziyan vurmuşdur. Bu fakt şirkətdaxili aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir. İkinci tərəf vurulmuş zərərin 2200 (iki min iki yüz) manat hissəsini ödəmiş və hal-hazırda 2500 (iki min beş yüz) manat borcu qalmışdır. İkinci tərəf borc məbləğinin qalan hissəsini bu sazişdə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin sazişin 2.1-ci bəndinə əsasən ikinci tərəf birinci tərəfə vurduğu maddi zərərin ödənilməmiş hissəsi olan 2500 (iki min beş yüz) manatı 12 ay ərzində xx.xx.2024-cü il tarixdən başlamaqla xx.xx.2025-ci il tarixinədək sonuncu ay 201 (iki yüz bir) manat olmaqla, hər ay 209 (iki yüz doqquz) manat məbləğində tam şəkildə birinci tərəfə ödəyəcəkdir.

7. İddiaçı prezidenti X1 (kreditor) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış 20 oktyabr 2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə borclu Cavabdeh2 arasında bağlanılmış “vurulmuş zərərin əvəzinin ödəniş qaydası” haqqında xx.xx.2024-cü il tarixli sazişlə əlaqədar olaraq, borclu kreditor qarşısında öz öhdəliklərini yerinə yetirənədək zamin borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

8. İddiaçı MMC tərəfindən Cavabdeh1 Şəxəli oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 0986 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 Şəxəli oğluna 5 (beş) iş günü ərzində borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 0987 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh2 5 (beş) iş günü ərzində borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir.

10. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci və 10 manat kargüzarlıq xərci ödəmiş, lakin Cavabdeh2 iştirak etməmişdir.

11. 14.01.2026-cı il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. - 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. - 199-cu maddəsinin 1-ci bəndinin «a» və «ç» yarımbəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda işçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. - 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. - 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə maddi ziyan vurmuş, 4700 manat ziyan müəyyənləşdirilən müvafiq akt üzrə onun tərəfindən 2200 manat ödənilmiş, iddiaçı yerdə qalan 2500 manat məbləği mübahisələndirmişdir. Tərəflər arasında vurulmuş zərərin əvəzinin ödəniş qaydası haqqında 30 oktyabr 2024-cü il tarixli saziş bağlanılmışdır.

17. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

18. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə iddianın zamin Cavabdeh1 qarşı hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı (kreditor) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış 20 oktyabr 2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə borclu Cavabdeh2 arasında bağlanılmış “vurulmuş zərərin əvəzinin ödəniş qaydası” haqqında xx.xx.2024-cü il tarixli sazişlə əlaqədar olaraq, borclu kreditor qarşısında öz öhdəliklərini yerinə yetirənədək zamin borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

20. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

21. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə zamin Cavabdeh1 tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürdüyündən iddia Cavabdeh1 dair hissədə də təmin edilməlidir.

22. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat (50 manat mediasiya xərci + 10 manat kargüzarlıq xərci) mediasiya xərci ödəmişdir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

25. Ona görə də iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat pul cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

26. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi əsas hissədə təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

27. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti, mediasiya xərcinə görə ödənilmiş məbləğin 25 (iyirmi beş) manat olan hissəsi və dövlət rüsumuna görə ödənilmiş 45 (qırx beş) manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti, mediasiya xərcinə görə ödənilmiş məbləğin 25 manat olan hissəsi və dövlət rüsumuna görə ödənilmiş 45 (qırx beş) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüsal Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar