Məhkəmə qərarları › İş №e-2(5-155)-647/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-155)-647/2026

04.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(5-155)-647/2026 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 və X2 qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 və X2 qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 və X1 iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən qanunsuz istifadə nəticəsində əldə edilmiş faydanın (istifadə haqqının), habelə əldən çıxmış faydanın əvəzi kimi 62 000 (altmış iki min) manat, eləcə də iddia ərizəsi üzrə ödənilmiş 276 (iki yüz yetmiş altı) manat dövlət rüsumu olmaqla, cəmi 62276 (altmış iki min iki yüz yetmiş altı) manat məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Qanunun qeyd edilən tələblərindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

5. “Elektron məhkəmə” informasiya sistemindən hazırkı iş üzrə cavabdehlərə dair şəxsi məlumat qrafasından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 Qubadlı rayonu, Xanlıq Ərazi Dairəsi, Xanlıq kəndində qeydiyyatdadırlar.

6. Göründüyü kimi, cavabdehlərin rəsmi qeydə alındığı yer Sumqayıt şəhəri ərazisi deyil, bu, mübahisəsiz haldır.

7. Belə olan halda isə, mübahisənin Sumqayıt Şəhər Məhkəməsinə aidiyyəti yalnız MPM-nin iddiaçının seçməsinə görə və ya müstəsna aidiyyət məsələlərini tənzimləyən normalarına istinadən müəyyənləşdirilə bilərdi. MPM-nin bu normaları üzrə isə yalnız müəyyən şərtlər daxilində verilmiş tələbə uyğun qiymətləndirmə aparılması mümkündür.

8. Daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyət qaydaları MPM-nin 39-cu maddəsində təsbit olunmuşdur. Həmin maddənin məzmununa görə isə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).

9. İddiaçının cavabdehlərin ona məxsus mənzildən qanunsuz istifadə etməklə əldən çıxmış fayda tələbi adıçəkilən maddənin dizpozitiv şərtinə uyğun gəlmir. Bu halda isə müstəsna aidiyyət qaydalarına istinadən işin icraata götürülməsi istinsa olunur.

10. Göründüyü kimi iddiaçı Qubadlı Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, səhvən Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdiyindən məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.

11. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 149-cu maddəsinə əsasən, ərizədə cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

12. İddiaçı iddia ərizəsində iddia tələbinin yönəldiyi digər cavabdehlər kimi X4 və X3 göstərsə də, onlara aid məlumatları qeyd etməmiş, həmin məlumatların məhkəmə tərəfindən də əldə edilməsi mümkün olmamışdır.

13. Odur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə geri qaytarılmalıdır.

14. Göstərilənlərə əsasən və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 və X2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2026-cı il tarixli, **********86 saylı qəbz əsasında ödənilmiş 278 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X5 İdarəsinə həvalə edilsin. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar