Məhkəmə qərarları › İş №e-2(5-93)-429/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-429/2026

30.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-429/2026 30.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və 20 saylı Notariat ofisinə qarşı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin də üçüncü şəxs qismində cəlb olunduğu “mirasın qəbulu faktının və miras əmlakında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və 20 saylı Notariat ofisinə qarşı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin də üçüncü şəxs qismində cəlb olunduğu “mirasın qəbulu faktının və miras əmlakında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış miras kütləsinə daxil olan - ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsi və miras kütləsindən 1/7 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 2-ci maddəsinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. “Notariat Haqqında Azərbaycan Respublikası Qanunu”nun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, İddiaçı mərhum X3 miras qalmış miras kütləsinə daxil olan - ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsi və miras kütləsindən 1/7 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Hesab edirəm ki, İddiaçı həmin tələblə bağlı ilkin olaraq səlahiyyətli orqana - notariat orqanına müraciət etməsini, həmin orqanın mirasın qəbulu və miras payının müəyyən edilməsindən imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya ilkin olaraq notariat orqanına müraciət etmək hüququ izah olunmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və 20 saylı Notariat ofisinə qarşı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin də üçüncü şəxs qismində cəlb olunduğu “mirasın qəbulu faktının və miras əmlakında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya mirasın qəbulu və miras payının müəyyən edilməsi məqsədilə Bakı şəhəri 20 saylı Notariat ofisinə müraciət etmək hüququ izah olunsun. İddiaçı X1 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə tərəfindən dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2026-cı il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar