Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1327/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, bəraət almış şəxs X4 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-21/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı X 5 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs X7 17 avqust 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan. 2. 23 sentyabr 2021-ci il tarixli ittiham aktına görə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət Mərkəzindəki 37 nömrəli qadın ayaqqabıları mağazasını icarəyə götürüb işlədən tanışı Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasında olan şə xsi əlaqələrindən istifadə edərək, oradan ucuz qiymətə təbii dəridən olan qadın ayaqqabıları gətizdirəcəyi və bunun üçün 50000 - 60000 (əlli min – altmış min) manat pul tələb olunduğu barədə yalan məlumat verib aldadaraq, «Karvan» Ticarət Mərkəzindəki icarəyə götürüb işlətdiyi mağazada 2019-cu ilin may ayının axırlarında 20.000 (iyirmi min) manat, 2019-cu ilin iyun ayının əvvəllərində 12.000 (on iki min) manat, 2019-cu ilin iyul ayının ortalarında 5.000 (beş min) manat, 2019-cu ilin iyul ayının axırlarında 3.000 (üç min) manat, 2019-cu ilin avqust ayının əvvəllərində 14.000 (on dörd min) manat pullarını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, Zərərçəkmiş şəxs1 vahid qəsdlə ümumilikdə 54.000 (əlli dörd min) manat – külli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət Mərkəzindəki 37 nömrəli qadın ayaqqabıları mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında olan şəxsi əlaqələrindən istifadə edərək, oradan ucuz qiymətə təbii dəridən olan qadın ayaqqabıları gətizdirəcəyi barədə yalan məlumat verib aldadaraq, 2019-cu ilin iyul ayının axırlarında «Karvan» Ticarət Mərkəzindəki işlədiyi mağazada 2.000 (iki min) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, dələduzluq etmişdir. 3. 04 noyabr 2021-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X7 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təy in olunmuşdur.
4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-70/2022 nömrəli, 15 sentyabr 2022- ci il tarixli hökmü ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyinə görə X6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Zərərçəkmiş şəxs1 tərəfindən isə apellyasiya şikayəti verilmişdir.
6. Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmənin iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutları və işin faktiki hallarını nəzərə almadan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun dükanında satıcı işləyən Zərərçəkmiş şəxs2 ayaqqabı ticarətinə aidiyyəti olmayan, kişi alt paltarlarının satışı ilə məşğul olan Vüsal Babayevə, Türkiyə Respublikasından orada yaşayan dayısı vasitəsi ilə ucuz ayaqqabı gətirilməsi üçün ümumilikdə müvafiq olaraq 54.000 və 2.000 manat pul vermələri və Vüsal Babayevin dələduzluq yolu ilə həmin məbləğlərdə pulları talamasını inandırıcı, məntiqsiz və obyektiv reallıqla uzlaşmayan bir hallar kimi qiymətləndirməsi, bütövlükdə məhkəmənin obyektiv gerçəklikdən kənarlaşması kimi dəyərləndirilməlidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, Şahid2, Şahid4, Şahid1 ifadələrində birbaşa və ya dolayı yolla Zərərçəkmiş şəxs1 Türkiyədən ucuz qiymətə dəri ayaqqabı gətizdirib ticarəti ilə məşğul olacaqları ilə bağlı vəd verən Vüsal Babayevə 54000 manat məbləğində pul verməsini təsdiq etmişlər. Hökmdə “ittiham aktına əsasən istintaq orqanın topladığı sübutlar yalnız zərərçəkmiş şə xs qismində tanınan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qohumları və tanışlarının ifadələrinə əsaslanmaqla, işdə hər hansı bir digər qərəzsizliyinə və obyektivliyinə şübhə olmayan sübutlar müəyyən olunmamışdır” müddəası məhkəmənin sübutları gəldiyi nəticəyə uyğunlaşdırmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə şahidləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxın qohumları, yaxın dostu kimi qiymətləndirib, onların verdikləri ifadələri inandırıcı hesab etməmişdir. Lakin, məhkəmə iş üzrə dindirilmiş və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qohumları və tanışları kimi qeyd etdiyi şahidlərin ifadələrində göstərdiyi xüsusatları hər hansı dəlil və ya sübutla deyil, qanunsuz və əsassız olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qohumları və tanışları olması əsa sı ilə təkzib etmişdir. Məhkəmə tərəfindən iş üzrə olan sübutlar nəzərə alınmamış və təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmiş, Vüsal Babayev tərəfindən törətdilmiş cinayətin kifayət qədər sübuta yetirilməsini nəzərə almadan əsassız olaraq onun təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gələrək ona bəraət vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-21/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-70/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası ittihamçısı k assasiya protesti vermişdir. məhkəməsinin həmin qərarından dövlət II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən cinayət işi üzrə toplanılmış sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilib tədqiq edilməmiş, nəticədə X6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətl əndirib, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-21/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməs i və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə X6 bəraət verilməklə əsassız və qanunsuz qərar qəbul edildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadi səsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamas ını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun Qərarı, 29 noyabr 2022-ci il).
21. Bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
22. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfini n üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
25. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
26. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
27. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
28. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdı rmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğu n gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
29. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
30. Həmin tövsiyəyə əsaslanaraq məhk əmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
31. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya protestində göstərilən dəlillərə bütövlükdə apellyasiya protesti üzrə araşdırma aparan apellyasiya instansiyası mə hkəməsinin hazırda mübahisələndirilən qərarında artıq cavab verilmiş, kassasiya protestinin müəllifi həmin qərarda müəyyən edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahis ələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı dır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. X7 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)21/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.