Məhkəmə qərarları › İş №1-1(102)-110/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-110/2025

13.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-110/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2025-ci il tarixli, 1-1(105)-18/2025 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Qasımova Sevinc Cahangir qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin 09 aprel 2025- ci il tarixli 1-1(093)-31/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim: Z.Q.Ağayev) xx xxxxx 1999-cu il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, x qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 232.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 232.2.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 28 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin ona təyin olunan əsas cəzadan çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2025-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2025-ci il tarixli qərarı ilə (hakimlər: K.N.Muxtarov (sədrlik edən), M.Ə.Rzaye v və E.M.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 1-1(093)-31/2025 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməlləri CMnin 228.1 və 232.2.3-cü maddələrindən CM-nin 228.1 və 232.1-ci maddələrinə tövsif edilmiş, sonuncu qeyd olunan maddələrlə təqsirli bilinmiş, ona CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 232.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı 28 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılaraq onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2025-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən N saylı hərbi hissəsində ezamiyyətdə olarkən 01 iyun 2024-cü il tarixdə saat 09 radələrində 2-ci təlim taborunun 4-cü təlim bölüyünün komandiri, baş leytenant Şahid1 tapşırığına əsasən özünə təhkim ed ilmiş, odlu silah hesab edilən «Cəld» markalı, «AZ011774P» nömrəli tapançanı və həmin tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş bir ədəd sandıqçanı müəyyən müddətə xüsusi vəzifələri yerinə yetirmək, yəni həmin tapança və sandıqçanı təmizləmək üçün qutusu ilə birlikdə silah otağından götürmüş, lakin həmin tapança və sandıqçadan öz mülahizəsinə uyğun şəkildə istifadə etmək məqsədilə, yəni vətəndaş X2 qaçırtdıqdan sonra Arzu İsmayılovanın atası X4 yaşadığı ünvana gəlib, qızı Arzu İsmayılovanı ondan alacağını zənn etdiyi üçün sonuncunun atasına təsir göstərmək məqsədilə odlu silah hesab edilən «Cəld» markalı, «AZ011774P» nömrəli tapançanı və həmin tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş bir ədəd sandıqçanı öz qulluq mövqeyindən istifadə e tməklə gizli yolla talayıb özünə məxsus şəxsi çantasında gizlətmiş, tapançanın qutusunu isə guya içərisində tapança və sandıqça olması görüntüsünü yaradaraq silah otağına təhvil vermişdir. Daha sonra o, odlu silah hesab edilən «Cəld» markalı, «AZ011774P» nömrəli tapançanı və həmin tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş bir ədəd sandıqçanı 01 iyun 2024-cü il tarixdə hərbi hissənin ərazisində, o cümlədən hərbi hissənin ərazisindən kənarda üzərində gəzdirmiş, habelə o, həmin gün saat N radələrində hərbi hissədən çıxaraq qanunsuz olaraq əldə etdiyi odlu silah və onun komplekt hissəsini istintaqa məlum olmayan taksi ilə müvəqqəti yaşadığı Sumqayıt şəhərində yerləşən Yeni Sumqayıt yaşayış massivində olan fərdi yaşayış evinə apararaq daşımış və onları şəxsi əşyaların ı saxladığı çantasının içərisində həmin evin ikinci mərtəbəsində, pilləkənlə qalxdıqda sağdan birinci otaqda çarpayının yanında gizlətməklə saxlamışdır. Daha sonra 07 iyun 2024-cü il tarixdə, saat 17 radələrində bölük növbətçisi olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid7 silah otağında olan silahların say tərkibini yoxlayan zaman Məhkum təhkim edilmiş «Cəld» markalı, «AZ011774P» nömrəli tapançanın və bir ədəd sandıqçanın qutusunda olmadığını aşkar edərək bu barədə yuxarı komandanlığa məruzə etmiş, həmin təlimə