Məhkəmə qərarları › İş №e-2(5-85)-21/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-85)-21/2026

19.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(5-85)-21/2026 19.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əhmədova Aynur Əvəz qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Aynur Xudiyevaya qarşı işə bərpa və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı vəkil və nümayəndəsi vasitəsi ilə “14” yanvar 2026-cı ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətniin xx.xx.2025-ci il tarixli 401/K saylı əmri ləğv edilərək İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh Aynur Xudiyevadan verdiyi yanlış məlumatlar səbəbi ilə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. MPM-in 150.1 və 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi qanun məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirakın məcburiliyini nəzərdə tutur. Hazırki vəziyyətdə isə iddiaçı mediasiya sessiyasında iştirakı təsdiq sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə, sözügedən iş üzrə irəli sürülmüş digər tələb isə iddiaçının cavabdeh Aynur Xudiyevadan dəymiş mənəvi ziyanla bağlı 500 (beş yüz) manat kompensasiya tələb etməsindən ibarətdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş digər sənədləri nəzərdən keçirərkən həmçinin iddia ərizəsində cavabdeh Aynur Xudiyevaya qarşı irəli sürülmüş tələb üzrə dövlət rüsumunun ödənilmədiyini aşkar etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə görə əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 16-cı və 287-ci maddələrinə əsasən fərdi əmək mübahisəsi əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Qeyd olunan maddələrdən belə nəticəyə gəlmək olar ki, əmək münasibəti və əmək mübahisəsi işçi ilə işəgötürən arasında yaranan münasibətlərdir və cavabdeh Aynur Xudiyevaya qarşı irəli sürülmüş iddia tələbini əmək fəaliyyəti ilə bağlı yaranmış mübahisənin dairəsinə şamil etmək olmaz. Belə olan halda qeyd olunan tələb üzrə dövlət rüsumu ödənilməlidir. Qeyd olunan tələb üzrə iddiaçı cavabdeh Aynur Xudiyevadan dəymiş mənəvi ziyanla bağlı 500 (beş yüz) manat kompensasiya tələb etmişdir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli Qərarının 9.3.3-cü bəndinə görə bu qərarın 4.6-cı bəndində göstərilən şəxsiyyət hüquqlarının pozulmasından irəli gələn mənəvi təzminat tələbləri isə qiymətləndirilən iddialara aid olduğundan dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Lakin iş materiallarına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bundan başqa, yuxarıda sözügedən cavabdeh Aynur Xudiyevaya qarşı irəli sürülmüş tələb üzrə iddiaçının məhkəməyə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edərkən müəyyən olur ki, prosessual normanın tələbinə əməl etməmiş, ərizənin giriş hissəsində cavabdeh qrafasında “Aynur Xudiyeva” qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);... Məhkəmə hesab edir ki, mülki iş icraata götürülməmişdən əvvəl iddia tələbinin yönəldiyi şəxs müəyyən edilməli, məhkəmə tərəfindən həmin şəxsə iddia ərizəsinin surətinin göndərilməsi və işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin izahı haqqında bildiriş göndərilməsi təmin olunmalıdır. Lakin nə iddia ərizəsindən, nə də ki iş materiallarında olan sənədlərdən cavabdeh Aynur Xudiyevanın şəxsiyyətini müəyyənləşdirmək mümkün olmur. Belə ki, iddia ərizəsində cavabdehin ata adı, şəxsiyyət vəsiqəsinin FİN məlumatı qeyd olunmamış və ya iş materiallarına cavabdehin şəxsiyyətini müəyyənləşdirməyə imkan verən hər hansı sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin: -152.1 və 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. -152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Aynur Xudiyevaya qarşı işə bərpa və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 152.1, 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Aynur Xudiyevaya qarşı işə bərpa və əmək və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırılaraq ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar