Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1178/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və müdafiəçisi Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-141/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları
1. Məhkum xx xxxx xxx-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMCdə ekspeditor işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 12 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-163/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi hökm edilmiş, məhkəmə məsrəfləri, maddi sübut və digər məsələlər həll edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, bəraət hökmünün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-141/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-163/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri
7. Kassasiya şikayətində qeyd edilmişdir ki, ibtidai istintaqı aparmış müstəntiq məhkəmə yol-nəqliyyat ekspertizasının təyin edilməsi barədə qərarına mahiyyəti üzrə qeyri-obyektiv məlumatlar daxil etməklə hadisə mexanizmini saxtalaşdırmışdır. Müstəntiq hadisə yerinə baxış protokolunda qeyd etmişdir ki, piyadanın vurulduğu yolun hərəkət hissəsinin eni 5 metrdir. Eyni zamanda həmin protokolda birmənalı şəkildə qeyd edilmişdir ki, “S.Bəhlulzadə küçəsi, yolun “Karl Marks” dairəsi deyilən istiqamətində sağdan sola, yolun sağ kənarından 0,4 metr məsafədə piyadanın vurulma yeridir”. Yəni belə çıxır ki, piyada avtomobilin hərəkəti istiqamətində yolun sağ kənarından soluna doğru 4 metrlik məsafədə olduqda avtomobillə vurulmuşdur. Müstəntiqin özünün formalaşdırdığı mexanizm üzrə bu mümkün deyil – onun yazıb təsdiq etdiyinə görə, Məhkum “həmin yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış avtomobildən düşərək yolu sola doğru keçən piyada”nı vurmuşdur. Belə olan halda piyada vurulduğu nöqtəyə qədər müstəntiqin qərarında göstərdiyi kimi 3 metr məsafəni heç cür qət ed ə bilməzdi. Ona görə ki, əgər mərhum piyada sedan tipli avtomobildən düşərək yolu keçməyə çalışmışdırsa, qət edilmiş ümumi 4 metr məsafədən həmin piyadanın düşdüyü avtomobilin en ölçüsü çıxılmalıdır. Nəzərə alınsa ki, orta ölçülü sedan tipli avtomobilin en ölçüsü 1,6 metrdən az deyildir, onda belə çıxır ki, mərhum piyadanın avtomaşından düşdüyü andan vurulduğu nöqtəyə qədər qət edə biləcəyi maksimum məsafə 2,4 metrdən artıq ola bilməz. Bu isə müstəntiqin hadisə mexanizminin vacib parametri kimi piyadanın 3 metr məsafə qət etməsi barədə qərarında göstərdiyi məsafə parametrindən kifayət qədər fərqli bir parametrdir. Əgər piyadanın 4 metrlik məsafədə vurulmasını hadisə yerində baxış zamanı iştirak etmiş Məhkum özü göstərmişdirsə, nəyə görə hadisə yerinə baxış protokolunda bu barədə müvafiq qe yd yoxdur. Müstəntiq ekspertiza şərti kimi piyadanın yolu adi yerişlə keçməsini göstərmişdir. Cinayət işinin materiallarında ümumiyyətlə piyadanın avtomaşınla vurulmazdan əvvəl hansı hərəkət tempinə uyğun sürətlə yolu keçməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə istintaqı zamanı dindirilən Məhkum isə göstərmişdir ki, piyada yolu çox iti yerişlə sağdan sola keçməyə cəhd etmiş və bu zaman onun avtomaşını ilə vurulana qədər təxminən bir avtomaşın eninə bərabər məsafə qət edə bilmişdir. Belə ki, piyadanın avtomaşından düşdükdən sonra sağdan sola doğru iti sürətli yerişlə hərəkətə başladığını gördüyü anda o, piyadanı vurmaqdan yayınmaq məqsədi ilə ayağını əyləcin pedalına ataraq sərt tormozlama aparmaqla, eyni zamanda sükanı sağa burmuşdur ki, piyadanın vurulmasının qarşısını ala bilsin. Laki n buna baxmayaraq idarə etdiyi avtomaşının qarşı sağ tini piyadanın düşdüyü avtomaşının yan səthinə dəydiyi anda avtomaşının qarşı sol tini ilə piyadanı vurmuşdur. Bu isə o deməkdir ki, piyada avtomaşından düşdükdən sonra maksimum Məhkum idarə etdiyi avtomobilin en ölçüsünə bərabər məsafə qət edə bilmişdir. Avtomobilin sağ tinin digər avtomaşın ilə toqquşduğu anda sol tininin də piyadanı vurması bu fikrin əsaslı olduğunu birmənalı şəkildə sübuta yetirir. Bunlarla yanaşı, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X9 da məhkəmə istintaqı zamanı dindirilərkən müdafiə tərəfinin suallarını cavablandıraraq bildirmişdir ki, atasının vurulması anının videogörüntüsü mövcud olmuş, müstəntiq həmin videogörüntünü əmisi ilə birlikdə müstəntiqin yanına getmiş digər qohumuna nümayiş etdirmişdir. Özü müst əntiqə müraciət edərək videogörüntüyə baxmaq istədikdə, müstəntiq ona bildirmişdir ki, artıq videogörüntü silinmişdir. Bütün qeyd edilənlər istintaq orqanı tərəfindən məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasını qeyri-real hadisə mexanizmi üzrə keçirdiyini, nəticədə Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə qeyri-obyektiv rəyin alındığını təsdiqləyir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-141/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya mür aciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM” və “CPM”) 419-cu maddəsi müəyyən edir.
10. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisəsi edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunvericiliyin bu tələbindən göründü yü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Kassasiya şikayəti ndə Məhkum əməlində cinayət tərkibinin olmadığı iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
14. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-141/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli hökmünü yoxlayaraq, araşdırma nəticəsində kassasiya şikayətini əsaslı hesab edib aşağıdakıları qeyd edir.
15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respubli kası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
16. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələ b olunur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olma masını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
19. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
20. Eləcə də, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutu n mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
21. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
22. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
23. Məhkəmə kollegiyası Azər baycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da vurğulamağı zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
24. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa tələblərinə görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.
25. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiha m hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
26. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini və sü butların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini tələb edən milli cinayət prosessual qanunvericiliyinin tələbləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) yanaşması ilə də uzlaşır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olduğu müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumi araşdırmasının nəzərdən keçirilməsi zəruridir (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).
28. Baxılan cinayət işinin materialları istinad edilən prosessual cinayət-hüquqi normaların tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun şərhi baxımından təhlil edildikdə, Məhkum ona törədilməsi ittiham olunan Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirinin müəyyən edilməsinə təsir edən halların apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında tam tədqiq edilməməsi, nəticədə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində təsbit edilmiş tələblərin pozulması aşkar edilir.
29. Belə ki, cinayət işinin materiallarından müəyyən edildiyi kimi, Məhkum ittiham verilmişdir ona görə ki, o, 02 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi X4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Kia Pride” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə “Karl Marks dai rəsi” adlanan yer istiqamətində yolun sağdan birinci hərəkət zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməyəyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış avtomobildən düşərək yolu sola doğru keçən piyada 01 yanvar 1970-ci il təvəllüdlü X2 vuraraq, ehtiyatsızlıqdan baş beyin yumşaq qişası altına beyin yarımkürəsinin sol alıntəpə-ənsə və gicgah payları üzərində geniş ölçülü və beyin toxumasına nöqtəvari qansızmalarla, təpə nahiyəsinin mərkəzinin əzil miş, alın-təpə nahiyəsinin mərkəzinə yaxın sol yarısının dilimvari əzilmiş-didilmiş yaraları, başın yumşaq toxumalarının iç səthində geniş ölçülü qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, bel nahiyəsinin sol yarısının, sol budun ortaaşağı 1/3-nin bayrı səthinin sıyrıqları, bədənin küt travması kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlərin yetirməsi nəticəsində zərərçəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur.
30. İttihamın təsdiqi olaraq istintaq orqanı aşağıdakıları əsas götürmüşdür: - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 oktyabr 2023-cü il tarixli protokol, həmçinin ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, yolnəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və baxış zamanı hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində olan yolun asfalt örtüyünün olması, örtüyün quru olması, yol örtüyü eninin 10 metr olması, 2 hərəkət zolağının olması, yolun hərəkət hissəsinin eninin 5 metr olması, hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınının ayrılaraq uzununa nişanlanma xəttinin olması, yolda piyada keçidinin olmaması, sağ və solda səkilərin olması, S.Bəhlulzadə küçəsi, yolun “Karl Marks” adlanan istiqamətində sağdan sola yolun sağ kənarından 4 metr məsafədə piyadanın vurulması yerinin olması, “Kia Pride” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarında dayanan avtomobilin qabaq sağ tərəfini vurması, yolda şin, tormozlama və digər izlərin olmaması, eləcə də nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcud olmaması, “Kia Pride” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə “Karl Marks” adlanan dairə istiqamətində hərəkətdə olarkən həmin yolu sağdan sola keçən piyadanın avtomobilin sol qapısının dirəyi ilə vurulması müəyyən edilmişdir (cild 1, səhifə 4-14). - Müəyyən edilən bu hallara uyğun olaraq keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasına aid Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli, 8/3047 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Kia Pride” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, səhifə 26-29).
31. İstintaqın müəyyən etdiyi yol nəqliyyat hadisəsinin törədilmə hallarından fərqli olaraq məhkəmə qarşısında verdiyi ifadəsində Məhkum bildirmişdir ki, hadisə 02 oktyabr 2023-cü il tarixdə, gecə saat 23 radələrində baş vermişdir. Sürəti təxminən 50 olmuş və yolda heç bir maneə olmamış, yəni qarşıdan avtomobil gəlməmiş, boş yolla getmişdir. Piyadanı uzaqdan avtomobilin yanında dayandığını görmüşdür. Piyada yolun sağ hərəkət hissəsində, avtomobilinin isə sol qapı tərəfində dayanmışdır. Məsafə az qalmış piyada sağdan sola doğru iti sürətlə yeriyib yolu keçmək istəmişdir. Hadisə 1 saniyədə olmuş, o, əyləci sıxıb sağa doğru manevr etdikdə avtomobilinin sağ küncü onun avtomobilinin sürücü tərəfinə dəymiş, avtomobilinin sol tərəfi isə piyadaya dəymişdir. Hadisə eyni anda baş vermişdir. Ona verilən suallara cavab olaraq Məhkum bildirmişdir ki, hadisə “Karl Marks” deyilən dairə istiqamətində hərəkətdə olduğu zaman baş vermişdir. Avtomobilinin sürücü tərəfinə dəymişdir. Həmin şəxsin dayandığını uzaqdan görmüşdür. Üzbəüz gedişgəlişli yol olmuş, yerdəki xətt görünməmişdir. Uzaqdan gördüyü hissədən piyadaya kimi avtomobili saxlaya bilərdi. Hadisə yeri ilə bağlı olan videogörüntünü görmüşdür. Həmin görüntünü müstəntiq mobil telefonda ona göstərmişdir. Dayısı həmin görüntüyə baxmışdır (cild 1, səh. 216).
32. Eləcə də birinci instansiya məhkəmə sində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X7 yalan ifadə verməyə görə məhkəmə tərəfindən cinayət məsuliyyəti barədə xəbərdar edildikdən sonra bildirmişdir ki, həqiqətən də hadisədən təxminən 5-10 gün sonra müstəntiq onu polis idarəsinə dəvət etmiş və orada bacısı oğlu Məhkum törətdiyi hadisənin videogörüntüsünü ona nümayiş etdirmişdir. O özü həmin videogörüntünü görmüşdür. Yəni Məhkum piyadanın vurmasının videogörüntüsü mövcud olmuş və o da həmin videogörüntünü görmüşdür (cild 1, səhifə 156-157).
33. Məhkum 02 oktyabr 2023-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsini əks edən videogörüntünün mövcudluğu təkcə müdafiə tərəfinin təqdim etdiyi sübutlarla deyil, eləcə də ittiham tərəfində çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi olan X5 ifadəsi ilə də təsd iqlənir. Belə ki, o, məhkəmə istintaqı zamanı dindirilərkən müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, atasının Məhkum tərəfindən vurulmasının videogörüntüsü həqiqətən də mövcud olmuş, müstəntiq həmin videogörüntünü əmisi ilə birlikdə müstəntiqin yanına getmiş digər qohumuna nümayiş etdirmişdir (cild 1, səhifə 155-156).
34. Müəyyən edilən həmin halla bağlı birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş müstəntiq X6 ifadəsində 02 oktyabr 2023-cü il tarixdə baş vermiş hadisənin video görüntüsünün mövcud olduğunu təsdiq etməsə də, yuxarıda adları çəkilən şəxslərin ifadələrində bildirdikləri xüsusiyyətləri inkar da edə bilməmişdir (cild 1, səh. 167-168).
35. Eləcə də cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin əməliyyat işləri ü zrə rəis müavinin 06 noyabr 2023-cü il tarixli məktubundan da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində quraşdırılmış müşahidə kameraları tərəfindən 02 oktyabr 2023-cü il tarixdə qeydə alınmış videogörüntülər 01 ay müddət keçdiyindən Təhlükəsiz Şəhər Xidmətinin sistemindən silinmişdir (cild 1, səh. 67).
36. Qeyd edilənləri nəzərə almaqla 14 mart 2024-cü il tarixdə qəbul etdiyi qərarında birinci instansiya məhkəməsi müdafiə tərəfinin vəsatətini təmin edib əlavə ekspertizanın keçirilməsini məqsədəuyğun hesab etmiş və ekspertə aşağıdakılar üzrə rəy verilməsini tapşırmışdır: Hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində “Kia Pride” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imnakı olmuşdurmu; Göstərilən halda sürücü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu (cild 1, səh. 179-184). 37. 14 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 8/974 nömrəli əlavə ekspertiza rəyində müəyyən edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən müdafiə tərəfinin göstərdiyi məlumatlar real hadisə mexanizminə uyğun olmadığından həmin məlumatlar üzrə “Kia Pride” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmamışdır (cild 1, səh. 189-192).
38. Məhkəmə istintaqının sonunda birinci instansiya məh kəməsi ibtidai istintaq dövründə toplanmış sübutları tədqiq edib, lakin özünün təşəbbüsü ilə əldə edilmiş əlavə ekspertizanın nəticələrinə münasibətini bildirmədən hesab etmişdir ki, müstəntiqin yolnəqliyyat hadisəsinin mexanizminə aid müəyyən etdiyi məlumatların baş verən həqiqi hallara uyğun olmaması, eləcə də istintaqın səhlənkarlıqla aparılmasının təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsaslı şübhələrin yaranmasına səbəb olması Məhkum bəraət verilməsi üçün əsasdır.
39. Birinci instansiya məhkəməsindən fərqli olaraq, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında cinayət işi üzrə yeni araşdırma aparan apellyasiya instansiyası məhkəməsi əksinə əlavə ekspertiza rəyində göstərilən mövqeni daha üstün götürmüş və ibtidai istintaq dövründə əldə edilmiş məlumat lar əsasında (hansıların ki, həqiqətə uyğun olmadığını birinci instansiya məhkəməsi müvafiq əsaslandırmanı təmin etməklə müəyyən etmişdir) keçirilmiş ilkin yol-nəqliyyat hadisələri ekspertizasının rəyinə əsaslanıb, Məhkum nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmasının ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı verilmiş ittihamın öz təsdiqini tapması nəticəsinə gələrək, onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən kimi qiymətləndirmişdir.
40. Lakin belə qərara gələn apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir imperativ normaya görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı s übuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
41. Eləcə də, eyni Məcəllənin 126.6-cı maddəsində təsbit edilmişdir ki, təqsirləndirilən şəxs hətta cinayət törətməkdə öz təqsirini etiraf etsə belə, bu etiraf yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
42. Həmçinin, Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilir ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2 017-ci il).
43. Təqsirsizlik prezumpsiyasına aid istinad edilən müddəalardan çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi cinayət işinin vacib mübahisəsiz hallarından biri də odur ki, Məhkum törətdiyi yol nəqliyyat hadisəsinə aid video görüntüsünün qorunub saxlanılması və cinayət işinin materiallarına əlavə edilməsi üzrə müstəntiqin ibtidai istintaqın gedişində yol verdiyi kobud prosessual pozuntular, onun qərəzsizliyini mübahisəli etməklə yanaşı, eləcə də apardığı istintaq hərəkətləri ilə əldə edilmiş və ittihamın əsasını təşkil etmiş digər sübutların da mötəbərliyinə şübhə ilə yanaşmağa əsas yaratmışdır.
44. İbtidai istintaqın səriştəsizliyi özünü onda da büruzə vermişdir ki, hadisə yerinə baxış keçirən müstəntiq hadisəni törədən şəxsin bila vasitə kontakt nöqtəsini işarə etməklə foto çəkilişinin aparılmasını təmin etməmiş, bu isə nəticədə hadisənin həqiqi baş vermə mexanizminin subyektiv meyarlardan kənar müəyyən olunmasını mümkünsüz etmişdir.
45. Qeyd edilənlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlı məhkəmə kollegiyası xatırladır ki, çəkişmə prinsipi cinayət məhkəmə icraatının elə qurulmasını ehtiva edir ki, orada ədalət mühakiməsi (işin həll edilməsi) funksiyası ittiham və müdafiə funksiyalarından tamamilə ayrılmış olsun. Məhkəmə işə ədalətlə və qərəzsiz baxılmasını təmin etməli, tərəflərə öz prosessual vəzifələrini həyata keçirmək və mövqelərini müdafiə etmək üçün bərabər imkanlar yaratmalıdır. Çəkişmə yalnız bitərəf məhkəmənin mövcudluğu halında mümkün olduğundan məhkəmənin tərəflərin prosessual funksiyalarını (ittiham, yaxud müdafiə) öz üzərinə götürməsi yolverilməzdir. Çəkişmə prinsipi qanunverici tərəfindən cinayət mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir. İttiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tər əfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli Qərarları).
46. Digər tərəfdən, qəbul etdiyi ittiham hökmünü son nəticədə faktiki olaraq əlavə ekspertiza rəyi ilə əsaslandıran apellyasiya instansiyası məhkəməsi həmin rəydə olan qüsurları da nəzərdən qaçırmış, üstəlik ekspert rəyininin cinayət işinin müəyyən edilmiş digər halları ilə müqayisəli şəkildə təhlilini aparmamışdır.
47. Halbuki, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsində əksini tapan qaydaya görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.
48. Belə ki, cinayət hadisəsi üzrə təqsirləndirilən şəxsin təhlükənin qarşısını almağa texniki imkanın olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun üçün təhlükənin yaranma anının dəqiq müəyyən edilməsi zəruridir. Buna görə də ibtidai istintaq orqanı tərəfindən istintaqın ilkin mərhələsində əldə edilmiş sübutlar əsasında, məsələn hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması, hadisənin şahidi olmuş şəxslərin verdikləri ifadələrində göstərdikləri xüsusatlar və s. əsasında hadisənin real mexanizmi müəyyən edilərək, iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməlidir.
49. Baxılan cinayət işi üzrə hadisənin baş vermə mexanizminin müəyyən edilməsi üçün istintaq orqanı sürücü Məhkum hərəkəti üçün təhlükənin piyadanın yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış avtomobildən düşərək yolu sola doğru keçməyə başladığı andan yarandığını, həmin andan piyadanın vurulma yerinə qədər adi yerişlə 3 metr məsafə qət etdiyini, piyadanın vurulma yerin in əks istiqamətli nəqliyyat axınlarını ayıran xəttin üzərində olduğunu əsas götürmüş, müvafiq olaraq ilkin və əlavə ekspertizalar həmin məlumat və ölçülər əsasında aparılmışdır.
50. Halbuki, müstəntiqin tərtib etdiyi hadisə yerinə baxış keçirilməsi barədə protokolda yolun 2 hərəkət zolaqlı olmaqla, hərəkət hissəsinin eninin 5 metr olması, piyadanın vurulması yerinin sağdan sola yolun sağ kənarından 4 metr məsafədə olması göstərilmişdir.
51. Hadisənin reallığa daha uyğun başvermə mexanizminin təsvirini verən müdafiə tərəfi iddia etmişdir ki, sürücü Məhkum “Kia Pride” markalı avtomobili sol zolaqla 50-60 km/saat sürətlə idarə edərkən solun sağ kənarında “Daewoo Nexia” markalı avtomobilin dayanmasını, həmin avtomobilin sürücü qapısının yanında piyadanın bədəninin arxa səthi ilə öz avtomobili nin qapısına söykənərək hərəkətdə olan avtomobillərə yol verməsini görüb həmin avtomobildən təxminən 1,5 metr yan məsafədən keçib getmək məqsədilə idarə etdiyi avtomobilin sürətini azaltmadan yoluna davam etmiş, bu zaman piyada iti yerişlə hərəkətə başlayaraq yolu sağdan sola doğru keçməyə başladığından sürücü Məhkum sərt tormozlama apararaq sükanı sağa burmuş, “Kia Pride” markalı avtomobilin qabaq sol tin hissəsi ilə piyadanı vurduğu anda avtomobilin sağ tini yolun sağında dayanmış “Daewoo Nexia” markalı avtomobilin yan hissəsi ilə toqquşmuşdur. Nəticədə sürücü Məhkum hərəkəti üçün təhlükə, piyadanın yolu sola doğru iti yerişlə keçməyə başladığı andan yaranmış və həmin andan piyada “Kia Pride” markalı avtomobil qabarit en ölçüsünə bərabər, yəni 1,72 metr məsafəni qət etmişdir.
52. Əlavə e kspertiza rəyinin tədqiqi hissəsində isə göstərilmişdir ki, piyadanın iti yerişlə 1,72 metr məsafəni qət etmə müddəti 1 saniyədir, lakin həmin vaxt ərzində göstərilən 3 amil, yəni sürücünün hərəkəti üçün yaranmış təhlükə qarşısında tormozlanma əməliyyatı aparması, sükanı sağa istiqamətləndirməsi və avtomobilin yolun eni boyunca sağa doğru 1,5 metr yerdəyişmə etməsi texniki-nöqteyi nəzərdən mümkün deyildir, sürücü Məhkum həmin əməliyyatları aparması üçün daha böyük vaxt və məsafə tələb olunur.
53. Bu əsasla əlavə ekspertiza rəyində müdafiə tərəfinin dəlili - hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobil ilə vurulma anına kimi iti yerişlə 1,72 metr məsafə qət etməsi haqda iddiasının real hadisə mexanizminə uyğun olmadığı haqda nəticəyə gəlinsə də, sürücü Məhkum hadisə anında 3 mər hələli manevr etməsinin hansı mənbədən götürüldüyünün izahı verilməmişdir.
54. Eləcə də, ibtidai istintaq orqan tərəfindən piyadanın vurulması yerinin sağdan sola yolun sağ kənarından 4 metr məsafədə olduğunun müəyyən edildiyi halda, zərərçəkmiş şəxs həmin məsafənin daxilində dayanan avtomobilin sürücü oturacağından, yəni avtomobilin sol tərəfindən düşdüyündən, müvafiq olaraq avtomobilin en ölçüsü bu məsafədən çıxılmalı olduğundan, avtomobildən düşdüyü andan vurulduğu nöqtəyə qədər onun 3 metr məsafə qət etməsinin mümkünsüz olduğu da ekspert tərəfindən nəzərə alınmamışdır.
55. Bütün qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, ibtidai istintaq dövründə və birinci instansiya məhkəməsində icraat zamanı toplanmış sübutları tədqiq edərkən apellyasiya instansiyası məhkəməsi, sübutların qiymətləndirmə prosesində verilən ittihamın sübut edilməsi üzrə ittiham tərəfinin, eləcə də həqiqətin üzə çıxarılması üzrə məhkəmənin vəzifələri ilə təqsirləndirilən şəxsin qanunla müəyyən edilən hüquqları, o cümlədən təqsiri şübhəsiz sübuta yetirilməyibsə təqsirsiz hesab edilməli olduğu barədə hüququnun təmin edilməsi arasında mütənasibliyin qorunub saxlanılması üzrə öhdəliyini pozmuşdur.
56. Halbuki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırıb obyektiv qiymət versin və baxdığı işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Belə ki, ədalətli məhkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həlli ni şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarı).
57. Beləliklə, apellyasiya protestinin təmin edilməsi barədə ittiham hökmünü çıxararkən, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə yönəlmiş və müvafiq hallarla əsaslandırılmış dəlillər üzrə mübahisə doğurmayan cavab verilməsini tələb edən vəzifəsini icra etməmiş, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyərək Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmuş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.
58. Az ərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
59. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlunun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-141/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM- nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-141/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.