kurs rəhbəri təyin edilmiş, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin müavini, polkovnik-leytenant Şahid5 Dədəbək oğlu tərəfindən aparılmış çoxsaylı profilaktik söhbətlər zamanı Məhkum sözügedən tapa nçanı, həmin tapançaya aid bir ədəd sandıqçanı müvəqqəti yaşadığı Sumqayıt şəhərində yerləşən Yeni Sumqayıt yaşayış massivində olan fərdi yaşayış evində saxladığını bildirmişdir. Bundan sonra polkovnik-leytenant Şahid5 müşayiəti ilə «AZ011774P» nömrəli tapança, həmin tapançaya aid bir ədəd sandıqça Məhkum müvəqqəti yaşadığı Sumqayıt şəhərində yerləşən Yeni Sumqayıt yaşayış massivində olan fərdi yaşayış evində şəxsi əşyalarını saxladığı çantadan aşkar edilərək götürülmüş və aidiyyəti üzrə hərbi hissəyə təhvil verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşmış, lakin onun Cinayət Məcəlləsinin 232.2.3-cü maddəsi ilə tövsif edilən əməli hissəsində birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsini əsaslı hesab etməmiş, həmin hissədə hökmü dəyişdirərək Məhkum əməlini CM-nin 232.2.3-cü maddəsindən CM-nin 232.1-ci maddəsinə tövsif etmiş və yekunda onun CM-nin 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsi barədə nəticəyə gəlmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai və məhkəmə istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.3-cü maddəsində nəzərdə tutulmuş, yəni öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi cinay ət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və əsassız olaraq Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.3-cü maddəsindən 232.1-ci maddəsinə tövsif etmişdir. Protest müəllifi “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanununun müddəalarına istinad edərək g östərmişdir ki, Məhkum CM-in 308-ci maddəsinin qeydində nəzərdə tutulan vəzifəli şəxs statusuna malik olmasa da, müəyyən səlahiyyətlərə malik digər şəxs kateqoriyasına aid olmaqla, öz qulluq mövqeyindən istifadə etməklə cinayət əməlini törətdiyinə görə onun hərəkətləri CM-in 232.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansi yası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını i sə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 232.2.3-cü maddəsindən 232.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsa slar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə (CPM, maddə 33) hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edi lməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. Cinayət-prosessual qanunun 353.3.3-cü maddəsi bəraət hökmündə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərinin göstərilməsini tələb edir. Təsvir edilən cinayət-prosessual normaların tələblərinə əsaslanmaqla və cinayət işinin materialları ilə əlaqəli şəkildə kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda aşağıdakılar müəyyən olunur. İlk növbədə qeyd olunmalıdır ki, verilmiş kassasiya protestində dövlət ittihamçısı Məhkum 228.1-ci maddəsi təqsirliliyini mübahisələndirilməmiş, yalnız sonuncunun əməlinin hüquqi tövsifinin Cin ayət Məcəlləsinin 232.2.3-cü maddəsindən 232.1-ci maddəsinə dəyişdirilməsini münahisələndirmişdir. O da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi ittihama əsasən - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər hərbi rütbəsində xidmətdə olan Məhkum özünə təhkim edilmiş, odlu silah hesab edilən «Cəld» markalı, «AZ011774P» nömrəli tapançanı və həmin tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş bir ədəd sandıqçanı müəyyən müddətə xüsusi vəzifələri yerinə yetirmək (baş leytenant Şahid1 tapşırığına əsasən), yəni həmin tapança və sandıqçanı təmizləmək üçün qutusu ilə birlikdə silah otağından götürmüş, lakin həmin tapança və sandıqçadan öz mülahizəsinə uyğun şəkildə istifadə etmək məqsədilə, öz qulluq mövqeyindən istifadə etməklə gizli yolla talayıb. Məhkəmənin bu mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsinin qərarına diqqət etdikdə, qərardan aydın olur ki, məhkəmə Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 232.2.3-cü maddəsində nəzərdə tutulan tövsifedici əlamətin mövcud olmaması haqqında nəticəyə gələrkən sübutların məcmusuna istinad etməklə müəyyən edilmiş saydığı belə bir haldan çıxış etmişdir ki, “Məhkum hərbi qulluqçu olmaqla əsgər rütbəsində xidmət keçsə də, yalnız növbətçi qismində silah otağının mühafizəsinə cəlb edildiyi və həmin şəraitdə silahı taladığı halda onun əməli qulluq mövqeyindən istifadə etməklə törədilmiş talama kimi qiymətləndirilə bilər”. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulm uş “vəzifəli şəxs” anlayışına istinad etməklə Məhkum tabeçiliyində olan hərbi qulluqçulara icrası məcburi olan əmr vermək hüququna malik şəxs olmadığını, onun hüquqi əhəmiyyət kəsb edən hər hansı hərəkətə yol vermədiyini və bu cür hərəkətləri etməyə səlahiyyətli olmadığını göstərmişdir. Apellyasiya məhkəməsi yekun məhkəmə aktında CM-in 232.2.3-cü maddəsinin başqa cür təfsirinin cinayət hüquq normasına zidd olmasını vurğulayaraq nəticədə Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 232.2.3-cü maddəsindən 232.1-ci maddəsinə dəyişməsi barədə qənaətə gəlmişdir. Yuxarıda sadalanmış normalarla müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, yekun məhkəmə aktının Məhkum əməlinin hüquqi tövsifinin dəyişməsi hissəsində əsaslı olduğunu söyləmə k mümkün deyil. Belə ki, CM-nin 232.1-ci maddəsinin tələbinə əsasən, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 25-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 232.1-ci maddəsində göstərilən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb e tməyə görə cinayət məsuliyyətinin yaranması üçün bu predmetlərin mülkiyyətçisinin və ya sahibinin kim olması, habelə onların miqdarı və dəyəri əhəmiyyət kəsb etmir Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmənin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, bu əşyaların mühafizəsi tapşırılmış və ya qanuni dövriyyəsinin həyata keçirilməsi, məsələn, onların istifadəsi, istehsalı, uçotu, mühafizəsinin təşkili, verilməsi, götürülməsi, məhv edilməsi və s. üzrə vəzifə səlahiyyətlərinə malik olan şəxs tərəfindən talanması və ya hədə-qorxu ilə tələb edilməsi başa düşülməlidir. Eyni zamanda həmin əşyaların müəyyən müddətə xüsusi vəzifələri yerinə yetirmək üçün verildiyi şəxs (məsələn, qarovulçu, növbə üzrə asayişin mühafizəsində iştirak edən, müəyyən qaydalar üzrə daimi silah gəzdirmək hüququ olan polis əməkdaşları, keşikçi, inkassator) tərəfindən talanması və ya hədə-qorxu ilə tələb edilməsi də şəxsin öz qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə diqqət etdikdə - birinci qrupda silahın dövriyyəsi ilə bağlı xidməti səlahiyyətlərə malik olan şəxslər tərəfindən törədilən talama daxildir. Yəni silahın istifadəsi, saxlanması, uçotu, mühafizəsi, verilməsi, götürülməsi və digər xidməti əməliyyatların təşkili ilə bağlı funksiyaları yerinə yetirən şəxslərin həmin predmetləri talaması qulluq mövqeyindən istifadə etməklə törədilmi ş cinayət kimi qiymətləndirilir. İkinci qrupa isə silahın fərdi qaydada və müəyyən müddətə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün verildiyi şəxslər tərəfindən törədilən talama daxildir. Qarovulçu, növbətçi, xidməti silah gəzdirmək hüququ olan polis əməkdaşı, keşikçi, inkassator və digər analoji şəxslər silah üzərində faktiki nəzarəti məhz xidməti münasibətlər çərçivəsində əldə etdiklərinə görə, onların həmin silahı talaması da qulluq mövqeyindən istifadə etməklə törədilmiş cinayət kimi qiymətləndirilir. Göründüyü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarında verilmiş izahda “bu əşyaların mühafizəsi tapşırılmış və ya qanuni dövriyyəsinin həyata keçirilməsi üzrə vəzifə səlahiyyətlərinə malik olan şəxs tərəfindən talanması” anlayışı altında - silahın hüquqi rejimi ilə bağlı xidməti funksiyaları yerinə yetirmək səlahiyyəti olan şəxsləri və həmin səlahiyyətlər çərçivəsində silah üzərində faktiki çıxış və nəzarət imkanı əldə etmiş subyektləri ehtiva etmişdir. Başqa sözlə, burada söhbət silahın yalnız saxlanmasına cavabdeh şəxsdən deyil, onun qanunla müəyyən edilmiş dövriyyəsinin istənilən mərhələsində iştirak edən və bu proseslə bağlı xidməti səlahiyyətlərə malik olan şəxslərdən gedir. Bu baxımdan, silah üzərində çıxış və faktiki nəzarət imkanının hansı hüquqi əsasla — daimi vəzifə səlahiyyətləri nəticəsində və ya xüsusi vəzifələrin icrası üçün müvəqqəti verilmə yolu ilə yaranmasından asılı olmayaraq, həmin imkanın xidməti münasibətlərdən irəli gəlməsi həlledici meyar kimi qəbul edilməlidir. Hazırki işin şərh edilən məsələ ilə əlaqədar m üəyyən olunmuş halları isə həm də aşağıdakılardan ibarətdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən təqdim olunmuş həmin hərbi hissənin şəxsi heyətinə silahların və cihazların təhkim olunmasına dair cədvəldən edilmiş çıxarışdan görünür ki, «Cəld» (Strike-1) markalı «011774 P» nömrəli tapança silah əsgər Məhkum təhkim olunmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin N aprel 2024-cü il tarixli 123 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Məhkum kursda iştirak etmək məqsədilə 27 oktyabr 2024-cü il tarixədək N saylı hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin N aprel 2024-cü il tarixli 132 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Məhkum komando bölmələrinin hazırlıq kursunda iştirak etm ək üçün N aprel 2024-cü il tarixdən 27 oktyabr 2024-cü il tarixədək N saylı hərbi hissəyə ezamiyyətə gəlmiş və xüsusi norma üzrə qazan təminatına qoyulmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin N iyun 2024-cü il tarixli 173 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Məhkum hərbi hissənin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının 2-ci əməliyyat qrupunun kəşfiyyatçısı-operatoru vəzifəsindən həmin hərbi hissənin 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının 2-ci əməliyyat qrupunun kəşfiyyatçısıoperatoru vəzifəsinə təyin edilmişdir. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Cəld» (Strike-1) markalı «011774 P» nömrəli tapançaya əsgər Məhkum çıxışı təsadüfi və ya kənar şəxs qismində deyil, məhz onun xidməti səlahiyyətlərdən və yerinə yetirdiyi vəzifələrdən irəli gələrək mümkün olmuşdur. O da nəzərə alınmalıdır ki, silahın Məhkum təhkim edilməsi onunla həmin predmet arasında hüquqi və xidməti bağlılıq yaratmış, bu bağlılıq isə silah üzərində sərbəst sərəncam vermək səlahiyyəti deyil, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində müəyyən edilən çərçivədə ondan istifadə etmək vəzifələri ilə məhdudlaşmışdır. Belə ki, Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı b irləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında 23 sentyabr 1994-cü il tarixli Qanunun 137-ci maddəsinə əsasən, əsgər (matros) sülh və müharibə dövründə ona həvalə edilmiş vəzifələrin və verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, habelə öz silahının, ona tapşırılmış döyüş texnikasının və digər texnikanın vəziyyətinə görə məsuliyyət daşıyır. Həmin Qanunun 138-ci maddəsinə görə isə əsgər (matros) öz silahını, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, onları daim saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlamalıdır. Diqqət yetirildikdə müəyyən olu nur ki, əsgər Məhkum xidməti vəzifələri sırasında silahın saxlanması, təmizlənməsi və yararlılığının təmin edilməsi kimi hallar nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, Plenum qərarında işlədilən “qanuni dövriyyəsinin həyata keçirilməsi üzrə vəzifə səlahiyyətləri” anlayışı yalnız silah üzərində mülki-hüquqi və ya inzibati sərəncamların verilməsi ilə məhdudlaşmır, eyni zamanda silahın istifadəsi ilə bağlı onun saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlanmasına yönəlmiş xidməti hərəkətləri də əhatə edir. Bu baxımdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin 137 və 138-ci maddələrində göstərilən silahın təmizlənməsi təsadüfi texniki əməliyyat deyil, əsgərin qanundan irəli gələn xidməti vəzifəsinin tərkib hissəsi olmaqla (silahın texniki istismarının, təhl ükəsizliyinin və döyüşə hazır vəziyyətinin təmin edilməsinə yönəlmiş hərəkət), sonuncuya münasibətdə silahdan istifadənin ayrılmaz tərkib hissəsini təşkil edir. Odur ki, silahın təmizlənməsi ilə əlaqədar əldə edilən çıxış imkanı mahiyyət etibarilə yuxarıda adı çəkilən Plenum qərarında göstərilən birinci qrupa, yəni silahın istifadəsi ilə bağlı qanuni dövriyyənin həyata keçirilməsi üzrə xidməti səlahiyyətlər çərçivəsində yol verilən hərəkət olduğundan, həmin imkandan istifadə edilməklə silahın talanması “qulluq mövqeyindən istifadə etməklə törədilmiş cinayət” kimi dəyərləndirilməsini istisna etmir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışı qulluq mənafeyi əleyhinə olan cinayətlərin subyektinin mü əyyən edilməsi məqsədi daşıyır və həmin anlayışın məzmunu yalnız idarəetmə və ya sərəncamvermə səlahiyyətlərinə malik şəxslərlə məhdudlaşdırılır. Lakin silahın talanması ilə bağlı cinayət tərkiblərində “qulluq mövqeyindən istifadə etmə” əlamətinin mövcudluğu üçün şəxsin məhz bu normada nəzərdə tutulmuş vəzifəli şəxs olması zəruri şərt kimi çıxış etmir. Hüquq ədəbiyyatında hakim mövqe kimi qəbul edilən və düzgünlüyü hüquqtətbiqetmə təcrübəsi ilə təsdiq olunan yanaşmaya görə silahın talanması zamanı xüsusi subyekt anlayışı daha geniş məzmun daşıyır və burada həlledici meyar şəxsin idarəetmə səlahiyyətlərinə malik olub-olmaması deyil, silaha çıxış və faktiki nəzarət imkanının xidməti münasibətlərdən irəli gəlməsidir. Bu kontekstdə qulluq mövqeyindən istifadə etmə əlamətinin müəyyən edilməsind ə əsas göstərici şəxsin formal olaraq vəzifə tutması deyil, onun xidməti mövqeyinin silaha çıxış imkanını təmin etməsi və həmin imkanın cinayətin törədilməsinə birbaşa şərait yaratmasıdır. Yuxarıda sadalanmış mülahizələrlə müqayisə etdikdə apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində “qulluq mövqeyindən istifadə etməklə” əlamətini inkar etməsi ilə bağlı hasil etdiyi yekun qənaət sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına riayət edilmədən formalaşdırıldığından mötəbər sayıla bilməz. Belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.3-cü maddəsindən 232.1-ci maddəsinə dəyişməsi barədə qərarı ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdı rılmasına, tədqiq edilməsi tələb olunan bütün sübutlara baxılmasına, baxılmış sübutların (CPM-in 144-146-cı maddələri tələb etdiyi kimi) müqayisəli şəkildə obyektiv qiymətləndirilməsinə əsaslanan, müvafiq olaraq da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığı meyarlarına cavab verən məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Təsvir olunanlardan görünür ki, apellyasiya instansiyası məhkəməsi sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əməl etməməklə cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsinin əsası kimi nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Bu səbəbdən, kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetmə qaydalarının pozulmasına, həmin məhkəmə instansiyasında aparılmış araşdırmanın natamamlığına, belə araşdırma nəticəsində əldə edilmiş hüquqi nəticələrin mötəbər olmamasına dair dəlilləri məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilir. Qeyd olunanlar həmin kassasiya müraciətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını tələb edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin kassasiya şikayətinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının Məhkum barəsində olan 07 avqust 2025ci il tarixli, 1-1(105)-18/2025 nömrəli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. itt ihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Qasımova Sevinc Cahangir qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 avqust 2025-ci il tarixli, 1-1(105)-18/2025 nömrəl i qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar