Məhkəmə qərarları › İş №e-2(5-92)-48/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-92)-48/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(5-92)-48/2026 26.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2026-cı il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh aşağıdakı məbləğlərin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir:  RSK5860407 nömrəli, 22 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 780 manat əsas borc və 234 manat dəbbə pulu (cərimə);  RSK5860516 nömrəli, 11 noyabr 2020-ci il tarixli müqavilə üzrə 992 manat əsas borc və 298 manat dəbbə pulu (cərimə);  RSK5860732 nömrəli, 25 dekabr 2020-ci il tarixli müqavilə üzrə 668 manat əsas borc və 200 manat dəbbə pulu (cərimə). Həmçinin iddiaçı tərəfindən ödənilmiş 51,72 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələb edilmişdir. Beləliklə, iddiaçının ümumi tələb etdiyi məbləğ 3223,72 manat təşkil edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 22 oktyabr 2020-ci il, 11 noyabr 2020-ci il və 25 dekabr 2020-ci il tarixlərdə müvafiq olaraq RSK5860407, RSK5860516 və RSK5860732 nömrəli hissə-hissə ödəniş şərti ilə alqı-satqı müqavilələri bağlanmışdır.  22 oktyabr 2020-ci il tarixli, RSK5860407 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 2335 manat olan “TV LED LG 43UN73506”, “TV LED LG 32LM630B” və “BUİLT-İN BEKO BİM24301 BCS” markalı məhsulları hissə-hissə ödəniş şərti ilə satmışdır. Müqaviləyə görə cavabdeh 335 manat ilkin ödəniş etməli, qalan 2000 manat məbləği isə ödəniş cədvəlinə uyğun olaraq 10 ay müddətində hər ay 200 manat olmaqla hər ayın 21-dək ödəməli idi.  11 noyabr 2020-ci il tarixli, RSK5860516 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 1779 manat olan “COMBİ DEMİRDOKUM NİTRON PLUS 30” və “COMBİ PİPE NİTRON PLUS 30” markalı məhsulları hissə-hissə ödənişlə satmışdır. Müqaviləyə görə cavabdeh 159 manat ilkin ödəniş etməli, qalan 1620 manat məbləği isə 18 ay müddətində hər ay 90 manat olmaqla hər ayın 10-dək ödəməli idi.  25 dekabr 2020-ci il tarixli, RSK5860732 nömrəli müqaviləyə əsasən isə iddiaçı cavabdehə ümumi dəyəri 1342 manat olan “BEKO WTV 9636 XCM”, “Tezbişirən qazan LACOR 6 LT Tempo (71866)” və “ARİEL 450” markalı məhsulları hissə-hissə ödənişlə satmışdır. Müqaviləyə əsasən cavabdeh 154 manat ilkin ödəniş etməli, qalan 1188 manat məbləği isə 12 ay müddətində hər ay 99 manat olmaqla hər ayın 24-dək ödəməli idi. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2020-ci il tarixli RSK5860407 nömrəli, xx.xx.2020-ci il tarixli RSK5860516 nömrəli və xx.xx.2020-ci il tarixli RSK5860732 nömrəli borc müqavilələrindən görünür ki, Cavabdeh 335 manat ilkin ödəniş olmaqla, 10 ay müddətinə, 159 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə, 154 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə, 2335 manat dəyəri olan 1 ədəd “TV LED LG 43UN73506 1 ədəd TV LED LG 32LM630B 1 ədəd BUİLT-İN BEKO BİM24301 BCS”, 1779 manat dəyəri olan 1 ədəd “COMBİ DEMİRDOKUMNİTRON PLUS 30 1 ədəd COMBİ PİPE NİTRON PLUS 30”, 1342 manat dəyəri olan 1 ədəd “WMBEKO WTV 9636 XCM1 ədəd Tezbisiren qazan LACOR 6 LT Tempo (71866) 1 ədəd ARİEL 450” satılmış, müştəri hər ay alğı-satqı müqavilələri üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 22 oktyabr 2020-ci il, 11 noyabr 2020-ci il və 25 dekabr 2020ci il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, həmin gün satıcı İddiaçı xx.xx.2020-ci il tarixli RSK5860407 nömrəli, xx.xx.2020-ci il tarixli RSK5860516 nömrəli və xx.xx.2020-ci il tarixli RSK5860732 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələrində qeyd olunan 2335 manat dəyəri olan 1 ədəd “TV LED LG 43UN73506 1 ədəd TV LED LG 32LM630B 1 ədəd BUİLT-İN BEKO BİM24301 BCS”, 1779 manat dəyəri olan 1 ədəd “COMBİ DEMİRDOKUMNİTRON PLUS 30 1 ədəd COMBİ PİPE NİTRON PLUS 30”, 1342 manat dəyəri olan 1 ədəd “WMBEKO WTV 9636 XCM1 ədəd Tezbisiren qazan LACOR 6 LT Tempo (71866) 1 ədəd ARİEL 450” tam qüsursuz halda alıcıya təhvil verilmiş, alıcı- Cavabdeh isə həmin əşyaları təhvil almışdır. Tərəflər bu faktı aktda öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə cəmi 3223,72 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, satıcı İddiaçı tərəfindən borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 597.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı pul məbləğinin ödənilməsi ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, 22 oktyabr 2020-ci il, 11 noyabr 2020-ci il və 25 dekabr 2020-ci il tarixlərdə tərəflər arasında yazılı qaydada etibarlı nisyə alğı-satqı müqavilələri bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı etibarlı alğı-satqı müqaviləsinin tələblərinə əsasən satıcı (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, 2335 manat dəyəri olan 1 ədəd “TV LED LG 43UN73506 1 ədəd TV LED LG 32LM630B 1 ədəd BUİLT- İN BEKO BİM24301 BCS”, 1779 manat dəyəri olan 1 ədəd “COMBİ DEMİRDOKUMNİTRON PLUS 30 1 ədəd COMBİ PİPE NİTRON PLUS 30”, 1342 manat dəyəri olan 1 ədəd “WMBEKO WTV 9636 XCM1 ədəd Tezbisiren qazan LACOR 6 LT Tempo (71866) 1 ədəd ARİEL 450” alıcı (cavabdeh) Cavabdeh istifadəsinə vermiş, alıcı (cavabdeh) əşyaları qəbul etmiş və iddiaçıdan (satıcıdan) aldığı əşyaların əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) əşyaların cavabdehə (alıcıya) verilməsindən müəyyən müddət sonra ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan alıcı- Cavabdeh müqavilə üzrə qalan 3172 manat borcunu ödəməmiş, beləliklə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd etmək lazımdır ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi iddianın əsaslı olubolmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulub-pozulmamasına qiymət verilməlidir. İşdə olan materialların tədqiqi nəticəsində belə müəyyən olunur ki, 22 oktyabr 2020-ci il, 11 noyabr 2020-ci il və 25 dekabr 2020-ci il tarixlərdə tərəflər arasında yazılı qaydada etibarlı nisyə alqı-satqı müqavilələri bağlanılmış, beləliklə də tərəflər arasında Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında bağlanmış 22 oktyabr 2020-ci il, 11 noyabr 2020-ci il və 25 dekabr 2020-ci il tarixli alqı-satqı müqavilələri əsasında satıcı 335 manat ilkin ödənişlə ümumi dəyəri 2335 manat olan 1 ədəd “TV LED LG 43UN73506 1 ədəd TV LED LG 32LM630B 1 ədəd BUİLT-İN BEKO BİM24301 BCS”, 159 manat ilkin ödənişlə ümumi dəyəri 1779 manat olan 1 ədəd “COMBİ DEMİRDOKUMNİTRON PLUS 30 1 ədəd COMBİ PİPE NİTRON PLUS 30”, 154 manat ilkin ödənişlə ümumi dəyəri 1342 manat olan 1 ədəd “WMBEKO WTV 9636 XCM1 ədəd Tezbisiren qazan LACOR 6 LT Tempo (71866) 1 ədəd ARİEL 450”- Cavabdeh mülkiyyətinə vermiş, alıcı əşyaları qəbul etmiş, lakin sonradan alıcı-Cavabdeh müqavilələr üzrə cəmi 3012 manat məbləğində ödəniş etmiş, müqavilə üzrə qalan borcunu ödəməmiş, beləliklə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə satılan əşya satıcı tərəfindən alıcıya verildiyi andan, alıcı- Cavabdeh alqı-satqı predmeti olan əşyanın qiymətini müqavilədə qeyd olunan şərtlərlə satıcı-İddiaçı ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində cərimə ödəməlidir. Qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 234 manat, 298 manat və 200 manat məbləğində cərimə müvafiq olaraq 780 manat, 992 manat və 668 manat məbləğində əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüzdür. Bu səbəbdən də, məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimələrin miqdarı azaldılaraq 22 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 39 manat, 11 noyabr 2020-ci il tarixli müqavilə üzrə 49,6 manat və 25 dekabr 2020-ci il tarixli müqavilə üzrə isə 33,4 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia qismən təmin edilməli; -22 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 780 manat əsas borc və 39 manat cərimə, 11 noyabr 2020-ci il tarixli müqavilə üzrə 992 manat əsas borc və 49,6 manat cərimə, 25 dekabr 2020-ci il tarixli müqavilə üzrə 668 manat əsas borc və 33,4 manat cərimə olmaqla, ümumilikdə 2562 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, - İddia tələbi üç müqavilə üzrə cərimənin qalan 610 manat hissəsində rədd edilməli; -tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 51.72 manat məbləğində dövlət rüsumunun 41,77 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq tutaraq qət etdi: İddia qismən təmin edilsin. 22 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 780 (yeddi yüz səksən) manat əsas borc və 39 (otuz doqquz) manat cərimə, 11 noyabr 2020-ci il tarixli müqavilə üzrə 992 (doqquz yüz doxsan iki) manat əsas borc və 49,6 (qırx doqquz manat 60 qəpik) manat cərimə, 25 dekabr 2020-ci il tarixli müqavilə üzrə 668 (altı yüz altmış səkkiz) manat əsas borc və 33,4 (otuz üç manat 40 qəpik) manat cərimə olmaqla, ümumilikdə 2562 (iki min beş yüz altmış iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi üç müqavilə üzrə cərimənin qalan 610 (altı yüz on) manat hissəsində rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 51,72 manat (əlli bir manat yetmiş iki qəpik) məbləğində dövlət rüsumunun 41,77 manat (qırx bir manat yetmiş yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq iş üzrə İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar